Birinci hissə, on birinci fəsil
Page 1 of 2
İltifat bu gün instituta hamıdan tez gəlmişdi. Direktorun qara meşin qapılı otağının ağzında gəzinirdi. Sevincinin həddi-hüdudu yox idi. Əlində tutduğu «Ədəbiyyat və incəsənət» qəzetində iki şeri dərc olunmuşdu. Birinci şerini — «Fədai» adlandırdığı beş-altı bəndlik şeri Nurəddin Osmanzadəyə həsr etmişdi və sərlövhəsinin altından onun adını da yazmışdı. Burada o, elm fədaisi kimi çox yüksək və qanadlı sözlərlə vəsf edilmişdi. İkinci şer isə sevgiyə aid idi — adı bəlli olmayan durna boğazlı bir gözələ olan məhəbbətindən danışırdı.
Çox gözlədi, direktor gəlib çıxmadı. Şöbəyə getdi. Hələ heç kəs yox idi. Təzədən qayıdanda katiblikdə Şərqiyyəni gördü.
Şərqiyyə dedi:
– İndicə gəlib!
İltifat əlində qəzet içəri girəndə direktor pəncərə qabağında dayanıb küçəyə tamaşa edirdi.
– Salam, Nurəddin müəllim.
Nurəddin qanrıldı, İltifatı görcək göy-qonur gözlərini qıyıb gülümsündü, yerinə keçib oturandan sonra:
– Salam, — dedi. — Səndən nə əcəb, şair, belə tezdən gəlmisən?
– Mən həmişə hamıdan qabaq gəlirəm, Nurəddin müəllim.
– Dedim bəlkə Aslanzadə sənə də Sakit Aranlı kimi kefin nə vaxt istəsə onda da gəlib getməyinə icazə verib?
– Yox, Nurəddin müəllim, — o, adəti üzrə uzun saçlarına əl çəkib qımışdı. İrəli çıxmış iri alnının altında dəbərişən domba gözlərində bir qığılcım parladı. — Mən intizamlı adamam, Sakit kimi ad-sandan istifadə eləyən deyiləm.
– O gün ipini çəkdim Sakitin. Qoy zəhmət çəkib hamı kimi vaxtında gəlib-getsin işə.
– Yaxşı eləmisiniz, beş-altı kitabı çıxıb, ayağı yerə dəymir, havalanıb bir az. Aslan camaatı başlı-başına buraxmışdı, hər kəs istədiyini eləyirdi. Siz… ümumiyyətlə yaxşı kurs götürmüsünüz, Nurəddin müəllim. Hamının xoşu da gəlir...
– Mənim fikrimcə, Aslan institutu dağıdıb. Gərək yenidən quraq, əl-ələ verib təzədən başlayaq. Sənin o günkü çıxışın çox xoşuma gəldi, İltifat. Sən...
Direktorun bu sözlərini eşidən İltifatın qulaqları guruldadı, ürəyi içəridə şiddətlə çırpındı, daha onun sonra dediklərini eşidə bilmədi. Burnunu çəkib bəxtəvərcəsinə — elə bil dünyanı bağışlamışdılar — gülümsündü.
– Hə, hamı deyir yaxşı danışdın! Çox adam deyir — təkcə Sarışın söyləmişdi — O poemanı tez yaz, mən də cavab verirəm ki, hələ düşünürəm. Amma sizə bir şer yazmışam, bu gün çap olunub.
– Hə? — Nurəddin Osmanzadənin göy-qonur gözləri geniş açıldıqda İltifat qəzeti onun qənşərinə qoydu... — Üçüncü səhifədədi.
Direktor qəzeti xışıldada-xışıldada vərəqlədi, tapdı ürəyində oxudu.
– Sən yaxşı şair imişsən, balam! — dedi. — Yaxşı yazıbsan! — Sağ ol.
– Dəyməz, Nurəddin müəllim, siz bizim xalqımızın ləyaqətli oğlusunuz. Sizdən nə yazsaq, yenə azdı... Bizim şerimizin borcu millətimizin məşhur oğullarını xalqa tanıtdırmaq, sevdirməkdən ibarətdir. Mən bu şeri kitabıma da salacağam.
