Page 2 of 2 · 50%

– Alo? Eşidirəm!

Cavab gəlmədi. «Bu, Zərrintacdı!» — deyə ürəyindən keçirmişdi ki, dəstəkdə həzin, kədər dolu bir musiqi səsləndi. Elməddin bəxtiyarlıqla gülümsündü: «Zərrintacdı». Və Zərrintac onun çox xoşladığı, milyon dəfə də dinləməyə hazır olduğu (bunu o, Zərriitaca demişdi) «Məra bebus»u çaldırırdı. Elməddin nəşədən məst olmuş adamlar kimi hər şeyi unudaraq dinləyirdi: dəstəyi qulağına bərk-bərk sıxmışdı. Uzaqdan, gözəgörünməz telefon telindən süzülüb gələn o sehrli həyat eşqi ilə dolu mahnı Elməddinin bütün vücudunu titrədir, qəlbində əvəzsiz, xoş giziltiyə çevrilib sanki ona layla çalırdı. Sevdiyindən həmişəlik ayrılan, son vida anını yaşayan, taleyini tufanların qoynuna atan bir insanın acı könül fəryadları tək inləyən mahnını müğənni elə incə, elə böyük kədərlə ifa edirdi ki, Elməddinin qeyri-ixtiyari gözləri yaşarmışdı. Son ayrılıq anı, sevdiyindən son dəfə vəfa öpüşü istəyən adamın hıçqırtıları...

Məra bebus, məra bebus,
Bərayi axerin bar.
Xoda tora nigahdar Ki, mirəvəm besuya tufanha...»

— deyirdi. Elməddin ömründə o xanəndəni görməmişdi, tanımırdı, ancaq səsini eşitmişdi və sevmişdi; həmişə olduğu kimi, indi də, yatağında uzanıb gözəl Zərrintac xanımın gecəyarıdan keçəndən sonra telefon telləri ilə göndərdiyi o sehrli mahnını gözüyumulu dinləyədinləyə görürdü ki, müğənninin rəngini belə bilmədiyi gözlərindən yaş axır... Çünki, o, elə mahnı idi ki, onu ürəyinin min yerindən, gözlərindən qan-yaş axıtmadan oxumaq olmazdı. Yaşamadan oxusaydı, o mahnı ölərdi. Çünki musiqi də inləyirdi, sözlər də. Əhvaliruhiyyəsinin belə çalpaşıq vaxtında darıxdığından nə edəcəyini bilmədiyi bir çağında «Məra bebus»la onu yad eləyən Zərrintac xanım yanında olsaydı, utanmadan, çəkinmədən bağrına basıb üzündən, gözlərindən öpərdi, minnətdarlığını bildirərdi. Heyf ki, o, burada deyildi; sonra fikirləşdi ki, Zərrintac yanında olsaydı, onda bu mahnı olmayacaqdı.

Lent qurtardı, müğənni susdu. Elməddin hələ özünə gəlməmişdi, ürəyində, beynində hələ də o mahnı çalınırdı, oxunurdu. Zərrintacın səsi ayırdı onu xəyaldan:

– Salam, Elməddin. Axşamın xeyir! Elməddin sevinclə:

– Axşamın xeyir, Zərrintac xanım. Necəsən, Zərrin? —» dedi.

– Belə... Nə çox yaxşı, nə çox pis... Elməddin təşəkkürünü bildirdi:

– Çox sağ ol, Zərrin. Mahnı üçün çox sağ ol. Sən nə bildin ki, mən o mahnını çox sevirəm, Zərrin?

Zərrintac xəttin o başında nazla gülümsündü:

– Mən sənin ürəyindən keçən hər şeyi bilirəm, Elməddin?

– Hə?

– Hə!

– Beləsə, mən özümü xoşbəxt hesab eləyə bilərəm, Zərrin!

– Elə-elə! Yatmışdın?

– Uzanmışdım. Kitab oxumaq istəyirdim... Sən nə əcəb yatmamısan bu vaxtacan Zərrin?

– Nə bilim... Yuxum gəlmir... Son vaxtlar yata bilmirəm...

– Niyə ki?

– Heç özüm də bilmirəm...

