Page 1 of 2

Dünya öz «fikri xəyanətin»dən utanırdı. Qəlbində hərdən özünə nifrət də eləyirdi. «Yox, ola bilməz. Lazım deyil. Nəcməddin yazıqdı, onu heç kəs bilməsə belə sındırmaq, şərəfini kiminsə ayaqları altına atmaq ən azı insafsızlıqdı. Gör o məni necə sevir, ilahi? Belə sevən adama xəyanət eləmək? Allah adama qəzəb eləyər, qəzəb eləyər» — deyə-deyə ürəyində doğan, getdikcə kök atıb rişələnən bəd fikirləri qovmaq, taleyi ilə, qisməti ilə barışıb oturmaq istəyirdi. Ancaq elə o an başqa bir duyğu — öz gələcəyiin qorxusu hissi dil çıxardıb Dünyanın qulağına ayrı şeylər pıçıldayır, nəyin bahasına olursa-olsun, bu isti, zəngin ocağın başında yerini-yurdunu möhkəmləndirmək zərurətindən danışır, onu çaşqın bir vəziyyətdə qoyurdu.

...Gün günortadan əyilmişdi. İlıq yaz günəşi, qışın soyuğundan sonra adamın canını xoş bir gizilti ilə qızdırırdı. Göyərçinlər, toyuq-cücə həyətdə gəzişir, dənlənir, qığıldaşırdılar.

Əbdül iki saatdan çox idi ki, harasa getmişdi, hələ də qayıtmamışdı. Nəcməddin səhər saat onda çıxmışdı; «Əlahəzrətin yanına gedirəm!» — demişdi. Zərrintac isə səhər çörəyini yeyib təzədən yatmış, oyanandan sonra maşına minib şəhərə çıxmışdı.

Dünya yataq otağını silib təmizləmiş, aynabəndli şüşələrini par-par parıldatmış, radiodan verilən konsertə qulaq asmış, darıxıb həyətə enmişdi...

Bu zaman çöl darvazasının zəngi çalındı. Dünya başının yaylığını düzəldib darvazaya sarı boylandı. Şübhəsiz, gələn Əbdül deyildi, o, zəngi çalmazdı. İrəli yeriyib qapını açdı: qarşısında Elməddini görəndə nədənsə həm çaşdı, həm də sevindi. Elməddin qara kostyum geymişdi, kökəlmişdi də deyəsən. Qara gözləri şən-şən gülümsünürdü:

– Salam, Dünya xanım. Gəlmək olar?

Dünya ayağının birini qoyub o birini götürə-götürə (sanki yerdə isti bir şeyin üstündə dayanmışdı):

– Buyurun, buyurun, — dedi. — Xoş gəlmisiniz... Elməddin həyətə keçdi. Dünya darvazanı örtdü,

– Necəsiniz, xanım?

– Çox sağ olun, ömrünüzə dua eləyirik, ağayi şair.

Elməddin Dünyanı bir neçə dəfə görmüşdü. Nəcməddinin, Zərrintacın yanında. Ötəri baxmışdı, bununla belə gözəl olduğunu sezmişdi. Ancaq indi, birinci kərə görürmüş kimi, ona diqqətlə fikir verdi. Və nə qədər gözəl olduğunu tam aydınlığı ilə duydu. Qəribə idi ki, onun gözlərindəki işıq və saçları Elməddinə öz bədbəxt, bir tikə yağlı çörəyə dönüb itkin düşmüş Əfsanəsini xatırlatdı. Gözlərinə küclə sezilə biləcək bir kədər kölgə saldı... Ürəyinin başı gizildədi. Köksünü ötürüb keçmiş günlərin acı xatirələrini qovmağa çalışaraq Dünyanın sözlərinə cavab verdi:

Mən şair deyiləm, xanım. Elə-belə, özüm üçün yazıram.

Dünya sağ çiynindən sinəsinin üstünə düşmüş saçının ucunu oynada-oynada:

– Təvazökarlıq eləyirsiniz, ağa! – dedi. — Siz gözəl yazırsınız. O gün məclisdə oxuduğunuz şerlər elə gözəl idi ki, bir dəfə eşitdiyimə baxmayaraq, hamısı yadımda qalıb. Elməddin təəccübləndi.

– Bəli, ağayi şair. İnanmırsınız?

Elməddin gülümsünüb «yox» mənasında başını tərpətdi. Onda Dünya xanım baxışlarını onun gözlərinə zilləyib Elməddinin iki şerini həzin, məlahətli bir səslə əzbərdən söyləyəndə o, doğrudan da ürəyində sonsuz bir sevinc duydu. Elməddin özü yaxşı şer deyə bilmirdi, səsində yapışıq az idi; amma Dünya xanım o şerləri elə gözəl dedi ki, oğlanın ürəyi titrədi, onları özünün yazdığına inanmaq istəmədi. Yenə Əfsanə yadına duşdü. Onun şerini ilk dəfə Əfsanə belə yox, mahnı kimi oxumuşdu. İndi də Dünya xanım.