– Çıxan kitablarından mənə də ver, oxuyum. Həmişə elmlə məşğul olmaq olmur. İstirahət də eləmək lazımdır. Bilirsiz, insan da metal kimi şeydir: metal yeyilir, sürtülür, korroziyaya uğrayır, nəhayət, çürüyür. İnsan da belədir — insanın korroziyası — zamandır, şair. Düz deyirəm?
İltifat adəti üzrə yenə burnunu çəkdi:
– Elədir. Siz lap şair kimi obrazlı danışdız. «İnsanın korroziyası — zamandır». Çox gözəl dediniz. Bədii əsərdə işlədilməli sözdü. Hardasa bundan istifadə eləyəcəyəm.
Nurəddin ayağa durdu, əlini belinə qoyub gəzinə-gəzinə dedi:
– Mənim belə kəlamlarım çoxdu. İndiyə qədər yığan olsaydı dediklərimi, qalın bir kitab bağlamış olardı. İltifat irişdi:
– İnşallah, sizin haqqınızda kitab da bağlanacaq. Nurəddin kreslosunun yanında dayandı və nəsə xatırlamış kimi:
– O qız sənə dedi ki, səni Salman komissiyasına salmışam?
– söylədi.
– Hə, Nadirə xanım dedi.
– Biabırçılıqdır. Siz obyektiv bir rəy yazın, heç nədən qorxmadan, çəkinmədən.
– Baş üstə, Nurəddin müəllim. O gün iclasda, bu məsələni eşidəndə mən çox sarsıldım. Qulaqlarıma inanmaq istəmədim. Salman kimi nüfuzlu bir alim belə bir iyrənc iş tutmuşsa, daha onda kimə inanasan? Adam onda az qalır hər şeyə şübhə ilə baxsın. Gözümdən tamam düşdü.
Telefon səsləndi. Nurəddin dəstəyi götürüb danışmağa başlamamış İltifat qalxdı:
– Qəzeti sizin üçün gətirmişəm, — dedi. — Mən işinizə mane oldum, bağışlayın.
Nurəddin kiminləsə danışdığından onun nə söylədiyini eşitmədi, lakin İltifat qapıdan çıxmaq istəyəndə başa düşdü ki, kimsə direktoru, haqqında şer çap olunması münasibətilə təbrik edir.
– Çox sağ olun, hə, yaxşı şerdir. İstedadlı şair imiş. Mən heç bilmirdim, hə, özü də elə burdadı, — dedi və dəstəyi ağzından ayırıb, — İltifat, bura gəl. Prezidentdir. Şer yaman xoşuna gəlib,
– dedi və yenə dəstəyə söylədi: — Sağ olun, yoldaş prezident, hökmən yetirərəm. O da sizə salam söyləyir, hə, sağ olun.
İltifat qapı ağzında dayanıb dinləyirdi. Nurəddin dəstəyi yerinə qoyub İltifatın fərəhindən gülən iri gözlərinə baxa-baxa: — Balam, şerin yaman səs salıb, — dedi, — yoldaş prezident çox razılıq elədi, sənə də salam göndərdi.
– Sağ olun. — Sevincindən dizləri əsirdi İltifatın. Qınamasaydılar, irəli gəlib Nurəddinin əlindən öpərdi. Çox sevinirdi. Dili-dodağı əsə-əsə: — Siz sağ olun, Nurəddin müəllim, siz olmasaydınız, mən o şeri yaza bilməzdim — dedi.
İltifat dəhlizdə bir az özünə gəldi, toxtadı. Bu gün ömrünün ən fərəhli günüydü sanki. Kitabı çıxanda belə sevinməmişdi, Salmanın o kitab haqqında məqaləsi dərc olunanda belə qanadlanıb göylərin yeddi qatına çıxmamışdı. İri addımlarla şöbəyə gəldi. Yoldaşlarından təkcə Ümmügülsüm burdaydı, öz stolunun arxasında əyləşib «Ədəbiyyat və incəsənət» qəzetinin bugünkü nömrəsini oxuyurdu.
– Salam, Ümmü, — dedi İltifat.
