Page 1 of 5

Saat on bir idi. Nurəddin Osmanzadə təzə kabinetində oturmuşdu, qabağındakı makinada yazılmış siyahıya baxırdı və sol əlinin altında armudu stəkanda çay buğlanırdı, sağ əlində qələm tutmuşdu. İnstitut elmi şurası üzvlərinin adlarını bir-bir oxuyur, hərəsinin haqqında düşünür, ürəyinə yatan, yaxın sandığı alimləri saxlayır, döşünə düşməyənlərin, sözü üzə dik deməyə qadir olanların adının üstündən xətt çəkirdi. Öz aləmində elmi şuranı təmizləyirdi, «saflaşdırırdı.» Siyahıya elə adamlar salmışdı, elə adamlar əlavə etmişdi ki, onun bir sözünü iki eləyə bilməsinlər. Bu, onun ilk tədbiri idi. İkinci tədbiri müavini dəyişmək idi. Bu balaca, çəlimsiz oğlanın o günkü iclasdakı çıxışı qətiyyən xoşuna gəlməmişdi. Yerinə adam fikirləşirdi, ancaq münasib bir şəxs ağlına gəlmirdi. Çaydan qurtum-qurtum içə-içə çox düşündü, «görək kimi taparıq», — deyə siyahını kənara itələdi, siqaret yandırdı və düyməni basdı. Şərqiyyə dabanlarını taqqıldada-taqqıldada qapı ağzında görünəndə siyahını ona uzadıb:

– Bunu makinada yaz, gətir qol çəkim, apar as elanlar lövhəsindən, — dedi.

Şərqiyyə vərəqi götürüb:

– Baş üstə! — deyərək çıxanda arxadan səslədi:

– Gör Aslanzadə gəlib? Gəlibsə yanıma çağır!

Şərqiyyə heç nə demədən getdi. Heç beş dəqiqə keçməmiş Aslanzadə içəri girdi. Nurəddini direktor stolu arxasında oturan görüb əllərini ovuşdura-ovuşdura gülümsündü:

– Stolun mübarəkdi.

Osmanzadə siqareti külqabıya basıb «sağ ol» demədən əlilə oturmaq işarəsi verib:

– Elə bilirdin sən etiraz eləyən kimi məni direktor qoymayacaqdılar? — söylədi.

Aslanzadə döş cibindən ağ daraq çıxarıb ağ saçlarını daraya-daraya:

– Yox, — dedi, — mən bilirdim ki, səni qoyacaqlar. Ancaq mən səni yaxşı tanıdığımdan və kommunist vicdanımın səsinə qulaq asdığımdan o sözləri deməli idim, Nurəddin. İndi sən mənim sözlərimi başa düşəsi halda deyilsən, çünki hələ bir az havalısan, təzə vəzifə, stol, səlahiyyət sənin gözlərini qamaşdırıb, lakin bir azdan bilərsən mən nə deyirmişəm.

Nurəddin siqaretini sümürüb tüstüsünü havaya üfürdü, qonur gözlərini qıyıb:

– Deyirsən yuxarıda oturan yoldaşlar səncə bilmirlər? — söylədi.

Aslanzadə sakit:

– Yox, mən elə demirəm, Nurəddin! — dedi. — Bəlkə də onlar məndən çox bilirlər, ancaq mən səni onlardan yaxşı tanıyıram. — Aslanzadə nə fikirləşdisə: — Yaxşı, sən məni bura dava eləməyə çağırmısan ya başqa bir sözün var? — deyə soruşdu. Nurəddin tutuldu:

– Mən dava eləmirəm, söhbət eləyirəm. Bilirsən mənim danışığım belədi.

– Mən elə bir də buna görə deyirdim ki, sən camaatla işləyə bilməzsən.

Nurəddin ayağa qalxdı, otaqda kreslonun arxasında olan boş yerdə var-gəl eləyə-eləyə boğuq bir səslə:

– Mən səni ona görə çağırmışam ki, möhürü, seyfi təhvil verəsən. Kağız-kuğuzu təhvil verəsən, — dedi.

