Page 1 of 7

Müseyib öz nazirinin ⎯ Ələmdar Qədirovun rayona gəlmək istədiyini və onu Süleymandan soruşduğunu, üstəlik «Ağ balığı var?» ⎯ deyə maraqlandığını eşidən kimi evə zəng eləmişdi. Dəstəyi Simuzər götürmüşdü.

⎯ Sənsən, qız?! Bə anan hanı?

⎯ Həyətdədi.

⎯ Sən belə elə. Qonağımız gələcək. Ələmdar əmi.

⎯ Kim? ⎯ Simuzərin qulaqları guruldamışdı, əgər telefon videotelefon olsaydı, orada, kabinetində oturmuş Müseyib aşkar görərdi ki, Simuzər Ələmdarın adını eşidəndə necə həyəcanlandı, necə rəngi qızarıb allaşdı. Amma ata səsdən heç nə duya bilməzdi təbii ki!.. Ona görə bu dəfə ucadan söylədi:

⎯ Deyirəm Ələmdar əmin gəlir!.. Hə. Anana de, özün də kömək elə, bir yaxşı süfrə açsın. O gədəni də başa sal ki, hovuzdan iki iri balıq tutsun. Birini bişirsin ⎯ kabab eləsin, o birinin ancaq qarnını yarsın, xolodilnikə qoysun. Bütöv ha. Doğramasın. Aşağıdakı iri xolodilnikə qoysun.

⎯ Yaxşı…

Simuzər dəstəyi yerinə qoyaraq divardakı iri bədənnüma güzgünün qabağına gəlmişdi, aynadan ona baxan ucaboylu, xurmayı saçlı, gözəl üzü, cazibəli gözləri olan, sinəsi qabarıq, mütənasib bədənli qıza ⎯ özünə neçə an səssiz-səmirsiz tamaşa eləmişdi. İçəridə qeyri-adi çırpınan ürəyinin guppultusu qulaqlarında səslənmişdi. Güzgünün önündən necə qopduğunu, atasının tapşırığını anasına elə eyvanın pəncərəsindən necə dediyini yadına sala bilməzdi ⎯ bu gözlənilməz xəbərdən özünü elə itirmişdi.

Keçib yataq otağına girmişdi, elə pallı-paltarlı çarpayıya uzanmışdı. Bəzən bir söz insan ürəyinin xatirə kitabını ⎯ ağıllı-acılı, şirin-unudulmaz olsa da ⎯ bir anda vərəqləməyə, alt-üst eləməyə, təzədən lap uzaq illərə də, dünənə də qaytarmağa qadir olur. Ələmdarın adını eşidən kimi, Simuzərin haçansa çox gözəl sandığı, sonralar isə onun ürək ağrılarında yaşayan tələbəlik illəri ⎯ Bakıda sovuşan o gözəl yeddi il beyninin, gözlərinin ağappaq xatirə ekranında vərəqlənməyə başlamışdı.

Səkkiz il qabağın əhvalatıydı.

Onda Müseyib pambıqtəmizləmə zavodunda hələ əmtəəşünas işləyirdi. Gəncədəki Xalq Təsərrüfat İnstitutunu bitirəndən elə bura düşmüşdü ⎯ dolanacaqları babat idi. Simuzər Müseyibin böyük uşağı idi və o il onuncu sinfi qurtarırdı; qarşıda ali məktəbə girmək məsələsi dağ kimi dayanmışdı. Müseyibi də, Səltənəti də çaşdırmışdı. Simuzər isə… həkim olmaq arzusu ilə yaşayırdı ⎯ bu sənət demək olar ki, gənc, xəyalpərvər qızın ən böyük istəyi idi. Xəstələnəndə, poliklinikaya gedəndə, ya məktəbə doktor gələndə Simuzər hər şeydən çox gələn həkimin qar kimi ağ xalatına və papağına sonsuz bir həsəd hissiylə baxar, gizlincə köks ötürərdi. Xüsusilə, həkim qadın olanda Simuzər lap varından yox olurdu. Qızının bu diləyini bilən Səltənət də ona şərik çıxmışdı və Müseyibi bu ağır, çətin iş üçün hələ iki-üç il qabaq hazırlamışdı. Kişi tədbirli adam idi və arvadının nəyə işarə elədiyini göydə oxumuşdu, ehtiyatını tutmuşdu.

«Ehtiyatlı igidin anası ağlamaz!» ⎯ Müseyibin ağlı kəsəndən əməl elədiyi hikmət idi.

