Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.

Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

Çünki, əvvələn, onun axtarılmasına Bəbir inanmırdı. İkincisi qatil yəqin sazmane-əmniyyənin pullu muzdurlarından idi. Ona görə də ələ keçməsini, mühakimə olunmasını gözləmək, Bəbirin fikrincə, ağılsızlıq olardı.

Şəfi indi daha çox işləməli, ruznaməni vaxtında və yüksək keyfiyyətlə çıxarmalı ikən yaralı halda yatırdı; həqiqətdə, vurulub döyüş cəbhəsindən çıxarılmış əskərə bənzəyirdi. Halbuki, o, parlament seçkiləri qabağı daha çox iş görə bilərdi. Elə bil, Bəbirin sağ əlini qılıncla vurub salmışdılar. Bütün bu çətinliklərə baxmayaraq, Bəbir şairin yalnız xoşbəxt bir təsadüf üzündən sağ qalmasına çox sevinirdi, Şəfini belə bir vaxtda itirmək əvəzsiz və sağalmaz bir itki ola bilərdi. Bəbir onun ürəyinə, inadına bələd idi, bilirdi ki, o sağalıb ayağa qalxandan sonra daha böyük cəsarətlə, coşub-çağlayan bir nifrət hissilə yenidən qələminə sarılacaq və ağzından od püskürəcək. Bəbir fikirləşəndə ki, indi şairin sağ gözü yoxdur — dəhşətə gəlirdi. O cür yaraşıqlı, qüdrətdən nöqsansız yaranmış insanın uşaq qəlbi təkin təmiz, ləkəsiz qəlbini ayna kimi özündə əks edən o nurlu gözlərin biri indi yoxdur! «Görən gözlər çıxarılır!» Bu fikir Bəbirin beynində elə hey hərlənir, ona rahatlıq vermirdi.

Elməddinin də Şəfi vurulan günün səhəri evdən aparılması, təzə gəlinin üzünü doyunca görmədiyi ərinin dalınca göz yaşı axıtması Bəbiri Şəfinin taleyindən az narahat eləmirdi.

Bəbir onun Zərrintacdan ayrılandan sonra bu tezliklə evlənməsinə əslində razı deyildi. «Məncə, hələ tezdir, Elməddin nahaq tələsir, Şəfi! Bizim işimiz, həyatımız elədir ki, bilmək olmaz sabah başımıza nə gələcək. Bir güllə qurbanı olacağıq, ya dar ağacından asılacaq, yaxud ömürlük həbs cəzasına məhkum olacağıq? Bilmək olmaz, Şəfi», — demişdi Bəbir. Həmişə dünyada kimisə xoşbəxt etmək, səadətə qovuşdurmaq, arzusu ilə yaşayan Şəfi isə «Düz deyirsən, qardaş. Mən səninlə şərikəm. Ancaq madam bir-birlərini sevirlər, qoy evləndirim. Elməddin də tək oğlandır. Baxanı yoxdur!»

– deyə Bəbirə dil töküb razı salmışdı. «Nə deyirəm, xoşbəxt olsunlar. Mən xeyir-duamı verdim». İndi Bəbir haçansa Şəfi ilə elədiyi bu söhbəti xatırlayır, ağlar gözlü Simini düşünür və yenicə qurulmuş ailə üçün bu hadisəni əsl faciə hesab edirdi.

