İkinci hissə, doqquzuncu fəsil
Page 2 of 7 · 14%
Müseyib yaxşı bilsə də ki, o, kimin haqqında danışır, ağzını açıb bircə kəlmə də deməmişdi. «Tülkünün meydanda nə işi var ki, dərisinə də qiymət qoyalar. Özləri bilər. Mənciyəz balaca adamam».
Sonra Ələmdar qızın imtahan vərəqəsini alıb oxumuş, fakültəsinin, özünün adını, qrup nömrəsini və s. yazıb götürmüş, nazik parçadan tikdirdiyi yay pencəyinin cibinə qoymuşdu və qalxıb kabinetinə keçmişdi. Müseyib açıq qapıdan onun kiminsə nömrəsini yığdığını telefon aparatının diskinin fırlanmağından başa düşmüşdü.
Ələmdar o biri otaqda ikən Müseyib tezcənə qızına yavaşcadan pıçıldamışdı:
⎯ Aaz, işin düzəldi, köpək qızı. Elə bil institutdasan.
⎯ Yəni? ⎯ Qız nə isə inamsız xəbər almışdı.
⎯ Hə. Dədə canı. ⎯ Sonra tələsik əlavə eləmişdi ⎯ Sən belə elə, indi o bura qayıdanda, çayları təzələmək üçün keç quxnuya.
Özün də bir az yuban. Başa düşürsən, aaz?
Simuzər çaşqın halda başını tərpətmişdi.
Ələmdar gəlmişdi:
⎯ Yoxdu, tuta bilmədim. Axşam harda olsa tapacağam. Sən elə bil ki, ⎯ o üzünü Simuzərə tutub qəribə bir tərzdə göz vurdu ⎯ elə bil ki, sentyabrın birindən tələbəsən, Simuzər bala!.. Ancaq bu şərtnən ki, imtahanlara vaxtlı-vaxtında gedəsən… Eşidirsən?
⎯ Bəli, müəllim!
⎯ Sağ ol, əmisi.
⎯ Hə, o yaxşı çaydan bir stəkan da versən, pis olmaz. Yaxşı səliqən var. İnşallah, qəbul imtahanını alan günü, bax, elə bizdə, burda bir yaxşı stol açarsan, atannan mən adama yüz-yüz konyak içərik, sənin tələbə adını almağını qeyd eləyərik. Yaxşımı?
Simuzər şadlıq içində gülümsünmüşdü və yalnız bu zaman Ələmdar onun nazik, zərif dodaqlarını, qəşəng, ala gözlərini, ağəsmər üzünü sanki ilk dəfə görmüşdü. Hörükləri qalın idi, hörüb çiyinlərindən arxasına atmışdı. Durub mətbəxə keçəndə fikir verdiyi düz, mütənasib ayaqları Ələmdarın ürəyində nə isə özünə də qəribə gələn bir gizilti oyatmışdı.
Müseyib divarın dibinə qoyduğu diplomatı tələsik gətirib Ələmdarın böyrünə qoymuşdu və əlindəki balaca açarı da onun koppuş ovcuna basmışdı:
⎯ Əmanətdi. ⎯ Sonra şit-şit gülmüşdü ⎯ «Əllidi, biri də əskik deyil».
O dəfəki görüşdən yadında qalmış o cümləni eşidəndə Ələmdar da gülmüşdü:
⎯ Yaxşı yaddaşın var ha, deyəsən!
⎯ Şikayətim yoxdu, Ələmdar Haşımıç!
⎯ Hər şeydə belə dəqiqsənsə… demək, mənim adamımsan. Mən dəqiq və sözü bütöv adamları xoşlayıram, Müseyib. Görək, sağlıq olsun, sənin haqqında mənim başqa fikrim var. Gələcəkdə… səni… görüm bir yaxşı yerə itələyə biləcəyəmmi? Mən istəyirəm, hər yerdə özümünkü olsun. Bilirsən, adam başqasına arxa çevirə bilmir. İndi dünya namərdlərin dünyasıdı, Müseyib. Üzünü yana çevirirsən, ya cibinə girirlər, ya kürəyinə bıçaq saplayırlar.
⎯ Heylədi, Ələmdar Haşımıç.
⎯ Sənin direktorun Zeynal pis adam deyil, amma qurudu, bilirsən? Mənə çevik, həyat adamı lazımdı.
Müseyibin çiçəyi çırtlamışdı. Ələmdarın nəyə işarə elədiyini başa düşürdü və az qalırdı durub onun əllərindən öpsün. Ancaq təmkinlə oturmuşdu və ağır oturub batman gəlmək istəyirdi.