– Hafizəniz yaxşı imiş.

– Yox, ağa, şeriniz yaxşıdı. Ona görə yadımda qalıb!

Elməddin sakit idi. Darvazadan aralanıb yavaş-yavaş pillələrin başına gəlmişdilər. Elməddin köyərçinlərə baxırdı. Dünya isə onun yanında idi. Nədənsə bədəni əsirdi. O. məşum, o qəribə işıq yenə içini, ürəyini doldurub isindirmişdi. Daxili, qarşısıalınmaz bir istək baş qaldırmışdı qəlbində. Ancaq Elməddin ona baxmırdı. Baxsaydı, bəlkə də onun hisslərini anlardı. Ancaq nə yaxşı ki, baxmırdı. Dünya utanırdı ondan. Elməddinin baxışları bir-birinə qarışıb gəzinən göyərçinlərdə qalmışdı; ayağını ilk pilləyə qoyanda qırmızıpipikli iri xoruz qığıldayıb çil toyuğu yaxaladı, toyuq bunu gözləyirmiş kimi yerə sinəndə Elməddin üzünü Dünyaya çevirdi. Dünya qızarıb başını aşağı saldı.

Elməddin heç nə görməmiş kimi soruşdu:

– Yəqin Zərrintac xanım yenə yatıb, hə?

– Yox, yox!—deyə Dünya çaşqın halda dilləndi — Evdə yoxdu. Şəhərə gedib... Ağa da yoxdu. Ərke-şahiyə təşrif aparıb.

– Hə, belə de! — Elməddin ayağını pilləkəndən çəkdi.— Demək heç biri yoxdu?..

– Bəli, ağa. Siz buyurun yuxarı, əyləşin, harada olsa gələr Zərrintac xanım.

Elməddin qəti şəkildə:

– Yox! Mən gedim! — dedi, — sonra gələrəm.

– Getməyin, ağa. Oturun, çay için, xörək yeyin. Xörəyim hazırdı.

– Sağ olun, xanım. Toxam.

Elməddin ona baxdı. Üzü qızarmışdı. Gözləri sözsüz nəğmə oxuyurdu. Mənası bircə kəlmə idi o nəğmənin: «Getmə!»..

Ancaq Elməddin:

– Məndən salam deyin! — dedikdə Dünya xanım başını tərpətdi, dillənməyə mafarı olmadı. Elməddin üç-dörd addım uzaqlaşmışdı ki, arxadan Dünyanın səsini eşitdi:

– Ağa!..

O geri döndü:

– Buyurun, xanım.

– Sizdən... — o, sözünü kəsib irəli yeridi, başını yuxarı qaldırmadan söylədi, — sizdən təvəqqe eləyirəm, ağama deməyin mən sizin şerləri əzbər bilirəm... Yaxşımı? Elməddin gülümsündü:

– Baş üstə, xanım. Demərəm.

– Heç Zərrintac xanıma da.

– O da baş üstə, xanım!..

Əgər o, bunu dilindən qaçırdarsa, atanın, balanın buna nə məna verə biləcəyini ağlına gətirib qorxmuşdu, ona görə işini ehtiyatlı tutmaq istəyirdi. Elməddinin də ürəyinə ayrı şey gəlməsin deyə izahat verməyi də lazım bildi:

– Çünki mən onlara deməmişəm ki, sizin şerləri əzbərləmişəm, ağa.

Elməddin başını tərpətdi, «hə» dedi və iti addımlarla darvazaya sarı yeridi. Sanki burdan qaçıb uzaqlaşmaq istəyirdi. Dünya yerindəcə dayanmışdı. Qəribə bir sövq-təbii ilə gözləyirdi ki, bax indicə, darvazadan çıxhaçıxda Elməddin geri qanrılıb ona — heykəl kimi donub qalmış Dünyaya baxıb yenə şirin-şirin gülümsünəcək. Ancaq o dönmədi, baxmadı, getdi. Dünya köksünü dərindən ötürdü...

Neçə saniyə beləcə qalmışdı, birdən bayaqkı qızılpipikli xoruz qanadlarını yerlə sürüyə-sürüyə qara toyuğun qırmızı pipiyindən dimdiyi ilə tutub onu da xıxırtdıqda Dünya ona sarı bir boğma atıb ayağını qəzəblə yerə çırparaq ürkütdü:

– İtil cəhənnəmə. Rədd ol burdan! —deyib az qala qışqırdı. Elə bu zaman Əbdül darvazadan içəri girdi. Xanımı həyətin ortasında görüb evə gec gəldiyinin qəbahətini anlamış uşaq kimi başını aşağı salıb ayaqlarını sürüyə-sürüyə irəli gəldi.