Aslanzadə mənalı-mənalı qımışdı:

– Təhvil-təslim eləmək üçün nə vardı ki? Dərziyə dedilər köçürsən, iynəsini sancdı papağına, dedi mən hazır, — O cibindən iki dilli bir açar çıxartdı — al, bu, seyfin açarıdı, möhür də seyfdədi. Planlar-flanlar müavindədi, maliyyə kağız-kuğuzu da mühasibatdadı.

Nurəddin açarı götürdü, seyfi cingilti ilə açıb möhürü və bir neçə qovluğu orda görüb təzədən bağladı və açarı cibinə qoydu. Aslanzadə cibindən siqaret çıxartdı, yandırdı. Ani olaraq düşündü: «Neçə gündü xəstə yatdığımı bilirdi, heç soruşmadı kefin, səhhətin necədir! İnciyib yəqin. Ey gidi dünya, düz söz deyəndə niyə bilmirəm adamların acığına gəlir? Amma dildə hamısı kommunist prinsipiallığından ağızdolusu danışır! Eybi yoxdur».

– Gedə bilərsən! — Nurəddinin quru və soyuq səsi eşidiləndə Aslanzadə qalxdı, qapıya sarı bir addım atdı və nə fikirləşdisə dönüb direktora nəzər saldı:

– Məni belə yola salırsan? Nurəddin duruxdu:

– Necə yəni? Necə yəni «məni belə yola salırsan»? Bu nə deməkdi?

Aslanzadə pencəyinin düyməsini bağlaya-bağlaya:

– Mən özümdən əvvəlki direktoru yola salanda bir dəstə qərənfil aldırmışdım, bütün kollektivi salona yığmışdım və xətirhörmətnən ayrılmışdıq. Buna baxmayaraq ki, prezidium işindəki nöqsanlarına görə ona töhmət də vermişdi.

– Sənə isə təşəkkür verib prezidium. Daha nə istəyirsən ki?

– Heç nə, Nurəddin. Şəxsən mənə heç nə lazım deyil. Bu, məndən çox sənə lazım idi. — Aslanzadənin səsindəki kinayəni və incikliyi duymaq o qədər də çətin deyildi, lakin Nurəddin bunu da hiss eləmədi. Aslanzadə «yox!» eşidəcəyini bilə-bilə, tutqun halda söylədi:

– Nurəddin, dəhlizin o başında, şöbənin yanındakı kabineti mənə versən, pis olmaz. Sənə verdiyim o tək otağı deyirəm...

Nurəddinin alt dodağı sallandı!

– Yox, orda mən qonaq-qara qəbul eləyəcəyəm. Dünyanın hər yerindən qonaqlarım gəlir. Aslanzadə yumşaq-yumşaq:

– Mən qonaq-qaranı burda qəbul eləyirdim, Nurəddin, — dedi.

– Bura namünasibdi. Ora yaxşıdı.

– Bəs mən harda oturacağam, Nurəddin?

– Harda? Öz şöbəndə! Başqa şöbə müdirləri harda oturur? Hər kəs öz şöbəsində oturur. Sən də şöbəndə oturarsan. Otağımız çatmır, özün məndən yaxşı bilirsən bunu?!

Aslanzadə daha heç nə söyləmədi, baxışlarını onun uzun sifətində, tez-tez qırpılan kirpikləri altından baxan gözlərində ötəri gəzdirib yavaşca kabinetdən çıxdı... Və elə həmin gün təzədən özünü pis hiss elədiyinə görə işdə dayana bilməyib evə gəldi və təcili yardıma zəng elətdirdi.

O gedəndən sonra Nurəddin Osmanzadə seyfi açdı, kağızları, qovluqları qabağına töküb tanış olmağa başladı. Müxtəlif yerlərdən — Moskvadan, Leninqraddan, xarici ölkələrdən gəlmiş məktublar səliqə ilə bir qovluğa yığılmışdı, prezidiumun sərəncamları ayrı bir qovluğa. «Kişi səliqəli imiş» — deyə Nurəddin gülümsündü. Sonra sarı qovluq əlinə keçdi. Açdı... Ərəb əlifbası ilə yazılmış saralmış vərəqləri görən kimi yadına Salman düşdü.

– «Aha, budur o qız deyən qovluq», — sevindi və düyməni basıb Şərqiyyəni çağırdı:

– Gülmirəni bura çağır.

– Bu dəqiqə.

