Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.

Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:

– Salam, xanım! — dedi.

Zərrintac xanım dodaqlarını tərpətməyə ərinərək başının yüngülcə hərəkətilə onun cavabını verib daha nə deyəcəyini, nə üçün gəldiyini bildirəcəyini gözlədi. Qiyafəsi kasıbda olsa, o, dilənçiyə oxşamırdı. Çirk, toz-torpaq içində olsa da, Zərrintac ürəyində iqrar elədi ki, gözəldi. Qadının çaşıb qaldığını, susduğunu görüb özü dilləndi:

– Nə istəyirsən? . Qadın yenə çarəsiz halda:

– Mən... mən... — deyə kəkələdi və nəhayət, fikrini məqsədini dilinə gətirə bildi, — mən iş istəyirəm, xanım... Mənə dedilər siz təksiniz, bəlkə qulluqçuya-zada ehtiyacınız oldu...

– Kim dedi?

Zərrintac ani fikrə getdi. Tək yaşamaq onu lap bezdirmişdi. Dururdu özünü görürdü, otururdu dizini. Bəlkə elə bu qızı götürüb saxlasın. Bir qarın çörək yeyəcək. Qulaq yoldaşı olar — o da darıxmaz. Bu məqsədlə onu söhbətə tutmağı qərara aldı:

– Hardansan, qız? Şəhərdənsən?

– Xeyr, xanım. Qəryədənəm.

– Hansı qəryədənsən, qız?

– Uzaqdı bura, xanım, çox uzaqdı. Bəlkə heç adını da eşitməyibsiz. Balaca bir qəryədi, Ədnan qəryəsi...

– Ədnan? — deyə bu sözü eşidəndə Zərrintac xanım dikəldi və o dəqiqə yadına düşdü ki, Elməddin də deyəsən axı o Ədnan kəndindən idi. Marağı daha da artdı və xəbər aldı:

– Adın nədi, qız?

– ... Adım Əfsanədi, xanım!

– Əfsanə? — deyə o, yenə təəccübünü gizləyə bilməyərək ucadan soruşduqda Əfsanə heç nə başa düşməyib eyni sakit səslə:

– Bəli, xanım, Əfsanədi, — dedi. — Necə məgər, xanım, pis addı?

– Yox, yox... — Zərrintac xanım çaşdığını bildirməməyə çalışaraq: — Lap əla addı, qız. Əfsanə gözəl addı, — dedi və susdu. Zərrintacın ürəyi şiddətlə döyünürdü, Təsadüfə bax, zamanın gərdişinə bax! Heç şübhəsi yox idi ki, bu, Elməddinin itkin düşmüş Əfsanəsi idi, öz əl-ayağı ilə gəlib çıxmışdı bura. Bu həmin Əfsanə idi ki, Eləməddin onu heç cür unuda bilmirdi, hələ zifaf gecəsi də — onunla ilk dəfə baş yastığa qoyanda da çaşıb Zərrintac xanıma «Əfsanə» demişdi və onun ürəyinə dağ çəkmişdi. Sonralar da neçə dəfə çaşmışdı, Zərrintacı «Əfsanə» deyə çağırmışdı. Hələ şəklini də çəkib gözünün qabağına qoymuşdu utanmaz-utanmaz. Doğrudur, həmin şəkli Zərrintac tikə-tikə edib küləyin ağzına vermişdi, ancaq Elməddinin ürəyindən silə bilməmişdi.

Ona neçə şer yazmışdı. O həsrəti, o itkini sızıldaya-sızıldaya yad etmişdi. Bəli, deyəsən, bu, həmin Əfsanə idi. Zərrintacın ürəyində nə zamansa doğulmuş, sonralar zəifləyib öləzimiş qısqanclıq və intiqam hissi təzədən oyandı, gözlərini dumanlandırdı və o, bu duman içindən qabağında dayanan Əfsanəyə diqqətlə baxdı, Elməddinin nə zamansa çəkdiyi o şəkli nəzərində canlandırıb tutuşdurdu. Bəli, o idi. Qaşları, gözləri, üzünün cizgiləri... İndi bir az arıq idi. Bütün bunlara baxmayaraq Zərrintac, içindəki kini, küdurəti gizləyərək, həlim səslə soruşdu:

– Bəs nə əcəb buralara gəlib çıxmısan, qız? — o, «Əfsanə» sözünü dilinə gətirmək istəmirdi.