– Haradasan, ay çərxi dönmüş? — deyə Dünya qəzəbindən nə edəcəyini bilməyən adam kimi, bir də ayağını yerə çırpdı, qırmızıpipikli xoruzu yenidən qara toyuğun üstündən qovurmuş təki qışqırdı. Əbdül onun səsindən səksəndi, qorxu dolu nəzərlə xanımı ötəri süzüb heç nə demədi. Özünü itirdiyindən əl atıb çalmasını yoxladı — çalması başında idi. «Bəs bu xanım niyə belə hirslənib?» — deyə düşündü — «hə... gec kəlmişəm ona görə» — O, özünə gəlməmiş Dünya xanım bayaqkına nisbətən azca həlim səslə:

– Səhərdən hardasan, Əbdül? — dedi. Əbdül dayandı:

– Getmişdim, xanım.

– Bilirəm; getmişdin. Soruşuram ki, hardaydın?

Əbdül yenə yazıq-yazıq çalmasını yoxladı, uzunsov, qorxu dolu gözlərini ürkək-ürkək xanımın sifətində gəzdirib, güclə eşidiləcək halda:

– Çimməyə getmişdim, xanım! — dedi.

– Hara?

– Çimməyə, xanım. — harda, o beçə?

Əbdül yenə yavaşca:

– Çayda, xanım! — dedi.

Dünya «çay» sözünü eşidib üşüyən kimi oldu, titrətmə keçdi canından.

– Necə, yəni çayda, o beçə? Bu soyuqda, qiyamətdə sən.., çayda çimməyə getmişdin?

– Bəli, xanım.

– Üşümürdün?

– Üşüdüm-üşümədim, xanım. Üç aydı çimmirdim, paltarım da çirkli idi.

Dünya pilləkənin birincisinə yanını qoyub oturdu və zabitəli bir tərzdə:

– Yaxın gəl, görüm. Məni başa sal görüm bu nə çimməkdir?

Əbdül qorxu içində, demək olar ki, ayaqlarını sürüyə-sürüyə qabağa gəldi, Dünyanın iki addımlığında dayanıb əllərini ovuşdurmağa başladı. Doğrudan da çimənə — özü də soyuq suda çimənə oxşayırdı. Dodaqları gömgöy idi. Sifətinin cod tükləri biz-biz durmuşdu. Əsirdi yazıq. Ancaq Dünya bilmirdi ki, o, soyuqdan əsir, ya qorxudan. Zərrintac Əbdül haqqında ona bəzi şeylər danışmışdı. Dünyanın ona yazığı gəlmişdi. Evi-eşiyi olmayan, ailə səadətinin nə olduğunu bilməyən, ancaq çox təmiz, ürəyi düz, sədaqətli bir adam kimi Nəcməddinin diqqətini cəlb eləyən bu kişi, nəhayət burada özü üçün rahatlıq, isti yer tapıb məskən salmışdı. Yaşı qırxı təzəcə keçsə də, həyat, pis güzəran öz silinməz möhürünü onun saçlarına, sifətinə, ürəyinə basmışdı; saçlarına dən düşmüş, sifəti qırışmışdı. Ürəyində isə insanı insan eləyən bütün hisslərini, arzularını öldürmüşdü, ancaq həyat onun saflığına, mənliyinə toxuna, ləkə sala bilməmişdi. Bir qarın çörək, isti yatacaq yeri tapdığına görə özünü xoşbəxt sayırdı Əbdül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, altıncı fəsil

Gözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...

9 min
İkinci hissə, yeddinci fəsil

Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:

9 min
İkinci hissə, səkkizinci fəsil

Neçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.

8 min
İkinci hissə, doqquzuncu fəsil

Möhsün düz deyirmiş; onun-evini tapmaq çətin oldu. Şəhərin ucqarlarının cikini-bikini əlinin içi kimi tanıyan Ziyaülhəqq Möhsünün ailəsinin yaşadığı yeri iki gün axtarandan sonra güc-bəla ilə tapdı.Gün günortadan əyilmişdi. Payızın boz-buludlu səmasında qızaran günəş qərbdəki dağların zirvəsinə tərəf meyllənmişdi. Soyuq külək əsirdi. Maşını aşağıda qoyan, plaşının yaxalığını qaldırmış Ziyaülhəqq ətəyi şəhərə toxunan dağın döşündə salınmış, yastı-yapalaq , alçaqlı-ucalı evciklərin arasından düşmüş dar, dolanbac çığırla üzüyuxarı qalxırdı. Əlləri plaşının cibində idi. Sol cibində pul bağlısı, var idi. Elə bil od aparırdı cibində. Hərdən barmaqları pula toxunanda kişinin əli yanırdı elə bil...

6 min

Poems by other poets