Odur ki, hələ Simuzər buraxılış imtahanı verərkən, günlərin birində tənbəllik eləməyib ayağını Bakıya qoymuş, şəxsən tanıdığı (iki-üç dəfə məntəqəyə gəlmişdi, keçmiş direktorla bir məclisdə oturmuş, yeyib-içmişdilər) nazir Ələmdar Qədirovun yanına getmişdi və dərdini açıb demişdi.

⎯ Qız yaxşı qızdı, əmisi. Ancaq, Ələmdar Haşımıç, özünüz bilirsiz də, təkcə başnan iş aşmır, gərək arada daş-qaş da olsun.

Onun açıq söhbəti Ələmdarın xoşuna gəlmişdi, xeyli gülmüşdü:

⎯ Ay sənin, Müseyib!.. Lap qafiyəynən danışırsan. Xi, xi, «Baş, daş-qaş…»

⎯ Hə də, Ələmdar Haşımıç. Belədi də. Könlü balıq istəyənin gərək quyruğu islansın. Düzü, çox baş sındırdım, sizdən mötəbər və etibarlı bir adam ağlıma gəlmədi. İndi gəlmişəm, əl mənim, ətək sizin. İstəyirsiz əlimi kəsin, istəyirsiz ətəyinizi. Amma, Ələmdar Haşımıç, indi, kəsməli olsaz, yenə də əlimi kəsin, ətəyinizi yox. Çünki sizin ətəyiniz mənim əlimdən qiymətlidi.

Onun bu sözünə də Ələmdar gülmüşdü:

⎯ Sən deyəsən ağıllı oğlana oxşayırsan, Müseyib!.. Mənim elə o vaxtdan ⎯ birinci dəfə sizin rayona gələndən səndən xoşum gəlmişdi. Görünür, zənnimdə aldanmamışam.

⎯ Ələmdar Haşımıç, xətiri xətir, minnəti də minnət. Uşaq bu il girməsə, gərək mən öyə getməyəm. Arvad mənim dərdimə soğan təpər!..

Ələmdar iri, koppuş barmaqlarını stolun qırağına döyəcləyə-döyəcləyə bir az tavana baxmış, nəsə fikirləşmiş, sonra:

⎯ Yaxşı, uşaq hara girmək istəyir? ⎯ deyə soruşmuşdu.

⎯ AMİ-yə. Tibb institutuna…

⎯ Oho. Nə böyük yerdən yapışıb sənin bu qızın?

⎯ Hə, əmisi. Mən də bilirəm böyük yerdi. Di gəl ki, neyniyim. Deyir qırxdı, biri əskik döyül!

Ələmdar yenə qımışmışdı:

⎯ Oho, lap qiymətini də bilir ki!.. Bay sənin!..

Müseyib Ələmdarın fikrini dərhal oxumuşdu və ürəyində sevinmişdi. «Yaxşıdı. Cəhənnəm. Ta neyləyim!» Ancaq bu gizli şadlığı çox çəkməmişdi. Ələmdar daz başını bulayıb gülümsünə-gülümsünə: ⎯ Amma qızına de, o köhnə qiymətdi, ⎯ söyləmişdi. ⎯ İndi oranın müəllimləri açıq deyir ki, «əllidi, biri də əskik döyül!»

⎯ Hə?

⎯ Bəli… Bazar bahalaşdıqca hər şeyin qiyməti bahalaşır. İndi bizim bu kişi ⎯ o, əlini yuxarı qaldırdı, ⎯ gələndən adamlar deyir, getmək ⎯ getməkdi, tutulmaq ⎯ tutulmaqdı, bir fərli şeyin üstündə gedim də. On manat rüşvətə də səkkiz il verirlər, otuz minə də, əlli minə də!..

⎯ Hə də!..

Ələmdar yenə xeyli susub o yan-bu yana göz gəzdirmiş və nəhayət demişdi:

⎯ Yaxşı, Müseyib! Ta sənsən də. Ağız açaram da!

⎯ Allah köməyin olsun, Ələmdar Haşımıç… Ölüncən qulunuzam.

⎯ Ancaq… gərək… bu işdə mənim adım olmasın ha. Birdən rayonda, orda-burda deyərsiz, ağzınızdan qaçırarsız.

⎯ Nə danışırsız, Ələmdar Haşımıç. Mən uşaq döyüləm ki! Mən quyu kimi bir şeyəm, yanımda baş kəs, get başına qızıl al gəz. İsgəndərin çobanı quyuya demişdi, mən heç quyuya da demərəm, Ələmdar Haşımıç.

⎯ Oldu. Get, hazırla kağız-kuğuzunu, qızın da «başını» və «daş qaşını» hazırla. Sənədləri verəndən sonra qızı da, kağızını da gətir yanıma.

⎯ Baş üstə.

Və Müseyib nazirinin kabinetindən baş vura-vura çıxmışdı.

