İkinci hissə, doqquzuncu fəsil
Möhsün düz deyirmiş; onun-evini tapmaq çətin oldu. Şəhərin ucqarlarının cikini-bikini əlinin içi kimi tanıyan Ziyaülhəqq Möhsünün ailəsinin yaşadığı yeri iki gün axtarandan sonra güc-bəla ilə tapdı.
Gün günortadan əyilmişdi. Payızın boz-buludlu səmasında qızaran günəş qərbdəki dağların zirvəsinə tərəf meyllənmişdi. Soyuq külək əsirdi. Maşını aşağıda qoyan, plaşının yaxalığını qaldırmış Ziyaülhəqq ətəyi şəhərə toxunan dağın döşündə salınmış, yastı-yapalaq , alçaqlı-ucalı evciklərin arasından düşmüş dar, dolanbac çığırla üzüyuxarı qalxırdı. Əlləri plaşının cibində idi. Sol cibində pul bağlısı, var idi. Elə bil od aparırdı cibində. Hərdən barmaqları pula toxunanda kişinin əli yanırdı elə bil...
Ziyaülhəqq möhkəm adam idi. Onun təkcə bədəni deyil, əlləri də möhkəm idi. O qədər soyuqqanlı idi ki, bəzən yoldaşları da təəccüblənir, «sənin qanın balıq qanıdır» — deyirdilər. Qorxu bilməzdi, sentimental hisslərə qapılmazdı. Ancaq bu Möhsün hadisəsi onun da qəlbini-ürəyini tərpətmişdi. O, Möhsünü arxadan, başından vurmuşdu. Güllənin səsilə Möhsünün «ax» deyən qışqırtısı bir-birinə qarışmışdı və anlaşılmaz bir uğultuya çevrilmişdi dağların arasında. Xəndəyin içində quylayandan sonra yaş torpağı ayaqlayıb:
– Satqınların qəbri bilinməsə yaxşıdır!—demişdi və bu sözləri elə söyləmişdi ki, sanki hələ bədəni soyumamış Möhsün onun bu sözlərini torpağın altında eşidəcəkdi. Bura qədər, bu iş onun üçün adi bir iş idi. Ancaq bundan sonra görəcəyi iş, atacağı addım qeyri-adi idi, görünməmişdi. Öz əlilə öldürüb torpağa quyladığı bir adamın gedib ailəsini tapmaq, onlarla danışmaq, gözlərinin içinə baxmaq, hələ üstəlik pul da vermək... — bax bunu o, indiyə qədər nə eləmişdi, nə də görmüşdü.
«Bəbir nə qəribə insandı, — deyirdi ürəyində. — Satqındı, öldürdük, qurtardı getdi. Daha bu pul nədi verirsən? Uşaqlarına yazığın gəlir? Doğrudan da uşaqların nə təqsiri var axı? Onlar niyə acından ölməli, ya küçələrə düşüb dilənməlidi? Yox, Bəbir ədalətli adamdı. Belə yaxşıdı, — deyə çox götür-qoy edəndən sonra belə qərara gəlmişdi və bu qərar, hardasa ürəyinin dərinliklərində bir xoş duyğu oyatmışdı. Hər halda Ziyaülhəqq Möhsünün evinə tərəf uzanan cığırla addımladıqca həyəcanlanır, bədəni isinirdi.
Bir dəstə uşaq evlərin arasında, iri, sal qayanın güneyində büzüşüb oturmuşdu, başıqırxıq qara oğlanın söhbətinə qulaq asırdı. Ziyaülhəqq onların yanından keçəndə ayaq saxladı, uşaqlara nəzər saldı. Uşaqlar yad adamın onlara baxdığını görüb döyükdülər.
– O beçə, Möhsünün evi hansıdı? — Ziyaülhəqq xəbər aldı.
Başıqırxıq oğlan ayağa qalxdı, irəli yeridi. Ziyaülhəqqin içəridə ürəyi əsdi nədənsə. Oğlanın çənəsi, qaş-gözü eynən Möhsününkü idi. «Oğludu!» Ziyaülhəqq gözlərini onun baxışlarından yayındırıb yalın ayaqlarında saxladı.
– Neynirsiz, əmi?
Ziyaülhəqq hələ də qulağından getməyən güllə və «ax» səsini öz gur səsilə batırdı:
– Lazımdı! Sən onun oğlusan?