Qoca general, oğlunun neçə vaxtdan bəri qayğılı-fikirli gəzibdolaşdığını, üzünün gülmədiyini görürdü. Əhvalatı, əlbəttə, o da eşitmişdi. Elməddini şəxsən tanımırdı, ancaq Şəfiyə yaman heyfi gəlirdi Əziz xanın. Oturub-durub onun barəsində fikirləşirdi — lakin o, Bəbir qədər bu işə heyrətlənmirdi — çünki əlahəzrət ordusunda xidmət elədiyi uzun illərdə Şəfi kimi oğulların birdən-birə yoxa çıxmasını, «xəstələnib, ölməsini», «təsadüfən qəzaya uğramasını»; az eşitməmişdi, az görməmişdi. Bu üsul əlahəzrətin mərhum atasının da çox sevdiyi üsul idi və görünür, atasından əlahəzrətə təkcə taxt-tac miras qalmamışdı. Bu üsullar da irsən keçə bilirmiş! Odur, ki, dünyagörmüş Əziz xan oğlunun baş vermiş hadisələrdən bərk sarsıldığını, günlərlə narahat, nigaran həyat keçirdiyini hiss edib bir gün, Hikmətəli Bəbirin əl vurmadığı naharı qəmgin-qəmgin geri qaytarandan sonra, arıq damarları çıxmış əlini onun çiyninə qoyub dedi;

– Daha qüssə eləməkdən keçib, oğul. Olan olub, nə etmək olar? Sən, görürəm, özünü tamam unutmusan. Yaşamaq və vuruşmaq üçün sağlam olmaq, yemək lazımdır, bala.

Bəbir, başını qaldırıb kədər dolu baxışlarını atasına zillədi, qəmli bir təbəssümlə:

– Mənim əllərim kəsilib, qibləgahım, mən necə yeyim? — söylədikdə Əziz xan onun cod, qara saçlarını qarışdırıb;

– Əlsiz də olsa yeməlisən, — dedi. — Yaşamaq və döyüşmək üçün yeməlisən, bala. — Sonra üzünü açıq qapıya tutub: — O beçə, ay Hikmət, o yeməyi bura gətir! — deyə ucadan səsləndi və yavaşdan əlavə etdi: — Elə mən də acam, ikimiz bir yerdə yeyərik.

Bəbir atasının arzusunu başa düşdü. Və sanki, yalnız indi bərk acdığını hiss elədi və kişiyə baxıb gülümsündü.

Əziz xan oğlunu söhbətə tuta-tuta yedirtdikdən sonra rahatlandı, özü də gümrahlandı. Gülə-gülə dedi:

– Saçın-saqqalın ağarır, ancaq yenə uşaqsan ki uşaqsan, bala. Gərək mən gözümü sənin üstündən çəkməyəm. Yoxsa...

– Şəfinin bir şeri var, deyir ki, övlad valideyin üçün həmişə uşaq olaraq qalır. Baba olsa da.

– Düz deyir Şəfi.

Şəfi nəyi düz demir ki, qibləgahım?

Onlar — ata-oğul yaranmış vəziyyəti hərtərəfli götür-qoy elədikdən sonra Bəbir o günkü ruznamələri nəzərdən keçirməyə başladı. «Pərçəm»in yeri göründü. «Pərçəm» üç həftə idi çıxmırdı. Bəbirin qəlbinin başı göynədi. Mövcud vəziyyət elə idi ki, hələ bu tezliklə, görünür, «Pərçəm» ruznamələr içində görünməyəcəkdir. Bu isə indi heç arzuolunmaz hal idi.

Əziz xan son günlər xüsusi bir narahatlıq da keçirirdi — o da

Əziz xan bu daxili narahatlıq içində Bəbiri «yumşaltmaq» üçün deyirdi:

– Bilirəm, çıxış eləyəcəksən, elə deyilmi?

– Hə, qibləgahım.

– Çalış, bir az yumşaq danış, bala. Başını öz əlinlə aparıb onların bıçağına sürtmə.

– Görək də, qibləgahım. Bacara bilsəm...

– Təmkinli ol, oğul. Hər işdə təmkinli olanlar udurlar. Bunu sən gərək ki, biləsən,

– Düşünən adamın içərisi, ürəyi yanır axı, qibləgahım. Axı bu ağayi nəxost-vəzir neçə ildi sənin hökumətinin başçısıdı, bu xalqın, bu torpağın neçə deyərlər sahibidi. Amma neyləyib? Hə, neyləyib? Heç nə! Dövlət xaricdən çoxlu borc alıb. Məmləkətin iqtisadi dirçəlişi üçün o puldan cüzi bir şey xərclənib. Qalanı hanı? Çırtapırta gedib, dağıdıblar. Vəssəlam. Bu yaxınlarda iranlıların böyük və qeyrətli şairi Eşqinin kitabını oxumuşam. Şəfi gətirmişdi. Zülmün,

1 haqsızlığın ərşə dirəndiyini görən şair «Pənc ruz eydi-xun» nəzəriyyəsini irəli sürür. Həmin nəzəriyyənin əsası budur ki, hər il beş gün qan bayramı keçirilsin, oğrular, əyrilər, xalqın malına, canına qəsd eləyənlər, vətənini satanlar iri bir meydanda camaatın gözünün qabağında dar ağacından asılsın, bu, hər il təkrar edilsin, ta o vaxta qədər ki, cəmiyyət bu müzür ünsürlərdən təmizlənsin, ibrət dərsi olsun hamıya.

– Əcəb fikirdir, oğul.

– Əcəb fikirdir, düz deyirsən, qibləgahım. Bu, cəmiyyəti təmizləməyin yollarından biridir. Ancaq bizim prinsipimizə uyğun gəlmir, qibləgahım. Çünki anarxiyaya aparıb çıxara bilər — biz isə anarxiyanın əleyhinəyik. Bu, dediyim kimi, cəmiyyəti saflaşdırmağın çoxlu yollarından biridir, biz isə bu köhnə binanı təmir etmək, bəzəyib-düzəmək, yaraşığa mindirmək fikrində deyilik, çünki onun artıq bünövrəsi çürüyüb, gec-tez uçmalıdır bu bina. Biz onu uçurtmalıyıq. Yol ancaq budur.

– Bəs o Eşqi dediyin şairin aqibəti nə oldu? — deyə qoca general oğlunun özü də hiss etmədən qızışdığını, fikrini gecə-gündüz məşğul eləyən məsələləri açıb ortalığa tökdüyünü görüb dərdli-dərdli ah çəkdi və söhbətin səmtini dəyişdi. — O, Eşqinin fikrinin axırı nə oldu, bala?

– Nə olacaq, qibləgahım? Rza xanın nökərləri iyirmi dördüncü ildə elə qapısının ağzındaca cavan yaşında vurub öldürdülər, qanına qəltan elədilər. Öldürüləndə heç otuz yaşı yox idi. — Bəbir susub nə fikirləşdisə, astadan sözünə davam elədi: — Hərdən düşünürəm ki, Eşqi yazıq düz deyirmiş. Bu nəxost-vəzirləri, bu əlahəzrətləri, bu vəzirləri — bu zülmkar ağaların hamısını, hamısını dar ağacından asmaq lazımdır, yalnız dar ağacından!

Əziz xan bu söhbəti saldığına peşman oldu. Bəbirin dərdləri təzələndi, gözərib yandı, içini alovlandırdı. Onun qalın, qara, çatma qaşları dartıldı, gözləri qəzəb qığılcımları saçdı. Bəbirin bu halını görən Əziz xan ayağa qalxdı, söhbətin qurtardığına işarə edərək:

– Allah səni hifz eləsin, oğul!—dedikdə Bəbir də stolun arxasından durdu və:

– Allah dediyin o varlıq özü məgər bu zülmləri görmürmü, — qibləgahım? — dedi. — Əgər varsa, görməlidi axı, qibləgahım!

—…

Əziz xan başını sinəsinə endirib otaqdan çıxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, altıncı fəsil

Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:

14 min
Birinci hissə, yeddinci fəsil

«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.

12 min
Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 min
Birinci hissə, doqquzuncu fəsil

«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.

8 min

Poems by other poets