Page 1 of 2

«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.

Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.

Sınıq, söykənəcəyinin iki taxtası qopub düşmüş, oturacaq laxlayır, cırıldayırdı. Əyləşmiş iki nəfər: Rəhgüzər və Elməddin — oturacaq cırıldayıb zəhlə tökməsin deyə tərpənmir, asta-asta söhbət eləyirdilər. Elməddin əllərini paltosunun ciblərinə dürtmüşdü. Məhəmməd Şəfi siqaret çəkirdi. Elməddin ağayi Nəcməddinlə son görüşünü, onun Dünyanı evinə gətirməsini, əlahəzrətlə ova getməsini təfsilatı ilə ustadına danışıb qurtarandan sonra Məhəmməd Şəfi xeyli susdu, kəlmə belə kəsmədi. Siqaretinin kötüyünü çırtma ilə uzağa atandan sonra, nəhayət, dilləndi:

– Nəcməddin mahiyyət etibarilə, bizimlə müxalifətdə olsa da, ağıllı və tədbirli adamdır, Elməddin. Dünyagörmüş, həyatın kəşməkəşlərində bişib-bərkimiş adamdı. Biz ondan istifadə eləməyi bacarmalıyıq, çünkn o, həm varlıdır, nüfuzludur, həm də saraya yaxındır. Yuxarıdakı yoldaşlar — xüsusən rəhbərimiz Bəbir sənin o ailəyə düşməyini və yaxın olmağını çox təqdir edir. Ağayi Nəcməddindən əlahəzrətin bir çox fikirlərini sənin vasitənlə asanlıqla öyrənə bilərik – bu isə işimizə çox fayda verə bilər. Qaldı ki, Zərrintac məsələsi, onun sənə biganə olmamağı, bəlkə də sənə vurulmağı heç də pis deyil. Zərrintac gözəldi, varlıdı, sənə münasib bir qızdı. «Hə» desən, səni evləndirərik — bu elə də çətin iş deyil. Görürəm ki, sən özün də o qızı istəyirsən, intəhası, köhnə məhəbbətin havası hələ də başından getməyib, ona görə də tərəddüd eləyirsən. Şəxsən mən də, Məleykə bacın da bu fikirdəyik ki, münasib şərait yarananda səni o qızla evləndirək. Hə, necə baxırsan bu işə, Elməddin?

Elməddin də siqaret yandırdı və ani təxirdən sonra dedi:

– Vallah, ustad, çaşıb qalmışam. Əvvələn, ona görə ki, mən yetim, kimsəsiz, kasıb bir oğlanam, özümü o milyarder ailəyə heç cür yaraşdıra bilmirəm. İkincisi, ən başlıcası isə budur ki, Zərrintacdan qorxuram.

Məhəmməd Şəfi güldü:

– Kişi də arvaddan qorxar, ay Elməddin?

– O mənada yox, ustad. Nikarançılığım ondadır ki, aristokrat tərbiyəsi görmüş, naz-nemət içində böyümüş bu qız şeri, sənəti başa düşməkdən uzaq adama oxşayır deyəsən. Dünən gecə tanış olduğum, Nəcməddinin təzə zövcəsi Dünya xanım şerə Zərrintacdan daha çox pərəstiş eləyir.

– Düz deyirsən, Elməddin. Qələm əhlinin arvadı gərək şer yazmasa da, yarımşair olsun. Dözümlü olmalıdı şair arvadı, fədakar olmalıdı. Oxuculardan da, münəqqidlərdən də qabaq o, ərinin qiymətini, böyüklüyünü, kiçikliyini bilməlidi. Şairi — sənətkarı evində uca tutmasalar o, xalq içində çətin sevilər. Bu cəhətdən səninlə şərikəm ki, Zərrintac hələ cavandı, sən onu necə tərbiyə eləsən, necə öyrətsən, elə də olmağa qabil qızdı. Kişidən də çox şey asılıdı.

– Nə bilim, ustad. Hələ hara tələsirik? Qoy görək işlərin kedişi nə göstərəcək? — deyə Elməddin bu söhbətə xitam vermək lazım olduğuna incə şəkildə işarə elədi. — Görək ürək nə deyəcək, ustad?!