… İyulun axırında Müseyib Simuzəri də götürüb Bakıya gəlmişdi, sənədləri verəndən sonra Ələmdara zəng eləmişdi, gəldiyini bildirmişdi. Bu dəfə nazir ata-balanı kabinetində yox, dəniz qırağındakı evində qarşılamışdı.

Ömründə birinci kərə Bakı kimi böyük şəhərə gələn Simuzər nazirin mənzilinə girəndə elə bir nağıl aləminə düşmüşdü. Beş otaqlı ev üçüncü mərtəbədəydi, yerə Simuzərin indiyənəcən görmədiyi xalçalar salınmışdı. Biri yataq otağıydı, biri Ələmdarın iş otağıydı, ən iri otaq yeməkxanaydı. O biri otaqların nə üçün olduğunu onda Simuzər heç başa düşməmişdi.

Dənizə baxan pəncərələr açıq idi ⎯ burdan Xəzər apaydın görünürdü və hətta dənizin hənirtisini də duymaq mümkün idi.

Evdə kişi tək idi.

«Bəs bu kişinin arvad-uşağı yoxdu görəsən?»

Elə bil Ələmdar Simuzərin bircə an qabaq ürəyindən keçirdiyi bu fikri gözlərindən oxumuş kimi:

⎯ Yoldaşım Yesuntikidədi ⎯ istirahətə göndərmişəm, ⎯ söyləmişdi.

Ələmdar onları iri miz arxasında oturtmuşdu. Simuzər əllərini dizlərinin üstünə qoyub hər şeyə diqqətlə, maraqla tamaşa eləmişdi, gördüklərinin nağıl ya həqiqət olduğuna inana bilməmişdi. O zaman hələ Müseyibin indiki cah-calalı yox idi. Ona görə qıza bu mənzil yuxu aləmi kimi görüşmüşdü.

⎯ Sizin üçün bir çay təşkil eləyim, hə? ⎯ Ələmdar seyrək qaşları altında civə kimi aramsız dəbərişən gözlərini gah Müseyibin, gah da Simuzərin üzündə gəzdirmişdi.

⎯ Yox, yox, nə danışırsız, Ələmdar Haşımıç? Siz ⎯ bizə çay? Qətiyyən qoymaram.

⎯ Mən özüm də içmək istəyirəm. ⎯ Ələmdar Simuzərə baxmışdı. ⎯ Yəqin qız da. ⎯ Adın nə oldu, qızım?

⎯ Simuzər! ⎯ Qız astaca cavab vermişdi.

⎯ Hə, yəqin Simuzər xanım da susayıb. Bakıda adam yaman çox çay içir. Bu çay olmasa biz qırılarıq. ⎯ Ələmdar ayağa duranda Müseyib ondan qabaq qalxdı:

⎯ Yox, siz… oturun… Simuzər bir yaxşı çay dəmləyər, içərik.

Simuzər döyükmüş halda atasına baxdıqda Ələmdar başa düşdü ki, qız evə nabələddi, ona görə karıxıb.

⎯ Ay Müseyib, mətbəxi qıza göstər. Hər şey ordadı.

Ata-bala ikisi də bəzəkli-naxışlı hündür qapıdan keçib dəhlizə, ordan da mətbəxə adlamış və danışıq səsi gəlmişdi Ələmdarın qulağına.

Az sonra Simuzər, evə çoxdan bələd imiş kimi, çay dəstgahını kamali-səliqə ilə hazırlayıb stol üstünə düzmüşdü, üçü də əyləşib söhbət eləmişdi. Çay Ələmdara, deyəsən, ləzzət eləmişdi.

⎯ Sağ ol, Simuzər xanım. Əla çaydı. Arvad gedəndən belə tamlı-dadlı çay içməmişdim. Səhər tezdən gedirəm, bir də gecə saat on birdə, on ikidə, kişi çıxıb evinə gedəndən sonra gəlirəm. Orda ⎯ nazirlikdə əyər katibəm insafa gəlib bir stəkan çay verdi, verdi, vermədi də ki, heç… Allah köməyi olmuş, birincini deyirəm ey, gələndən amanımızı qırıb. Bir də görürsən, gecə saat onda, on birdə… zəng çalır kabinetə, filan iş necə oldu, filankəs hanı?.. Hünərin var, yerində olma. Qanın getdi. Neçə ildi günümüz-rüzgarımız yoxdu… Əlac bir ona qalıb ki, elə orada, divanda yataq qalaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

V fəsil

Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.

3 min
VI fəsil

Balaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?

2 min
VII fəsil

Tikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:

7 min
VIII fəsil

Bəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.

6 min

Poems by other poets