Dördüncü hissə, üçüncü fəsil
Page 2 of 2 · 50%
– Nəzər müəllim, Nəzər müəllim!.. – diyə qorxu içində onun başını qaldırıb üzünü yüngülcə şapalaqladı. – Əşi, sənə nə oldu? Sonra dönüb qrafindən su gətirdi.
– Al iç, toxta…
Nəzər gözlərini handan-hana açaraq…tappıltı ilə yerə yıxıldı. Büsbütün özünü itirmiş Şirin, kişinin qollarından tutub qaldırdı və stulda oturtdu. Stolun üstündəki jurnalı əlinə alıb,
– Əşi, sənə nə oldu birdən-birə?
Nəzər əl atıb köynəyinin yaxasını açdı və çətinliklə:
– Ta demə, Şirin… Öldüm, təzədən dirildim… Getdim o dünyaya, yenidən qayıtdım…- Pencəyinin cibindən siqaret çıxarıb, Şirin onun papirosunu yandırdı, keçib yerində əyləşərək özü də bir siqaret alışdırdı.
– Məni lap qorxuzdun, ay Nəzər kişi..
– Hələ də inana bilmirəm…Elə bil içimi çevirdilər, özümü unutdum… Qıçımın olmadığını da unutdum, durub cölə qaçmaq istədim ki, mən azadam, mən azadam…Aman allah, mən azadam. Şirin səni and verirəm balalarının canına, doğrudan mən azadam? Doğrudan bu gün məni buraxırsan?
– Əlbəttə, Nəzər kişi. Buraxıram. Sən bu gün evə gedəcəksən… Düzdü, məndən olsaydı, səni bir gün də burda saxlamazdım, amma neyləyim, mən də buyruq quluyam – mən bu kağızlara səndən çox inanmalıyam, Nəzər kişi..
– Hə, - köks ötürdü – Təssüf ki, bizdə canlı insana yox, kağıza daha inanırlar ki, bunda da böyük təhqir yoxdu.
– …
– Yaxşı, bu necə olan işdi, ay Şirin. Axı mənim bir il dörd ayımmm…
– Hə, elədi ancaq bilirsən səni kim vaxtından qabaq buraxdırıb?
– Yox… Kim?..
Şirin daxili bir qürur hissi ilə:
– Sakit Aranlı.. Sənin yazıçı dostun.. – söylədi.
– Sakit Aranlı?
– Bəli, o dəfə, üç ay bundan qabaq bura görüşə gələndə…
– Hə, hə. Mən bura gələndə yazığın gözləri kəlləsinə çıxdı. İnanmadı.
– Görüşdən sonra… mənə burda oturub çay içəndə dedi ki, təmiz adam idin Nəzər müəllim. Onu nəyin bahasına olursa-olsun xilas eləmək lazımdı. Yox, Nəzər müəllimi qurtaracağam. O bizim gözəl ziyalımızdı. Hayıfdı belə adamlar. Düz Kremilə yazaçam. Məndən də lazımi məlumatlar aldı Sakit Aranlı.
– Nəzərin gözləri yaşardı.
…O vaxt, üç ay bundan qabaq həbsxanaya, dustaqlarla görüşə çağırıldığını biləndə Sakit çox sevinmişdi. Çünki ora, o dörd divar arasına günahlı-günahsız düşən admlarla, onların qəmli həyatı və taleyi ilə yaxından tanış olmaq bir qələm sahibi kimi onun çoxdankı arzusu idi. O, həyatın özünü bəzək-düzəksiz, göründüyü kimi yazmağı xoşlayırdı. Bunun üstündə başı çox ağrısa da, neçə əsəri məhz bu səbəb üzündən işığa həsrət qalıb arxivində yatsa da, bu adətindən əl çəkə bilmirdi. Ürəyi deyəni, gözü görəni yazmışdı həmişə. Həbsxanaya gedə-gedə bunu düşünmürdü ki, yəni, maraqlı bir insan talehi ilə rastlaşır və qismət olsa, əlindəki romanı qurtardıqdan sonra onu qələmə alar. Ancaq heç ağlına gətirməzdi ki, onun gələcək əsərinin qəhramanı çoxdan tanıdığı, dost saydığı, ədəbiyyatın, sənətin xiridarı və bilicisi hesab elədiyi, hər təzə kitabını avtoqrafla göndərib sevindirdiyi, ən başlıcası ilə qocaman və müdrik bir müəllim kimi sevdiyi Nəzər müəllim olacaq. Sakit, Nəzəri burada, həbsxananın həyətində tanınmaz halda görəndə əvvəlcə gözlərinə inanmamışdı, səhv elədiyini, kiminləsə qarışıq saldığını güman eləmişdi. Nəzər bilirdi ki, Sakit gələcək. Bunu ona İslah əmək düşərgəsinin siyasi işlər üzrə rəis müavini podpolkovnik Hacı Əliyev demişdi və bu xəbərdən Nəzər həm sevinmişdi, həm məyus olmuşdu: sevinmişdi ki, Sakit gələcək-neçə il idi görmürdü. Məyus olmuşdu ki, Sakitin yanında utanacaq. Hələ özünü xəstəliyə vurub bu görüşdə iştirak eləməmək fikrinə də düşmüşdü. Ancaq Sakitə olan məhəbbəti çəkəcəyi xəcalət hissini üstələmişdi, klubu sahmana salıb çox sevdiyi yazıçının əsərlərinin sərgisini təşkil eləmişdi, şəklini böyüdüb kitablarının üstündən asmışdı, səhnədəki uzun mizin üstünə vazada qərənfil qoymuşdu.
