Nəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.

Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.

Ancaq Nəcməddin bütün bu sədaqəti, xoşbəxtliyi ilə yanaşı, dərin nigarançılıq hissi keçirirdi, çünki o, gizli bir qorxu içində həmişə düşünürdü ki, kimsə, nə zamansa Dünyasını onun əlindən alacaq və o bədən, o gözəllik, o şirinlik başqa birisinin könlünü oxşayacaq. O müdhiş hiss zaman-zaman gözəgörünməz yollarla Nəcməddinin sakit, arxayın, güllü-çiçəkli səadətinin üstünə kölgə salır, onu kədərləndirirdi: fikirləşirdi ki, hər nə qədər ağıllı olsa da qadındı, aldana bilər, yoldan çıxa bilər. İmkan vermək lazım deyil ki, kiminləsə ünsiyyətdə olsun, desin, gülsün. Bəzən qadın özü də hiss eləmədən, ani bir çılğınlığın, bir baxışın, bir xoş sözün gözəlliyinə uyaraq yolundan sapır, aldanır. Yaxud özünün xəbəri olmadan, sevir — səndən ləyaqətsiz də olsa, gözəl olmasa da — sevir. Sevdisə, qurtardı, onu nəinki var-dövlətlə, göz yaşları ilə, heç zəncirlə də tutub saxlamaq olmaz. Doğrudur, belələri sonra peşman olur, ancaq inam, etibar itəndən sonra — geri qayıtmaq çətin olur, qeyri-mümkün olur. Səni sevən, eşqinlə çırpınan, yaşayan ürək-qədrini bilsən — ömürlük sənin mənzilindir, məskənindir, çalış orada ağılla, düşünə-düşünə yaşa, onda ömürlük yaşayarsan. Şeytanın, qızıl-gümüşün fitnə-felinə, parıltısına uyub ordan çıxdınmı, necə deyərlər, qapını arxanca bağladınmı – daha geri qayıda bilməzsən və heç qayıtmasan yaxşıdı; özün uçurduğun, daşını daş üstündə qoymadığın bir binada necə yaşaya bilərsən?!

Yox, Nəcməddin onu heç kəsə verməyəcək, nə qədər ki canında can var, nə qədər ki ürəyi o sehrli, o əsrarəngiz məhəbbətlə çırpınır, Dünya onun olacaq. Çünki Dünya onun üçün ömürdü, həyatdı, yaşamaqdı. Hətta — bir dəfə belə qərara da gəlmişdi — günlərin birində Dünya ona xəyanət etmək belə fikrinə düşsə və o, bunu hiss eləsə çılğıncasına sevdiyinə baxmayaraq, canını dişinə tutub uf demədən öldürəcək əzizini. Öldürəcək, vəssalam. Düşündüyünü deməyi xoşlayan Nəcməddin qızı qorxutmaqdan daha çox, itirəcəyindən ehtiyat edərək bu fikrini açıb ona söyləmişdi. Dünya təəccüblənmədən, adi bir söhbət edirmiş kimi gülmüş, Nəcməddinin burnunun ucuna çırtma vurub nazla demişdi:

– Dəlisən, vallah.

Bəli, Nəcməddin neçə müddətdi belə bir qorxunu heç cürə ürəyindən uzaqlaşdıra bilmirdi və indi, qızı ilə danışıb öz Dünyasını evinə gətirməyə gedərkən qəribə bir sövq-təbii ilə səbəbini anlamadığı, hardan axıb qəlbinə dolduğunu bilmədiyi o şübhənin varlığını tərk elədiyini aşkar anlayır, rahat nəfəs alır və buna uşaq kimi sevinirdi. Necə-olsa, közünün qabağında olacaqdı, istədiyi vaxt görəcəkdi, əzizləyəcəkdi. Bu, onun üçün əvəzsiz rahatlıq, qiymətsiz səadət idi. Həm də evdə hökm sürən dəhşətli biganəlik, yadlıq, soyuqluq, boşluq aradan qalxacaqdı. Zərrintac üçün də bir qulaq yoldaşı tapılacaqdı. Dünya söhbətləri ilə onu əyləndirəcək, yerə-göyə sığışmayan, təklikdən kədər içində solub-saralan qızın başını qatacaqdı. O, daha əvvəlki kimi darıxmayacaqdı, Nəcməddinin özü də insan kimi yaşayacaqdı.

