Page 2 of 2 · 50%

...Maşa xala dərin fikrə getmişdi. Gülmirədən hər ay aldığı əlli manata görə yox, ondan ayrılacağına görə arvadın gözləri yol çəkmişdi. Neçə il ana-bala kimi yaşamışdılar. Çox vaxt yeməkləriiçməkləri də bir olmuşdu. Dünyada müharibədən sonra kimi-kimsənəsi qalmamış Maşa xala Gülmirəyə öz doğma balası kimi mehr salmış, dərdini-sərini onunla bölmüş, xəstələnəndə, nasazla-yanda, bütün qoca arvadlar kimi, ölümün yaxınlaşdığını hiss eləyəndə vəsiyyətini də Gülmirəyə eləmişdi, təqaüdündən qırtıbqısıb qənaət elədiyi saxlancının yerini ona demişdi, «məni öz pulumla dəfn elərsən, Gülya!» — söyləmişdi.

İndi budur, o, təzə ev alıb — yaxın günlərdə köçüb gedəcək...

– Demək, belə Gülya... Gedirsən...

– Hə, Maşa xala, Düzü, heç getmək istəmir ürəyim. Səndən ayrılmaq çətindi, Maşa xala.

– Ox, heç bilirsənmi mənə necə ağır olacaq, qızım. Mən sənə necə öyrənmişəm. Ox, ox... Yox, yox kövrəlmə, Gülya. Təzə evin mübarəkdi, qızım. Sağlığına qismət olsun.. Allah eləsin o evdə xoşbəxt olasan... Ancaq... yalvarıram, məni unutma, tək qoyma məni. Tez-tez baş çək mənə. Ömrümün çoxu gedib, azı qalıb. Dünyanın işini bilmək olmur, bir də gördün Maşa xala, yoxdu.

– Nə danışırsan, Maşa xala? Elə demə. Mən həmişə gələcəyəm, sənə dəyəcəyəm. Lap istəyirsən, gəl belə eləyək — bu evi təhvil ver hökumətə, ya keçir Mir Sahibin adına, köç bizə. Mənimlə yaşarsan. Nə olar ki, hə?

– Yox, qızım — Maşa xala gözləri dolmuş halda qəmli-qəmli gülümsünmüşdü. — Mən... mən elə burda qalacağam... elə burda da... öləcəyəm...

...Sahibə qucaqlayıb üzündən öpmüş, Mir Sahib əlini sıxmışdı.

– Şadxəbər olasan, bacı. Mübarək olsun. Sağ əlin başımıza. Gün o gün olsun biz də təzə ev alaq — Miri neçə ildi zavodda növbədədi.

– Siz də alarsız, inşallah... — demişdi Gülmirə və qəlbindən keçirmişdi ki, bunlar da köçüb getsə, Maşa xalanın günü necə olacaq?!

– Ancaq sənsiz çox darıxacağıq, bacı.

– Mən də sizsiz darıxacağam. Amma uzaq deyil ha. Burdan funikulyorun yanına çox yol yoxdu ki, on dəqiqəlik yoldu cəmisi… Bir dəfə siz gələrsiz, bir dəfə mən gələrəm...

– Əlbəttə. — Mir Sahib hər iki qadının kövrəldiyini görüb söhbəti dəyişmək istəmişdi — sənin köçünü özüm daşıyacağam, bacı. Ancaq fəhlə sinfi üçün iki bacı bir yaxşı stol açasınız gərək. Yoxsa ayın-oyunu yenə daşıyıb gətirəcəyam bura.

Gülüşdülər Mir Sahibin bu sözlərinə.

...İri dəmir qapının üstündə ağ dəmir lövhəyə iki kəlmə söz yazılmışdı: «Orxan Əlizadə» Gülmirə bu lövhənin qabağında dayananda ürəyi əsmiş, baxışları dumanlanmışdı, başı gicəllənmişdi. Neçə il əvvəl bu evə gələrkən necə titrəmişdisə, indi də eləcə titrəmişdi. Ona elə gəlmişdi ki, Orxan içəridədi, hətta barmağını zəngin düyməsinə də uzatmışdı. Əlindəki açara gözü sataşanda yuxudan ayılmışdı elə bil. Açar da Orxanın saldırdığı qıfılın açarı idi. Bədəni gizildəmişdi.

Yox, nə lövhəni dəyişəcəkdi, nə qıfılı. Onlar Orxanın yadigarlarıydı. Qoy bu qapıya gələnlər, bu pillələrdən enib qalxanlar həmişə elə bilsinlər ki, Orxan Əlizadə ölməyib əvvəlki, kimi yenə elə bu mənzildə yaşayır, Gülmirəni bu otağa girib çıxan görənlər elə hesab eləsinlər ki, o, Orxanın arvadıdı, neçə il tək-tənha yaşayan Orxan yəqin təzə evlənib. Qoy elə bilsinlər.

İçəri bomboş idi. Vaxtilə gördüyü səliqə ilə, subayyana bəzədilmiş o otaqdan əsər-əlamət qalmamışdı. Hündür, dənizə baxan iri, lay pəncərələrin zərli pərdələri çıxarılmışdı, çarpayı, divan, stol, stullar, ağzınacan dolu kitab şkafları aparılmışdı. Təkcə bir dənə dibçək qalmışdı pəncərə ağzında. Quşqonmaz əkilmiş saxsı dibçək. Quşqonmaz susuzluqdan, baxımsızlıqdan qupquru qurumuş, ancaq zərif budaqları sınmamışdı, iynəyə oxşayan ləçəklər tökülmüşdü. Skelet kimi cansız dayanmışdı əl boyda torpağın üstündə... Üfürsəydin, tərpətsəydin, xıncım-xıncım olub tökülə bilərdi. Kaş qurumamış olaydı. Gülmirə onu yaşadardı, saxlayardı.

Eybi yox, elə belə də saxlamaq olar. Qoy qalsın... Özü əkib, özü sulayıb... Nəfəsi dəyib ona...

Gülmirə otağın ortasında dayanmışdı, heykəl idi elə bil. İçində, ürəyində, sinirlərində kədərli, həzin bir musiqi çalınırdı sanki. Gözlərindən ixtiyarsız yaş axırdı yanaqları aşağı...

Fikrində evi təzədən qurdu. O vaxt — Orxanın sağlığında gördüyü kimi. Çarpayı yataq otağında, sol divarın dibində idi. Şifoner sağ tərəfdəydi. Dənizin üstündən yavaş-yavaş qərbə, günbatana meyl eləyən günəşin işığı pəncərədən düz çarpayının üstünə düşərdi. İndi də elə düşəcək. Ancaq Orxanın gözünü qamaşdırmayacaq. Gülmirənin kədərli sifətini oxşayıb, öpüb gedəcək. Gecələr ay işığı da belə. Bu yataq otağıdı. Yemək və iş otağı da Orxanın vaxtındakı kimi qurulmalıdı, ortalıqda. Yazı masası pəncərə ağzında. Kitab şkafının dibində....

Stol divarın dibində....

Gülmirə müxəlləfatı xəyalında belə yerləşdirirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 min
İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 min
İkinci hissə, on dördüncü fəsil

Günəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.

34 min
İkinci hissə, on beşinci fəsil

Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

10 min

Poems by other poets