Ələmdar əlindəki açarı oynada-oynada:
⎯ Direktor olarsanmı, ay Müseyib? ⎯ deyə soruşanda, özü də qəfildən, birbaşa soruşanda, Müseyibin ürəyi quş kimi çırpınmışdı, sevincdən az qala huşunu itirmişdi. Lakin yenə özünü zorla ələ alaraq:
⎯ Kimdi məni ora qoyan, Ələmdar Haşımıç? ⎯ demişdi və belə deməyinə dərhal peşman olmuşdu. Çünki çox yaxşı bilirdi ki, bu, onun öz əlindədi. İstəsə, lap günü sabah qoya bilər. «Bu nə axmaq söz idi ağzımdan çıxdı, ay allah, öldür məni». Və səhvini düzəltməyə çalışmışdı: ⎯ Yəni demək istəyirəm… sizdən asılıdı… Necə istəsəz…
⎯ Amma çox ağırdı ha!.. ⎯ o, əlindəki açarı atıb-tutmuşdu. ⎯ Bilmirəm, bacararsan, ya yox?..
⎯ Bacararam, Ələmdar Haşımıç. Siz deyəndən sonra… nə var ki…
Bu zaman Simuzər çayları gətirmişdi, birinci Ələmdarın qənşərinə qoymuşdu armudu stəkanı. Atası üçün də, özü üçün də gətirmişdi…
⎯ Bəh-bəh. Aləm çaydı. Əşi, bizim arvadağa çay dəmləyə bilmir ki. Bəxtəvərsən, ay Müseyib. Hər gün belə çay içirsən.
⎯ Yox, əmisi. Evdə bunun kitab əlindən düşür ki, bir çay dəmləməyə vaxtı da olsun. Səltənət ⎯ üzv istəyirəm, bunun anası ⎯ verir mənim çayımı-çörəyimi. Allah qoysa, bu dəfə gələndə, bizim də bir qapımızı açın, görün Səltənət də necə çay dəmləyir. Simuzər ondan öyrənib!
Xeyli söhbət eləmişdilər o gün. Qara diplomatı öz kabinetinə aparıb yerbəyer eləyəndən sonra Ələmdar saata baxıb:
⎯ Mənim tənəffüsüm qurtardı, yoldaşlar ⎯ demişdi. ⎯ Mən getməliyəm, Müseyib! ⎯ Onların da durduğunu görüb Müseyibin çiynindən basmışdı: ⎯ Yox, yox, siz oturun, dincəlin. Öz evinizdi. Utanmadan, çəkinmədən, qalın, istirahət edin.
⎯ Sağ olun, Ələmdar Haşımıç. Biz bu gün getməliyik.
⎯ Nə danışırsan, ay kişi? Üç gündən sonra imtahan başlayır, siz hara gedirsiz?
⎯ Mən işdəyəm axı…
⎯ Ha?
⎯ Yoxsa Zeynal gedən kimi qoparağımı götürər.
⎯ Zeynal qələt eləyər. O kimdi?.. ⎯ Nə fikirləşdisə, durub sözü çevirdi: ⎯ Ələmdar, hə, onu düz eləyirsən. Qoy heç sənin mənim yanıma gəldiyini bilməsin. Ağıllısan. Afərin.
⎯ Hə, heylə yaxşıdı.
⎯ Onda… Uşağı niyə aparırsan? Qoy qalsın bizdə. Heç kəs yoxdu. Mane olan-zad. Otursun dərslərini hazırlasın. Al, bu da açar. Çıxanda bağla qoy sumkana. Gələndə aç, gir içəri. Mən onsuz da evdə olmuram. İşdən sonra Mərdəkana ⎯ bağa gedirəm. Yayda şəhərdə qalmaq mümkün deyil.
Ata-bala bir-birinin üzünə baxmış, qəti bir qərara gəlməmiş, Ələmdar açar bağlamasından açdığı sarı, ingilis açarını qızın ovcuna basmışdı. Daha etiraza yer qalmamışdı. Buna baxmayaraq Müseyib Simuzərə sarı dönmüşdü:
⎯ Hə? Ceyranbala? Nə deyirsən?
Simuzər bir əlindəki açara, bir başı üstə dayanmış Ələmdara baxmışdı ⎯ bircə onu hiss eləmişdi ki, ev sahibi başını tərpətməklə «hə söylə!» demişdi ona. Qız astadan:
⎯ Nə deyirəm ki!..
