Rasim Sultanzadə hələ də öz daxili aləminə qapanıb düşünürdü. Bəhruz getmişdi, amma doktora nədənsə elə gəlirdi ki, o getməyib, elə burada, qabağında dayanıb, birinci dəfə üz-üzə gəldiklərinə baxmayaraq onunla çəkinmədən, kişi kimi açıq söhbət edir.

«Belə adamlar heç şeydən qorxmazlar, həqiqəti deməkdən çəkinməzlər. Başqalarına yalan danışmaz, hiylə gəlməzlər» deyə doktor Bəhruz barədə ürəyində götür-qoy edirdi. Balaxanım çəkələklərini döşəmədə səsləndirə-səsləndirə doktorun kabinetinə daxil olanda o, xəyaldan ayrıldı.

Doktor başını qaldırıb:

– Necədir yaralı? – deyə soruşdu.

Balaxanım divanın üstə əyləşdi, arxayın-arxayın:

– Elə elədir, doktor! – dedi, – zarıyır.

– Cibindən sənədi-filanı çıxdımı?

– Arayış tapıldı. Sement zavodunda fəhlə işləyir. Arayışı uşaq bağçasına təqdim etmək üçün alıb...

– Deməli, ailəsi, uşaqları... – deyə, həkim mənalı-mənalı başını tərpətdi. Ani sükutdan sonra o soruşdu:

– Adı nədir yaralının?

– Qədir Fərəc oğlu.

Sultanzadənin gözləri yol çəkdi. Bir azdan sonra o, nəzərlərini ağır-ağır qaldırıb:

– Ailəsini tapmaq lazımdır – deyə qayğılı-qayğılı dilləndi. Balaxanım:

– İndi aşağı düşüb telefonla öyrənəcəyəm! – dedi və sonra ciddi bir əda ilə soruşdu:

– Bu şoferdən sizin ağlınız nə kəsir, doktor?

– Nə barədə, Balaxanım?

– Belə!.. Bir cür adama oxşayır, doktor. İndi palataya gəlmişdi, kişinin çarpayısının yanında durub baxdı, baxdı, sonra çıxıb getdi. Mənə də bir söz demədi. Özünü bir təhər aparır, düzü, mən ondan şübhələnmişəm...

– Nəyindən?

– Siz onunla söhbət elədiniz?

– Bəli, necə ki?

– Dedimi ki, bəs bunu ayrı maşın vurub, mən də gətirmişəm, hə?

– Bəli.

Balaxanım güldü, qızıl dişlərinin şöləsi nazik, yaraşıqlı dodaqlarına düşüb əks elədi.

– O dedi, siz də inandınız? Siz necə də hər şeyə tez inanırsınız, doktor! Sizi balaca uşaq da aldada bilər...

Doktor heyrətlə gözlərini qırpdı.

– Nə demək istəyirsən, Balaxanım?

– Doktor...siz ona, o şoferə yaxşı-yaxşı fikir verdiniz, ya yox?

– Verdim.

– Bir şey hiss eləmədiniz? Görmədiniz o, necə hə yəcanlıdır? Ağzında sözünü danışa bilmirdi, uçunurdu.

– Sən bununla nə demək istəyirsən ki?

Balaxanım nazik qaşlarını yuxarı dartıb gözlərini süzdürdü, böyük bir şey kəşf eləmiş alim ədasıyla astadan dedi:

– Mənə elə gəlir ki, kişini o özü vurub, doktor. Yoxsa belə əl-ayağa düşməzdi. Qohumu deyil, qardaşı deyil, atası atasını tanımır, babası babasını. Ona nə düşüb ki, belə canıyananlıq eləyir? Qorxur ki, tutub basalar dama...

Bu sözləri eşidəndə Sultanzadə dəhşətli bir şey görürmüş kimi gözlərini geniş açdı, qalın, çatma qaşları geniş alnının ortasına qalxdı. O, məzəmmətedici nəzərlərlə Balaxanıma baxıb:

– ...

– İnsana inanmaq lazımdır, Balaxanım, –dedi. – Hər cür kağıza, yoxlamaya, imza və möhürə inandığından daha çox insanın özünə, onun dediyi ilk sözə inanmaq gərəkdir.

– Əgər insan yalan desə, onda necə? Ona da inanmaq lazımdır?

– Xeyr, mən inanıram ki, insan zatən həmişə düz söz deyir. Adam o zaman yalana, hiyləyə əl atır ki onun düz sözünə, sidq dildən dediyi, bəzən and içib aman elədiyi bir şeyə heç kəs inanmaq, yaxud əhəmiyyət vermək istəmir, bir parça kağız canlı bir adamın dediyindən çox-çox etibarlı sayılır. Bax, ancaq bu zaman insan yalana, hiyləyə əl atır. Çünki o, məcbur olur. Elə deyilmi, Balaxanım? İnsana inanmamaq onun mənliyini, ləyaqətini təhqir eləmək deməkdir, onu alçaltmaq deməkdir, onu yalançılığa öyrətmək deməkdir...

Həkim bu sözləri elə bir tərzdə dedi ki, Balaxanım bunun üstündən heç nə danışa bilmədi.

Sultanzadə dərindən ah çəkdi. Balaxanımın soyuq, ürəksiz sözləri Sultanzadəni yaman sarsıtmışdı. Elə bil onun təsəvvüründə, xəyalında gözəl, nəcib duyğulardan, insani hisslərdən yoğrulmuş işıqlı bir dünya uçulub dağılmışdı. Beş-on dəqiqə əvvəl doktorun ürəyi necə də fərəhli, insanı yaşayıb-yaratmağa çağıran dadlı duyğularla çırpınırdı.

Amma indi... Budur, Balaxanım gəldi, hər şeyi soyuqqanlılıqla, rəhmsizcəsinə vurub dağıtdı, qarışdırdı...

«Baxırsan gözəldir. Ağ gərdəni, dolu, mütənasib bədəni, yumşaq, xurmayı saçları... Ancaq görünür, gözəllik hələ həssaslıq demək deyil, insanlıq demək deyil.» Baş həkim bunları ürəyindən keçirə-keçirə əl atıb stolun üstündəki qutudan siqaret götürdü, yandırıb bir qullab vurdu: elə bu an bayaq Bəhruzun şax-şax: «Siz onu yaxşımı tanıyırsınız, doktor?» sözlərini, özünün ona cavab verməkdə çətinlik çəkdiyini xatırladı və «Deyəsən yavaş-yavaş tanımağa başlayıram» deyə düşündü.

Həkim papirosu sümürüb yenə sinə dolusu ah çəkdi.

Nazik tüstü təbəqəsi burula-burula havaya qalxdı, yayılıb seyrəldi və Balaxanım ilə onun arasında tül pərdə kimi asılıb qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on üçüncü fəsil

Əfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:

5 min
Dördüncü hissə, on dördüncü fəsil

Yaranmış siyasi vəziyyət çox gərgin idi — hezbin Əsas və nüfuzlu rəhbərləri Poli-çərxi həbsxanasına salınmışdı və son dərəcə ciddi nəzarət altında saxlanılırdı. Xariclə əlaqə saxlamaq qətiyyən mümkün deyildi. Yoldaşlardan təkcə dikərval Əbdülqadir xan — Mir Xeybərin dəfnində iştirak edə bilmədiyinə görə — şübhə doğurmamış və həbs olunmamışdı. Əbdülqədir xan neçə gün idi ki, gecə-gündüz narahat idi, dostlarını həbsxanadan xilas etmək yolları barədə düşünürdü. O anlayırdı ki, bu həbs adi həbs deyil, yoldaşlarının həyatı, ən ümdəsi isə, inqilabi mübarizənin müqəddəratı böyük təhlükə altındadı. Bu gün isə Daxili İşlər Nazirliyində işləyən dostlarından biri başılovlu yanına gəlmiş və xəbər gətirmişdi ki, həbsxanadakı yoldaşları dörd-beş gündən sonra, daha dəqiq, may ayının ikisində güllələyəcəklər. Sərdar Məhəmmədin əmri ilə, onların dövlət, rejim əleyhinə olmalarını sübut eləyən dəlilləri toplayıb hazırlayırlar, «sənədləri» qaydaya salırlar. Bu xəbər Əbdülqədiri lap sarsıtmışdı. Nə isə etmək lazım idi! Nə? Bax, bu məsələdə o, tərəddüd edirdi. Təkbaşına, Mərkəzi Komitənin göstərişi olmadan hərəkət etmək təhlükəli idi, səhv eləyə bilərdi və bu, hezbə baha başa gələ bilərdi. Özü vəziyyəti təhlil edir, bu qənaətə-gəlirdi ki, daha məqam yetişib, susmaq mümkün deyil — qoşundan, hava qüvvələrindən, tanklardan istifadə etmək, Ərke-şahini dağıtmaq, Sərdar Məhəmmədi aradan götürmək məqamı çatıb. Bəhram hava meydanında qırıcı təyyarələrdən bir neçəsini, bir ləvayi-tankı ayağa qaldırsa, kifayətdir. Ancaq bunun üçün Mərkəzi Komitənin göstərişi, razılığı lazım idi — bu isə yox idi Əbdülqədirin əlində, ona görə... çaşıb qalmışdı. Mədəsi bərk incidirdi, daha dava-dərman da kömək eləmirdi. Ağrıdan qıvrılırdı. Buna fikir vermirdi. Dözürdü. Süddə həll olunmuş mumiya içmişdi, yenicə. Eyvanda oturub düşünürdü.Bu zaman həyətə əynində köhnə paltar, saqqallı bir kişi girdi. Əbdülqədir qeyri-iradi əlini belindəki tapançasına vurub çəkdi. İndi vəziyyət elə idi ki, hər şey ola bilərdi — gələn qəfildən onu vura bilərdi, Şəfini vuran kimi, Elməddini öldürən kimi. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım idi.

9 min
Dördüncü hissə, on beşinci fəsil

Elə həmin bu vaxt, şəhərdə baş verən hadisələrdən xəbərsiz olan Əbdül ortalıq otağa girəndə... qulaqlarına inanmadı. Yataq otağından tanış, doğma bir səs gəlirdi — Dünyanın səsi... Kimləsə, yad bir kişi ilə danışırdı Dünya xanım.Əbdülün qıçları titrədi, tükləri biz-biz oldu. Hövllənmiş halda qanrılıb Dünya xanımın divardan ona baxıb gülümsünən şəklinə baxdı. Şəkil susurdu. Başını silkələdi — sanki qorxulu yuxudan ayılmaq istəyirdi. Yox, səs kəsilmirdi, səs gəlirdi və buna da şübhə yox idi ki, Dünyaydı danışan. Əbdül o səsi yüz il keçəndən sonra da eşitsəydi, dərhal tanıyardı, yüz qadının səsi içindən seçərdi onun səsini. Bəlkə Heyran idi? Yox, o, həyətdəydi — toyuq-cücəyə dən verirdi. Heyran ola bilməzdi.

15 min
I fəsil

«Dünyada heç kəsin inamını öldürüb, əl-qolunu yanına salma. İnam öldürmək insan

14 min

Poems by other poets