Balaca, ağ rəngli, uzaqdan tısbağaya oxşayan «Folksvagen» maşını beton döşənmiş yolda şütüyürdü. Hərəkət azdı, tək-tük maşınlar gəlib keçirdi.

İçəridə iki nəfər oturmuşdu. Zərrintac sükan arxasında, Elməddin isə onun yanında. Tələsmirdilər; qız arxayın-arxayın, danışa-danışa maşını idarə edir, Elməddin isə onun sərbəst hərəkətlərinə, cəldliyinə tamaşa eləyirdi.

Bu gün istirahət günü idi; Elməddin bəzi yazı-pozu işini görüb yenicə qurtarmışdı ki, Zərrintac gəldi. Elə qapının ağzında salamlaşdılar. Qız otağa ötəri bir baxış fırladıb oğlanın dəvətini cavabsız buraxaraq:

– Gözəl havadı, Elməddin. Geyin gedək bir az fırlanaq, — dedi.

– Gəl, bir az dincəl, çay iç. Sonra gedərik.

– Yox, istəmirəm.

Elməddin üzündə təbəssüm pencəyini geyinib çıxdı. Az sonra onlar şəhəri artıq geridə qoymuşdular. Susurdular, sanki danışmağa söz tapmırdılar. Elməddin düşünürdü ki, bu qıza görəsən nə oldu, gələndə şad-xürrəm idi. Astanada dayanandan, otağa boylanandan sonra niyə qanı qaraldı onun? «Yəqin tör-töküntü idi ev. O isə səliqə-sahman sevəndi. Bəlkə bu xətrinə dəyib? Ya bəlkə Dünya xanım ona məndən bir söz deyib? Yox, nə deyə bilər? Lənət şeytana — deyə öz aləmində götür-qoy eləyir, yolun sağındakı, solundakı yaşıl çəmənə, orda-burda otlayan qoyun sürülərinə baxırdı. Dolayda, yamacın döşünə elə bil tünd-mavi rəngli xalı sərilmişdi. Elməddinin gözləri axdı. Burnuna novruzgülünün demək olar ki, heç hiss edilməyən qoxusu dəydi. Və o, Zərrintacın ötüb keçəcəyindən qorxurmuş kimi, tələsik ledi:

– Zəri, sən allah, saxla bir dəqiqəliyinə. Zərrintac bu gözlənilməz xahişdən səksənmiş təki ayağını qəfil əyləcə basdı, maşın sürünüb dayandı.

– Nə olub?

– Heç. Bircə dəqiqə... — deyib Elməddin özünü çölə atdı və yolun sağındakı talaya tərəf yüyürməyə başladı. Yamacın döşünə çatıb əyilərək tünd-mavi rəngli çiçəklərdən qoparanda Zərrintac onun məqsədini anladı, güldü. Elməddin təngnəfəs özünü maşına təpəndə bərk tövşüyürdü. O, çiyinlərini ata-ata:

– Novruzgülüdü, Zəri, — dedi. — Sənin üçün dərmişəm! — və üç-dörd gülü onun ağ, yumşaq ovucuna qoydu. Elə bil ona kəpənək verirdi, qanadlarının sınacağından, zədələnəcəyindən ehtiyat eləyirdi!

– Çox sağ ol, Elmi, — dedi Zərrintac və gülləri burnuna yaxınlaşdıpıb qoxuladı. — Heç ətri yoxdu ki?

– Var, ancaq azdı, çox azdı. Amma qəşəngdi, Zəri, elə deyilmi?

– Hə, qəşəngdi. — Ətri olmasa da, novruzgülü Zərrintacın ürəyində xoş, sehrli duyğular oyatdı; o, gülləri təzədən burnuna yaxınlaşdırıb qoxuladı, havanı ciyərlərinə çəkib «oxqay» — söylədi, gözlərini yumub başını Elməddinin çiyninə tərəf əydi. Onun yumşaq, ətirli telləri Elməddinin üzünə toxundu. Oğlan sol əlini ehmalca qaldırıb onun saçlarına sığal çəkdi; bu təmasdan məst olan qızın bədəni oğlana sarı axdı.

Elməddin özünü saxlaya bilməyib Zərrintacın dodaqlarından öpdü, öpdü. Dodaqları sanki yanırdı, köz vardı sanki onlarda. Qızın əlləri Elməddinin boynuna dolaşmışdı, o da öpürdü, o da oğlanın gözlərindən, yanaqlarından, dodaqlarından öpürdü, öpürdü...

Elməddin necə deyərlər, bu iki daşın arasında xatırladı ki, bu onun həyatında ilk busədi, yazıq Əfsanəni öpmək ona heç nəsib olmadı. Belə düşünəndə onun bədəni süstəldi, qolları boşalıb yanına düşdü. Zərrintac hələ də közlərini açmamışdı. Məst idi elə bil, yuxudaydı elə bil. Elməddin başını oturacağa söykəyib şirin duyğular aləmində uyuyan bu xoşbəxt qıza, onun gödək paltarının ətəyindən aşağıda ağaran dolu dizlərinə, qabarıq, tez-tez enib qalxan sinəsinə tamaşa edirdi. Novruzgülləri qucağında idi. Handan-hana o, gözlərini açıb Elməddinə utancaq, məsum bir nəzər saldı, nə isə demək istədi, ancaq elə bil, dodaqları əriyib bir-birinə yapışmışdı. Başını aşağı salıb qucağındakı novruzgüllərini götürdü, onlara baxıb mənalı-mənalı başını tərpətdi:

– Bunlrı saxlayacağam, Elmi.

– Saxla, Zəri. Onlar mənim sənə yadigarımdı, Zəri.

