Birinci hissə, üçüncü fəsil
Page 1 of 2
Hava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.
Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.
Baş barmağı ilə ölmüş pərvanəyə toxundu: «İşıq aşiqiydi yazıq. İnsan həqiqət aşiqi olan kimi, o da işıq aşiqiydi.
Onu işıq da yandırdı. Amma ora bax, o birilər görürlər ki, yoldaşları odda yanıb torpağa düşdü, yenə işığın başına dolanmaqdan, özlərini oda yaxmaqdan çəkinmirlər. İnsan da belədi. İnsan gördü ki, Mənsur Həllacın, Nəsiminin həqiqət dediklərinə görə dərisini soydular, amma qorxmadı insan həqiqəti deməkdən. İndi də qorxmur, sabah da qorxmayacaq... Çünki insan həqiqət pərvanəsidi, qardaş!»— deyə düşünə-düşünə Nəzər qəribə bir ehtiram hissilə,—bunun nə demək olduğunu o özü də bəlkə izah edə bilməzdi — yanmış pərvanəni ehtiyatla götürüb uzağa — arxın o tayındakı kol-kosun içinə atdı, elə bil onun ayaqlar altında qalacağından ehtiyat edirdi. Nəzərin fikrincə, o fədakar pərvanə tapdanmağa layiq deyildi.
Düşüncələrə elə dalmışdı ki, Zakirə xanımın haçan darvazanı açıb həyətə girdiyindən xəbəri olmamışdı. Zakirə xanım məktəb binasından çıxan kimi əlindəki dəsmalla gözlərinin yaşını silib, təzədən eynəyini taxaraq kəndin o başındakı evlərinə getmək istəmişdi, ancaq indicə Şakirin kabinetində Nəzər müəllim barədə olan xoşagəlməz, qanqaraldan söhbətin təsiri altında bir də onda ayılmışdı ki, sarmaşıqlı qapının ağzındadı. Məktəbdən bura — çoxdan ayaq basmadığı bu həyətə qədər olan yolu necə gəldiyini xatıplayırdı. Qulaqlarında Şakirin xırıltılı, kobud səsi çingildəyirdi: «Getməlidi!» Və bu sözə heç cür inanmaq istəmirdi. Bunu ən böyük qanunsuzluq, ən böyük qəddarlıq hesab eləyirdi. Zakirə xanımın aləmində, Nəzər müəllim bu məktəbin qızıl sütunu idi, yaraşığı idi. Bu məktəbi, Əln Nurlu öləndən sonra, ancaq Nəzərin adı ilə bütün respublikada tanıyırdılar.
«İndi birdən-birə Nəzər getməlidi? Nə var-nə var müşavirədə çıxış eləyib, məktəbin nöqsanlarından, ümumən təhsil sisteminin bəzi kəsirlərindən danışıb, maarif şöbəsinin müdiri Murad Muradza-dəni tənqid eləyib? Nə var-nə var, o danışanda Bakıdan —maarif nazirliyindən gəlmiş nümayəndə — Şərifzadə yoldaşa dodağını büzüb, qaşlarını çatıb? Bəlkə bu zaman Şərifzadə yoldaşın canı ağrıyırmış, ona görə dodağını büzüb, qaşlarını çatıbmış? Olmazmı?! Yox. Bunu Nəzər müəllimə demək lazımdır. Qoy bilsin, bir tədbir görsün. Nəzər müəllim uşaq-muşaq deyil ki, onunla Şakir istədiyi kimi rəftar eləsin. Şakir əslində öz meydanını təmizləmək, sərbəstliyə çıxmaq istəyir. Çünki ondan xoşu gəlmir Şakir müəllimin!..»
Zakirə xanım pərişan fikirlər əlində çırpına-çırpına bura— həyətə gələnəcən məsələnin ancaq bu tərəfini düşünmüşdü. Səssiz-səmirsiz onun mizinə yaxınlaşıb kitab oxuduğunu, səhər dərsə geyəcəyi paltarlarını səliqə ilə stulun başından asdığını (onun bu adətinə bələd idi) görəndə, gəldiyinə peşiman oldu. Nəzər müəllimin indidən ürəyinə sığışmayan sabahkı sevincinin, fərəhinin üstünə necə su çiləmək olardı, Şakirin o qara fikrini ona necə çatdırmaq olardı?.. Buna Zakirənin dili necə dönərdi? Yox, yox deyə bilməzdi. Bu, ən azı günah idi.
Zakirə xanım bacardığı qədər həyəcanını boğmağa, narahatlığını gizlətməyə çalışaraq şən bir əhvali-ruhiyyə ilə özünə yad və kədərli görünən səslə:
– Axşamınız xeyir, Nəzər müəllim,—dedi. — Kişi səksəndi. Başını qaldırıb Zakirə xanımı qabağında görcək hədsiz sevinc içində:
– Ah, gör nə yaxşı adam gəlib bizə, aman allah,—söylədi.— Ay aqibətin xeyir, qızım. Xoş gəlib, səfa gətirmisən. Gəl, gəl, əyləş. Nə yaxşı oldu gəldin, ay qızım. Lap darıxmışdım.
Zakirə xanım Nəzər müəllimii qənşərində oturdu:
– Elə mən də sizin üçün darıxmışdım, müəllim. Dedim bir baş çəkim, görüm neyləyirsiniz?!
– Eh, neyləyəcəyəm, ay qızım. Oturmuşam, kitab oxuyuram. Məktəbdən, uşaqlardan, müəllim yoldaşlardan ötrü yaman darıxmışam, Zakirə. Sabahı böyük intizarla gözləyirəm. Sabah sentyabrın biridi, qızım.
– Hə, elədi,—Zakirə xanımın ürəyi sancdı; yüngülcə köks ötürdü.
Nəzər müəllim iri, qonur gözlərini xəyalpərvərliklə qıyıb elə bil keçmiş günlərinə qayıtdı bir anlığa. Və dumanlı baxışlarını Zakirənin üzündə saxladı:
– Sentylbrın biri!.. Bilirsən, qızım, bu gün, mənə doğulduğum gün, ölümdən qurtardığım gün kimi əzizdir. Siz cavanları bilmirəm, amma mənim üçün bu gün bayram kimidi, əziz bayram! Bu gün hesablamışam, sabah düz qırx ildi ki, müəllim işləyirəm. Sağlıq olsa, bax elə bu həyətdə bu yaxınlarda sizi başıma yığıb müəllimliyimin qırx illiyini qeyd edəcəyəm, elə-belə, xudmani.
Bu sözləri eşidəndə Zakirə xanımın ürəyinin başı göynədi. Bədəninə soyuq tər gəldi, baxışlarını Nəzərin sevinc aşıb-daşan gözlərindən yayındırdı. Barmaqlarının ucunda müşəmbənin üstünə düşmüş sarı yarpağı götürüb kənara ataraq:
– İnşallah!—dedi güclə. Səsi titrədi. Sonra Zakirə xanım daha davam gətirə bilməyəcəyini, uşaq kimi kövrəlib ağlayacağını hiss eləyib, ürək sıxan bu söhbətin səmtini dəyişmək üçün:
– Güldanədən nə xəbər var, ay Nəzər müəllim? —dedi. — Haçandı görmürəm. Axı, o mənim ən yaxın rəfiqəm olub. On il bir sinifdə oxumuşuq. Siz bizə dərs deyirdiniz. Yadınızdan çıxmayıb ki?
– Yox, yox, nə danışırsan, Zakirə? Güldanə yaxşıdır.
– Hayıf, yollarımız ayrıldı. O, kitabxanaçı oldu.
– Hə, — Nəzər müəllim köks ötürdü. — Qəribədir, mən çox arzu eləmişdim ki, uşaqlarımdan heç olmasa birini özüm kimi müəllim görüm. Oxusun, gəlsin, yanımda müəllim işləsin. Mən də baxıb fərəhlənim. Amma qismət olmadı... Amma kitabxanaçı da elə bir növ müəllimdi, qızım. Nur paylayandı o da, sənin kimi.
– Canınız sağ olsun, müəllim. Bunu dərd eləməyin özünüz-çün.
– Gərək belə eləməyəydilər, qızım, mənim uşaqlarım. Hayana dönsə, mən Nəzər müəllim idim. Gərək onlar buna qiymət qoyaydılar. Heç olmasa biri müəllim olaydı, onda mən dünyadan rahat gedərdim.
– Sənət—taledir, müəllim. Siz belə deyirdiz həmişə.
– İndi təsəllim bircə budur ki, mənim sənin kimi şagirdlərim var, bir gün bu dünyadan köçəndə məni əvəz eləyənlər olacaq. Bilirsən, bilmirəm Güldanə ilə yoldaşlıq elədiyindəndi, ya nədəndi, mən səni öz qızım kimi istəmişəm həmişə. Səninlə şagird vaxtı da, müəllim vaxtında da fəxr eləmişəm, qızım. Səni o məktəbdə əlində jurnal siniflərə girən görəndə elə bilirəm Güldanə balamsan, Güllü balamsan, Zakirə.
– Sağ olun, Nəzər müəllim. Mənim əziz müəllimim olubsunüz. Müəllim isə heç vaxt unudulmasın gərək. Mən sizi həmişə ata kimi sevmişəm, Nəzər müəllim.
Bayaqdan bəri susan qara telefon çingildəyib haray-həşir qopartdı. Zakirə təəccüb elədi ki, onun səsi niyə belə bərk çıxır, sonra səbəbini tapdı: çöldə həyətdə qoyulduğuna görə özü qəsdən bu cür qurub ki, özləri evdə, bir az kənarda olanda da səsini eşidə bilsinlər. Ancaq indi ilk anda Zakirəyə elə gəldi ki, bu zəng adi zəng deyil, nəsə yanğına, bədbəxtliyə bənzər bir hadisəni xəbər verəcəkdir.
Nəzər tələsmədən, arxayın-arxayın dəstəyi götürdü və:
– Eşidirəm, — dedi, — hə, mənəm. Sağ ol. Sən necəsən? Yaxşı ol. Hə. Nə? Nə olub ki? Yox, heç nədən xəbərim yoxdur! Mənə deməyib. Aha,— sükut — Aha... sonra? Ay bala, niyə kəkələyirsən. Açıq danışsana! Hə... Elə belə də dedi?.. — sükut — ha. nə olar, canın sağ olsun... Xəbər verdiyin üçün çox sağ ol!
Nəzər dəstəyi yerinə qoydu və ovuclarını çənəsinə dayaq verib, sual dolu baxışlarla Zakirə xanıma baxmağa başladı. Zakirə xanım hiss edirdi ki, nə isə pis bir xəbər verdilər indicə Nəzər müəllimə. Çünki kişinin bayaqdan bəri sifətində gəzib dolaşan o fərəhdən, o sevincdən bircə anın içində əsər-əlamət qalmadı. Kişinin iri, sümüklu vücudu elə bil balacalaşdı, şax kürəyi donqarlaşdı. Bir anlığa gözləri yol çəkdi. Bu da aydın hiss olunurdu ki, o, Zakirə xanımdan nəsə soruşmaq istəyirdi, ancaq ürək eləmirdi. Deyəsən danışmaq həvəsi də qalmamışdı. Zakirə xanım onun halındakı bu aşkar dəyişikliyi görüb ondan qabağa düşdü:
– Nə olub, Nəzər müəllim?... Yoxsa bir hadisə-zad baş verib?
– Yox, yox...—Tələsik cavab verdi.—Nə hadisə baş verə bilər ki?..
– Bilirsiniz.. telefonla danışandan sonra... birtəhər olduz ey, Nəzər müəllim...
– Yox, ürəyim sancdı nə isə...
Zakirə xanım ürəyinə daman şübhəni yoxlamaq istədi:
– Zəng eləyən kim idi ki?..
Nəzər müəllim diqqətlə Zakirənin közlərinin içinə baxdı, mənalı-mənalı qımışıb:
– Məhər idi,—söyladi. Bu sözü eşidən kimi Zakirənin qəşəng gözləri girdə eynək şüşələrinin altında böyüyüb, elə az qala o şüşələr boyda oldu. Gümanı düz çıxmışdı. Məhər Şakirin fikrini, qərarını Nəzərə telefonla demişdi. Zakirə çıxılmaz vəziyyətdə qaldı. Günahkar-günahkar gözlərini döyməyə başladı. Görəsən Nəzər müəllim onu başa düşəcəkdimi? İzah eləmək istəyirdi ki, Nəzər özü dilləndi:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Rəhgüzərlə Elməddinin dostluğu şəxsi dostluq çərçivəsindən çıxıb yaradıcılıq dostluğuna çevrilirdi. Məhəmməd Şəfinin söhbətlərinə qulaq asmaqdan doymur, hər sözünü yadda saxlamağa çalışır, evə qayıdandan sonra da fikrən, xəyalən Rəhgüzərlə söhbətini davam etdirirdi. Düşünürdü ki, yaxşı eləyib kənddən şəhərə gəlib. Orada, əldən-ayaqdan, siyasi hadisələrdən uzaq yerdə qalsaydı, elə həmin Elməddin idi; ancaq indi o özündə çoxlu dəyişiklik hiss edirdi. Gözü xeyli açılmışdı; mütaliə dairəsi genişlənmişdi. Təkcə Rəhgüzərin evindəki kitabları, ağayi Nəcməddinin kitabxanasındakı cildləri oxumaqla kifayətlənmir, özü də xoşu gələn əsərləri kitab mağazalarından alıb mütaliə edirdi.Rəhgüzər qəzetin səhifələrində onun yazılarına geniş yer verirdi. Demək olar ki, qəzetin hər iki-üç nömrəsindən bir Elməddinin yazısı dərc edilirdi. Bu onu yamanca fərəhləndirirdi. Çap olunmuş şerlərini, hekayələrini səliqə ilə kəsir, ayrıca qovluğa yığırdı. Boş vaxtlarında onları qabağına qoyub baxmaqdan özgə ləzzət alırdı. İmzasını gördükcə elə bil, ona dünyanı bağışlayırdılar.
Üçüncü hissə, on üçüncü fəsilHavalar isti keçirdi. Səhər saat ondan ta üçə qədər elə bürkü olurdu ki, nəfəs almaq çətinləşirdi. Bütün günü göynəkdə gəzən adamlar günəş qüruba doğru əyilən kimi, hava birdən-birə soyuduğundan pencək geyməli olurdular. Şəhəri üzük təki əhatə eləmiş dağlardan soyuq axıb üzü aşağı gəlirdi. Gecələr isə adam əməlli-başlı üşüyürdü...Saat beşə qalmış Elməddin işdən çıxdı. Çoxdan piyada gəzmədiyini xatırlayıb sürücünü qaraja göndərdi, özü isə əlində tutduğu açarları oynada-oynada asta addımlarla yaşıl küçə ilə evə sarı yönəldi. Elə bir təcili işi yox idi, beynində yorğunluq hiss eləyirdi. Şəhərdə gəzib-dolanmaq, azacıq dincəlmək istəyirdi. Anasından cavab almadığına görə həddən artıq nigaran olan Elməddin nə idarədə, nə evdə rahatlıq tapa bilirdi. O biri yandan da Əfsanənin fikri onu kölgə kimi izləyirdi; həmişə gözlərilə onu axtarır, bir gün, bəlkə elə bu şəhərdə rastlaşacaqlarına inanırdı. Məhz bu inam onu üzürdü, qərarını əlindən alırdı.
Üçüncü hissə, on dördüncü fəsilMaşın təzə şəhərin ucqarında, dar döngəli küçənin tinində dayandı: Ətiqulla taksi şoferinin pulunu verib yola salandan sonra Elməddinə işarə elədi:– Dalımca gəl.
Üçüncü hissə, on beşinci fəsilElməddinin fikri dağınıq idi. Küçədə məst adamlar təki yeriyir, gözü ayağının altını görmürdü. İlk dəfə idi ki, kənddən çıxıb şəhərə gəldiyinə peşmançılıq çəkirdi. Orda həyat sakit idi. Yoxsulluq, səfalət orda da hökm sürürdü; ancaq bu, o qədər də nəzərə çarpmırdı. Hamının güzəranı təxminən bir-birinə oxşayırdı. Qəryədar Qulamdan, imamdan başqa. Hamı «elnən gələn dərd toy-bayramdı», «Allah kərimdi» deyib əlinə düşən yavan çörəyini yeyərək göydəki «gözəgörünməz kişiyə» şükür eləyirdi. Orda insanın ürəyinə hər addımbaşı zərbə-zərbə üstündən dəymirdi; haqsızlıqlar, aclıq, yoxsulluq adamın ürəyini yeyib çürütmürdü.Lakin şəhər... Şəhər həyatı addımbaşı ürəkyaxan, ürək parçalayan hadisələrlə dolu idi. Başa düşən, anlayan, az-çox ürəyində millət qanı olan həssas adam üçün burda yaşamaq cəhənnəmdə gün keçirmək, hər gün bir az ölmək kimi bir şeydi. Burada öz dərdin də yaddan çıxır, sən küçələrdə gördüyün kor-şil dilənçilərin, əl açıb dilənən körpələrin dərdini unuda bilmirsən. Yediyin, içdiyin haram olur. Və sənin ürəyin qocalır, saçların vaxtsız ağarır...