Yox, Sakit səhv eləmirdi:qarşısındakı Nəzər müəllim idi.
– Sən…Nəzər müəllim deyilsən?
– Xoş gördük, Sakit. Mənəm. Təccüb eləyirsən ki, Nəzər hara, bura hara, hə?
– Hə də. – deyərək Sakit sarılmış halda irəli yeriyib onun əlini sıxmışdı. Nəzər isə hər iki əlini qoltuqağaclarından ayırıb Sakiti qucaqlamışdı. Sakit geri çəkilib Nəzəri təpədən-dırnağa süzmüşdü və özü də hiss eləmədən gözləri yaşarmışdı.
– Dünyada da, Sakit. - deyə Nəzər də kövrəlmişdi.
– Çoxdan burdasan?
– Altı ilə bir şey qalmayıb.
– Baho. Deyirəm axı, sənə necə kitab göndərmişdim, bir cavab almamışam. Fikirləşirəm ki,..
– Burda niyə dayanmışıq? Gəl mənim iqamətgahıma. Orda azadlıqda müəllim idim, burada klub müdiriyəm.
Nəzər Sakit Aranlını içəri aparmışdı. Sakit klubun səliqəsəhmanını, öz şəkilinə, kitablarına gözucu baxıb heç nə deməmiş, elə qapı ağzındakı otrucaqda oturmuşdu. Nəzər də qoltuqağaclarını kənara qoyaraq böyründə əyləşmişdi. Hər ikisi bir müddət susub siqaret yandıraraq bir-birinə baxmış, qəmli-qəmli gülümsünmüşdülər. Nəhayət, Sakit Aranlı:
– Ay kişi, danış görüm bu nə müsibətdi sənin başına gəlib?- demişdi. Nəzər siqaretinə dərin bir qüllab vurub köks ötürərək əhvalatı yerli-yataqlı danışmışdı Sakitə. Sakit çox kədərlənmişdi.
– Belə də vicdansızlıq olar? «Qara məni basınca, mən qaranı basım» eləyiblər lap.
– Hə. Elə etdilər. Ürəyim partlayır, inan. Balalarımın ölmüşünə, əgər bir zərrəcə günahım olsaydı, hec cınqırımı da çıxarmazdım, inan. Amma yoxdur günahım. Vallah yoxdu, Sakit.
– Bəs şikayət-zad eləmədin?
– Necə eləmədim? Bakıya, Moskvaya. Yazmadığımız idarə qalmadı, Sakit. Eşidən olmadı səsimizi, qardaş hara yazdıq, elə bil quyuya düşdü.
– Elə şey olmaz ki.