Zərrintac böyrünə qoyduğu əl sumkasını açdı, içindən göy rəngli kitabça götürüb gülləri arasına qoydu. Sanki qiymətli bir şey tapmışdı, yad nəzərlərdən gizləyirdi.

– Bunları qocalanda, haf-haflayan vaxtımızda çıxardıb sənə göstərəcəyəm, Elmi.

– Onda bu, sənin mənə ən yaxşı hədiyyən olar, Zəri.

– Sağlıq olsun.

– Amin!! Ancaq... — Elməddin duruxub kəsik-kəsik davam etdi — qibləgahın bilsə, məni ya öldürər, ya da işdən-zaddan qovar. Elə deyil?

– Yox, Elmi! Qibləgahıma demişəm.

– Demisən?

– Hə.

– Haçan?

– Lap bu yaxınlarda.

– Nə dedin ki?

– Dedim də... O mənə işarə elədi ki, əlahəzrətin kiçik oğluna vermək istəyir məni. Mən söylədim ki, yox, mən Elməddini sevirəm, ona da kedəcəyəm.

– O nə dedi?

– Nə deyəcək? Mənim xasiyyətimi yaxşı bilir qibləgahım. Dedim, qurtardı. Dünya xanım da srağagün onunla danışıb, başa salıb qibləgahımı.

– Məgər Dünya xanım da bilir məsələni?

– Hə, bilir. Özü çox həssas qızdı, başa düşübmüş. Söz düşəndə səni təriflədi, dedi yaxşı oğlandı. Mən də heç nəyi gizlətmədim, danışdım. Qibləgahım deyib onda toyu tez eləmək lazımdı; bizə dörd otaq verir.

Elməddin fikrə getdi. «Yox, mən orda yaşamayacağam!». Sonra həmin qərarını Zərrintaca bildirdi:

– Biz orda yaşamarıq, elə deyil?

– Bəs... bəs harda yaşayarıq?

– Mən ev alaram, öz evimizdə...

– Yox, Elmi... Mən qibləgahımı tək qoymaram, qoya bilmərəm.

– Tək niyə olur qibləgahın? Arvadı ilə yaşayır...

– Xeyr... Gül kimi şəraiti var qibləgahımın. Bir də təzədən ev almaq, səliqə-sahman yaratmaq... uzun işdi. Həm də bizə gülərlər. O cür cah-calallı evləri qoyub haradasa yaşamaq...

– Nə isə... Onlar sonranın işidi, Zəri.

Elməddin bu xoşagəlməz söhbətə son qoymaq üçün təzədən əlini Zərrintacın boynuna doladı, üz-gözünü, tellərini öpməyə başladı. Zərrintacın bədəni uçunurdu. Və o, titrək səslə:

– Sevirəm, Elmi, sevirəm! — deyirdi.

Elməddin danışmır, elə hey öpürdü, öpürdü. Bu nə idi? Məhəbbət idimi, şəhvət idimi? Elməddin başa düşmürdü. O, məhəbbətin oduna bir dəfə yanmışdı; o, yanmağın nə demək olduğunu görmüşdü. Onda, Əfsanənin eşqi ilə çırpınanda Elməddinin ürəyi oxuyurdu, həsrət çəkirdi, qan olurdu: o, ölürdü, dirilirdi. Ancaq indi... indi nə isə ayrı hisslər keçirirdi. Onun özünü ilk busələrin məstedici təsirindən itirmiş cavan qızın bütün varlığına hakim olmaq istəyi o qədər küclü idi ki, bu işin aqibəti, nə ilə qurtaracağı artıq maraqlandırmırdı.

«Eh, nə olacaq olsun. Yəqin alnıma bu da yazılıbmış» — deyərək Elməddin təzədən Zərrintacı bağrına basdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on yeddinci fəsil

Kitabı çantasına qoyan Ceyhun asılqanın qabağında dayanıb atasının kabinetinə, anasının iş otağının qapısına baxdı. Səs-səmir yoxdu: ikisi də bayaqdan işləyirdi. Ceyhunun əli atasının mil-mil pencəyinin cibinə uzandı. Soyuq, ilan gözü kimi xırda həlqəli zəncir əlinə toxunanda o sevindiyindən nə edəcəyini bilmədi. Maşının açarını tapmışdı. Çıxartdı, yavaşca şalvar cibinə qoydu. Ürəyi şiddətlə döyünürdü. Əgər atası bir dəqiqə otaqdan çıxsa, ya anası gəlsə, o heç yerə gedə bilməzdi və niyyəti alt-üst olardı. Arakəsmənin qapısını ehmalca örtdü.Ağ dəstəkli telefona yanaşıb səs salmamağa çalışaraq əzbər bildiyi nömrəni yığdı və demək olar ki, pıçıltı ilə danışmağa başladı:

3 min
İkinci hissə, on səkkizinci fəsil

Elə bu zaman professor otağından çıxdı. Böyük evdə heç kəs yox idi. Ümumiyyətlə, son vaxtlar onların evi çox sakit və demək olar ki, cansıxıcı olmuşdu. Küsülü kimi gəzib dolanırdılar. Adətən, ən əziz və doğma bir adamı dəfn edəndən sonra evdə belə qərib səssizlik hökm sürür. Yaxşı ki, kitablar varmış, yaxşı ki, yazı-pozu varmış!..Professor da, Nadirə də elə hey işləyir, yazıb-pozurdular və sanki bununla evdəki boşluğu doldurmaq, ürəklərindəki qüssəni qovmaq, yüngülləşdirmək istəyirdilər. Ancaq onları bu da bezdirirdi, bu da usandırırdı.

6 min
İkinci hissə, on doqquzuncu fəsil

Söz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.

5 min
İkinci hissə, iyirminci fəsil

Orxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.

5 min

Poems by other poets