Dördüncü hissə, üçüncü fəsil
Page 1 of 2
Bu gün qəribə gün idi — onun ad günüydü. Yəqin Bikə xanım evdə tək-tənha, ürəyində, yada qızlarının birinin yanında təmtəraqsız, sevincsiz ya da eləyirdi bu günü. Bəxtəvər çağlarında bu gün tezdən, yerindən qalxanda cavanlıq illərindən adət elədiyi kimi, Bikə gəlib ərinin alnından öpərdi və gülə-gülə:
– Böyük oğlan olasan, Nəzərim. – deyərdi. Qocalanan bura düşməmişdən qabaqkı il də Bikə elə belə demişdi:
«Böyük oğlan olasan.»
Nəzər gülmüşdü:
– Ta qocalmamışam, arvad, helə demə.
– Mənim üçün sən həmişə cavansan, kişi, cavan oğlansan.
«Yəqin indi…» Bikə bu sözləri ürəyində dedi.
Biz isə klubda, lilonim salınmış döşəmənin üstə, qoltuqağaclarının sağında, solunda yerə atıb oturmuşdu və qabağına sərdiyi ağ lay kağızda fırça ilə şüar yazırdı. Qələbə günü münasibətiylə stend düzəltirdi və beynində, xəyalında həmin günü xatırlamağa çalışırdı. Cəbhə yoldaşları, məhrumiyyətlər, yaralanması, o sarı faşistin arıq, uzun sifəti, təyyarələrin vıyıltısı,top, mərmi,güllə səsləri… Və sonra…ad günü… Tək-tənha, ürəyindəcə yad elədiyi ad günü… Kövrəltmişdi. Gələn il də bu gün burda olacaqdı; yəqin onda da tək olacaqdı və eynən beləcə, ya da barakda, yenə xatirələrə dalacaqdı…Qabaqda hələ düz yüz səksən beş gün var. Ayaq səsləri eşidib əl saxladı, açıq qapıya sarı baxdı:
– Nəzər müəllim, səni nəçənnik çağırır. – Gələn cavan, orta boylu, uzun dimdikli kepka qoymuş bir oğlan idi-Nəzər zənlə baxsa da tanıya bilmədi. Görməmişdi. «Yəqin təzə gələnlərdəndi».
– Day-day, deyir tez gəlsin.
– Tez gəlsin?
– Həri…
Nəzər fırçanı rəng qutusuna qoyaraq qoltuq ağaclarına sarı uzandı, əlini yerə dirəyərək qalxdı. Oğlan içəri girib yanında dayanmışdı. Görünür, həqiqətən yeni gətirilən məhbuslardan idi, çünki otağa çox diqqətlə tamaşa eləyirdi, divardakı şəkilləri, plakatları, şüarları nəzərdən keçirirdi.
Qaranlıqda üz-üzə gəldilər. Kepkalı oğlan içini çəkdi:
– Aaa, bu sənsən, Nəzər day-day tanımadın məni?
– Yox tanıyamadım. Bəs sən məni hardan tanıyırsan, oğlum? Mənim müəllim olduğumu nədən bilirsən?
– Müəllim olduğunu nəçənik dedi. Amma sən gərək məni tanıyasan axı, Nəzər day-day?
Zənlə baxdı:
– Xatırlayammıram,oğul.
– Nöşün, yadında deyil, neçə il qabaq, gecə yol azmışdıq ha, səndən yol soruşduq ha, səndə bizi… milisə gətirdin ha. Həri, həri.Sən o Nəzərsən…
Nəzərin sola dartılmış alt dodağı səyridi:
– Hm. Yadıma düşdü…Gərək ki, adın…
– Həri, İbaddı.
– Hm…
O gecəki qəribə və ürəyini ağrıdan mənzərə birər-birər yadına düşdü, söhbətlərini xatırladı. İbadın lap axırda onun arxasından vurub yıxması, neçə il bundan qabaq olsa da, təzədən ürəyini göynətdi. O gecə bütün çılpaqlığıyla, nifrəti əzabları ilə hafizəsində canlandı. O gecə Nəzərin imkanı olsaydı, bu İbadı, o Ağayevi, o Süleymanı dişiylə, dırnağıyla didib məhv eləyərdi. Amma onda yox idi elə imkan. Sonra da heç vaxt olmadı, ola da bilməzdi. Çünki İbad Bala-mirzənin şəhadətinə görə, Süleymanın adamı idi.
Amma aradan gör neçə il keçmişdi, o hirslər, o nifrət öləziyib soyumuşdu. Ancaq o zaman, elə maşının kabinəsində ikisinin arasında olan o söhbət, tam təfərrüatı ilə xəyalında canlanmışdı. Nəzər onda bu İbada demişdi: «Bu yol ki, sən gedirsən, bilirsən hara gedir?» «Hara gedir?» «Ağzıbirə.» «Ağzıbir nədi elə?» «Ağzıbir həbsxanadı, türmədi, bala.» «Həri?» «Həri.»
Nəzər bu söhbəti xatırlayıb bu ad günündə,bu gözəl və qəmli gündə, o zaman peyğənbərcəsinə dediyi o sözlərin doğru çıxdığına sevinmişdi. Nəzər üçün o maraqlı deyildi ki, İbad-ozaman taleyinin, nəhayət, bura gətirib çıxaracağı gün kimi məlum olan oğlan. İndi, Şirin Şirinovun tapşırığı ilə gəlib onu çağırırdı. Yox, maraqlı bu idi ki, İbad indi həbsxanada idi və Nəzər səkkiz il bundan qabaq bu günü görmüşdü, demişdi.
Nəzər qoltuqağacına dirənib, sol dodağı əsə-əsə:
– Gəlmisən, bala? – deyə soruşmuşdu.
– Həri, gəlmişəm. Sən deyən o ağzıbirə gəlmişəm, day-day. Sən düz deyirmişsən o vaxt. Ancaq mən başa düşməmişəm.
– Başa düşsəydin, çəkilib oturardın, halal zəhmətinə sığınsaydın, indi burda görüşməzdik, İbad.
– Həri, düz deyirsən, Nəzər day-day. Ancaq mənə de görüm, sən burda neyniyirsən? Sən ki, qanunun, ədalətin keşiyində möhkəm durmuşdun, cani-dildən ona qulluq eləyirdin, bəs sən niyə gəlib bura düşmüsən, hə? Tutaq mən tüfeyli idim, alverçi idim, axmaq idim…
Bəs sən?
–…
– Gör nə gündəsən? Ağzın-gözün əyilib, qıçını kəsiblər. Nəzər bu illər ərzində dözməyə adət eləmişdi. Təhqirlərə dözməyi öyrətmişdilər ona burda. Onun yalnız gücü bunu çatmışdı ki, İbada qəzəbli bir baxış fırlatmışdı və çəliklərinə söykənərək ondan uzaqlaşmışdı.
Bu sözləri ona yox, ürəyində demişdi:
«Haqsızlığa dözmək bəlkə də haradasa mümkündü, ancaq nadanlığa dözmək çətindir, Nəzər. Haqsızlıq sənin ürəyini partlada bilmədi, lakin nadanlıq partladacaq, vallah, partladacaq, billah. Partladacaq. Ey tanrı özün məni bu nadanlardan hifz elə.»
…Bu gün həqiqətən qəribə gün imiş…
Nəzər həbsxana rəisinin kabinetinə daxil olanda, Şirin azca əyilərək enli sinəsini stola dayıyıb nəyi isə diqqətlə oxuyurdu. Qapının açıldığını, kiminsə içəri girdiyini hiss eləyərək başını qaldırıb Nəzəri qarşısında görəndə belini düzəltdi, girdə, yaraşıqlı sifətində bir mehribanlıq, qara gözlərində bir sevinc parladı və yaxın dostunu, həmdəmini görübmüş kimi şadlıqla:
– Xoş gördüy, ay Nəzər kişi. – dedi- Gəl, gəl, əyləş. Əşi yenə aya-günə dönübsən, heç bu tərəfdə görünmürsən daha.
Çağırsam gəlirsən, çağırmasam yox.
Şirin boş vaxtı, imkan olanda, təzə hekayələr olanda Nəzəri yanına çağıtdırırdı, otağında oturardılar. Qabaqlarında çay, ya dərdləşər, ya da Nəzərin hekayələrini oxuyub müzakirə edərdilər. Nəzər bura düşəli Şirinlə ünsiyət tapılan milis polkovnikinin – bu sadə və qabiliyyətli qələm sahibinin ilk oxucusu olmuşdu. Şirin onun incə zövqünə, sözü-sözdən seçməsinə vurulmuşdu - ən yaxşı məsləhətçi, rəyçi, redaktor idi Nəzər. Onun bəyəndiyi yazını Şirin çox arxayınçılıqla qəzet-jurnal redaksiyalarına aparardı.
– Xoş günün olsun, Şirir. Görürəm, işin çoxdur, mane olmaq istəmirəm. Elə özümün də başım qarışıq olur. Bayramlar ki, dalba-dal düşüb, ona görə kluba əl gəzdirirəm, başımı qatıram. Günləri sayıram-deyərək keçib Şirinin qənşərində yox, divarın dibindəki stolların birində oturdu, qoltuq ağaclarının böyründəki stola söykəndi, ani olaraq baxışlarını dolandırıb Şirinin başı üstündəki portretə - Dzerjinskinin şəklinə baxıb, bir az əvvəl klubda o köntey İbaddan eşitdiyi o köntey, qəlbağrıdan sözlərin acısını yaddan çalışaraq, zorla gülümsündü: - Deyirəm, ay Şirin, tanrı sənin ömrünü uzun eləsin, nə yaxşı ki, sən varmışsan burda, sən olmasaydın, mən dözməzdim, indiyə çoxdan tələf olmuşdum. Sən yaxşı ziyalısan, Şirin. Ziyalılıq nə diplomnandı, nə dərəcədəndi, nə rütbədəndi. Şirin mən professor, akademik görmüşəm, amma ziyalı deyil. Mədəniyyəti yox, qabiliyyəti yox. Mən çoban görmüşəm, kolxozçu görmüşəm, təpədən - dırnağa ziyalıdır. Danışdırıqca həzz alırsan…
Şirin təvazökarlıqla əynindəki milis formasına işarə ilə:
– Mən adicə milisəm, Nəzər kişi. – dedi.
– Məsələ heç də libasda, formada deyil, Şirin. Daxili mədəniyyətdədi. Ürəkdədi, tərbiyədədi, Şirin…
– Düzdür, Nəzər kişi..
– İnsanın ki, ləyaqətini tapdaladın, mənliyini öldürdün, ləkələdin, elə bil ki, onun özünü öldürmüsən. Bu, başa düşən üçün, güllələnməkdən də betərdi. Məni o vaxt gülləsəydilər, daha yaxşı olardı. Çünki insan olub insan kimi yaşamaqdan, düşünməkdən məhrum edilmək ölümdən pisdi həqiqətən. Bu altı ildə mən ancaq səninlə danışanda, ancaq səni bax bu kabinetinə gələndə özümü dustaq yox, insan eləmişəm. Qalan yerdə hər addım başı, mən dustaq olmuşam.
Adamlar necə kobudlaşıblar, necə qəddarlaşıblar, ilahi.
Şirin o dəqiqə hiss elədi ki, yəqin yenə kimsə qocanın xətrinə dəyib, bu həssas insanın qəlbini qanadıb. Hər dəfə belə şey olanda, məsələni yerli-yataqlı öyrənib Nəzərin könlünə toxunan adamı tənbeh eləyən, «cəzalandıran» Şirin, indi bunun fərqinə varmadan onu sevindirməyə çalışdı:
– Dustaqxanayla sənin aranda daha bir şey qalmayıb, Nəzər kişi..
– Nə danışırsan, canım? Necə bir şey qalmayıb? Düz bir il dörd ayım qalır hələ… - deyib köks ötürdükdə Şirin uşaq kimi məzlum-məzlum gülümsündü:
– Yox, Nəzər kişi. Səni bu gün buraxıram gedirsən evinə.
Nəzər qulaqlarına inanmadı. Sağ-salamat gözü alacalandı, pırpız qaşları yuxarı dartıldı:
– Nə danışırsan, Şirin? Mənimlə belə zarafat eləmə, Şirin, ürəyim partlayır. Çiyinləri tez-tez qalxıb-enməyə başladı, yalvarıcı baxışlarını ona zilləyib udqundu.
– Yox, zarafat eləmirəm, Nəzər kişi. Səni təbrik eləyirəm, müəllim.. Bax, budur, al oxu, SSRİ prokurorluğundan sərəncam gəlib. İndicə almışam. – Şirin üstünə qırmızı möhür vurulmuş, parıldayan kağızı ona verdi. Nəzər əsən əlini uzadıb vərəqi aldı və gözləri önünə gətirdi. Bir an sonra o kağız Nəzərin əlindən sürüşüb yerə düşdü, başı isə sinəsinə endi. Şirin həyacanla stolun arxasından qalxıb ona sarı cumdu:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:
İkinci hissə, on beşinci fəsilXəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.
Birinci hissə, birinci fəsilAyrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.
Birinci hissə, üçüncü fəsilŞəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Şeir mənim üçün bir kainatdırŞeir mənim üçün bir kainatdır,Onun ulduzları,
Ey vay kim, can verdimü bir yari-cani tapmadımEy vay kim, can verdimü bir yari-cani tapmadım,Sərv boylu bir güli-ğönçədəhanı tapmadım,
Azərbaycan süruduEy torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan,Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!