İkinci hissə, on dördüncü fəsil
Gülmirə yaman pərişan olmuşdu. İltifatın onunla bu cür sırtıq rəftarı — eşq elan eləmək istəməsi, hələ üstəlik Orxanın da adını çəkməsi, onu — Gülmirənin əzizini ölü adlandırması ürəyini alt-üst eləmişdi. Evə gəlmişdi. Soyunub duş qəbul eləmişdi, ancaq aram ola bilməmişdi. Elə bil kimsə öz murdar əllərilə onun təmiz vücuduna toxunmuşdu, soyuq suyun altında çiməndən sonra da o, özünü pak hesab eləyə bilmirdi. İndi, eyvanda oturub qarşısında mürgü vuran dənizə baxa-baxa ürəyində İltifata dərin bir nifrət hissi qaynadığını duyurdu. «Məni tək, kimsəsiz görüb gör nə ağız bəhəm eləyir bu yaramaz!? «Sənə şer yazmışam!» Sənin şerin təpənə dəysin, dombagöz vicdansız! Simasız adam!» — Qəlbi hövlündən az qalırdı partlamaq dərəcəsinə gəlsin. Bu, Gülmirə üçün qeyri-adi hal idi. Əqdəm, Orxan dünyadan köçəndən sonra indiyəcən heç bir başı papaqlı cürət eləyib ona güldən ağır bir söz söyləməmişdi, pis gözlə baxmamışdı. Sadəcə, o özünü elə aparmışdı ki, kimsə buna cəsarət eləməmişdi. İndi İltifat... Birdən o, xatırladı ki, İltifat eyni sözləri Ümmügülsümə də, Faziləyə də söyləyib. Onlar İltifatın dediklərini heç veclərinə də almayıblar. «Sən niyə pərt olursan, Gülmirə! heç əhəmiyyət vermə. Sayma onu, qoy qalsın yana-yana. İt hürər, karvan keçər! Yox, ölünü özbaşına qoymaq olmaz. Bir də belə cəsarət eləsə, onu biabır eləyəcəyəm — bütün kollektivin içində üzünə tüpürəcəyəm. Baxmayacağam akademik oğludu, şairdi, nə zibildi!» — deyə o, nəhayət bu gün ona ağır, təhqiramiz sözlər demiş — Gülmirə bunu məhz təhqir hesab eləyirdi — İltifatın xəyalını yaddan çıxarmaq üçün qalxıb eyvanda gəzindi, daş məhəccərə dirsəklənib aşağıya — küçəyə, Bəhram-Gurun əjdaha ilə vuruşmasına, dayanan maşınlara, gəzişən adamlara tamaşa eləməyə başladı. Köhnə İnturistin qabağında ağappaq, uzun «Zim» maşını diqqətini cəlb elədi. Maşın qırmızı lentlərlə, qərənfillə bəzənmişdi. İçərisindən dümağ geyinmiş bəstəboylu bir gəlin düşdü. Görünür toy idi. Qara kostyum geymiş oğlan qızın qoluna girib o biri maşınlardan da düşən adamların — bəzənib-düzənmiş qızların, gəlinlərin müşaiyəti ilə yavaş-yavaş pillələri çıxıb içəri keçdilər.
Gülmirə ürəyindən keçirtdi:
«Xoşbəxt olun. Səadət sizə yar olsun, cavanlar». Uzaqdan eşitdiyi çalğı səsi, gözlərini oxşayan alabəzək toy izdihamı könlünü oxşadı, içərisini xoş duyğularla doldurdu. Baxışlarını dolandırıb mavi dənizə baxdı. Dənizdən sərin meh əsirdi. Gülmirənin yanaqlarını, saçlarını oxşayırdı. Əsəbləri dincəlirdi, xəyalı hər dəfə bu eyvana çıxanda olduğu kimi, Orxanı heçlik, yoxluq aləmindən tapıb yanına gətirirdi. Zahirdə eyvanda tək idi, amma xəyalında Orxan da böyründə dayanmışdı. Onun «səsini» eşidirdi, «hənirtisini» duyurdu, lakin qanrılıb üzünə baxmaqdan qorxurdu