– Bəli, ağa.
– Adın nədi sənin?
– Mənim adım Munisdi, ağa.
Onlar bu söhbətdə ikən üç uşaq da yavaşca gəlib Munisin böyründə sıralandılar. İkisi qız idi, balacaları!.. Ortancıl oğlan... Qızlar boyunlarını çiyinlərinə qoyub yad kişiyə maraqla baxırdılar. Lap balaca qız özündən böyük bacısının əlindən tutmuşdu, baş barmağını da ağzına salıb sorurdu. Dördünün də ayağı yalın idi. Ziyaülhəqqin gözləri dumanlandı, beynində fikirləri düyün düşdü, az qala bura nə üçün gəldiyini də unudub getmək istəyirdi. Ancaq bu anda əli cibindəki pul bağlısına toxundu və fikri duruldu. Ürəyindən keçən ilk hissi bu oldu «sağ ol, Bəbir!».
– Bunlar sənin bacıların, qardaşındı?
– Bəli, ağa.
– Hə... Eviniz hansıdı?
Oğlan əlini qayanın dalına uzatdı:
– Odur.
– Anan evdədi?
– Hə.
– Gedək sizə...
Oğlan qabağa düşdü. Ziyaülhəqq ortada, qalan uşaqlar da onun dalınca... həyət balaca idi, necə deyərlər, iki xoruz döyüşsə idi, biri təndirə düşərdi. Ev isə palçıqdan hörülmüş təkgöz birotaqdan ibarət idi. Qapı əvəzinə, əsl rəngi bilinməyən parçadan pərdə salınmışdı. Divarların dibində,torpaqdan qazılmış ocaq yeri qaralırdı. Hisdən divarın bir tərəfi qapqara olmuşdu.
Ziyaülhəqq həyətdə dayandı. Balaca qız içəri qaçdı, danışıq səsi gəldi, sonra çarşablı qadın pərdəni qaldırıb bayıra çıxdı. Təkcə gözləri görünürdü qadının, kədərlə baxan iri, ala gözləri. Ziyaülhəqq salam verdi, qadın başını tərpətməklə cavabını aldı. Ziyaülhəqq hardan necə başlamaq lazım olduğunu yenə unutdu, duruxdu. Handan-hana o, yersiz sükutu poza bildi:
– Məni Möhsün göndərib, həmşirəm. Qadın yaşmağını azca aralayıb:
– Xoş gəlibsən, ağa!—dedi. — Bəs özü hanı? Neçə gündü gözümüz yoldadı. Uşaqlar dil-boğaza qoymurlar. Yollara baxmaqdan gözlərinin kökü saralıb yazıqların. Bəs niyə gəlmədi özü?
Ziyaülhəqq qadının birbaşa dediyi bu sözləri eşitdikcə uçunurdu. Gözlərinə elə bil qatı duman çökürdü, ev də, qadın da, uşaqlar da bu duman içində əriyir, yerində dağlar, dağların arasında maşından düşüb irəli yeriyən Möhsün, güllə və «ax!» səsi canlanırdı, eşidilirdi. Sonra o, fikrən yaş torpağı ayaqlayırdı, sonra öz səsini eşidirdi: «Satqınların qəbri bilinməsə yaxşıdır!»
Daha sonra qabağında qara çadralı qadının azca əvvəl söylədiyi «Yollara baxmaqdan gözlərinin kökü saralıb yazıqların!» — sözlərini eşidirdi. Və bu sözlər elə hey təkrar olunurdu, təkrar olunurdu.
«Yazıqlar hələ çox baxacaqlar yollara. Ömürləri boyu. O, isə daha gəlməyəcək, heç vaxt gəlməyəcək!» — deyə qəribə bir nisgillə ürəyindən keçirən Ziyaülhəqq bir də onda özünə gəldi ki, ayağının birini götürür, birini qoyur — elə bil, Möhsünü indicə, bax bu həyətin ortasında, arvad-uşağının gözünün qabağında basdırmışdır və yaş torpağı ayaqlayırdı. «Satqınların qəbri bilinməsə yaxşıdır!».
Nəhayət, Ziyaülhəqq pencəyinin döş cibinə qoyduğu, Möhsünün ölümqabağı yazdığı (deyəsən heç özü də bilmirdi ki, bu, onun ölümqabağı ailəsinə yazdığı son məktubudu) məktubu qadına uzatdı.
– Oxuya bilərsən?
– Yox, bəradər!
Ziyaülhəqq məktubu oxumaq istədi, ancaq nə fikirləşdisə, fikrindən daşındı. Elə dil-cavabı dedi:
– Möhsün mənim tanışım idi. Başqa şəhərə getdi, Uzun müddətə. Hələ gəlməyəcək. Pul qazanmağa getdi. Şəhərin adını da demədi mənə. Məndən xahiş elədi ki, bu məktubu və pulu — on beş min rupini sizə çatdırım. — O, məktubu və pulu qadına verdi. Qadın çarşabın altından çıxan cadar-cadar əlini irəli uzadıb Ziyaülhəqqin verdiklərini aldı. Uşaqların arasında canlanma əmələ gəldi. Ziyaülhəqqin qulağı böyük oğlanın dediyi bu sözləri aldı:
– Ay! Gör qibləgahım nə qədər pul göndərib! — Görünür, yazıq uşaqlar ömürlərində bu qədər pul görməmişdilər. Onlara dönüb baxdı Ziyaülhəqq. Sevinc yağırdı üz-gözlərindən. Qadının da qəmli gözlərinə sevinc çilənmişdi elə bil.
Bu şadyanalıq Ziyaülhəqqə də sirayət elədi, o da qəlbən onlara qovuşub sevindi və Bəbirin ürəyinin böyüklüyünü, uzaqgörənliyini minnətdarlıq hissilə xatırladı. Özü də sanki bura gəlməklə, bu pulu, məktubu gətirməklə vicdanı qarşısında pak oldu, təmizləndi.
– On beş mindi, — dedi.
– On beş min? — Ənisə təəccüblə əlindəki pullara baxdı. — Bu qədər pulu hardan qazanıb Möhsün qurban olduğum ?
– Qazanıb da. Mənə demədi. Məktubda da yazıb, özümə də tapşırdı ki, bu pulu umurla xərcləsinlər. Mən gələnəcən, Munis böyüyüb əlinizdən tutanacan birtəhər dolansınlar. Uşaqlara əyin-baş al, həmşirəm, yeməklərinə fikir ver. Yaman günün ömrü az olar. — Bu sözləri o, özündən deyirdi, Möhsün belə şey söyləməmişdi ona.
– Ömrün uzun olsun, ağa. Balalarım ayağının altında ölsün! — deyə qadın dua-alqış eləyəndə Ziyaülhəqq «ayağının altında» sözünü eşidib qeyri-iradi yerə baxdı, — ayağının altına. Yox, yaş, təzə qazılmış torpaq yox idi orda. Və o, başını endirməklə xudahafizləşdi, getmək istəyəndə Munis — böyuk oğlan onu səslədi:
– Əmi!
Dayandı:
– Nədi?
– Siz qibləgahımı görəcəksiniz? Ziyaülhəqq tutuldu, özünü itirdi:
– Yox! Hə! Necə bəyəm?
– Görsəz... ona deyin... evimizə tez qayıtsın. Yaxşı, əmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Elməddinin fikri dağınıq idi. Küçədə məst adamlar təki yeriyir, gözü ayağının altını görmürdü. İlk dəfə idi ki, kənddən çıxıb şəhərə gəldiyinə peşmançılıq çəkirdi. Orda həyat sakit idi. Yoxsulluq, səfalət orda da hökm sürürdü; ancaq bu, o qədər də nəzərə çarpmırdı. Hamının güzəranı təxminən bir-birinə oxşayırdı. Qəryədar Qulamdan, imamdan başqa. Hamı «elnən gələn dərd toy-bayramdı», «Allah kərimdi» deyib əlinə düşən yavan çörəyini yeyərək göydəki «gözəgörünməz kişiyə» şükür eləyirdi. Orda insanın ürəyinə hər addımbaşı zərbə-zərbə üstündən dəymirdi; haqsızlıqlar, aclıq, yoxsulluq adamın ürəyini yeyib çürütmürdü.Lakin şəhər... Şəhər həyatı addımbaşı ürəkyaxan, ürək parçalayan hadisələrlə dolu idi. Başa düşən, anlayan, az-çox ürəyində millət qanı olan həssas adam üçün burda yaşamaq cəhənnəmdə gün keçirmək, hər gün bir az ölmək kimi bir şeydi. Burada öz dərdin də yaddan çıxır, sən küçələrdə gördüyün kor-şil dilənçilərin, əl açıb dilənən körpələrin dərdini unuda bilmirsən. Yediyin, içdiyin haram olur. Və sənin ürəyin qocalır, saçların vaxtsız ağarır...
Üçüncü hissə, on altıncı fəsilŞad xəbər kimi, bəd xəbər də tez yayılır. Bəlkə bir az da tez. Elməddinin anasının ölüm xəbəri səhəri gün onun hələ barmaqla sayıla biləcək qədər az olan dostlarının qulağına çatdı. Bunu Zərrintac elədi.... Səhər Elməddin ayılanda pal-paltarlı yatdığını görüb təəccüb elədi. Yuxu ona anasının ölümünü elə bil unutdurmuşdu. Otaqda var-gəl elədikdə gözü stolun üstündəki açıq məktuba sataşanda hər şeyi xatırladı. Anası ölmüşdü. Titrək əlini uzadıb kağızı götürdü və təzədən diqqətlə oxudu. Qəryədar Qulamın kiməsə yazdırdığı kağız yalan və zarafat ola bilməzdi. «Anana yazdığın məktubu biçarə arvad ala bilmədi. Çünki sən gedəndən iki ay sonra Səbihə — sənin əziz anan Allahın rəhmətinə getdi». Bu sözləri dönə-dönə oxudu, sanki burada dərk ediləsi çox çətin olan bir məsələ yazılmışdı; onu anlamaq, başa düşmək istəyirdi.
Üçüncü hissə, on yeddinci fəsilElməddinlə Rəhgüzərin ailəsinin dostluğu getdikcə möhkəmlənirdi. Boş vaxtlarında tez-tez əvvəllər utana-utana, sonra ərklə bu səmimi və mehriban ailənin qapısını açıb içəri girən Elməddin getdikcə evin bir üzvünə çevrilirdi. Xüsusilə Elməddin üçün çox ağır olan ötən günlərdə Rəhgüzərlər ailəsi ona böyük dayaq olmuş, darıxmağa qoymamış, hər vasitə ilə fikrini dağıtmağa çalışmışdı. Məleykə xanım ona bacı kimi yanaşır, məsləhətlər verir, hətta, «çirkli paltarlarını gətir, yuyum» deyə ona qayğı göstərirdi.Rəhgüzərin uşaqları ilə, xüsusən böyük oğlu Bəbrəklə Elməddin yamanca dost olmuşdu. Bəbrək ağıllı, sözü tez başa düşən, mərifətli bir oğlan kimi Elməddinin diqqətini cəlb eləyirdi. Üçüncü sinifdə oxumasına baxmayaraq, mütaliə dairəsi çox geniş idi. Dərs kitablarından başqa macal tapıb evdə, atasının kitabxanasında olan kitablardan da oxuyurdu. Evə gələn qəzetləri ata-anasından qabaq gözdən keçirir, məmləkətdə, xaricdə baş verən hadisələr barədə müxtəlif suallar verirdi. Atasının qələmindən çıxan nə vardısa oxumuşdu; onun şair olması ilə hədsiz dərəcədə fəxr eləyirdi. Məktəbdə yoldaşları, müəllimlərin çoxu ona xüsusi ehtiram göstərirdi. Bəbrək özünü atasının adına-sanına layiq aparmağa çalışırdı, yersiz hərəkətlərə yol vermir, ağır oturub batman gəlirdi. Atasının bütün məmləkətdə məşhur adam olmasına baxmayaraq, Bəbrək lovğalıqdan, təkəbbürdən çox uzaqdı. Məhz buna görə yoldaşları onu çox sevirdi. Atasının isə əzizi idi. Divin canı şüşədə olan kimi, Rəhgüzərin də canı Bəbrəkdə idi. Azca nasaz olanda, ya başı ağrıyanda Rəhgüzər az qala özü də xəstələnirdi; dava-dərman, doktor qalmırdı ki, Rəhgüzər oğlu üçün tapmasın, gətirməsin.
Üçüncü hissə, on səkkizinci fəsilElməddin evdə tək-tənha oturmuşdu. İki saatdan çox idi ki, o, Rəhgüzərgildən gəlmişdi, ancaq orada olan söhbətlərin və qanıqaralığın təsirindən hələ də qurtara bilməmişdi. Saat on ikiyə işləyirdi; hər gün o, bu vədə yatağına uzanır, dağı arana, aranı dağa köçürəköçürə yuxuya gedirdi. Lakin bu gün yuxusu ərşə çəkilmişdi. Rəhgüzər onun gözlərinin qabağından çəkilib getmirdi. Canlı-cüssəli, sağlam, gümrah Məhəmməd Şəfi, Əli Tüğyanın həmləsindən sonra qaralıb tutulmuşdu, tez-tez fikrə gedir, iri, qara gözləri yol çəkirdi. Hərdən qızışıb yana-yana danışır, hərdən də susub durur, beynində nəyisə ölçüb-biçirdi, Məleykə özünü şad göstərməyə və beləliklə də, ərinə ürək-dirək verməyə çalışırdısa da, bu, çox vaxt süni təsir bağışlayırdı. Bunu o özü də hiss etdiyindəndi ki, tez-tez tutulur, sinədolusu ah çəkirdi. Bu gecəki bütün söhbətlər ancaq və ancaq Əli Tüğyanın ətrafında hərlənirdi. Ər də, arvad da onun nəmək-bəharamlığından, dönük və əqidəsiz adam olduğundan danışırdı. Məlum olurdu ki, o da bir vaxt, kasıb və işsiz olanda bu evin açıq süfrəsi başında çox oturmuş, dərdi-dil eləmiş, Rəhgüzərdən yazıları barədə məsləhət almış və onun yaxşılıqlarını heç zaman unutmayacağına söz vermişdi. Rəhgüzərin fikir və görüşlərinə şərik olduğunu bildirmiş, vətəni və bədbəxt milləti barədə çox yanıqlı sözlər demişdi.Hərdən Elməddinə elə gəlirdi ki, onlar — Şəfi və Məleykə Əli Tüğyan haqqında dedikləri sözləri ona eşitdirmək istəyirdilər; axı o da onların ev adamı olmuşdu, Əli Tüğyan kimi. O da şerlərini, hekayələrini əvvəl Rəhgüzərə oxuyur və məsləhət alırdı. Rəhgüzərin onun boynunda haqq-sayı çox idi. O, demək olar ki, Elməddini uçurumun lap qırağından çəkib gətirmiş, işlə, çörəklə təmin etmişdi. Əslində o, Rəhgüzərin çörəyini yeyirdi. Elməddin düşünürdü ki, bu sözlər ona deyilir: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit...». Axı bir çox cəhətdən indi Elməddinin getdiyi yol da Əli Tüğyanın getdiyi yola bənzəyirdi. Əli Tüğyan milyoner Mumtazın — qəryədar Qulamın qardaşının, Ətiqullanın atasının kölgəsi altına sığınmışdısa və duz-çörək kəsdiyi, ustad adlandırdığı Rəhgüzərlə üzbəüz dayanıb onun məfkurəsinə, özünə atəş açırdısa, o da ağayi Nəcməddinin qanadı altına girmişdi; milyoner Mümtazla Nəcməddinin arasında əslində heç bir fərq yox idi və sanki onlar bir alma idi, yarı bölünmüşdü. Elməddin də Əli Tüğyan ola bilərdimi? Onun kimi üzüdönük çıxıb Rəhgüzərlə əlbəyaxa ola bilərdimi? «Yox, heç vaxt»,— deyə o özünün bu fikrindən dəhşətə gəlmiş kimi bərkdən səsləndi və həyəcanını boğmaq üçün papiros yandırıb sümürdü, — «heç vaxt, ustad. Mən sənin, sənin təmsil etdiyin adamların — yoxsulların, binəsiblərin əleyhinə çıxmaram, ustad. Çünki sənin işin haqdı və mən haqq üçün, heç bir şeyimi, hətta canımı da əsirgəmərəm. Əgər siz mənim haqqımda belə düşünsəniz, məni təhqir etmiş olarsınız».
Poems by other poets
Bacıoğlu, a qırışmal, bu nə sözdür, nə kələk?Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək?
AlmaÜç ay yay dolanıb payız olanda,Məst olub sığışmır budağa alma.
Qoca bir türkün vəsiyyətiYavrularım! Ey ömrümü şənləndirən, güldürən,Alnı açıq oğullarım, gözəl, yosma qızlarım,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.