Gülmirə qayğılı halda direktorun kabinetinə girəndə o, qovluğu vərəqləyirdi.

– Otur.

Gülmirə divarın dibindəki stulda əyləşdi, ürəyi əsirdi, çox həyəcanlı idi. Lap əslini axtarsan, indi Gülmirə tutduğu işdən peşman idi. Bu ittihamın necə ağır olduğunu sanki sonradan dərk eləmişdi. İki hiss qəlbində bütün bu müddət ərzində dör-dör döyüşmüşdü. Biri demişdi: «Sən haqlısan, Gülmirə. Əsər oğrusu

– vicdan oğrusu, namus oğrusu kimi bir şeydir, qız. O, öz dostuna, ustadına xəyanət eləyib — xəyanət isə cavabsız qala bilməz. Xəyanətkarın cəzasız qalması təzə-təzə, başqa-başqa cinayətlərin yaranmasına səbəb ola bilər. Sən peşman olma, Gülmirə. Bu addımı atmısan, Orxanın ruhunu şad eləmisən, geri durma, geriyə yol yoxdur, Gülmirə!» Özgə bir duyğu isə həlim-həlim pıçıldayırdı onun qulağına: «Yazıqdı Salman, qız, bu, onu məhv eləməyə bərabərdi, Gülmirə. O ölər, ürəyi partlar. Nadirə də yazıqdı. Salmanın sənin boynunda haqq-sayı çoxdu. Hamı sənə namərd, yaxşılıq itirən deyəcək və sonra heç kəs nə qədər ömrün var, heç kəs yaxşılıq eləməyəcək, qız, hələ gec deyil, götür o qovluğu geri. Mirzə Yanar onsuz da yoxdur, geri qayıtmayacaq, Salmanı da üstəlik itirərsiniz...»

Bax, Gülmirə bu çalpaşıq hisslər əlində çırpına-çırpına Nurəddinin qabağında əyləşmişdi və direktorun nə deyəcəyini, özünün nə cavab verəcəyini götür-qoy eləyirdi. Nurəddinin gümrah səsi onu düşüncələrdən ayırdı:

– Bu qovluqdu sən Aslanzadəyə verdiyin qovluq? Gülmirə elə yerindən stola sarı boylandı və:

– Hə, odur! — dedi.

– Demək, deyirsən ki, professor Qurbanzadə mərhum Mirzə Yanarın əsərini götürüb eynilə öz adına çap etdirib, hə? — Nurəddin bu sözləri elə tərzdə söylədi ki, Gülmirənin «bəli» deməkdən başqa çarəsi qalmadı.

– Bu, sənin əlinə hardan düşüb, qız?

– Bunu mənə mərhum Orxan vermişdi. Demişdi ki...

– Sən özün hər iki əsəri tutuşdurmusan?

– Bəli.

– Eynidir?

– Hə, — Gülmirə düzgün cavablar verirdi və hər kəlmə dilindən çıxanda da ürəyi sinəsindən qopub ayaqlarının altına düşürdü. Çaşqınlıq hissi boğazını qurutmuşdu. Odur ki, özünü toplayıb az qala yalvarıcı səslə direktora dedi: — Yoldaş Osmanzadə, bunu mən demişəm, ancaq siz özünüz, mənsiz həll eləyin... Çox xahiş edirəm. O kişi ilə üz-üzə gəlməyə mən...

– Sən narahat olma, qız. Sən çox vacib və alicənab bir iş görmüsən. Bu, məni çox sevindirir. Biz belə adamların maskasını yırtmalıyıq, ifşa etməliyik. Sən heç nədən qorxma, mən durmuşam sənin dalında. Mən komissiya təşkil edəcəyəm, onlar yoxlayacaqlar, tutuşduracaqlar, qərar yazacaqlar. Ancaq mən istəyirəm sən də bu komissiyanın tərkibində olasan, çünki bu işin əsas təşəbbüskarı sən olmusam.

– Əgər mümkünsə, professor... — deyə Gülmirə yalvardı az qala.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, onuncu fəsil

Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:

7 min
Üçüncü hissə, on birinci fəsil

Ağayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.

8 min
Üçüncü hissə, on ikinci fəsil

Qəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanıgətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.

15 min
Üçüncü hissə, on üçüncü fəsil

Axşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.

6 min

Poems by other poets