– çünki dönüb baxsaydı, Orxanın yerini boş görəcəkdi, məyus olacaqdı — bunu isə o, heç istəmirdi. Sükut gözəl idi, bu sükuta kənardan nəhəng mavi bir gözə oxşayan ancaq dəniz baxırdı. Gülmirə dənizin mavi gözə bənzədiyini hiss eləyəndə Orxanın haçansa, gərək ki, üç il bundan qabaq Gülmirəyə verdiyi tək vərəqdə yazılmış şer yadına düşdü. «Mənim gözüm dənizdi...» Onda Gülmirə Salmanın maşınında Nadirə xanımla Ceyhunla birgə tez-tez dənizə gedərdilər, doyunca çimərdilər. Səhər işə qayıdanda Gülmirə şöbədə dünən axşamçağı, gecə dənizə getdiklərindən, yaxşı-yaxşı istirahət elədiklərindən ağızdolusu danışırdı. Bu söhbətləri hamı kimi, Orxan da dinlərdi. Və o zaman Gülmirəni dəli bir məhəbbətlə sevən o, arzulardı ki, kaş elə gün olaydı, mənə də səninlə o dənizdə çimmək kimi bir səadət nəsib olaydı, Gülmirə. Bunu o, əlbəttə, ürəyində deyərdi, cəsarət eləyib Gülmirənin özünə söyləyə bilməzdi. Ancaq bir dəfə Orxan utana-utana Gülmirəyə dörd bükülmüş bir kağız verdi. Həmin şer yazılmışdı o kağıza. Gülmirə yalnız onda başa düşdü ki, Orxan onu necə ülvi bir məhəbbətlə sevir. İllər keçməsinə baxmayaraq, o şer Gülmirənin yadından çıxmamışdı. Və qəribə idi ki, o şeri də oxuyandan sonra o, tək bircə dəfə dənizə getdi. Onda doğrudan da elə bildi ki, dəniz Orxanın gözüdü. Gülmirə onun gözlərinin suyunda çimir. Bu, ona çox qəribə göründü və ondan sonra daha dənizə getməyəcəyinə söz verdi. Orxana onunla bir yerdə dənizə getmək qismət olmadı. Bu arzu onun ürəyində qaldı. İndi gör üstündən nə qədər vaxt keçir, hələ də Gülmirə dənizə getməyib. Çətin ki, bundan sonra bir də getsin. «Getməsəm də olar. Əzizim gözünü orda qoyub—mənim eyvanımın qabağında. Ordan mənə baxır. Gəlmədiyimi görüb bax beləcə, sərin mehə dönüb mənim yanıma uçur, tellərimi, boyun-boğazımı öpüb oxşayır»... «Mənim gözüm dənizdi» misra-misra, söz-söz ürəyinin dodaqlarında həzin bir kədər və məhəbbət nəğməsi kimi səslənirdi:
Mənim gözüm dənizdi, çimərsən gözlərimdə,
O mərmər bədənini göz yaşımda yuyarsan.
Mavi dalğalarımda öpüb oxşaram səni,
Məst olub nəfəsimdən qoynumda uyuyarsan.
Mənim gözüm dənizdi, dikilər yollarına,
Zərrin damcılarımı qədəminə çilərəm.
Sən dənizə gəlməsən, dönüb sərin küləyə —
Səni əzizləməkçin eyvanına gələrəm.
Mənim gözüm dənizdi, incisi sən, dürrü sən —
Gözümün bəbəyində səni gizli saxlaram.
Əgər bir gün söyləsən — unutmuşam səni mən —
Dəniz boyda ağlaram, dəniz boyda ağlaram.
Şer Gülmirənin içində oxunurdu. Ancaq ona elə gəlirdi ki, Orxan yanında dayanıb, özü pıçıldayır bu sözləri. Son misralar təkrar-təkrar Gülmirənin qulaqlarında səslənirdi:
Əgər bir gün söyləsən — unutmuşam səni mən —
Dəniz boyda ağlaram, dəniz boyda ağlaram...
Gülmirə qanrılıb böyrünə baxmadan, gözlərini «onun gözündən» — çəkmədən pıçıldadı:
«— Yox, Orxan. Sən arxayın ol, mən səni heç vaxt unutmayacağam və qoymayacağam ki, sən dəniz boyda ağlayasan, əzizim. Amma sən məni unudubsan, Orxan. Unutmasaydın, gələrdin gecələr yanıma; neçə aydı mən sənin evinə köçmüşəm, Orxan. Mən indi sənin gəlininəm, Orxan. Sən isə mən bura köçəndən bircə dəfə də olsa qapımızı açıb içəri girməyibsən. Yoxsa bura köçdüyümü bilmirsən? Bəlkə sənin evinə köçdüyümdən narazısan, küsübsən bəlkə məndən? Lap darıxmışam səninçün, Orxanım...»
Artıq hava qaralmışdı. Sahilin işıqları yanmışdı. Dəniz boyunca sıramla düzülüb nur saçan ağ sütunların şöləsi sulara düşmüşdü və elə bil, Orxanın o nəhəng mavi gözünün kirpikləri qızıldan idi.
«—Xoş gördük, gülüm.