– Eh, başına dönüm, xanım, bu uzun əhvalatdı. Danışsam başağrısı olar, xanım.

– Yox, yox, danış, maraqlıdı.

Əfsanə bir az duruxdu. Düşündü ki, danışsa bəlkə xanım onu qulluqçuluğa qəbul edər, çünki şəhərə gəldiyi on səkkiz gündə biçarə olmazın əziyyət çəkmiş, ac qalmışdı, xəlvət bir dalan tapıb gecələrini orda səhər eləmişdi, şorgöz kişilərin, hərcayi cavanların gözündən yayına-yayına qorxu içində günlərini keçirmişdi. O, belə getsə məhv olacağını fikirləşirdi. Ona görə necə olursa-olsun, bir adama sığınmalı, kiməsə inanmalı idi. Həmin fikirlə də Əfsanə başına gələn qəzavü-qədəri müfəssəl Zərrintac xanıma nəql elədi. Zərrintac xanım sözünü kəsmədən, suallar vermədən qızı axıra qədər dinləyib əmin oldu ki, səhv etməyib. Bu elə Elməddinin Əfsanəsidir, yox ikən belə Eləməddinin ürəyində yaşayan, dilindən düşməyən, Zərrintacın isti gəlinlik yatağına, evinə xəyal şəklində gəlib girən Əfsanə idi.

«Hə... Belə. Nəhayət, sənin özünü də görmək bizə qismət oldu. Nəhayət, gəlib çıxdın. İndi Elməddin dayansın, baxsın görsün onun qəmli ürəyinə necə dağ çəkirəm — çalın-çarpaz dağ. Düzdü evlənib. Bir kasıb qız alıb, deyirlər. Amma bilirəm səni ondan da çox istəyir yenə. Ona «ləzzət» eləyəcək, ömrü boyu unutmayacağı bir dərs verəcəyəm, Mənə də Zərrintac xanım deyərlər, mən ağayi Nəcməddinin qızıyam» — deyə ürəyində ölçüb-biçən Zərrintac xanım ayağa durdu, onu tanıdığını və Elməddinin bu şəhərdə olduğunu, nə zamansa ona ərə getdiyini bildirmədən Əfsanəyə dedi:

– Hə, həyatdı, qız. Təəssüf eləməli ömür sürmüsən. Ancaq neyləyəsən? Tale adamın özündən asılı deyil, əksinə, insan taleyin quludur.

– Düzdü, xanım.

– Heyf ki, mənim qulluqçuya ehtiyacım yoxdu. Ancaq görürəm qəşəng qızsan, həm də dərdlisən, sənə kömək eləyərəm.

Əfsanə adını bilmədiyi bu zəngin xanımın sözlərindən dirçəldi. «Heyf ki, mənim qulluqçuya ehtiyacım yoxdu» sözlərindən doğan ümidsizliyin qatı dumanını qovdu, sevindi:

– Ömrün uzun olsun, xanım. Xoşbəxt olasan, xanım. Zərrintac xanım Əfsanənin bu sözlərinə kinayə ilə güldü:

– Bizim bir tanışımız var, ona sənin kimi cavan və qəşəng bir qulluqçu lazımdı. Elə hesab elə ki, cənnətə düşəcəksən. Yağ içində böyrək kimi üzəcəksən. Qoca kişidi, ona qulluq eləyən gərəkdi... Qoy zəng eləyim, səni tapşırım, get. Ya bəlkə elə özü gəlib apardı.

– Təşəkkür edirəm, xanım.

Zərrintac yuxarı evə qalxdı. Əfsanə tək qaldı.

Zərrintac xanım dəstəyi götürub nömrəni yığdı.

– Alo, ağayi Siracəddin?

– Bəli, eşidirəm, Kimdi danışan? — deyə Siracəddin xırıltılı səslə xəbər alanda. Zərrintac özünü nişan verdi:

– Mənəm, ağayi Siracəddin, Zərrintac xanımam. Nəcməddinin qızı.

– Hə, xoş gördük səni. Nə əcəb səndən bizi yad eləmisən? Necəsən?

– Yaxşıyam, ağa!

– Mənə dair qulluğunuz, xanım... Yoxsa mənim təklifimi qəbul etdiniz? Hə?

– Yox, ağa. O, baş tutan sevda deyil. Yox, yox, o barədə gəl danışmayaq!