– Sabahın xeyir, — o, başını qaldırıb İltifata baxdı,— Səni təbrik eləyirəm. Şerlərini oxudum.
– Çox sağ ol, Ümmü, — keçib yerində əyləşdi. — İndi Nurəddin müəllim çağırmışdı. Təbrik elədi məni. Çox xoşuna gəlib, prezident də zəng elədi: onun da xoşuna gəlib.
Ümmügülsüm sakit səslə söylədi:
– İkinci şerin birincidən daha çox xoşuma gəldi, İltifat.
– Hə? — Onun domba gözləri dəbərişdi, burnunu çəkdi. — Doğru deyirsən?
– Vallah, hə.
İltifat ikiəlli başının uzun tüklərini sığalladı:
– Bilirsən onu kimə yazmışam?
Şerdə ad çəkilməmişdi, birinci şer kimi, ithafı da yox idi. Ümmügülsüm buna baxmayaraq, yenidən şerin üstündə göz gəzdirdi və maraqla:
– Yox, — dedi. — Kimə yazmısan ki?
İltifat qapıya sarı boylanıb heç kəsin gəlmədiyinə arxayın olandan sonra astadan, bir az da ehtiyatla:
– Sənə yazmışam, Ümmü, — dedi.
Ümmügülsüm eşitdiyinə inanmırmış kimi, qamətini düzəldib təzədən soruşdu:
– Mənə yazmısan? — Səsində hədədən çox maraq vardı Ümmügülsümün. İltifat qorxu içində gülümsünə-gülümsünə:
– Hə, Ümmü, sənə yazmışam, — dedi. — Mən səni görən gündən gecəm-gündüzüm yoxdur, inan. Mən bu idarəyə ancaq səni görmək üçün, səsini eşitmək üçün belə həvəslə gəlirəm. O gün ki sən olmursan, buralar mənə yetim görünür. Oturub işləyə bilmirəm. Gözüm qapıda qalır. Sən burada olanda isə, arxayın oluram. Səni görürəm, rahat hiss eləyirəm özümü... Sənin durna boğazı kimi uzun və ağ boğazına baxanda gün altında qalmış qar təki əriyirəm. Ceyran gözlərinə oxşayan o qara gözlərinə tamaşa etmək mənim üçün böyük səadətdi, Ümmü.
Ümmügülsümün beyni uğuldayırdı. İltifatın dediklərini eşidirdi, ancaq dərk eləyə bilmirdi. İynə ucu boyda xırda çillər səpələnmiş sifəti od tutub yanırdı. İltifat susmuşdu, Ümmügülsüm hələ özünə gəlmədiyindən susurdu. Handan-hana o, çox pərt və həyəcanlı halda:
– Çox səhv eləmisən, İltifat, — dedi. — Biz bir şöbədə işləyirik. Mən sənə hörmət eləyirəm. Ancaq bu, o demək deyil ki, sən mənə ağzına gələni deyəsən, mənə pis gözlə baxasan.
– Pis gözlə niyə? Əksinə, mən sənə çox yaxşı gözlə baxıram, Ümmü.
– Yox, bu, pis gözlə baxmaqdır. Sən məni nə hesab eləmisən? Sən nə cəsarətlə bu sözləri mənə deyirsən, məgər sən bilmirsən ki, mənim ərim var, üç uşağım var?
İltifat qorxsa da, şit-şit güldü:
– Nə olsun, ərin var, uşağın var? Mənim də arvadım var, üç uşağım var.
– Bəs sən öz arvadını sevmirsən?
– Yox.
– Niyə?
– Dəlidi o.
– Dəli? Mən onu yaxşı tanıyıram. Bizdən üç kurs aşağıda oxuyurdu. Çox ağıllı və mehriban bir qız idi. Dəli niyə olur?
– İçim özümü yandırır, çölüm özgəni. Mən bədbəxtin dərdini heç kəs başa düşmür. Heç kəs bilmir ki, mən onun əlindən nələr çəkirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.
Üçüncü hissə, altıncı fəsilAxşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?
Üçüncü hissə, səkkizinci fəsilHava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.
Üçüncü hissə, doqquzuncu fəsilGün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:
Poems by other poets
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş