Page 1 of 3

Təzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»

Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.

Günlərin birində yadına dostu düşdü. İki mərtəbə aşağıda işləyirdi. Nurəddinin fikrincə, görüb-götürmüş, vaxtilə hansı Baş idarədə isə müavin olmuş, indi akademiyanın incəsənət institutunda şöbə müdiri vəzifəsində çalışan Sultan Sultanov çox ləyaqətli adam idi və Nurəddinin də xətrini çox istəyirdi. Saçları çallaşmış, şax yeriyən, ətli buxağı xirtdəyinin üstünü örtmüş Sultan sənəti, ixtisası etibarilə Nurəddinin institutuna əsla uyğun gəlmirdi.

Nurəddin «istirahət otağı»nda divanda əyləşmişdi, Sultan qarşısındakı jurnal stolunun böyründəki kresloda. Ümumi əhvalpürsanlıqdan sonra. Nurəddin uzun qıçını aşırıb sol qıçının üstünə qoyaraq:

– Bilirsən səni niyə çağırmışam, Sultan? — dedi.

Sultanın tərtəmiz qırxılmış, xəstə sifəti kimi solğun üzündə ötəri bir təbəssüm gəzə-gəzə:

– Yox, — dedi. — Deyərsən, bilərəm.

– Sluşiy, ağlıma bir ideya gəlib. İstəyirəm səni özümə müavin götürəm axı. Bu işə necə baxırsan? Sultanın ağzı təbəssümdən yayıldı:

– Sənin müavininə nə gəlib, ay Nuru? Gül kimi müavinin var. Yaxşı, işləyən oğlandı.

– Yox, mən onunla işləyə bilməyəcəyəm, Sultan. Dikbaşdı, bir az da tərsliyi var. Mənim də təbiətim elə şeylər götürmür, bunu sən bilirsən. Amma səninlə işləyərəm.

– Yox, Nurəddin, mənim yerim yaxşıdı. İşim az, məsuliyyətim az...

– Mən onu da düşünmüşəm, o şöbəni sənin əlindən almırıq.

– Sən öz şöbəni təhvil vermisən?

– Yox, əvvələn, elə bir adam yoxdur. İkincisi də, niyə təhvil verim ki. Bu, həm dövlətə xeyirdi — ayda yüz manat qalır institutun cibində, həm də mənə. Səhər direktorluqdan çıxdım, şöbə yenə əlimdədi. İndi akademiyada bütün direktorlar belə eləyir. Hətta prezident də. O, bütöv instituta ictimai əsaslarla rəhbərlik edir. Səhər prezidentlikdən çıxsa, direktordu yenə. Səndə belə, Sultan. Sultan ciddiləşib fikrə getdi:

– Sizin institut çətin institutdu, Nurəddin. Mən orda qorxuram baş çıxara bilməyəm. Əvvələn profilim deyil. İkincisi, dil bilmirəm. Üçüncüsü...

– Nə profilbazlıqdır, canım,

– Məncə, prezident də buna razılıq verməz... Nurəddin güldü.

– Mən deyəndən sonra prezident kimdir? Sən onda məni yaxşı tanımırsan, Sultan. Mən Aslanzadə deyiləm, mən Nurəddin Osmanzadəyəm. Deyəcəyəm mənə sən lazımsan, vəssalam!

Sultan da ona qoşulub qımışdı:

– Bilirəm, nə bilim, gərək fikirləşəm... — Belə dedi və doğrudan da ürəyindən keçirdi ki, deyəsən yaxşı təklifdi. Həm şöbə müdiri, həm direktor müavini. Nə qədər olmasa da, geniş imkanlar olacaq. Sultan gülümsünüb Nurəddinə baxdı. Əlbəttə, Nurəddin bu baxışın mənasını başa düşə bilməzdi. Sultan uzun illər müstəqil «rəhbər» olmaq arzusu ilə yaşamışdı. Ancaq o gözəl istəyinə qovuşa bilməmiş, nəhayət bir gün, işinə tikilmək şərtilə töhmət verilmiş və müavinlikdən də çıxarılmışdı. İndi də direktor müavini... Dünyanın işini bilmək olmaz, bir də gördün... fələyin çərxi ayrı cür fırlandı və Sultan gəlib oldu direktor! «Yaşım əllini aşdı, müavinlikdən o yana qalxa bilmədim, yəni müavinlik elə mənim bəxtimə yazılıb? Bəlkə... bu dəfə gətirdi?» — deyə ani olaraq xəyalından keçirən Sultan düşündüklərini Nurəddinin başa düşəcəyindən qorxmuş təki:

– Yox! Fikirləşmək lazımdır! — dedikdə direktor onun incə yerindən tutdu:

– Orda on il də işləsən, akademiyanın müxbir üzvü ola bilməyəcəksən, Sultan. Çünki sənin direktorun özü müxbir üzv olmaq istəyir. O qala-qala səni heç kəs keçirməyəcək. Onu isə mən qoymayacağam keçsin, bildin? Amma bura gəlsən, gələn seçkilərdə söz verirəm ki, sən müxbir üzv olacaqsan. Bizdə, bu institutda isə... sənə konkurent ola biləcək adam demək olar ki, yoxdur. Salman heç — onun zibili çıxıb, hələ bəlkə diplomunu da aldırdım əlindən. Nadirə təzə doktordu — onu qoymayacağam. Qalanların da içində elə bir ləyaqətli adam görmürəm.

Nurəddin bu sözləri deyib Sultanın düz qonur gözlərinin içinə baxdı; o, çiçəyi çırtdamış adam kimiydi, bu an elə bil, çoxdankı arzusuna qovuşmuşdu, ya indicə Nurəddin ona bu səadəti bəxş edəcəkdi. Əslində Sultan üçün müxbir üzv, sonra da akademik seçilmək, ən müqəddəs, ən ülvi arzu idi, bunu o nazir olmaqdan da, direktor olmaqdan da üstün tuturdu. Həyatı boyu nazir vəzifəsi əlindən alınanları çox görüb, direktorluqdan çıxarılanları lap çox görüb — amma akademiklikdən çıxarılan görməyib. Lap qocalıb əldən düşəndə də, təqaüdə çıxandan sonra da, ölənəcən akademik olan, öləndə də akademik kimi şərəflə dəfn edilən alimləri bir-bir sayar. Nurəddinin, bu köhnə dostunun gözlənilmədən qarşısında mavi üfüqlərə qədər uzanan yolu nurlandıran bu yaşıl işıqdan vəcdə gələn Sultan fərəh içində ayağa qalxdı və guya fikirləşirmiş kimi parket döşəmənin üzərində var-gəl eləməyə başladı. Həqiqətən ağıllı bir adam kimi tərpənib özünü tox tutdu, gözlərində rəqs edən sevinc dalğalarını Nurəddindən gizlədi: «Qoy deməsin lap sinov gedir!» — deyə özünə xas ustalıqla aram olandan sonra:

– Nə deyirəm, Nuru, — söylədi, — böyük qardaşsan, sən bilirsən ki, mənə öl desən ölənəm, qal desən qalanam, həm də sənin kimi bir alimin yanında işləmək mənim üçün də böyük fəxrdir, balalarım üçün də...

Nurəddin də durdu... Nəhayət, ürəyi yüngülləşdi.

– Danışdıq. Gələn həftə bu məsələni həll edərəm. Əl-ələ verib işlərik.

– Oldu, — dedi Sultan va saata baxıb təşəkkür-filan eləmədən (bu da onun taktikası idi — ağır otur, batman gəl) otaqdan çıxdı.

Nurəddin dəstəyi götürüb İntiqamın şöbəsinə zəng çalaraq onu yanına çağırdı. Bu məsələ uzun çəkmədi. Elə ayaq üstündə beş dəqiqənin içində bulanıq suyu durultdu Nurəddin.

İntiqam adam tanıyan idi — iyirmi ildən çox bu kollektivdə işləmişdi və demək olar ki, kimin necə nəfəs aldığını yaxşı bilirdi. Onun beş barmağı kimi tanıdığı alimlərdən biri də Nurəddin idi. Direktor qoyulacağını eşidəndə «onunla işləmək çətin olacaq» fikrini ötəri ürəyindən keçirən İntiqam elə birinci iclasdan sonra yanılmadığını başa düşmüşdü. Aralarında elə camaatın gözünün qabağında olan o söhbət də bu gün-sabah onun müavinlik məsələsinin həll olunduğundan aydınca xəbər vermişdi. O gündən üç ay keçmişdi və hər gün İntiqam gözləmişdi ki, indicə çağıracaq və qəti sözünü deyəcək. Lakin indiyəcən çağırmamışdı.

– Salam, Nurəddin müəllim.

Eşitdimi, cavab vermək istəmədimi — bilmədi — salamına cavab gəlmədi. İntiqam bundan pərt olmadı. Nurəddin başını qaldırıb İntiqamın çəlimsiz bədəninə, arıq sifətinə, göy gözlərinə və səliqə ilə yana daranmış xınayı saçlarına ötəri bir nəzər salıb rişxəndlə müqəddiməsiz-filansız:

– Sluşiy, mən səninlə işləmək istəmirəm, — söylədi. — Ərizəni yaz, müavinlikdən çıx. Hələlik şöbə müdirliyi bəsindi. Sonra baxarıq.

İntiqam da eyni rişxəndli təbəssümlə gülümsündü və artıq-əskik heç nə demədən, əlini döş cibinə salıb iki bükülmüş vərəqin qatını açaraq mizin üstünə, Nurəddinin qabağına qoydu:

– Elə mən də səninlə işləmək istəmirəm, — dedi, — hörmətlə ayrılsaq daha yaxşıdı.

– Hazır imişsən ki? — deyə Nurəddin vərəqi götürüb oxudu, başını qaldırıb İntiqama nəzər saldı və soruşdu:

– Yaxşı, mənim səninlə işləmək istəməməyimin səbəbi aydındı, ancaq sən niyə mənimlə işləmək istəmirsən? Bunun illətini deyə bilərsən?

– Bilərəm...

– Hə, de görək. Maraqlıdır, — deyib Nurəddin stolunun arxasında oturdu və əlini uzun çənəsinə dayaq verib dinləməyə hazır vəziyyət aldı. İntiqam isə, adəti üzrə yana daranmış yumşaq saçlarını uzun, şana barmaqları ilə darayıb mənalı-mənalı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on beşinci fəsil

Balaca, ağ rəngli, uzaqdan tısbağaya oxşayan «Folksvagen» maşını beton döşənmiş yolda şütüyürdü. Hərəkət azdı, tək-tük maşınlar gəlib keçirdi.İçəridə iki nəfər oturmuşdu. Zərrintac sükan arxasında, Elməddin isə onun yanında. Tələsmirdilər; qız arxayın-arxayın, danışa-danışa maşını idarə edir, Elməddin isə onun sərbəst hərəkətlərinə, cəldliyinə tamaşa eləyirdi.

5 min
İkinci hissə, birinci fəsil

Bəbir neçə vaxtdı narahatdı. Qayğılı, düşüncəli gəzib-dolanır, işləyə bilmir, gecələr gözünə yuxu getmirdi. Atasının nagahan gəlişi, aralarında olan söhbət, nəhayət, o zabitəli və hökmlü adamın aciz, kücsüz bir uşaq kimi gözüyaşlı çıxıb getməsi Bəbirin indiyəcən aramla, sakit axıb gedən həyatını alt-üst eləmiş, onu dərdə salmışdı. Nə edirdisə, hara gedirdisə, Əziz xanın o nəmli gözləri xəyalından silinmirdi. Ürəyində elə hey onunla danışırdı:«Nə üçün belə etdin, qibləgahım? Nə üçün mənim oğulluq məhəbbətilə dolu qəlbimi öz əllərinlə daşlara çırpıb parçaladın, qibləgahım? Axı mən səni qibləm, tanrım sanırdım, qibləgahım? Yolumuz ayrılmışdı — bu, taleyin işi idimi, həyatın bizə verdiyi dərs idimi — bilmirəm; onu bilirəm ki, biz — bir ocağın adamları, qan birləşdirsə də, məsləkcə, əqidəcə uzaqlaşmışdıq, soyumuşduq... Burda, belə haçalaşma məqamında ikimizdən birimiz güzəştə getməyi bacarmadıq, qibləgahım. Sən məğrur idin, sən qan üstündə qurulmuş bu taxt-tac səltənətinə sadiq idin. Səni qınamıram, qibləgahım, gözünü dünyaya açıb belə görmüşdün, belə tərbiyə olunmuşdun. Sən əlahəzrəti hər şeyə qadir sanırdın, yer üzündə Allahın kölgəsi sanırdın və buna sidqi dildən inanırdın, bu inam isə sənin əqidənə, məsləkinə çevrilmişdi, qibləgahım. Döşündə parıldayan, qızıl suyuna çəkilmiş o dəmir-dümürün işartısı, nuru sənin gözlərini qamaşdırmışdı və sən hər yeri, hər şeyi işıq içində, nur içində görürdün. Sən o işığın, o nurun arxasında, üstünə pərdə çəkilmiş aclığı, səfaləti, çirkabı görmürdün, qibləgahım. Görə də bilməzdin. Onu görmək üçün bir az aşağı enmək, ipək yorğan-döşəkdən çıxmaq, gözqamaşdıran o dəmir-dümürdən yaxa qurtarmaq lazım idi, qibləgahım! Bunu isə sən bacarmadın, hələ də bacarmırsan.

10 min
İkinci hissə, ikinci fəsil

Rəhgüzər «Pərçəm»in redaksiyasında, balaca, sadə bəzənmiş otaqda oturub növbəti nömrə üçün materialları nəzərdən keçirirdi. Ustadın əhvali-ruhiyyəsi gözəl idi. İşləri hələ ki qaydasınca gedirdi. Qəzetin tirajı getdikcə artırdı, çünki müştərisi çoxalırdı. Deməli, onu başa düşənlər, anlayanlar artır, oxuyanların dairəsi günbəgün genişlənirdi. Bu isə balaca məsələ deyildi. Təkcə Rəhgüzər yox, Bəbir də, Elməddin də, başqa mübarizə yoldaşları da buna sevinməyə bilməzdi,Keçən nömrədə Rəhgüzər Elməddinin «Təqvim» hekayəsini oxucularına təqdim etmişdi. Hər yazısı dərc ediləndə olduğu kimi, bu dəfə də Elməddin uşaq kimi sevinmiş; yerə-göyə sığmamışdı. Rəhgüzər fikirləşmişdi ki, əsərin çap olunması yaradıcı adam üçün həmişə toy-bayramdı, bu sevinc müəyyən dərəcədə övladı dünyaya gəlmiş ata-ana sevincinə, fərəhinə oxşayır. Neçənci uşaq olur olsun, sevinc eyni sevincdi. Neçənci əsər olur olsun, fərəh həmin fərəhdi. Rəhgüzərə bu hisslər tanışdı, Elməddini yaxşı başa düşürdü. O özü də otuz ildən çoxdu ki, həmin duyğuların oduna isinə-isinə yaşamışdı, yazıb-yaratmışdı. Və hər dəfə hiss eləmişdi ki, dünyada bundan müqəddəs, şirin sevinc yoxdur və ola da bilməz.

5 min
İkinci hissə, üçüncü fəsil

Ağayi Nəcməddinin kefi kök, nəşəsi sazdı. Aynabənddə qoyulmuş yumşaq divanda oturub qıçını-qıçının üstünə aşıraraq təsbeh çevirir, fit çalırdı. Günorta yatıb durmuşdu. Əsəbləri sakit, əhvali-ruhiyyəsi yaxşı idi.Dünya evləri yığışdırıb, silib-süpürüb çəkələklərini sürüyə-sürüyə Nəcməddinin yanına gəldi, onun böyründə əyləşib başını divanın söykənəcəyinə dayayaraq:

9 min

Poems by other poets