Müseyib qəribə bir sevinc içində:
⎯ Ay mənim ağıllı balam! Əmin düz deyir, üç gündən sarı bir də niyə gedəsən o boyda yolu. Qal əmingildə. Oxu dərslərini, ⎯ dedi.
Ələmdar yaşına yaraşmayan ⎯ əlli ikinin içindəydi ⎯ bir çevikliklə Müseyibə tərəf yeriyib:
⎯ Sən qal hələlik. Uşaq üçün yeməkdən, mer-meyvədən al qoy, mənim vaxtım yoxdu, yoxsa özüm eləyərdim, şoferə də demək istəmirəm. Başa sal, yaxındakı ⎯ binanın altındakı mağazanı göstər, qoy tanısın. Sonra gedərsən ⎯ demişdi və qapıdan çıxanda Simuzərə dönmüşdü: Hə, az qala yadımdan çıxmışdı. Qapını heç kəsə açma ha!.. Telefon zəng çalanda da götürmə. Ancaq on zəng çalınanda ⎯ sayarsan ⎯ on zəng çalınanda götürərsən. Bu, mən olacam. Aydındı?
⎯ Hə! ⎯ Simuzər də ayağa qalxmışdı.
Ələmdar «xudahafiz» deyərək getdikdən sonra ortalıqda dayanmış ata-bala çaşqın-çaşqın bir-birinə baxıb gülümsünmüşdü. Müseyib yaxın gəlib Simuzərin alnından öpmüşdü:
⎯ Səni təbrik eləyirəm, qızım. İşlərin düzəlir.
⎯ Çox sağ ol, ay dədə! ⎯ deyərək Simuzər başını atasının sinəsinə qoymuşdu. ⎯ Sənə qurban olum, ay dədə.
⎯ Elə demə, qız. Görürsən nə qəribə kişidi bizim nazir?!
Simuzər gülümsünmüşdü.
⎯ Neçə uşağı var, ay dədə? ⎯ Simuzər soruşmuşdu.
⎯ Heç neçə! Uşağı yoxdu. Bir arvadıdı, bir də özü.
⎯ Deyirəm axı niyə belə mehribandı?
⎯ …
… Axşam üstü Müseyib gedəndən sonra Simuzər o boyda mənzildə tək-tənha qaldığını görüb əvvəlcə xoflanmışdı. Otaqları bir-bir gəzərək səliqə-sahmandan, ondan da daha çox zənginlikdən heyrətə gəlmişdi. Evdə nə qədər büllur vaz, stəkan-nəlbəki, qızıl qaşıqçəngəl, qədəh olarmış, ay allah! Yorğan-döşəklərin üzləri Çin ipəyindəndi. Amma Simuzərin xoşuna gələn hər şeydən artıq iri, lay pəncərələrin qabağına içəridən düzülmüş gül dibçəkləri idi. Gömgöy, qəribə bir sarmaşıq böyük otağın divarına vurulmuş xalçanın üstü ilə bu başdan o başa qədər uzanmışdı. Və onun yaşıl yarpaqları, dibçəkdəki güllər burada əsəbləri oxşayan gözəl, yüngül bir meşə ⎯ təbiət parçası ovqatı yaradırdı.
Ay aman, iki televizor varmış! «Neynillər iki televizoru görəsən? Hə, biri Ələmdar əminin öz otağındadı. Arvadı bir proqrama baxanda yəqin kişi ayrı proqrama baxır…»
Sonra, yorğun olduğunu hiss eləyib elə yumşaq divanda uzanmışdı. Nə qədər yatdığını bilməmişdi, yuxudan telefon zənginin səsinə ayılmışdı. Kim idisə beş-altı cingiltidən sonra dəstəyi qoymuşdu. «Deməli, o deyil».
Telefon bir də axşam saat doqquzda haray qoparmışdı. On birincidə Simuzər əlləri əsə-əsə dəstəyi qaldırmışdı:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.
VI fəsilBalaxanım həkimin yanından qanıqara çıxdı. Qəbul otağına gəldi. Məlumat kitabından Qədirin iş yerinin telefon nömrəsini axtarmağa başladı. Tapdı. Nömrəni yığdı.– Allo, sement zavodudur?
VII fəsilTikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:
VIII fəsilBəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.
Poems by other poets
— Lətif:Bulaq üstə duran gözəl,
Sevişək, itək bir-birimizdəBu yıxılan qədəhtəkayıla bilmirəm səndən
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd