Dördüncü hissə, ikinci fəsil
Page 2 of 3 · 33%
– Başa düşdüm. – Belə dedi, ancaq bunun nə demək olduğunu yaxşı dərk eləmədi. Maşalla da bu sözləri eşidib durmağa deyəsən ərindi və beləliklə Nəzər döyülməkdən xilas oldu o gecə. Qapının ağzında çönbəltmə oturmuş Nəzər buna çox sevinirdi, onu başa salan kişiyə minnətdarlıqla baxırdı, xoş söz demək istəyirdi, lakin heç nə tapıb deyə bilmirdi. Qatmaqarışıq, çalpaşıq fikirində birçə bu dolanırdı ki, Cuma onun dal cibində pul olduğunu axı hardan bilirdi? Beynində bayaqdan elə hey bu sual dolanırdı, ancaq cavab tapa bilmirdi. Axırı bu qərara gəldi ki, bu, tamamilə təsadüfi bir şey idi və onun üstündə baş sındırmağa dəyməz.
… Nəzər elə qapının ağzında, kürəyini divara söykəyib yatmışdı. Əslində, buna yatmaq demək olmazdı, sadəcə gözlərini yummuşdu və talehi barədə düşünürdü. Səhərə az qalırdı. Dustaqlar uyumuşdu - hər kəs öz yerində rahatlanmışdı. İşığıda söndürmüşdülər. Yeganə çarpayıda Cuma xorna çəkirdi. Tüstüdən, üfunətdən nəfəs almaq mümkün deyildi, ancaq qəribə idi ki, o adamların heç vecinə gəlmirdi. Görünür, adət eləmişdilər.
Kimsə pıçıltı ilə adını çəkəndə o hərasan gözlərini açdı: o, adını heç kəsə deməmişdi, heç kəs də ondan adını soruşmamışdı, bayaqdan, o, bura qədəm basandan nəzarətçini ağzından alıb hamı «məəllim» deyə müraciət eləmişdi. İndi budur, qulağının dibində adını çəkirdilər:
– Nəzər…
– Ha? Kimdi?
– Kilimçidi, Nəzər.
Nəzər ağzını açdı desin ki, «kilimçi kimdi?» - qabağında sallağı oturmuş adam onun ağzına əlindəki qurğuşun «beşbarmaqla» elə bir zərbə endirdi ki, o, «Axx» - eləyib bayıldı. Gözlərindən od parladı bir anlığa. Ağrıdan yumrulub yumağa döndü. Bilmədi kim idi, hardan peyda oldu bu zalım. Neynəmişdi, nə günahın sahibiydi? Bu sualları səhər tezdən, hava işıqlananda özü özünə verirdi. Hələ heç kəs oyanmamışdı. Alaqarandıqda başını aşağa əyib pencəyinin, köynəyinin yaxasına baxdı: qan quruyub laxtalanmışdı. Əlini dodaqlarında gəzdirdi-şişmişdi. Çənəsi bərk ağrıyırdı. Partladığından onsuz da bir-birinə dəyməyən dodaqları arasında barmağını gəzdirdi və yalnız bu zaman başa düşdü ki, qabaqda üç dişi yoxdu. Yerəmi düşmüşdü, qarnınamı getmişdi - bilmirdi. Yatanlara sarı göz gəzdirdi, qanrılıb qapıya baxdı: qapı bağlıydı. Deməli, çöldən gələn olmamışdı: onu vuran kim idisə, içərdəkilərdəndi. Amma kim.
Və bu «üç diş» otuz yeddinci ildə, orta məktəbi bitirib Bakıya oxumağa gedərkən Səlminaz arvadın danışdığı əhvalatı yadına salmışdı: Canəli bəy həyətdə,bağın içində basdırdığı qızılların küp qarışıq çıxarıb öz daxmasında,ocağın içində quylamış Kərimin- Nəzərin adını eşidib üzünü görmədiyi atasının ağzına çəliklə elə vurmuşdu ki, üç dişi bir anda qırılıb həsirin üstünə düşmüşdü. Anasının söhbətindən bu da yadındaydı ki, Canəli bəy elə ortalıqdakı küpdən üç qızıl onluq götürüb Kərimə vermiş və ədayla demişdi: «Gedib dişlərini düzəltdirərsən. Qoy desinlər ki, Canəli bəyin nökərlərinin də dişləri qızıldı.» Onda da üç diş, indi də üç diş… Qəribə deyildimi? Bu, təsadüf idimi ya taleyin anlaşılmaz sirlərindən biriydi?
Barakın qapısı açılanda birinci Nəzər çölə atdı özünü. Dəsmalıyla ağzını tutmuşdu deyə, nəzarətçi heç nə başa düşmədi. Nəzər ağ və yumşaq qar üstə iz qoya-qoya kənara çəkildi, ciyər dolusu nəfəs alıb azca özünə gəldi. Sonra cibindən kiçik əl güzgüsünü çıxarıb sir-sifətinə baxanda…qəhər onu boğdu, dəhşətli bir şey görmüş kimi, güzgünü qaytarıb tez cibinə qoydu. Və çönüb barakdan bir-birinin dalınca bayıra çıxan dustaqlara göz qoymağa başladıqda… Xuduşu gördü və tükləri soyuqdan yox, qəzəbdən, bəlkə də qorxudan biz-biz oldu. Xuduş sırıqlı geymişdi, başına isə dovşan dərisindən olan köhnə papaq qoymuşdu. Saqqal buraxmışdı. Özü də əvvəlki Xuduş deyildi, xeyli arıqlamışdı. Nəzərə baxıb şit-şit dişlərini ağardırdı. O dəqiqə Nəzərin yadına hələ rayonda ikən Xuduşa elə milis idarə-sində onu yumruqlaya-yumruqlaya təpikləyə-təpikləyə dediyi sözlərə gəlib düşdü və kişi uçundu. «Səni burda öldürmürəm, amma orda, həpsxanada öldürəcəm.» İndi ona hər şey aydın idi: Xuduş o barakda imiş. Nəzərin gətirildiyini görüb heç cınqırını da çıxartmamış, gecə keçib hamı şirin yuxuya gedəndən sonra yavaşca ona sarı ilan sürünmüş və vurmuşdu. Ayrı cür ola bilməzdi.
Xuduş Nəzərin partlamış dodaqlarına baxıb arzusuna çatmış adam kimi gülümsəyə-gülümsəyə yanındakı gedən boyluq, arıq dustağa neçə pıçıldadı, yaxın gəlmədi, salam vermədi, özünü elə göstərdi ki, guya Nəzəri heç tanımır. Bunun isə nə demək olduğunu Nəzər çox yaxşı başa düşdü və qeyri-iradə olaraq fikridnə dolandırdı: «O köpək oğlu məni öldürəcək. Mən onu öldürməsəm, o məni öldürəçək. Adamı belə qatil eləyirlər, aman allah».
Nəzər həmin gecə üç dişini itirmişdi, ancaq səhər isə əvəzində vaxtilə Canəli bəyin vurub saldığı o üç diş müqabilində Kərimə - atasına verdiyi o üç qızıldan da qat-qat qiymətli bir şey tapmışdı: bu həbsxananın rəisi, polkovnik Şirin Şirinov idi. Şirin uca boylu, üz-gözündən nur yağan, saçları seyrəlib ağarmağa başlamış, həlim, mehriban bir adam idi. O kişi ilə bir-iki saat oturub söbət eləyən hər kəs heyrətini və təccübünü heç cür gizləyə bilmirdi ki, o necə olub gəlib bu sistemə düşüb: onun əynindəki libasla xasiyyəti heç vəchlə bir-birinə uyuşmurdu.
Nəzər helə həmin gün, səhər-səhər Şirinin yanına gəlib dərdini danışmış, başına gələn qəzavü-qədəri lap əvvəlindən axırına qədər söyləmişdi. Şirin Nəzərin «delo»sunu qabağına qoyub söbəhətini dinləmiş, çox mütəəssir olmuşdu. Elə ilk dəqiqələrdən Nəzər onun necə təmiz və həssas qəlbə malik olduğunu duyub elə sevinmişdi ki, göynəyən dodaqları da, düşmüş dişləri də yadından çıxmışdı.
Şirin dağlı balası idi: elə o da Nəzər kimi müəllim imiş. Əvvəllər, lap xidmətinin başlanğıcında çətin tərbiyə olunan uşaqlarla, az sonra həddi-buluğa çatmamış cani uşaqlarla işləmiş, bu yolda çox zəhmətlər çəkmiş, can qoymuş və öz dairəsində böyük hörmət qazanmışdı. İllər keçdikcə hörməti kimi, rütbəsi də artmışdı Şirinin. Ötən iyirmi-iyirmi beş il ərzində nə qədər adam onun əlinin altından gəlib keçmişdi, nə qədər sınıq qəlb, şikəst tale görmüş, ovundurmağa, sevindirməyə çalışmışdı. İstəyinə nail olanda – bir cavanı həyata, zəhmət dünyasına qaytaranda yerə-göyə sığışmamışdı. İstəyi baş tutmayanda – «heyif səndən, ay oğul. Sən öz-özünün qatilinsən!»
– deyib məyus olmuşdu.
Sonra onu böyütmüşdülər. Bu həbsxananın rəisi qoymuşdular. Şirin günlərin birində görmüşdü ki, o, bir xəzinə üstündə oturub – heç özünün də xəbəri yoxdu. Bu xəzinə – onun gördüyü, tanıdığı, üç il, beş il, on, on iki il ömrünü bu divarlar, tikanlı məftilli hasarlar arasında keçirən, ya qayıdıb təzədən təzə həyata atılan, ya elə burdaca məhv olan, unudulan adamların taleyidi – bunları yazmaq lazımdı, hərəsi bir kitabdı. «Sən yazmasan, bəlkə də heç kəs yazmayacaq, Şirin. Hansı yazıçı gəlib burada bu məhbuslar arasında aylarla yaşayar, öyrənər, sonra gedib əsər yazar? – Heç kəs.» Bəli, Şirin o adamların çoxunun taleyini qələmə almışdı və xoşbəxtlikdən o yazıları çap da eləmişdilər.
Söhbətləri bura çatanda məlum olmuşdu ki, Nəzər onun kitablarının (dörd kitabı çıxmışdı) hamısını oxuyub, o kitablar onun kitabxanasında var.
Daha doğrusu var idi. İndi hanı o kitabxana, o kitablar? Nəzər yanıqlı bir ah çəkmişdi o zaman. Nəzər Şirinin kitablarından elə həvəslə danışmışdı ki, təbiətən təvazökar olan, özünü heç vaxt yazıçı saymayan, həvəskar hesab eləyən polkovniki lap mütəəssir eləmişdi. Kişinin sevindiyindən gözləri yaşarmışdı.
«Mən elə bilirdim mənim yazdıqlarım təkcə elə dustaqlar oxuyur!» – demişdi.
Taleyindən, tanrısından - hər yerdən əli üzülən, inamını itirmiş Nəzərin çıxardığı …Şirin…bu altı ildə demək olar ki, onu hər xata-baladan qorumuşdu. Xuduşu ayrı həbsxanaya köçürmüşdü, kişiyə… klub müdirliyini tapşırmışdı, ağır, fiziki iş görməyə qoymamışdı. Şirin gözəl ziyalı imiş, ziyalı qədiri bilən imiş xoşbəxtlikdən. Rəisin Nəzəri çox istədiyini görən dustaqlar da, hətta buranın atamanı sayılan Cuma da ona hörmət eləmişdi. Nəzər klubda can qoymuşdu. Köhnə səliqəsiz tərtibadı da dəyişmişdi. Şüarları təzədən yazmışdı, tək bircəciyini: «Qoy ədalət zəfər çalsın»ı xeyli düşünəndən sonra gözləri qəribə bir parıltıyla işıldaya-işıldaya divardan qopararaq çırıb, övkələyib zibil qutusuna atmışdı, çünki hiss eləmişdi ki, o sözləri harda yazıb yapışdırmaq münasib olsa da, burda yeri deyildi, heç olmasa ona görə ki, Nəzər burda idi. Hər dəfə bu kluba girəndə onun gözlərini deşəcəkdi o sözlər. Və iri, qırmızı həriflər yazılmış gözəl «Ədalət» sözü Nəzərdən utanıb qapqara utana bilərdi. «Lent otağı»nı elə gözəl, səliqəli bəzəmişdi ki, girən çıxmaq istəmirdi. Stendlər düzəldirdi. Hər bayram münasib. Zəngin kitabxana yaratmışdı. Tez-tez ədəbi-bədii gecələr təşkil eləyirdi, artistləri, şair və yazıçıları siyasi işlər üzrə rəis müavini podpolkovnik Hacı Əliyevin vasitəsilə görüşə dəvət edirdi.Kino qonaq qara olmayan vaxtlarda isə, Nəzər özü müxtəlif həyati mövzularda dustaqların qabağında danışırdı. Doğrudur, qabaq dişləri olmadığından, bir çox sözlər fışıltı ilə çıxırdı ağzından, ancaq məhbuslar buna adət eləmişdilər və demək olar ki, heç fikir də vermirdilər. Çünki sözləri mənalı və kəsərli idi. Əgər Nəzər yorulmasaydı, səhərəcən dinləməyə hazır idilər. Həm hər dəfə nə isə öyrənirdilər, həm də qulpundan daş asılan vaxdı öldürürdülər.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Dördüncü hissə, on ikinci fəsilZərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı: