Birinci hissə, üçüncü fəsil
Page 2 of 2 · 50%
– Halal olsun sənə, Zakirə.
Zakirə xanıma əvvəl elə gəldi ki, o bu sözləri kinayə ilə deyir. Tələsik, bəraət üçün söylədi:
– Vallah, mən...
– Yox; yox, qızım, —Nəzər ona danışmaq imkanı vermədi.— Mən səni başa düşürəm.
– Düzü, gəlmişdim sizə deyim. Ancaq gördüm siz sabahkı günü elə səbirsizliklə gözləyirsiz, dilim var gətirmədi. Heç deyə bilməzdim də. Siz qırx illiyiniz barədə danışanda az qaldım lap ağlayam, inanın, Nəzər müəllim. Mənim ürəyim necə gələrdi ki, sizin o boyda sevincinizin üstünə su səpim? Şakirin ciyəri yansın. Elə oradaca, gözünün içinə dedim ki, sənin heç vicdanın yoxdur, Şakir!
– Sən mənim şagirdimsən, Zakirə.
– Axı, o da sizin şagirdiniz olub!
– Beş barmağın beşi də bir olmur, qızım. Deyir, köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir. Murada arxayındı o! Bir də mən elə o vaxt—kisəyə pambıq əvəzinə kal qarpız doldurub qapanın üstünə qoyaraq bizə sırımaq istəyəndə onun xasnyyətnaməsini düz yazmışmışam, qızım. Sən bu əhvalatı bilirsən. İndi ona elə gəlir ki, artıq adam olub, direktor olub, hər şeyə çatıb! Yox, belə deyil, Zakirə. Yəqin Şakir unudur ki, dünyada insan olmaq əsas şərtdi. Özü də elə-belə, adicə insan yox, kamil insan! Kamillik insanlığın, insan ömrünün zirvəsidi. O zirvəyə, o kamillik zirvəsinə hər adam, hər müəllim, hər direktor gedib çıxa bilmir! Mən onu qınamıram. Quyuya su tökməklə sulu olmaz, qızım. Deyirsən, o da sənin şagirdin olub. Düzdü, olub, elədi. Mənim xoşbəxtliyim ondadır ki, onun kimiləri tək-təkdir, ancaq sənin kimi şagirdlərim rayonumuzun az qala hər məktəbində var. Yaxşı, müfəssəl danış görək söhbət necə olub?
Zakirə xanım o dörd nəfərlik xudmani iclas barədə yerli-yataqlı söz açdı. Şakirin dediklərini təkrar elədi, Hüsü müəllimin birinci etiraz səsini ucaltdığını, Məhərin qocalıq haqqında söylədiklərini ətraflı nağılladı.
– Sağ olsunlar. Hüsü mənim xətrimi həmişə çox istəyib. Məhər də, sən də şagirdim olubsuz. Sağ olun. — Sonra Nəzər heç nə demədi. Onun əsəbiləşmədiyni, özündən çıxmadığını, həddindən artıq təmkin və soyuqqanlılıq göstərdiyini görüncə, ərk eləyib atasının üstünə çımxıran bir övlad kimi, təbdən çıxdı:
– Mən belə görürəm ki, siz əlinizi əlinizin üstünə qoyub oturacaqsınız! Şakir də bildiyini eləyəcək?
– Bəs neyləyim, qızım? Qanun qanundur, qanunu müzakirə olunmaq üçün vermirlər, Zakirə, icra olunmaq üçün verirlər,
– Yox, Nəzər müəllim. Hər qanunda bir istisna da olur, məncə. Bax, Bakıda — nazirliyimizdə sizi yaxşı tanıyırlar, onlar kömək edə bilərlər sizə. Təzə katibimiz — Süleyman müəllim də sizin şagirdiniz olub eşitdiyimə görə. Gedin yanına, deyin, bir tədbir görsün.
– Belə kiçik şeylər üçün nə naziri, nə birinci katibi narahat eləməyimə dəyməz, Zakirə. İnsan gərək öz ləyaqətini qorusun. Ləyaqət, insan ləyaqəti bilirsən nədi? Tacdı o, insanın tacıdı, yerdə qalan şeylər —mərdlik, insanlıq, gözəllik, şəxsiyyət onun daş-qaşıdı, bər-bəzəyidi, qızım. Ləyaqət olmasa, o qiymətli daş-qaş, bər-bəzək həyat yollarında bir-bir düşüb itəcək, inan! İnsan işdən, vəzifədən, hətta dünyadan gedəndə də ləyaqətlə getməyi bacarmalıdı. Yox, belə kiçik şey üçün mən heç kəsin yanına gedən deyiləm, qızım!
– Sizcə, Şakirin sizi pensiyaya göndərməyi kiçik, şeydi?
– Hə, qızım.
– Siz nə danışırsız, Nəzər müəllim?
– Həyatın əzəli-əbədi qanunları var, qızım. Doğulan — böyüməlidi, gələn — getməlidi, cavan — qocalmalıdı, Elə həqiqətlər var ki, onlardan qaçmaq heç cür mümkün deyil; həyatın hökmü iti qılınc kimidir: o qılınc heç zaman vaxtsız-vədəsiz qalxmır, qalxdımı
– kəsib doğrayacaq. Onda qohumbazlıq, üzgörənlik, yaltaqlıq, «mən ölüm», «sən öləsən» fəlsəfəsi yoxdur, Zakirə. Şakir düz deyir, yorulmuşam mən, qocalmışam daha...
Nəzər bu sözləri astadan deyirdi. Səsindəki hüzn o qədər güclü idi ki, duymamaq mümkün deyildi. Hüzndən başqa o səsdə qəribə, sirayətedici bir inciklik, küskünlük də vardı. Bunu hiss elədiyi üçün idi ki, Zakirənin eynək şüşələrn arxasından pərişan-pərişan baxan gözəl gözləri qeyri-ixtiyari nəmləndi, həssas, tükü tükdən seçməyə qadir olan və buna görə də həmişə təlatümlü əzablar içərisində yaşamış Nəzər, Zakirə xanımın — onu həqitətən müəllim, ağsaqqal kimi çox sevən bu kövrək qadının əsmər yanaqları aşağı bir an sonra axacaq o göz yaşlarını görməmək üçün baxışlarını qaçırtdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Rəhgüzərlə Elməddinin dostluğu şəxsi dostluq çərçivəsindən çıxıb yaradıcılıq dostluğuna çevrilirdi. Məhəmməd Şəfinin söhbətlərinə qulaq asmaqdan doymur, hər sözünü yadda saxlamağa çalışır, evə qayıdandan sonra da fikrən, xəyalən Rəhgüzərlə söhbətini davam etdirirdi. Düşünürdü ki, yaxşı eləyib kənddən şəhərə gəlib. Orada, əldən-ayaqdan, siyasi hadisələrdən uzaq yerdə qalsaydı, elə həmin Elməddin idi; ancaq indi o özündə çoxlu dəyişiklik hiss edirdi. Gözü xeyli açılmışdı; mütaliə dairəsi genişlənmişdi. Təkcə Rəhgüzərin evindəki kitabları, ağayi Nəcməddinin kitabxanasındakı cildləri oxumaqla kifayətlənmir, özü də xoşu gələn əsərləri kitab mağazalarından alıb mütaliə edirdi.Rəhgüzər qəzetin səhifələrində onun yazılarına geniş yer verirdi. Demək olar ki, qəzetin hər iki-üç nömrəsindən bir Elməddinin yazısı dərc edilirdi. Bu onu yamanca fərəhləndirirdi. Çap olunmuş şerlərini, hekayələrini səliqə ilə kəsir, ayrıca qovluğa yığırdı. Boş vaxtlarında onları qabağına qoyub baxmaqdan özgə ləzzət alırdı. İmzasını gördükcə elə bil, ona dünyanı bağışlayırdılar.
Üçüncü hissə, on üçüncü fəsilHavalar isti keçirdi. Səhər saat ondan ta üçə qədər elə bürkü olurdu ki, nəfəs almaq çətinləşirdi. Bütün günü göynəkdə gəzən adamlar günəş qüruba doğru əyilən kimi, hava birdən-birə soyuduğundan pencək geyməli olurdular. Şəhəri üzük təki əhatə eləmiş dağlardan soyuq axıb üzü aşağı gəlirdi. Gecələr isə adam əməlli-başlı üşüyürdü...Saat beşə qalmış Elməddin işdən çıxdı. Çoxdan piyada gəzmədiyini xatırlayıb sürücünü qaraja göndərdi, özü isə əlində tutduğu açarları oynada-oynada asta addımlarla yaşıl küçə ilə evə sarı yönəldi. Elə bir təcili işi yox idi, beynində yorğunluq hiss eləyirdi. Şəhərdə gəzib-dolanmaq, azacıq dincəlmək istəyirdi. Anasından cavab almadığına görə həddən artıq nigaran olan Elməddin nə idarədə, nə evdə rahatlıq tapa bilirdi. O biri yandan da Əfsanənin fikri onu kölgə kimi izləyirdi; həmişə gözlərilə onu axtarır, bir gün, bəlkə elə bu şəhərdə rastlaşacaqlarına inanırdı. Məhz bu inam onu üzürdü, qərarını əlindən alırdı.
Üçüncü hissə, on dördüncü fəsilMaşın təzə şəhərin ucqarında, dar döngəli küçənin tinində dayandı: Ətiqulla taksi şoferinin pulunu verib yola salandan sonra Elməddinə işarə elədi:– Dalımca gəl.
Üçüncü hissə, on beşinci fəsilElməddinin fikri dağınıq idi. Küçədə məst adamlar təki yeriyir, gözü ayağının altını görmürdü. İlk dəfə idi ki, kənddən çıxıb şəhərə gəldiyinə peşmançılıq çəkirdi. Orda həyat sakit idi. Yoxsulluq, səfalət orda da hökm sürürdü; ancaq bu, o qədər də nəzərə çarpmırdı. Hamının güzəranı təxminən bir-birinə oxşayırdı. Qəryədar Qulamdan, imamdan başqa. Hamı «elnən gələn dərd toy-bayramdı», «Allah kərimdi» deyib əlinə düşən yavan çörəyini yeyərək göydəki «gözəgörünməz kişiyə» şükür eləyirdi. Orda insanın ürəyinə hər addımbaşı zərbə-zərbə üstündən dəymirdi; haqsızlıqlar, aclıq, yoxsulluq adamın ürəyini yeyib çürütmürdü.Lakin şəhər... Şəhər həyatı addımbaşı ürəkyaxan, ürək parçalayan hadisələrlə dolu idi. Başa düşən, anlayan, az-çox ürəyində millət qanı olan həssas adam üçün burda yaşamaq cəhənnəmdə gün keçirmək, hər gün bir az ölmək kimi bir şeydi. Burada öz dərdin də yaddan çıxır, sən küçələrdə gördüyün kor-şil dilənçilərin, əl açıb dilənən körpələrin dərdini unuda bilmirsən. Yediyin, içdiyin haram olur. Və sənin ürəyin qocalır, saçların vaxtsız ağarır...