Page 1 of 2

Gülmirənin taleyinə yazılmış hər sevincin gözünə bir niskil qatılmalıymış! Qışın çıhxaçıx vaxtında günlərin birində «istitut həmkarlar təşkilatının sədri illərlə ev siyahısında birinci olan Gülmirəni kənara çağırıb sevindirmiş, ona ev verildiyini söyləmiş, order almaq üçün rayon icraiyyə komitəsinə getməyini tapşırmışdı. Gülmirənin bu xəbəri eşidəndən sonra uçmağa qanadı olmamışdı

– bu günü o, neçə il gözləmişdi. Əqdəmin sağlığında gözləmişdi, Əqdəm öləndən sonra gözləmişdi. Ancaq son vaxtlar nədənsə bu barədə əsla heç nə düşünməmiş, demək olar ki, unutmuşdu. Həm də illərlə qayğı və mehribanlıq görüb az qala anası kimi isinişdiyi Maşa xaladan, təzə qonşularından — mehriban və sadə insanlar olan Sahibə ilə Mir Sahibdən ayrılıb uzaq düşəcəyini yadına salanda çox vaxt məyus olmuşdu. Xüsusilə Sahibədən heç ayrılmaq istəməzdi Gülmirə. İdarədəki qadınlarla — Ümmügülsümlə, Sarışınla, Fazilə ilə onu bağlayan tellər çox nazik idi, ancaq iş əlaqələri vardı aralarında. Təkcə Nadirə xanımla o, açıq idi, dərdini-sərini istədiyi vaxt açıb deyə bilirdi, onu özünə böyük bacı hesab eləyirdi. Salman — Mirzə Yanar məsələsini ortalığa atandan sonra Nadirə ilə münasibətinin də üstünə su çilənmiş, kölgə düşmüşdü, doğrudur, Nadirə xanım, ona əvvəlki münasibətini dəyişməmişdi, danışırdı, deyirdi-gülürdü, ancaq haradasa heç özü də hiss etmədən yəqin Gülmirənin onun ərinin ad-sanına, nüfuzuna balta çalan, ləkələyən o hərəkəti yadına düşən anlarda tutulurdu, dönürdü, laqeydləşirdi və bu, Gülmirənin qəlbini yaman incidirdi. Gülmirə bu barədə Nadirəyə heç nə söyləmir, onu qınamır, əksinə, özünü günahkar sayır, dərin peşmançılıq hissi keçirir və dərdini ürəyinə salıb susurdu. Bir həqiqət gün kimi aydın idi ki, aralarında qabaqkı səmimiyyət yox idi. Hər ikisi bunu aydın dərk edir, ancaq açıb-ağartmır, zahirdə hər şeyin əvvəlki kimi olduğuna biri-digərini inandırmağa çalışırdı. «İşdə münasibətlər haçalanır, hardasa mənafelər, mühakimələr toqquşur və bu şəxsi münasibətlərin də dəyişməsinə səbəb olur» — bu həqiqəti Gülmirə də, Nadirə xanım da çox yaxşı başa düşürdü. Amma Sahibə ilə onun arasında bu cür qeyd-şərtlər, çəpərlər, hasarlar yox idi, olmayacaqdı da. Ona görə Sahibə ilə dostluğu təmiz idi, bu dostluğun keçmişi yox idi, səhvləri, peşmanlıqları yox idi; bu dostluğun ancaq bugünkü vardı—xoş idi, təmiz idi bu günlər—gələcəyinin də təmiz olacağına inam, ümid çox idi. Sahibə xoşqılıq, şirindil, özünü istədən idi və aralarındakı yaş fərqi az olsa da, kiçik bacı kimi aparırdı özünü, Gülmirəyə, «alim bacısına» hörmətlə, ehtiramla baxırdı həmişə və bu hörmət, onun Sakit Aranlı ilə şəxsən tanış olduğunu, onunla bir yerdə

işlədiyini biləndən sonra daha da artmışdı. Sakit Aranlının avtoqraf yazdığı kitabını gətirib ona verəndən sonra Gülmirə Sahibənin gözündə çox ucalmış, fəxr etməli olmuşdu.

Ev məsələsi ortalığa düşəndə, ayrılıq barəsində qatma-qarışıq fikirlər arasında götür-qoy eləyəndə əgər birinci Maşa xala yadına düşmüşdüsə, ikinci Sahibəni xatırlamışdı. Təzə ev alacağından doğmuş ilk sevincinə birinci nisgil bu anda qarışmışdı. İkinci və daha böyük nisgil isə adına yazılmış orderdə Orxanın evinin ünvanını, mənzilinin nömrəsini görəndə əsəblərini tarıma çəkmiş, sarsılmış və gözlərini yaşartmışdı. Rayon İcraiyyə komitəsinin sədrinin otağından çıxandan sonra, elə dəhlizdə ildırım vurmuş kimi xeyli donub qalmış, addım atmağa taqəti belə olmamışdı. Beynində şimşək çaxa-çaxa, Orxanlı günləri qırıq-qırıq lent parçaları kimi gözlərinin qabağında yanıb sönə-sönə sədrin otağına cummaq, «yox, mən bu otaqları istəmirəm!» demək istəmişdisə də, yenə yerindən tərpənə bilməmişdi.

«Alimlər evi»ndə olduğunu bilirdi onun üçün ayrılmış mənzilin. Ancaq heç ağlına gətirməmişdi ki, Orxanın otaqları ola bilər. Orxanın otaqları onun xəyalında boş deyildi, orada Orxan yaşayırdı və həmişə də yaşayacaqdı. Ancaq həyat həqiqəti ayrı şeymiş, sən demə. Sən demə, o otaqlar çoxdan sahibsiz imiş, onun bacıları, kim bilir, bəlkə elə Şirin arvadla bir yerdə günlərin birində ürəklərini tuta-tuta gəlib qardaşlarının, oğlunun ev əşyalarını, müxəlləfatını, kitablarını maşına yığıb aparmış, mənzilin açarını da evlər idarəsinə veriblərmiş!

Çaşqın, dolaşıq və kövrək fikirlər əlində çırpınan Gülmirə nəhayət, İnstituta gəlmiş, dərdini — əslində sevincini bölməli idi

– Nadirə xanıma danışmışdı:

– Bu, neçə uğursuz təsadüfdü, Nadirə xanım? Başımı lap itirmişəm. Orxan biçarənin otaqlarını mənə veriblər. Sən bir işə baxırsan, sən allah!! Yox, mən o otaqlarda yaşaya bilmərəm, bilmərəm, Nadirə xanım. Bu, mənim üçün dəhşət olar, əzab olar. Mən buna dözə bilmərəm...! — deyə-deyə az qala ağlamışdı. Nadirə xanım Gülmirənin sonsuz həyəcanla dediyi bu sözlərdən hər şeyi anladı, nazik qaşları çatıldı, onun ağarıb avazımış qəşəng sifətinə baxa-baxa ürəyində taleyinə acıdı, həssas bir qadın kimi, vaxtilə səni sevən, həsrətinlə yaşayan, arzusuna qovuşmadan dünyadan köçüb-getmiş əziz bir adamın evində yaşamağın nə qədər əzablı olduğunu anladı — hara baxacaq, onu görəcək. Hara əl vuracaq, onu xatırlayacaq. Divarlara da bəlkə nəfəsi hopub. Səsi yaşayır onun burada, ruhu yaşayır.

Və birdən xatırladı ki, Gülmirə də onu sevir. Sağlığında sevibəzizləməsə də, indi, öləndən sonra Orxan, öz nakam məhəbbətinin və sonsuz həsrətinin gücüylə deyəsən Əqdəmi sıxışdırıb məğlub eləyib. Çünki, Gülmirə bu hisslərini dilinə gətirib, Nadirəyə bəyan eləməsə də, o, bir qadın həssaslığı ilə Gülmirənin ürəyinin gizli düşüncələrini oxumuşdu. Bəzən qınamışdı, bəzən haqq qazandırmışdı. Bəzən qəribə bir qibtə də axıb dolmuşdu qəlbinə.

Ona görə Nadirə xanım Gülmirəyə — şübhəsiz, indi o, belə şeyləri ağlına gətirəsi halda deyildi — bu təsadüfün — Orxanın mənzilinin ona verilməsinin nə demək olduğunu başa salmağa çalışdı:

– Sən heç həyəcanlanma, Gülü. Burda pis heç nə yoxdur. Əksinə, sevin sən, Gülü. Mən bilirəm sən Orxanı necə istəyirsən. Yox, yox, başını bulama. Mən hər şeyi yaxşı başa düşürəm. Sən o evə köçəndən sonra çox rahat olacaqsan, Gülü. İtirdiyin əziz adamın nəfəsi hopmuş divarlar arasında yaşamaq, əzablı olduğu kimi əvəzsiz bir şirinlikdir də, Gülü. Sən onun xatirəsi üçün axtarmayacaqsan — o xatirələr həmişə sənin yanında olacaq. Bu isə nəyə desən dəyər, Gülü. O biri tərəfdən evlərə söz ola bilməz. Dənizə baxır, havası gözəl, yeri gözəl...

Gülmirə Nadirə xanıma qulaq asırdı, həyacanından ürəyi əsim-əsim əsirdi və əsə-əsə də düşünürdü, özünü məzəmmət eləyirdi ki, necə olub bu fikirlər onun ağlına gəlməyib. Aman allah, bu Nadirə necə də həssasdı, necə şairanə ürəyə malikdi. Və bunu da fikirləşirdi ki, Salman kimi kobud, belə incə hisslərdən uzaq bir adamla o, necə yaşaya bilib — Salman onu görəsən heç başa düşübmü?

– Çox sağ ol, Nadirə xanım!.. Düz deyirsən... Bu, daha yaxşıdı, çox yaxşıdı. — Və artıq heç nə tapıb deyə bilmədiyini, daha doğrusu, Nadirənin sözlərindən sonra qəlbinə axıb dolan hissləri sözə çevirə bilmədiyini yəqin edib tələsik onun üzündən öpərək qaçmışdı.

...Xatın arvad qızının ev alması xəbərindən hədsiz dərəcədə sevinmişdi. «İnsanın — arvad oldu, kişi oldu — fərqi yoxdu — gərək isti, özünəməxsus bir bucağı, başının üstə bir damı olsun. Evsiz kişi evlənsə, arvadını onun-bunun bucağına gətirsə, o, ailə möhkəm olmaz, tez dağıla bilər. Gülmirə kimi tək, ərsiz bir qadının da mütləq evi olmalıdı. Gözəlliyinə, ağlına-kamalına görə alnına gün doğmasa da, bəlkə evinə görə baxtının ulduzu parladı

– nə çoxdur evsizlikdən ailə qurmağa ürək eləməyən kişi! «Xatın arvad belə düşünmüşdü həmişə və ona görə də bu xəbər onu bəlkə də Gülmirədən az fərəhləndirməmişdi.

– Haçan köçmək fikrindəsən, qızım? — deyə ortalıqda ayaq üstə dayanmış Xatın, divanda əyləşmiş qızından soruşmuşdu. Cəmi bircə dəfə — Orxan sağ olarkən o evdə olmuş Gülmirə xəyalında yenə oradaydı; Orxanın ürəyi qısılmışdı o əlini oğlanın tüklü sinəsinə qoymuşdu. Anasının səsi onu o aləmdən qoparıb bura — anasının hüzuruna gətirmişdi:

– Nə deyirsən?

– Deyirəm inşallah, haçan köçmək istəyirsən?

– Nə bilim... hələ gərək gedib silib-süpürəm, təmizləyəm. Neçə vaxt adam nəfəsi dəyməmiş ev-eşikdi.

– Elə yaxşıdı. Düz fikirləşmisən, ağlına qurban olum. Əvvəl oranı hazırlarıq, sonra köçmək hasandı. Bir dənə maşındı, onun canıdı. Yəqin yoldaşların da gələr köməyə. O oğlan nədi — hə, Orxana da deyərsən, gəlib sənə əl tutar, Mir Sahib də burdadı.

Xatın arvad Orxanın adını dilinə gətirəndə, Gülmirənin bədəni od tutub yanmış, oturduğu yerdə dağ yağ içinə düşmüş kimi qıvrılıb-açılmış və anasına heç nə deyə bilməyib yanıqlı bir ah çəkmişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 min
İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 min
İkinci hissə, on dördüncü fəsil

Günəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.

34 min
İkinci hissə, on beşinci fəsil

Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

10 min

Poems by other poets