Yaranmış siyasi vəziyyət çox gərgin idi — hezbin Əsas və nüfuzlu rəhbərləri Poli-çərxi həbsxanasına salınmışdı və son dərəcə ciddi nəzarət altında saxlanılırdı. Xariclə əlaqə saxlamaq qətiyyən mümkün deyildi. Yoldaşlardan təkcə dikərval Əbdülqadir xan — Mir Xeybərin dəfnində iştirak edə bilmədiyinə görə — şübhə doğurmamış və həbs olunmamışdı. Əbdülqədir xan neçə gün idi ki, gecə-gündüz narahat idi, dostlarını həbsxanadan xilas etmək yolları barədə düşünürdü. O anlayırdı ki, bu həbs adi həbs deyil, yoldaşlarının həyatı, ən ümdəsi isə, inqilabi mübarizənin müqəddəratı böyük təhlükə altındadı. Bu gün isə Daxili İşlər Nazirliyində işləyən dostlarından biri başılovlu yanına gəlmiş və xəbər gətirmişdi ki, həbsxanadakı yoldaşları dörd-beş gündən sonra, daha dəqiq, may ayının ikisində güllələyəcəklər. Sərdar Məhəmmədin əmri ilə, onların dövlət, rejim əleyhinə olmalarını sübut eləyən dəlilləri toplayıb hazırlayırlar, «sənədləri» qaydaya salırlar. Bu xəbər Əbdülqədiri lap sarsıtmışdı. Nə isə etmək lazım idi! Nə? Bax, bu məsələdə o, tərəddüd edirdi. Təkbaşına, Mərkəzi Komitənin göstərişi olmadan hərəkət etmək təhlükəli idi, səhv eləyə bilərdi və bu, hezbə baha başa gələ bilərdi. Özü vəziyyəti təhlil edir, bu qənaətə-gəlirdi ki, daha məqam yetişib, susmaq mümkün deyil — qoşundan, hava qüvvələrindən, tanklardan istifadə etmək, Ərke-şahini dağıtmaq, Sərdar Məhəmmədi aradan götürmək məqamı çatıb. Bəhram hava meydanında qırıcı təyyarələrdən bir neçəsini, bir ləvayi-tankı ayağa qaldırsa, kifayətdir. Ancaq bunun üçün Mərkəzi Komitənin göstərişi, razılığı lazım idi — bu isə yox idi Əbdülqədirin əlində, ona görə... çaşıb qalmışdı. Mədəsi bərk incidirdi, daha dava-dərman da kömək eləmirdi. Ağrıdan qıvrılırdı. Buna fikir vermirdi. Dözürdü. Süddə həll olunmuş mumiya içmişdi, yenicə. Eyvanda oturub düşünürdü.

Bu zaman həyətə əynində köhnə paltar, saqqallı bir kişi girdi. Əbdülqədir qeyri-iradi əlini belindəki tapançasına vurub çəkdi. İndi vəziyyət elə idi ki, hər şey ola bilərdi — gələn qəfildən onu vura bilərdi, Şəfini vuran kimi, Elməddini öldürən kimi. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım idi.

Gələn kişi sir-sifətindən məzlum adama oxşayırdı. Bu, Əbdülqədiri bir az sakitləşdirdi.

– Bağışlayın, bura dikərvəl Əbdülqədirin evidir? — deyə kişi astadan, taqətsiz halda soruşdu.

– Bəli. Mənəm Əbdülqədir.

Kişi həyətə göz gəzdirdi və lap yaxın gəldi:

– Dikərvəl sahib, Mən Poli-çərxidən gəlirəm. Məni ağayi Bəbir göndərib.

Bəbirin adını eşidən kimi, Əbdülqədir sevindi, ağrılarını unutdu. Ancaq özünü tox tutmağa, sevincini büruzə verməməyə çalışdı. Kişi heç nə demədən sol qolundakı saatı açdı, Əbdülqədirin qabağına qoydu və sonra əlavə etdi:

– Ağayi Bəbirdən məktub gətirmişəm.

– Hanı? — deyə Əbdülqədir bir şey başa düşməyərək saata baxıb soruşduqda o:

– Saatın içindədi, — dedi və özü stolun üstündən saatı götürüb baş barmağının uzun dırnağını salaraq alt qapağını ayırdı, bükülüb əzilmiş kağızı çıxardıb ona verdi. Əbdülqədir kişiyə minnətdarlıqla baxdı və tələsik kağızı açdı — xətti o saat tanıdı. Xətt Bəbirin idi. Məktubu oxumamış:

– Çox, sağ ol, qardaş!—dedi. — Necədirlər özləri?

– Pisdilər. Döyürlər, incidirlər.

– Başqa bir söz demədilər ki?

– Yox, elə Bəbir dedi ki, bu kağızı mütləq sizə çatdırım.

– Təşəkkür edirəm, qardaş. Otursana.

– Yox, mən gedirəm. Üç ildi evdən çıxmışam, uşaqlardan xəbərim yoxdu. Evə getməmiş bura gəlmişəm. Əbdülqədir soruşdu:

– Dustaq idin?