– Mən də həmişə elə bilirdim ki, harda da olsa, bizdə, bizim cəmiyyətimizdə elə şey ola bilməz. Amma sonra inandım ki, daha doğrusu, inandırdılar ki, olarmış, qardaş. Haqsızlıq, ədalətsizlik düzü-dünyanı ağzına alıb aparır, heç kəs heç kəsin kitabını oxumur indi. Hamı ancaq özünü düşünür. Bu torpağın, bu camaatın qeydinə qalan yoxdur, qardaş. Rayon rəhbərliyindən tutmuş lap Bakıda oturan böyüklərimizə hamısı öz ailəsini öz xalqı, öz kabinetini isə vətəni hesab edir az qala. Vəzifə, stol, partbilet üstündə əsirlər. Onların çıxışlarına qulaq asıram, yazılarını oxuyuram, hamısı kommunizimdən, xoşbəxt həyatdan, güzərandan danışır. Düz deyirlər onlar. Onlar həqiqətən kommunizmdə yaşayırlar. Xüsusi maqazinləri var? Var. Xüsusi xəstəxanaları var? Var. Hətta xüsusi qəbiristanları da var. Ta bu nə bərabərlik oldu, bu nə yoldaşlıq, bu nə qardaşlıq oldu, qardaş? Axı Lenin belə deməmişdi. Amma sən bax camaatımızın güzəranına. Ürəyin ağrıyır. Torpağımızı öldürüblər. Xəbərin var? Uşaqlarımız şikəst doğulur. Xəbərin var? Bu millətin sabahı nə olacaq? Düşünürsüz? - Yox. Sizi bunların heç biri düşündürmür. Deyirsən yazmamışam? Kimdən yazırsan, şikayətini onun üzərinə göndərirlər. O da «Sən məndən şikayət edirsən?» - deyib sənin atanı təzədən yandırır. Düz söz demək olmur, düz söz deyənin gözünü deşirlər, qardaş. Şikayətlərin çoxu gedib yerinə-yurduna çatmır. Sən tarixi yaxşı bilirsən. Nəsrəddin şahı – İranda əlli il padşahlıq eləyən Nəsrəddin şahı deyirəm. Hə onu bir gün Mirzə Rza adlı qeyrətli bir oğul vurub öldürdü. Şahın yerinə taxta oturan oğlu Müzəffərəddin həmin Mirzə Rzadan soruşdu ki, mənim atam sənə neyləmişdi ki, onu qətlə yetirdin? Mirzə Rza dedi: «Şəxsən mənə heç nə. Amma mən İranı əziz vətənimin bu ağır, dözülməz vəziyyəti haqda, onun var-yoxunun bir ovuc daxili istimarçılar və xaricilər tərəfindən insafsızcasına soyulub talan olunması haqqında atana düz beş dəfə yazıb müraciət eləmişdim, imdad istəmişdim. Birinə də cavab vermədi.» Müzəffərəddin dedi: «Sənin məktubların axı atama gəlib catmamışdı.» Mirzə Rza söylədi: «Bax helə ona görə öldürdüm sənin atanı. Ona görə öldürdüm ki, məmləkətdə elə şərait yaratmışdı ki, mənim - bu torpağın bir oğlunun, bir vətəndaşının səsi, sözü öz padşahına gedib çatmırdı?» Yəni deyirsən mən də, haqq səsi-sözü eşidilməyənlər də belə eləsinlər? Axı bu düz yol deyil. Axı bir bürokratı öldürəcəyəm, siz sabah onun yerinə eynən onun kimi «plan», «bayraq», «molades» dalınca qaçan, ancaq özünü düşünən, düz söz eşitməyən başqa bir bürokratı gətirib qoyacaqsız. Yox. Belə yaşamaq olmaz. Mən ancaq bir şeyi yəqin bilirəm: sabah bu xalq sizin hamınızı, onun ciyərini yeyib onu görməyənləri, onun harayına arxa çevirib ona biganə olanları, sözünü eşitməyənləri divara söykəyib güllələyəcəklər. Vallah güllələyəcəklər, billah güllələyəcəklər.
Nəzər yana-yana, sözləri sınıq dişləri arasından fışıltı ilə cıxararaq danışırdı. Sakit, həmişə olduğu kimi, sakitcə, təmkinlə oturub qulaq asırdı. Nəzər özünü unudmuşdu, dərd ona güc gəlmişdi deyə sanki qarşısında oturanın kim olduğunu yadından cıxarmışdı. Nəzərin axırıncı sözlərini eşidəndə o, qacmışdı və Nəzər də bunu görmüşdü. Kişi Sakitin qımışmağını görən kimi ayılmışdı və oğurluq üstə tutulmuş uşaq təki Sakitin üzünə baxıb günahkarcasına:
– Məni bağışla, sən allah, Sakit. - söyləmişdi. - Deyəsən mənim əsəblərim pozulub lap son vaxtlar. Bu dörd divar arasında adam dəli olar, qardaş. Mən…Yaxşı bilirəm, sən adi bir qələm sahibisən, əlində nə ixtiyarın var ki. Amma yox. Bunları sən bilməlisən, yaxılmalısan, qardaş. Yazmasan, tarix səni bağışlamaz, bu xalq səni bağışlamaz. Mənim isə sadəcə ürəyim doluydu, qəbr eləyirdi dərdim, ona görə bunları sənə dedim. Məni bağışla, sən allah, Sakit. Yox-yox, Nəzər kişi. Nə danışırsan? Mən səni başa düşürəm. Bu dərdlərin hamısı mənə tanışdı və bilirsən ki, mən bütün ömrüm boyu belə şeylərə biganə qalmamışam. Deyiblər də, çap eləməyiblər də, amma dözmüşəm. Susmamışam, yazmışam. Məndə də belə bir inam olub ki, belə olmaz, belə getməz və getməyəcək də. Sənin danışdıqların isə hamısı həqiqətdi, kişi. Ancaq dünənin həqiqətidi. Bu dərdlər qeyrəti, mənliyi olanların, əsl kommunistlərin hamısını illər uzunu düşündürüb. Açıq, tribunalardan bu həqiqətləri deyənləri gedib, öldürülüb, çürüdülüb. Deyə bilməyənlər yazıb saxlayırlar, indi çıxardırlar ortalığa. Ağıllı, qeyrətli oğlanlarımız həmişə düşünüb, kişi. Ancaq mən bir şeyə təəccüb eləyirəm: məgər siz burada qəzet-jurnal oxumursunuz, radioya qulaq asmırsınız? İndi məmləkətdə yeni yellər əsir, kişi. İndi aləm sökülüb təzədən qurulur, İndi..
Nəzər onun sözünü kəsmişdi:
– Qəzetdə oxuyuruq, jurnal da. Bilirik ki, əsməyinə əsir. Ancaq biz yazıqlar o qədər yalan eşitmişik ki, deyirik bəlkə bu da yalandı. Adam nə qədər yalan eşidər, aman allah. «Yalançının evinə od düşdü, yandı, heç kəs inanmadı.» - məsələsini bilməmiş olmazsan, Sakit.
– Yox-yox, Nəzər kişi, bu, yalan deyil, bu, həqiqətdi: özü də böyük həqiqətdi.
Nəzər ağzını doldurub daha nə isə demək istəmişdi ki, podpolkovnik Hacı Əliyev içəri girmişdi. Rəisin, qonağı öz kabinetində gözlədiyini söyləmişdi. Bununla da onların söhbəti yarımçıq kəsilmişdi. Sakit qapıdan çıxanda beynində, qəlbində sabah yazacağı təzə romanın bir az qəmli, bir az qəzəbli nəğməsi doğulurdu və bundan hələ Nəzərin xəbəri yox idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.Gülmirə ürəyindən keçirtdi:
İkinci hissə, on beşinci fəsilXəzangülün kolyaskası evdəydi, divanın yanındaydı — qarşı divara sarıydı və o, həmişəki kimi hərəkətsiz televizora baxırdı. Əsəd onu bir az əvvəl gətirmişdi dəniz qırağından. Sahildə də hava isti idi, həyətdə lap bürküydü. Otaqda isə heç nəfəs almaq olmurdu. Sahilə küçəyə baxan pəncərələrin hər ikisini açmışdısa da, içərinin nəfəsi azalmamışdı.Xəzangül fikirli-fikirlr kinoya tamaşa eləyirdi. Sahilə anasının yanında olmasa da, yan otaqda paltarını dəyişməklə məşğul olsa da, bilirdi ki, o, ekrana elə-belə baxır, fikri Əsədin yanındadı. Arzulayır ki, gecə tez gəlib gedəydi, səhər tez açılaydı və Əsəd yenə gəlib onu dəniz qırağına aparaydı. Kim bilir, bəlkə də Xəzangül belə düşünmürdü, ancaq Sahiləyə elə gəlirdi ki, anası məhz bundan başqa heç bir arzu ilə yaşaya bilməz indi.
Birinci hissə, birinci fəsilAyrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.
Birinci hissə, üçüncü fəsilŞəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Şeir mənim üçün bir kainatdırŞeir mənim üçün bir kainatdır,Onun ulduzları,
Ey vay kim, can verdimü bir yari-cani tapmadımEy vay kim, can verdimü bir yari-cani tapmadım,Sərv boylu bir güli-ğönçədəhanı tapmadım,
Azərbaycan süruduEy torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan,Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!