– A... sənsən? Aman allah, gör kim gəlib, gör kim gəlib! Xoş gəlibsən, ay mənim sevincim, fərəhim. Ay mənim doyulmazım, əvəzsizim, — deyə-deyə Gülmirə elə yorğan-döşəkdə, dikəlib qollarını Orxanın boynuna doladı. Sevincdən dodaqları titrəyirdi, nəfəsi tıncıxırdı. Orxan çarpayının yanında əyilmişdi. Gülmirə sonsuz bir həsrət içində onun üzündən, gözlərindən öpürdü. Orxan onun ağ balışın üstünə dağılmış tellərini sığallayırdı.
– Hardasan, Orxanım. Belə də insafsızlıq olar? Axı sən bilirsən mən təkəm! Hər gün, hər gecə sənin yolunu gözləyirəm, sən isə gəlib çıxmaq bilmirsən, Orxanım. Mənə heç yazığın gəlmir?
Orxan onun dodaqlarından öpüb: — Darıxmışdın, Gülüm?
– deyə xəbər alanda:
– Hələ bir soruşursan da? — söylədi Gülmirə və incidiyini bildirirmiş təki, yerində azca geri çəkildi, nazla: — Hələ bir soruşursan da ey, sən allah! — dedi...
Orxan çarpayının qırağında oturdu, soyuq əlləri ilə Gülmirənin həyəcandan od tutub yanan sifətini özünə tərəf çevirib nəmlənmiş gözlərinə baxa-baxa:
– Ay mənim mehribanım, — dedi, — mən hara getmişdim ki, gələm də? Mən elə həmişə sənin yanındayam da, ay mənim əzizim. Sən məni gördün-görmədin, mən sənin yanındayam həmişə. Sənin hər işindən, addımından, sevincindən, kədərindən xəbərim var, Gülüm, inanmırsan?
– İnanıram, Orxanım. Ancaq... Mən səni hər an, hər saat, hər gecə yanımda görmək istəyirəm, səsini eşitmək istəyirəm, Orxanım. Sən səsini çıxartmayanda, bax, beləcə, varlığını, nəfəsini açıq-aşkar hiss eləməyəndə dəli oluram, sınıram, təklənirəm, özümü bədbəxt hiss eləyirəm.
– Yox, yox, o hissləri özündən uzaqlaşdır, mehribanım. Sən tək deyilsən, sən özünü heç vaxt bədbəxt hiss eləmə, gülüm. Bax, nəyin yoxdu? Hər şeyin var, qurban olum. Evin mübarəkdi, sağlığına qismət olsun, əzizim.
– Evin niyə deyirsən? Bu ev sənin deyil bəs?
– Mənim idi bir vaxt, indi sənindi. Mənim evim ordadı, balaca, qapısız, pəncərəsiz bir otağım var. Bəsimdi. Bu ev sənindi, gülüm.
– Yox, bizimdi, Orxan, ikimizindi. Mən bura sənin otağına toysuz-çalğısız, ürəyimdə bir dünya nisgil, gəlin gəlmişəm. Sənin nəfəsin, ruhun yaşayan bu ocağa gəlin gəlmişəm, Orxanım.
– Xoş gəlibsən, əzizim, xoş gəlibsən!
– Bəs niyə indiyəcən gəlib məni öz evində, öz otağında təbrik eləmirdin, Orxanım? Bilmirdin bura köçmüşəm?
– Bilirdim..: Özüm gəlmirdim, Gülmirə. Deyirdim qoy yaşasın, məni unutsun, mənsizliyə öyrənsin, adət eləsin. Bəlkə onda xoşbəxt ola bildin... Ancaq gördüm yox, sən məni unuda bilmirsən. Bu gün... isə.... lap əmin oldum ki, mən sənin taleyinəm, mən sənin bütün varlığınam, nəfəsinəm, səni tək qoymaq günahdı, ona görə gəldim.
– Niyə məhz bu gün, Orxanım?
– Ona görə ki, bu gün o sizdə işləyən oğlanın sənə dediyi sözləri, sənin ona cavabını eşitdim, mehribanım.
– Dombagözü deyirsən?
– Adını bilmirəm. Ad yadımda qalmır... Hə, sənin ona verdiyin cavabı eşitdim və ürəyim fərəh, iftixar hissiylə doldu, mehribanım. Sağ ol, gülüm. Ananın südü sənə halal olsun — o, belə deyib Gülmirənin bir az təəccübdən — bunları Orxan hardan bilirdi — bir az sevincdən yaşarmış gözlərindən öpüb:
– Sən ağlayırsan? Ağlama, ağlama, vəfalım mənim — dedi! Və ona elə gəldi ki, doğrudan da ağlayır. Hıçqırığına gözlərini açdıqda özünü çarpayıda tək görüb dərindən, bir ah çəkdi, sonra dənizə, — «o nəhəng mavi gözə» — Orxanının gözünə baxa-baxa sevinc qarışıq bir kədər içində düşündü:
«Məhəbbət böyük olanda, həsrət dözülməz olanda sevdiyin adam lap torpağın altından da qalxıb yanına gələ bilərmiş, ilahi. Budu məhəbbətin möcüzəsi».
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-on-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Boy-buxun onun, həzin, kədər dolu səs onun. İnsan insana necə də oxşarmış, ilahi! O qəribə, əsrarəngiz axşam, dar, alaqaranlıq küçədə Elməddinə tərəf uzanan o titrək əl, «Ağa, acam»– deyən mükəddər səs bircə anın içində nə vaxtdan öz itkin düşmüş taleyini, öz əlilə isti yuvasından didərgin saldığı sevgilisini səksəkə ilə nigaran baxışlarla gah ümidlə,gah inamsız-inamsız fikrində də, yuxusunda da axtaran oğlanın bütün düşüncəsini, ürəyini alt-üst eləmiş, varlığını elə titrətmişdi ki, gözləri qaralmış, yer-göy başına fırlanmış, alnına soyuq tər gəlmişdi. Yoxa çıxdığı gün yazdığı ilk və son məktubunda özünü «dünyaya bədbəxt gəlmiş» adlandıran Əfsanənin solğun, hüznlü çöhrəsi, göz yaşları ilə yoğrulub süslənmiş faciəli həyatı ani olaraq sehrli bir ecazkarlıqla gəlib onun gözləri qabağında cilvələnmiş və Elməddin hələ özünə gəlməmiş, harasa uçub getmiş, şəhərin tündlüyündə qeyb olmuşdu.
Birinci hissə, ikinci fəsilİldırım nahaq çaxmırmış, bir azdan Elməddin maşından düşüb Rəhgüzərgilin qapısı ağzına çatanda çisələmə yağış başladı və getdikcə gücləndi. Küçə fənərinin işığında iri yağış damcıları aydın görünürdü.Qapını Məleykə xanım açdı. Elməddin az qala salam verməyi də yaddan çıxarıb tələsik özünü həyətə saldı. Qadın ona «xoş gəldin» eləyəndən sonra ayılan kimi oldu, salam verdi. Məleykə çaşqınlığından, ağappaq ağarmış sifətindən o dəqiqə anladı ki, Elməddinə nə isə olub. Hərəkətlərində bir ürkəklik vardı, pencəyinin yaxası, başı açıq idi. Darvazadan içəri girərkən də, həyətdən keçib artırmaya çıxarkən də elə bir gözü arxada idi; elə bil, daldan kimsə onu qovurdu, indicə çatıb tutacaqdı. Məleykə xanımı şübhələndirən həm də bu idi ki, indiyəcən Elməddin bircə dəfə də olsa gecənin belə vədəsində onlara gəlməmişdi.
Birinci hissə, üçüncü fəsilZərrintac eyvandakı kresloda əyləşmişdi. Qarşısındakı dördkünc, alçaq jurnal stolunun üstündəki piyalədə məxməri çay buğlanırdı. Əyninə güllü parçadan isti xalat geymiş qız əllərini qoynuna qoyub fikrə getmişdi, gözləri yol çəkirdi. Nigaran idi, Elməddin dünən axşam gəlməli idi, amma gəlib çıxmamışdı. Nədənsə Zərrintac keçən gün çox istəyirdi ki, onunla görüşsün, söhbət eləsin. Söhbət də olmasa, elə-belə otursunlar, baxsınlar bir-birinə, — bu istək qəlbini elə sarmışdı ki, vaxt keçdikcə, oğlan gəlib çıxmadıqca qız bir yerdə qərar tutmamış, gah evə girmiş, gah eyvana çıxmış, yollara baxmaqdan darıxmışdı. Onun bu narahatlığını atası da hiss eləmişdi, ancaq üzünə vurmayıb bir söz deməmişdi.İki-üç dəfə evə zəng çalmışdı, ancaq dəstəyi götürən olmamışdı. Demək yox idi, harasa getmişdi. Bəs hara? Gecə keçəndən sonra da ondan bir xəbər çıxmadı. Bu gün isə bütün gecəni narahat yatan Zərrintac yuxudan ayılanda gördü ki, Elməddindən küsüb. Ona görə səhər də zəng eləmədi, harda olduğunun, niyə gəlmədiyinin səbəbi ilə maraqlanmadı.
Birinci hissə, dördüncü fəsilNəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.
Poems by other poets
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Ömür iki olaydıOvçu könül vurğun bir şux ceyrana,Səhər-səhər durub çıxdı seyrana,
Dua edirəm göyüzünə göyüzündən yuxarıyçün də, göyüzündən aşağıyçün dəMəryəmə və İbrahimoğluna*Vaqif İbrahimoğluna və Məryəm Əlizadəyə*