Digər tərəfdən də Dünyanın dörd divar arasında keçən qəmli, tənha və pərişan günlərinə son qoyulacaqdı. Əslində zavallı Dünya həbsxana həyatı keçirirdi. Heç yana çıxmır, kimsəni görmürdü. Lazım olan hər şeyi Nəcməddin özü alıb gətirirdi; ətini, yağını, meyvəsini, göy-göyərtisini... Ancaq həyat təkcə bunların üstündə qurulmamışdı ki? Dünya insan idi, qadın idi, onun üçün insan ünsiyyəti gərək idi, heç olmasa qadın ünsiyyəti gərək idi. Hələ gəzintnsi, qonaqlıq, konserti, kinosu bir yana qalsın... Bəli, Dünya — Nəcməddin kimi qadir, qüdrətli bir kişinin sevgilisi bunların hamısından məhrum idi. Kişi onu bəzi mülahizələrə görə indiyəcən üzə çıxarmaqdan, bu qoca vaxtında sərzəniş, tənə qazanmaqdan qorxmuşdu, çəkinmişdi.

Beləliklə, Dünya ancaq Nəcməddin bu evə gələndən gələnə adam üzü görür, bir-iki saat dərdini dağıdır, fərəhlənir, o çıxıb getmək istəyəndə isə buraxmaq istəmir, boynuna sarılıb az qala ağlayırdı.

İndi gör Dünya Nəcməddinin onu öz evinə aparmaq fikrini biləndə necə sevinəcəkdi?..

...Nəcməddin zəngin düyməsini basmadı, şalvar cibindən çıxartdığı açarla qapını astaca açıb otağa girdi. Evdə sakitlik idi, elə bil heç kəs yox idi. Nəcməddinin ürəyi düşdü. «Bu hara getmiş olar?» — deyə səksəkə ilə evə göz gəzdirdi və Dünyanı çarpayısında şirin-şirin yatan görüb toxtadı. Taxta döşəməni cırıldatmamağa çalışaraq, ayaqlarının ucunda, oğruluğa gedirmiş kimi, astaca irəli yeridi. Dünya üstünə ağ mələfə çəkmişdi, çılpaq qolunun birini başının altına, o birini sinəsinə qoyub körpə kimi mışıltı ilə uyumuşdu. Qapqara saçından iki-üç tel ayrılıb məsum, ağ üzünə düşmüşdü. Nəcməddin qanrılıb çarpayının müqabilindəki divara vurulmuş iri bədənnüma güzgüyə nəzər saldı. Bir Dünya da orada yatmışdı. Necə də gözəl idi bu mənzərə!? Nəcməddii heyran-heyran güzgüdəki Dünyasına xeyli tamaşa elədi. Ani olaraq Nəcməddin əsl Dünyanın hayanda olduğunu unutmuş kimi, iki addım güzgüyə sarı yeridi, ancaq arxadan çarpayının cırıltısını eşidib ayaq saxladı və geri döndü. Dünya oyanmamışdı, azca yana çevrilib balaca, qəşəng əlini sol sifətinin altına qoymuşdu.

Nəcməddin yavaşca çarpayıya yaxınlaşdı, yaxındakı kətilin üstündə əyləşdi. Mışıl-mışıl nəfəs alan, uzun kirpikləri az qala yanaqlarına düşmüş Dünyanın yatışına fikir verdi. Yuxuda gülümsünürdü sanki Dünya. Ağ, yaraşıqlı sifətini incə, güclə sezilə biləcək bir təbəssüm dolaşırdı. Nəcməddin titrək əlilə onun ağ balış üzərinə səpələnmiş yumşaq saçlarını tumarlayır, ürəyində həyəcanla pıçıldayırdı:

«Mənim yatmış mələyim. Mənim əzizim, həyatım, qolumqanadım. Sən niyə belə gözəlsən, ay şeytan balası? Səni mən niyə bu qədər çox istəyirəm, ay mənim doyulmazım, qənirsizim?! Sən bu ahıl vaxtımda məni dəli edəcəksən deyəsən, Dünyam mənim!». Sonra o, əlini aşağı endirdi, mələfəni ehmalca çəkdi, Dünyanın mərmər sinəsinə bir uşaq məftunluğu ilə tamaşa etdi. «Kainat gözəllik və kənclik üstündə qərar tutub, aman allah» — dedi öz-özünə və qeyri-iradi elə ah çəkdi ki, səsinə Dünya kirpiklərini qaldırdı, yanında Nəcməddini görsə də bunun aşkarda, ya yuxu aləmində olduğunu ayırd eləyə bilmədi, ona görə də yerində əvvəlcə heç qımıldanmadı da. Ancaq Nəcməddin gülümsünə-gülümsünə əsən əlilə Dünyanın hələ də qızlıq təravətini itirməmiş sinəsini sığallayanda o, hürkmüş ceyran kimi yerindən sıçradı və:

– Ay aman!—deyib qorxu içində mələfənin ucundan tutub döşlərinin üstünə çəkdi, gözlərini geniş açaraq Nəcməddinə baxdı: — Sənsən? Haçan gəlmisən? — dedi.

– Əcəb bərk yatmışdın, mələyim, çoxdan gəlmişəm. Gördüm şirincə yatmısan, qıymadım səni yuxudan eləyim. Çünki yuxu görürdün.

Dünya nazla təzədən başını balışa qoydu:

– Nədən bildin yuxu görürəm, ağam?

– Üz-gözündən.

Dünya bəxtiyarlıqla gülümsündü:

– Hə, mənim ağam. Səni yuxuda görürdüm, ona görə gözlərimi açanda başa düşə bilmədim ki, yuxudu, ya həqiqətdi.

– Nə cür görürdün məni?

Dünya iri, qara gözlərini tavana zilləyib röyasını xatırlamağa çalışdı, kirpik çalmadan düşüncəli-düşüncəli söylədi:

– Qəribədi: mən ömrümdə heç dəniz görməmişəm, amma yuxuda səninlə dənizdə çimirdim. Bir qaya vardı sahildən azca aralı. Dənizin suyu gömgöy sona rəngində idi. Körpə dalğalar o kələ-kötür qayalara sarı can atır, astaca şapalaq vurub geri qayıdırdı. Sən məni qolların üstünə almışdın, mən lap suyun üzündə, mavi bir örpəyin üstündə uzanan kimi uzanmışdım. Elə sakit, elə xoşbəxt idim ki...

– Sonra nə oldu? — Dünya fikirlərindən ayrıldı, dənizdən sanki çıxdı, çarpayısına uzandı.

– Sonra... sonra gözümü açıb səni gördüm.

– Su aydınlıqdı, mənim körpəm. Sən tək yuxularında yox, həyatda da xoşbəxtsən, elə deyilmi? Dünya köksünü ötürdü:

– Eh, nə bilim, mənim ağam?! Məncə, yox.

– Niyə?

– …

– Niyə xoşbəxt deyilsən? Məgər... mənim kimi qüdrətli, zəngin bir sevgilisi olan qadın da özünü bədbəxt hiss eləyərmi, ay mənim gözlərimin işığı?

– Xoşbəxtlik təkcə zənginlikdədirmi, mənim ağam? Budur, mən qəfəsə salınmış quş kimi yaşayıram. Dururam, özümü görürəm, otururam dizimi. Sən də vaxtın olandan-olana, yadına düşəndən-düşənə gəlirsən. Mən istəyirəm ki, həmişə yanımda olasan, deyək, gülək, gəzək, insan kimi yaşayaq. Mən sənsiz yaşaya bilmirəm, mənim ağam. Öyrəşmişəmmi, sevirəmmi bilmirəm, ancaq başa düşürəm ki, sənsiz gözümdə hər şey mənasını itirir; sənin gəldiyin günlər, səninlə keçirdiyim anlar məni xoşbəxt eləyir, inanırsan ki, səni yanımdan buraxmaq istəmirəm, amma neyləyim ki, buna qüdrətim çatmır, acizəm. Elə ki, sən gedirsən, dünya közümdə qaralır, hər şey — sənin mənə bəxş etdiyin o səadət də məşum bir kədər pərdəsinə bürünür.