– Sənin yaşda olan qızlar... bir şeydən yata bilməzlər, Zərrin.

– Nə? Nədi ki, o elə?

– Bilmirsən?

– Yoox!!

– Ürəyinə qulaq asmısan?

– Ürəyimə?

– Hə! Ürəyinə!

– Yox!

– Ürəyinin səsini dinlə, gör o nə deyir sənə? Səni niyə qoymur yatmağa?

– Səncə, ürəyim qoymur məni yatmağa?

– Bəli, Zərrin.

– Bunu bilmirdim. — Sükut... — Yaxşı, ürəyim yanımdadı, ondan soruşaram. Ancaq sən de görüm, mən yaşda olan qızlar nədən yata bilmirlər gecələr?

– Desəm, acığın gəlməz ki?!

– Yox... De!

– Sən... Sən...

– Kəkələmə, söylə!

– Sən... sevirsən, Zərrin!

– Sevirəm?!... Məən?

– Hə.

Zərrintac susdu. Dəstəkdə yünkülcə ah səsi eşidildi.

Elməddin əsl nöqtəyə toxunduğunu anlayıb qımışdı.

– Niyə səsin kəsildi, sənə nə oldu?

– Heç nə!

Elməddin Zərrintacın yataq otağını yayda görmüşdü. İri, işıqlı otaqdı, iki pəncərəsi arxa tərəfdən küçəyə baxırdı, divardan asılmış, par-par alışıb-yanan herat xalçasının üstündən qızın keçən il çəkdirdiyi böyük şəkli asılmışdı; o, hörüklərini qabarıq sinəsinin üstünə atmışdı, xoşbəxt gülüş sifətinə nur çiləmişdi, inci kimi ağappaq, yaraşıqlı— biçimli dişləri azca aralı nazik dodaqlarının arasından parıldayırdı. Təkadamlıq çarpayısının üzərinə tül çəkilmişdi. Baş tərəfində ortasına gül vazası qoyulmuş stolun üstündə fil sümüyündən düzəldilmişə oxşayan telefon vardı. Bu, Zərrintacın şəxsi telefonu idi. İndi, Elməddin uzaqdan-uzağa aydın təsəvvür eləyirdi ki, gözlərinə yuxu getməyən, darıxdığından, canını qoymağa yer tapmadığından gecənin bu vaxtında zəng eləyən Zərrintac soyunub ağ gecə köynəyində qu tükündən düzəldilmiş, qar kimi ağappaq yorğan-döşəkdə necə uzanıb, onun ipək kimi yumşaq saçları ağ balışın üstünə necə səpələnib. Və Elməddinin «Sevirsən, Zərrin!» sözlərindən sonra da qızın necə də bir anlığa donub qaldığını, özünü itirdiyini yanında imiş kimi apaydın görürdü. Hətta ona elə gəlirdi ki, bu sözdən bədəni də istiləndi, yanaqları da pörtdü. Elməddin azca qorxaq-ürkək səslə:

– Daha niyə qızarırsan, Zərrin? — dedi. Zərrintac xanım təşviş içində:

– Sən nə bilirsən ki, qızardım? — deyə xəbər aldı.— Haradan bildin?

– Görürəm səni, Zərrintac. Uzaq da olsam görürəm. Bax, bu saat çarpayıda uzanmısan, ağ kecə köynəyi geymisən. — Elməddin otağın quruluşunu nəzərində canlandırıb: — Özün də sağ böyrü üstə uzanmısan, telefonun dəstəyi sol əlindədi... Düz demirəm, Zərrin?

– …

– Niyə dillənmirsən, Zərrin?

Zərrintac çaşıb qaldığından dillənə bilmirdi. Elməddinin təsəvvürünün güclülüyündənmi, ya da adicə təsadüf üzündən dediklərinin hamısı düz idi, eləcə idi, zərrəcə fərqi yox idi.

– Sən sehrkarsan, nəsən, Elməddin? Bunları... sən necə görə bilirsən?

Elməddin güldü:

– Görürəm də... Sən mənim ürəyimdən keçənləri bilirsən, mən də hər şeyi görürəm.

Ani sükutdan sonra Zərrintac Elməddinin bu «hər şeyi görmək» qabiliyyətini bir də yoxlamaq məqsədilə soruşdu:

– Yaxşı, madam ki sən hər şeyi görürsən, de körüm qibləgahım hardadı indi?!

– Qibləgahın?

– Hə.

– Bu dəqiqə deyim. Bax, Zərrin, qibləgahın şam vaxtı yaxşıca içib. İndi də özünün cavan, qəşəng arvadının qucağında şirin-şirin yatır.

– Yatır, ya oyaqdı?

– Yox, yatır, Zərrin. İnanmırsan, get, yoxla.

– Oho, mən necə onların otağına gedə bilərəm?!

– Əlbəttə gedə bilməzsən. Heç lazım da deyil. Ancaq əmin ola bilərsən ki, yatır.

Zərrintacdan səs gəlmədi. Onun qulaqlarında Elməddinin Dünya haqqında dediyi «cavan, qəşəng» sözləri cinkildəyirdi. Xatirinə gətirdi ki, dünənki məclisdə Dünya necə də qəşəng geyinmişdi, gözləri də, paltarı da alışıb-yanırdı və bu da gəlib gözlərinin qabağında dururdu ki, Elməddinə hərdən Dünya gözaltı necə də baxırdı; xüsusilə o, şer oxuyanda təzə gəlinin hayıl-mayıl olmasını, özünü, yanındakıları unudaraq qulaq kəsildiyini yadına salıb nəşəsi pozuldu. Ancaq bunu büruzə verməməyə çalışaraq xəbər aldı:

– Gəlinimiz xoşuna gəldimi?

Elməddin həssaslıqla qızın səsinin dəyişdiyini, bayaqkı həvəsin, şuxluğun harasa uçub getdiyini dərhal anladı və laqeydliklə söylədi:

– Belə də... Ümumiyyətlə pis deyil, sənii əlinə, ayağına su tökməyə yarayar, Zərrin!

– Bəs indicə deyirdin cavan, qəşəng... — deyə o dəqiqə əhvali-ruhiyyəsində canlanma, dirçəliş yaranan Zərrintac xanım gümrahlıqla davam etdi. — Cavan, qəşəng Dünya xanım.

– Onu elə-belə dedim, Zərrin. Cavan olmağına, qəşənglnyinə söz ola bilməz Dünya xanımın, Ancaq sən olmayan yerdə, Zərrin. Sən mənim gözümdə hamıdan gözəlsən, Zərrin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, səkkizinci fəsil

Hava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.

6 min
Üçüncü hissə, doqquzuncu fəsil

Gün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:

15 min
Üçüncü hissə, onuncu fəsil

Cümə günü — istirahət günü idi. Zərrintac xanım mərkəzi kinoteatrda göstərilən amerikan filminə tamaşa edib gəlmişdi. İlıq yaz günəşi günorta yerində idi. Saat biri, namaz vaxtını xəbər verən və şəhərin yuxarı hissəsində qoyulan, hər gün eyni vaxtda atılan toplar üç dəfə yenicə səslənmişdi, susmuşdu — hələ gurultusu Zərrintacın qulaqlarından getməmişdi. Zərrintac xanımı gün əzirdi, xumarlandırırdı. Kresloda oturub gözlərini yummuşdu və bir az əvvəl baxdığı film haqqında düşünürdü ki, həyət qapısının cırıltı ilə açıldığına və kiminsə qorxaq, ehtiyatlı addımlarla irəli gəldiyini hiss edib fikrindən ayrıldı. Qarşısında iyirmi beş, iyirmi altı yaşlı, sifəti ay parçası kimi ağ və işıqlı olan, ancaq çirkli, süzülmüş paltar geymiş bir qadın görəndə maraqlandı, lakin yerindən heç qımıldanmadı da.Qadın cürətsiz qədəmlərlə yaxınlaşdı, iri, qara gözlərini utancaqlıqla Zərrintac xanıma dikib yavaşdan:

7 min
Üçüncü hissə, on birinci fəsil

Ağayi Siracəddin, Hürriyyətin böyük həvəslə təriflədiyi qızın doğrudan da gözəl olarsa, «işlərinin» xeyli yaxşılaşacağını düşünüb qımışdı:– Təki elə olsun.

8 min

Poems by other poets