Araya sükut çökdü. Haradansa polis fitinin səsi eşidildi, parkın qırağında gəzişən polislər fit gələn tərəfə qaçdılar. Asfalt küçə ilə yüyürən polis nəfərlərinin nallı ayaqqabılarının tappıltısı eşidilməz olanda Məhəmməd Şəfi ah çəkib dedi:

– Bax bunlardır, bir də ordudur bizim əlahəzrətin dayağı, Elməddin. Onun cəmiyyətdə söykəndiyi əsas iki sütun polis və ordudur. Sən hələ cavansan, çox şeylərdən agah deyilsən, Elməddin. Sən ağayi Nəcməddindən əlahəzrətin atasının öldürülməsini, Qulam Nəbinin faciəsini eşidib heyrətlənirsən. Bu məmləkətdə o qədər elə qanlar tökülüb, o qədər elə qeyrətli oğullarımız güllələnib, dar ağacından asılıb ki... Səfalət, aclıq, işsizlik... bizim xalqımızı öz dəhşətli əlləri ilə, caynaqları ilə hər gün gəmirir, öldürür. Bunları ürək ağrısı ilə görməmək mümkün deyil, gərək kar olasan, gərək kor olasan ki, bu zavallı xalqın səfalət bataqlığında boğulduğunu görməyəsən, naləsini, fəryadını eşitməyəsən. Onun taxt-tacı qan üstündə qurulub, sümük üstündə yaşayır, Elməddin. Mən deyim ki, axmaq adam deyil o, bicdir, siyasətcildir. Elə incə siyasət yeridir, gərək son dərəcə ağıllı olasan ki, bu xətti-hərəkəti, onun məqsədini başa düşüb anlayasan. Dövlət borc içində boğulur. Xarici məmləkətlərdən nə qədər borc almaq olar? Bu torpaq qızıl bitirsə, ağaclarımız qızıl meyvə versə belə, yalan olmasın, yüz ilə o borcların altından çıxmaq olmaz. Hara gedir o pullar? Camaatın güzəranı yaxşılaşırmı, məktəblər açılırmı, təhsil pulsuz olurmu? Yox! Camaatın gözünə kül üfürmək üçün yollar çəkilir, evlər tikilir, bərq stansiyaları qurulur. Vəssalam. Bəs hanı sənin fabrikin, zavodun ki, heç olmasa camaatın işləsin, sənayen artsın, xalqının bir tikə çörək qazanmaq təminatı olsun? O, qəsdən belə şeylərə fikir vermir, çünki fabrik-zavod açarsa, istər-istəməz əmələ sinfi yaranacaq, əmələ sinfi isə onun ən böyük düşmənidir. Özünə qəbirqazanların meydana gəlməsindən qorxur o, Elməddin.

Ustad bu şaxtalı, dumanlı gecədə çox danışdı. Dərdlərini, düşüncələrini açıb dedi. Elməddin Məhəmməd Şəfinin indiyənəcən hələ belə açıq və odlu danışdığını görməmişdi. O, indi başa düşdü ki, ustadının başı təkcə şairliyindən belə erkən ağarmayıb, onun dərdləri varmış, o dərdlər də, bu torpağın, bu millətin dərdləri imiş! Ustadın belə pərdəsiz-boyasız məhrəmanə söhbəti, onu Elməddinin gözündə daha da ucaltdı, doğmalaşdırdı. Bir anlığa ona elə gəldi ki, o, kimsəsiz deyil, yetim deyil, onun Şəfi kimi, çoxunu tanımadığı, üzünü görmədiyi əqidə dostları kimi yaxın, çox doğma adamları var və onlar Elməddini heç vaxt darda qoymazlar, arxa olarlar. Bu hiss belə sazaq havada Elməddinin ürəyini elə isindirdi ki, əllərini cibindən çıxartdı, paltosunun yaxasını açdı və durub Məhəmməd Şəfinin qabağında gəzindi:

– Mən sizin məramınızı yaxşı anladım, ustad. Siz daş qoyan yerə mən baş qoyaram, — dedi. Məhəmməd Şəfi də ayağa qalxdı, Elməddini bağrına basıb alnından öpdü. Tək dirəyi kəlləsindən dumanı yarıb gələn solğun işıqda Elməddin ustadının gözlərinin yaşardığını aydın gördü.