– Bəs... onda mənə dair qulluğunuz?

– Bilirsiz... — o, fikrini izah eləməkdə çətinlik çəkdiyindən duruxdu, sonra əlavə elədi: — Bilirsiz, bir cavan qız gəlib, cavan, nazənin bir gəlindi. Qulluqçu olmaq istəyir. Heç kəsi yoxdu. Dedim sizə bəlkə gərək olar, ağa.

Siracəddin sevinc içində:

– Afərin. Bəlkə nədi, bilirsən necə gərəkdi?.. Neçə yaşı olar?—deyə xəbər aldı.

– İyirmi beş, iyirmi altı ancaq olar, ağa.

– Sən ona heç nə demə, qızım. Mən bu saat gəlirəm.

– Deməmişəm, ağa. Sadəcə sizə qulluqçu lazımdı demişəm, vəssalam.

– Afərin, afərin!..

– Sizdən bir qız almışdıq, bir qız da veririk... — deyə axırda Zərrintac şadlığından zarafat da eləməyi unutmadı.

Əfsanə pilləkənləri tappıltı ilə enən Zərrintacın üzünə intizarla baxır, tanımadığı «bu xeyirxah» qadının nə xəbər verəcəyini səbirsizliklə gözləyirdi. O, Əfsanəyə çatmamış:

– Bəxtin yamanca gətirdi, qız. Ağa indicə gələcək, səni aparacaq. Çox sevindi, lap çox! — dedi.

Əfsanənin qəmli sifətində, yorğun, yuxusuz gözlərində zəif bir şadlıq şöləsi parladı və o, Zərrintac xanıma minnətdarlıq hissilə baş endirdi:

– Sizin bu iltifatınızı heç vaxt unutmaram, xanım... Zərrintac özündən razı halda, Əfsanənin çətin başa düşə biləcəyi ikibaşlı, ikimənalı bir cümlə işlətdi:

– Dəyməz, qız. Borcum idi...

Ağayi Siracəddin günorta yeməyini yesə də adəti xilafınca evə getməmişdi. Saat yarım bundan qabaq, Zərrintac xanımın «tapıntısını» öz maşınında buraya gətirən o, görüb-götürmüş, təcrübəli Hürriyyət xanımın nə vaxt gəlib onu çağıracağını gözləyirdi. Bugünkü «müftə ov» onun çox xoşuna gəlmişdi. Gözəyarı varəndaz eləmişdi, hürkütməmək üçün oğrun-oğrun Əfsanənin sifətinə, saçlarına, sinəsinə, ayaqlarına nəzər salmış, məmnun qalmışdısa da,«tam yoxlama» əməliyyatını da keçirməyi lazım bilmişdi. Onun fikrincə, buraya qədəm basan, ya gətirilən hər qızın, qadının əsl qiyməti məhz bu yoxlama zamanı bəlli olurdu və onu ancaq özü icra eləyirdi; çünki bu əməliyyatdan o, sözlə ifadə edə bilməyəcəyi bir həzz, zövq alırdı.

Tez-tez saata baxır, geniş, bəzəkli otaqda gəzinir, təzə qadına tamaşa eləmək üçün darıxırdı. Nəhayət, qapı müticəsinə döyüləndə ağayi Siracəddin kabinetinin ortasında ayaq saxlayıb nigarançılıqla:

– Buyur! — dedi.

Hürriyyət xanım ehmalca qapını aralayıb ağsaçlı, uzunsov başını içəri uzadaraq:

– Təşrif gətirib baxa bilərsiz, ağa! — Dedi. Gözləməkdən səbri tükənmiş Siracəddin yarısını çəkib qurtardığı siqarını külqabına basdı, donqarlaşmış belini düzəldərək tələsik addımlarla otaqdan çıxdı, qapını qıfıllayıb, açarı cibinə qoydu. Hürriyyət arvad onu qabağa buraxaraq dalınca az qala yüyürə-yüyürə təzə qızı tərifləməkdən dil boğaza qoymurdu.

– Cır-cındır içində olasan, özün də belə gözəl olasan, mənim heç ağlıma gəlməzdi, ağa. Maşallah, bir gözəldi, bir gözəldi, adam baxmaqnan doymaq bilmir. Mən arvadlığımnan istəyirdim qızın ağ mərmər kimi bədənini gəmirəm.

– Əşi, elə şey olmaz?!

– And olsun bizi xəlq eləyənə ki, belədi, ağa. Hələ ağayi Nəcməddinə verdiyin o Dünya qızdan sonra buraya belə qadın ayağı dəyməyib, ağa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, səkkizinci fəsil

Sahibə qapını astaca taqqıldatdı, ancaq içəridən səs gəlmədi. İki gün idi Gülmirə gözünə dəymirdi. Əvvəl elə düşünmüşdü ki, istirahət günləridi onun. Yəqin dincəlir, ya da oturub işləyir. Ancaq bu gün, bir az bundan qabaq Maşa xaladan soruşanda qarı onun xəstələndiyini söyləmiş və bu xəbərdən Sahibə çox narahat olmuşdu. Tez öz otağına qayıdaraq divanda uzanıb kitab oxuyan Mir Sahibə Gülmirənin kefsizlədiyini deyəndə o:– Əcəb bacısan, burdan-bura heç xəbər tutmursan qızdan.

27 min
Birinci hissə, doqquzuncu fəsil

Saat on bir idi. Nurəddin Osmanzadə təzə kabinetində oturmuşdu, qabağındakı makinada yazılmış siyahıya baxırdı və sol əlinin altında armudu stəkanda çay buğlanırdı, sağ əlində qələm tutmuşdu. İnstitut elmi şurası üzvlərinin adlarını bir-bir oxuyur, hərəsinin haqqında düşünür, ürəyinə yatan, yaxın sandığı alimləri saxlayır, döşünə düşməyənlərin, sözü üzə dik deməyə qadir olanların adının üstündən xətt çəkirdi. Öz aləmində elmi şuranı təmizləyirdi, «saflaşdırırdı.» Siyahıya elə adamlar salmışdı, elə adamlar əlavə etmişdi ki, onun bir sözünü iki eləyə bilməsinlər. Bu, onun ilk tədbiri idi. İkinci tədbiri müavini dəyişmək idi. Bu balaca, çəlimsiz oğlanın o günkü iclasdakı çıxışı qətiyyən xoşuna gəlməmişdi. Yerinə adam fikirləşirdi, ancaq münasib bir şəxs ağlına gəlmirdi. Çaydan qurtum-qurtum içə-içə çox düşündü, «görək kimi taparıq», — deyə siyahını kənara itələdi, siqaret yandırdı və düyməni basdı. Şərqiyyə dabanlarını taqqıldada-taqqıldada qapı ağzında görünəndə siyahını ona uzadıb:– Bunu makinada yaz, gətir qol çəkim, apar as elanlar lövhəsindən, — dedi.

32 min
Birinci hissə, onuncu fəsil

Şaxta olmamışdı, külək də əsməmişdi, ona görə axşam yağan qar donub bərkiməmişdi. Hava elə xoş idi ki...Pioner bağının içində, qala divarının dibində, əyri-üyrü budaqlarının üstünü qar basmış qocaman akasiya ağacının dibində bir molbert vardı, molbertin arxasında başına qulaqlı papaq qoymuş, diplomat palto geymiş bir oğlan dayanmışdı — əlində fırça dördkünc kətanın üstündə nə isə çəkirdi. Böyründə dayanan Ceyhun diqqətlə gah rənglərə, gah kətana, gah da azca aralıdan keçən piyadalara nəzər salır, ayağının birini götürüb o birini qoyurdu.

20 min
Birinci hissə, on birinci fəsil

İltifat bu gün instituta hamıdan tez gəlmişdi. Direktorun qara meşin qapılı otağının ağzında gəzinirdi. Sevincinin həddi-hüdudu yox idi. Əlində tutduğu «Ədəbiyyat və incəsənət» qəzetində iki şeri dərc olunmuşdu. Birinci şerini — «Fədai» adlandırdığı beş-altı bəndlik şeri Nurəddin Osmanzadəyə həsr etmişdi və sərlövhəsinin altından onun adını da yazmışdı. Burada o, elm fədaisi kimi çox yüksək və qanadlı sözlərlə vəsf edilmişdi. İkinci şer isə sevgiyə aid idi — adı bəlli olmayan durna boğazlı bir gözələ olan məhəbbətindən danışırdı.Çox gözlədi, direktor gəlib çıxmadı. Şöbəyə getdi. Hələ heç kəs yox idi. Təzədən qayıdanda katiblikdə Şərqiyyəni gördü.

14 min

Poems by other poets