Nəcməddin qulaq asırdı və düşünürdü ki, vaxtında onu evə aparmaq qərarına gəlib. Yoxsa o, günlərin birində bu sıxıntı, təklik əlindən baş götürüb qaça da bilər və onu bədbəxt edərdi. Məhz indicə, həmin anda Nəcməddin anladı ki, Dünya onun üçün necə də əzizdi, qiymətlidi, əvəzolunmazdı. Odur ki, məramını bildirməyə tələsdi:

– Dur ayağa, əzizim. Dur, geyin. Dünya elə yerindəcə ona sarı çevrildi:

– Hara? Məni gəzməyə aparırsan, mənim ağam?

– Yox.

– Bəs?..

– Səni evimizə aparıram, Dünyam mənim! Dünya qulaqlarına inanmadı. Dikəlib oturdu, mələfəni qarnına, dizlərinin üstünə çəkdi və soruşdu:

– Evinizə? Məni evinizə aparırsan, mənim ağam?

– Hə, istəmirsən?

– Necə istəmirəm, mənim ağam? — Sevincdən hər şeyi unudaraq, çılpaq şəkildə qalxıb Nəcməddinin boynuna sarıldı, üzündən, gözlərindən öpdü, öpdü, — necə istəmirəm, mənim ağam? Məni bu qəfəsdən azad eləyirsən? Aman allah, mən nə xoşbəxtəm, nə xoşbəxtəm? — Onun dizləri üstə oturdu— Ağam, zarafat eləmirsən ki, sən allah?

– Yox, zarafat eləmirəm. Dur, geyin, şeylərini də yığışdır.

Dünya onun üz-gözünü öpüşlərə qərq edərək dedi:

– Sənə qurban olum, sənə qurban olum, mənim ağam, mənim xilaskarım. — Birdən yadına nə düşdüsə, süstəldi, sevinci öləzidi — Bəs, Zərrintac xanım... Zərrintac xanım nə deyəcək? Bəlkə üzümə baxmadı, burunladı.

– Onu razı salmışam, Dünya. O da darıxır, təkdi. Bir-birinizə qulaq yoldaşı olarsınız. Darıxmazsınız. Dünya:

– Mən onu bacı kimi sevərəm, qulluqçusu olaram, ağam! — deyib yenə Nəcməddinin boynuna sarıldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, altıncı fəsil

⎯ Mən bura sizi rəsmi iclasa yox, elə-belə, tanış olmaq, söhbət eləmək üçün çağırmışam, ⎯ deyə Nəzər müəllim oturduğu yerdə sözə başladıqda sədrin otağında əyləşmiş qadınlı-kişili iyirmiyəcən adam qulaq kəsildi. ⎯ Xahiş eləyirəm, özünüzü sərbəst hiss edin. Heç nədən, heç kəsdən çəkinməyin, dərdimizi-sərimizi açıq danışaq, görək neyləməliyik, necə eləməliyik ki, işimiz istənilən nəticələri verə bilsin. Bəri başdan deyim ki, biz böyük bir kollektivik, üzərimizə çox mühüm məsuliyyət qoyulub ⎯ biz gərək bir nəfər kimi, əl-ələ verək və işləyək. Özümü öymək üçün demirəm, çünki buradakıların çoxu məni yaxşı tanıyır, şəxsən tanımayanlar da yəqin qiyabi surətdə tanıyırlar. Sözümün canı odur ki, mən rəsmi sədr olsam da, yoldaşınızam.Nəzər bu sözləri deyib susdu, nəzarət komitəsi işçilərinə, kəndlərdən, məktəblərdən, idarələrdən çağırılmış nəzarət qrupları nümayəndələrinə yoxlayıcı bir baxış fırlatdı, qısa giriş sözünün necə təsir buraxdığını öyrənmək istədi, lakin oturanlar qımıldanmadılar, eləcə susub baxdılar. Nəzər davam etdi:

13 min
İkinci hissə, yeddinci fəsil

Son günlərin dalbadal baş verən hadisələri o qədər maraqlı, çalın-çalpaşıq, gözlənilməz olmuşdu ki, Nəzərin ürəyi, beyni qəribə bir çaxnaşmaya, təlatümə düşmüşdü. Öz şagirdi Süleymanla, nəhayət, otuz ildən sonra görüşə bilməsi, Rayon partiya komitəsinin geniş yığıncağında eşitdikləri, gördükləri, təzə işçiləri ilə keçirdiyi iclas və Xuramanın çıxışı… ⎯ bütün bunlar ildırım sürətiylə bir-birini əvəz edən, biri digərini unutdurub kölgədə qoyan və dərindən-dərinə düşünməyə belə imkan verməyən hadisələr idi və kişi, ötən günlər ərzində elə arxayın bir məqam tapa bilməmişdi ki, onları saf-çürük eləsin. İmkan düşəndə də Bikə xanım sualları, sorğuları ilə istər-istəməz buna mane olmuşdu və axırda iş o yerə çatmışdı ki, Nəzər bozarmışdı: «Sən atovun goru, bəsdi ta, qoy görək bu işlərin axırı nə olur. Hələ özüm heç düz-əməlli baş açammıram, sən də başlayıbsan filan-bəsməkan…» ⎯ deyə, adəti xilafına çımxırmışdı. Doğrusu, bu, arvadın xətrinə yamanca dəymişdi, mat-mat ərinin üzünə baxmışdı.Kişi Bikənin ürəyinə toxunduğunu hiss eləyib, onunla dərdi-dil edirmiş kimi astadan, mehriban və qayğılı bir səslə:

12 min
İkinci hissə, səkkizinci fəsil

Neçə gündü, Nəzər key təkiydi. Eynən təqaüdə çıxdığı ilk çağlarda olduğu kimi. Yuxusu qaçmışdı, iştahı pozulmuşdu. Deməyigülməyi yox idi. Qaşları həmişə düyünlüydü, elə bil nə isə çətin bir məsələnin həllini tapşırmışdılar, aciz qalmışdı, cavabını tapa bilmirdi. Sən demə, uzaqda yox, gözünün qabağında, bir zamanlar ⎯ komsomol vaxtlarında, cavan dəli-dolu çağlarında dostlarının, özünün gecə-gündüz bilmədən, yorulmadan qurub-yaratdığı, az sonra isə, döşünü irəli verərək yağıların tapdağı olmaqdan qorumaq üçün qızıl qanını axıtdığı bu əziz, doğma torpaqda, şirin, yaşadıqca yaşamaq istədiyin, heç cürə doymaq mümkün olmayan bu dünyada tamam ayrı cür, anlaşılmaz, nə istədikləri bilinməyən, acgöz, yedikcə «doydum» deməyən, verdikcə «yenə ver» deyən qəribə adamcıqlar və aləmlər yaranıbmış.Müharibədən sonra, uzun-uzun illər boy onun səhərlər gedib, axşamlar qayıtdığı, təmiz, müqəddəs sandığı o məktəb çox balaca bir dünyaymış və o dünyadan kənarda böyük, mürəkkəb, ucu-bucağı görünməyən başqa bir dünya da varmış. Nəzər bu dünyanı görürdü, sadəcə inanmaq istəmirdi, təsadüfi, ötəri hal hesab eləyirdi. «Keçib gedəcək, meşə çaqqalsız olmaz» ⎯ fəlsəfəsi neçə müddət onun düşüncələri ilə gördükləri arasına qalın bir pərdə çəkmişdi.

45 min
İkinci hissə, doqquzuncu fəsil

Müseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.⎯ Sənsən, qız?! Bə anan hanı?

49 min

Poems by other poets