Ev soyuq idi. Divarlar adama gəlirdi. Elməddin otağın ortasında xeyli hərəkətsiz dayandı. Saata baxdı, on ikiyə on dəqiqə qalırdı. Ustadla səhbətindən sonra çox həyəcanlandığından tezliklə yata bilməyəcəkdi. — Düşüncələri, hissləri düyün düşmüş kələf kimi qatmaqarışıq idi. Ürəyindəki fikirlərin, son hadisələrin təsiri altında sanki sökülüb dağıldığını aydın hiss edir, həyatda hələ çox şeyi bilmədiyini anlayırdı, ancaq bütün bu çalpaşıq duyğuların tutqun dumanları içərisində bir həqiqəti daha çox anlayırdı ki, daha o, təqribən iki il bundan irəli, Ədnan kəndində sakit, arxayın, süst və demək olar ki, ölü arzuları ilə, uğursuz ilk məhəbbəti ilə orada, çox-çox uzaqlarda qalan Elməddin deyildi: onun əvəzində, bu səsli-küylü, milyonerlidilənçili şəhərdə təzə, hələ özünün də yaxşı tanımadığı, baş çıxara bilmədiyi, ümidli, arzulu bir Elməddin doğulmuşdu; bu Elməddin getdikcə saflaşır, durulur, dünyada nə üçün yaşadığını başa düşürdü. İndi həyat əvvəlki kimi, Ədnanda olduğu zamanlardakı təki çansıxıcı, bezikdirici deyildi; indi o nə isə maraqlı, şirin bir axına qoşulmuşdu və həmin axının onu haraya aparıb çıxaracağını hələ aydın kəsdirə bilməsə də, ömrünün şəhərdə keçən günlərindən çox məmnun idi; yavaş-yavaş yazılarını, rəsmlərini çap etdirir, camaat, oxucular onu tanımağa başlayır, söz-söhbəti şəhərə, rəsmi dairələrə yayılırdı. Ağayi Nəcməddinin idarəsində gördüyü işlər, Məhəmməd Şəfinin ruznaməsindəki az-çox fəaliyyəti, o dəhşətli gecədə maşında Ziyaülhəqqin adını çəkdiyi «adıbilinməz, gözəgörünməz» təşkilatın onunla belə ciddi maraqlanması, nəhayət, bu gecə ustadının ürək qızdıraraq danışdığı söz-söhbət Elməddinin həyatını, ürəyini işıqlı arzularla doldurmuşdu. Zahirən durğun, ölü bir təsir bağışlayan, təvəkkülə inanaraq başını aşağı salıb hara getdiyini, gələcəyini düşünməyən bu cəmiyyətdə o, nə isə edirdi, nəyəsə gərək idi və hələ dostları ondan daha çox şey gözləyirdi — bax bu hisslər onun qəlbini qururla doldurmuşdu.

İşləyə bilməyəcəkdi, yata da bilməyəcəkdi. Əvvəl istədi təzədən şəhərə çıxsın, elə beləcə, əlləri cibində səhərəcən küçələri dolaşsın, öz-özü ilə həsb-hal eləsin, dərdləşsin. Lakin bu fikirlərdən daşındı: polis nəfərləri şübhələnə bilər, izləməyə başlardılar. Bəlkə ağayi Nəcməddingilə getsin? İndi yatmış olarlar. Düzdü, Zərrintac xanım indi bu gəlişinə çox sevinər, durub geyinər, onu öz otağına aparıb söhbət edər, musiqi çaldırardı. Ancaq... yox, bu da olmaz, yaxşı düşməz. Xeyli götür-qoydan sonra, Elməddin kefi kök halda, fit çala-çala yerini açdı, soyunub uzandı. Əl atıb mizin üstündən ustadın təzə çapdan çıxmış və dəst-xəttilə yadigar yazıb verdiyi kitabı götürdü, şairin birinci səhifədən baxıb gülümsəyən şəklinə tamaşa elədi, bir az əvvəl dediyi sözlər təzədən beynində, qulaqlarında səsləndi və belə böyük, sevimli bir adamla şəxsən dost olduğunu düşünüb sevincdən gözləri yaşardı, əziz, doğma adamının əksini öpürmüş kimi dodaqlarını soyuq şəklə toxundurdu. Elə bu zaman telefon səsləndi. Kitabı sinəsinin üstünə qoyub elə uzandığı yerdə dəstəyi qaldırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, səkkizinci fəsil

Hava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.

6 min
Üçüncü hissə, doqquzuncu fəsil

Gün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:

15 min
Üçüncü hissə, onuncu fəsil

Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:

7 min
Üçüncü hissə, on birinci fəsil

Ağayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.

8 min

Poems by other poets