– Hə, ağa.

– Nə üstə tutmuşdular?

– Eh, uzun əhvalatdı. Başınızı ağrıtmayım — həm də evdən sarı burnumun ucu göynəyir. Mən gedim.

Əbdülqədir bilmədi ona necə minnətdarlıq etsin. Birdən gözü miz üstdəki içi boş saata sataşdı. Ani fikirdən sonra cəld bir hərəkətlə qolundan öz saatını açıb kişiyə tərəf uzatdı:

– Yox, yox, ağa, lazım deyil.

– Götür, qardaş. Sənin bu yaxşılığını biz heç vaxt unutmayacağıq, qardaş, sağ ol.

Kişi çarəsiz qalıb saatı götürərək gedən kimi o, kağızı oxumağa başladı: Bəbir yazmışdı:

«Qədir can, salam! Bizim çoxdan gözlədiyimiz, uğrunda mübarizə apardığımız tarixi an yetişmişdir. Bu məktubu alan kimi, qəti hərəkət eləmək lazımdır. Hezbin həbsxanada olan Mərkəzi Komitə üzvlərinin hamısının fikrini sənə çatdırıram. Bu gecə, imkan olmasa, sabah axşam bizim adamlarımız olan tankçıların, təyyarəçilərin iştirakı ilə silahlı üsyana başlamalısan. Ərki mühasirə etmək, içəri keçmək və Sərdar Məhəmmədə təslim olmaq təklifi etmək lazımdır — əgər qəbul etməsə, saray havadan bombardman edilməlidir. Çalışmaq lazımdır, qan tökülməsin. Mümkün olmasa, qandan qorxmaq lazım deyil. Dinc əhaliyə qətiyyən təlafat verməyi qadağan edirik. Müdafiə nazirliyinin binasını, Kabil radiosunu ilk növbədə tutmaq lazımdır. Gecikmək olmaz, gecikmək ölümə bərabərdir. Ümid edirik ki, sən və bizim azadlıqda qalan digər vətənpərvər yoldaşlarımız bu tarixi vəzifəni şərəf və ləyaqətlə yerinə yetirəcəksiniz.

Əfqanıstan xalq demokratik hezbinin Mərkəzi Komitəsi.

Əbdülqədirin gözləri parıldayırdı. İndi hər şey aydın idi, indi rahat hərəkət etmək olardı. O, bir cavan oğlan cəldliyi ilə qalxdı...

...Bir gün sonra, aprel ayının iyirmi yeddisində, səhər tezdən, saat altıda «Ərke-Şahi» dördüncü və on beşinci tank briqadasının tankları tərəfindən əhatə olunmuşdu. «Ərke-Şahi»dən azca aralıda, geniş meydanın sağ tərəfində yerləşən müdafiə nazirliyinin yaraşıqlı binasının çıxış qapısı və nazirin üçüncü mərtəbədə yerləşən kabineti, dördüncü tank briqadasının komandiri Aslan Vətəncarın əmri ilə atəşə tutulmuş, dağıdılmışdı. «Ərke-Şahi»nin dörd qülləsində yerləşdirilmiş maşındarçı əskərlər, sarayı mühafizə dəstəsinin komandirinin göstərişi ilə tanklara və «Ərke-Şahi»nin üstündə uçan qırıcı təyyarələrə atəş açırdılar. Sarayda bir çaxnaşma əmələ gəlmişdi. Sərdar Məhəmməd səs-küyə yuxudan oyanmışdı. Qardaşı Məhəmməd Naib atışma səsini eşidən kimi onun yanına qaçmış və vəziyyəti danışmışdı. Sərdar Məhəmməd telefona əl atmış, ancaq zəng eləyə bilməmişdi — hərbi nazir Heydərxanın telefonu susmuşdu. Sarayın üzük qaşı kimi mühasirə olunduğunu və hər yerlə əlaqənin kəsildiyini anladıqda o, özlərini itirdiyindən qışqıra-qışqıra, ora-bura qaçışan arvad-uşağı — on səkkiz nəfər qadın, gəlin, oğul, qız, nəvə və s.-ni zirzəmiyə yığmağı qardaşına tapşırmışdı. Üstəlik demişdi ki, əgər vəziyyət gərginləşsə, onları yeraltı yolla, qonşuluqda yerləşən Fransa səfərətxanasına ötürmək məsələsini yaddan çıxarmasın.

Atışma davam edirdi. Şəhərə çaxnaşma düşmüşdü. Ədülqədir, Aslan Vətəncar, on beşinci tank briqadasının komandiri Məhəmməd Rəfi, üçü bir tankda «Ərke-şahi»nin dəmir darvazasını qırıb həyətə girmişdi. Qüllədəki maşındarçılar susmaq bilmirdi, onların səsini kəsmək lazım idi. Əbdülqadir ratsiya ilə şəhərin üstündə ora-bura şığıyan qırıcı təyyarəçilərə, tüləy komandiri Ziyəddinə əmr verdi ki, sərrast atəşlə Ərkin qüllələrini vurub dağıtsın. Havadan Ziyəddinin cavabı eşidiləndən az sonra, hündür, yaraşıqlı dörd qüllə biçilib yerə töküldü, maşındarların səsi kəsildi. Sarayın həyətinə də bir neçə bomba düşmüşdü — saray mühafizə dəstəsinin çoxu qırılmış, qalanları isə qaçıb gizlənmişdi. Sərdar Məhəmmədin rəngi ağappaq ağarmışdı, dodaqları əsirdi. Bir yerdə qərar tutub dayana bilmirdi. Qardaşı onun yanında çarəsiz-çarəsiz vurnuxurdu. Birdən Sərdar Məhəmməd onun üstünə qışqırdı:

– Nə durub gözlərini döyürsən, arvad-uşağı yeraltı yolla ötür səfərətxanaya. Tez, yoxsa bu kafirlər onları qıracaqlar.

– Beçeşm, bu dəqiqə! — deyərək Məhəmməd Naib aşağı endi və beş dəqiqə sonra geri qayıtdı. Qayıdanda Sərdar Məhəmmədi yerində görmədi. Qışqırdı: ;

– Sərdar, Sərdar can!..

Sərdar, sən demə, pencərə qabağında dayanıb, şəhərə baxırmış. Heyf hərbi nazir — Heydərxan əlinə keçmədi, yoxsa... onu buradaca güllələrdi. Bu necə ordu saxlamaq, tərbiyə eləmək idi? Ordu hökumətin əleyhinə çıxır. Gör bu demokratlar, bu kommunistlər necə işləyiblər, hər yerdə adamları var — yəqin elə burda da, sarayda da adamları var onların. Var, var! — deyə o, pəncərənin qabağında düşünürdü. — Gərək bu hezbin rəhbərlərini həbs edən kimi güllələtdirəydim. Nahaq gecikdirdim. General Əmirxanın sözünə nahaq baxdım. Gərək elə o gün onların işini bitirəydim. Heç şübhəsiz, bu işi elə həbsxanadan təşkil eləyiblər!!

Daha çıxış yolu yox idi. Sərdar Məhəmməd prezident sarayına, öz kabinetnnə getdikdə... qardaşı da dalınca addımladı.

Kabinetdə Sərdar öz kreslosunda əyləşdi. Məhəmməd Naib yanında, ayaq üstə dayandı.

– Bəlkə... Nur Məhəmməd, Bəbir həbsxanadan qaçıb? — deyə Naib xəbər aldıqda:

– Qaça bilməzlər!— dedi. — Amma kaş qaçmış olaydılar və bura, bizim yanımıza gələydilər. Gəlsələr... İndi, gəlsələr, içəri girən kimi, hər ikisini vurmaq lazımdır. Bütün bu işlərin mayəsi onlardı. — Bu zaman salonun qapısı təpiklə açıldı. Və Nur Məhəmmədin, Bəbirin əvəzinə, üç zabit — Əbdülqədir, Aslan Vətəncar və Məhəmməd Rəfi əllərində tapança içəri girdi. Dallarınca əli avtomatlı əskərlər otağa təpildilər. Bir an sükut oldu. Sonra Məhəmməd Rəfi qışqırdı:

– Rəis-sahib, təslim olun. Siz mühasirə olunubsunuz!.. Sərdar Məhəmməd, əsəbləri son dərəcə gərildiyindən və qorxudan tir-tir əsdiyindən, qəzəb içində boğula-boğula, cavab vermək əvəzinə, Məhəmməd Rəfiyə atəş açdı və onun sol qolunu güllə qırdı. Dalınca Məhəmməd Naib tətiyi çəkdi. Əbdülqədir «Atəş!» — deyə qışqırdıqda salonu dəhşətli bir uğultu bürüdü: əskərlər avtomatları işə saldılar.

Kiminsə gülləsi Sərdar Məhəmmədin tüksüz başının qafa tasını havaya sovurdu və o boyda bədən axıb kreslonun arxasına düşdü. Məhəmməd Naib başını prezident stolunun üstünə qoymuşdu

– çırpındı, çırpındı, sonra döşəməyə düşdü.

Döşəmə qızıl qana boyanmışdı. Güllələr salonun zərli-naxışlı divarlarını da yaralamışdı. Əbdülqədir tez tankın içinə qaçdı, kiməsə əmr verdi ki, Kabil radiosunu susdursun — mikrofonlar olan otaqlara kimsəni buraxmasın!.. Cavab, gəldi ki:

– Kabil radiosu bizim əlimizdədir!..

Sonra Əbdülqadir «Ləvayi-Cəhare-tank!» — deyə qışqırdı, komandirin səsini eşidən kimi vəziyyəti soruşdu. Komandir dedi:

– Biz Poli-Çərxi həbsxanasının yanındayıq. Əmrinizi gözləyirik!..

Əbdülqədir qışqıra-qışqıra söylədi:

– Üç tankla darvazaları qırıb içəri keçin, dustaqların hamısını azad edin. Mühafizələrdən müqavimət göstərənini vurun. Yoldaşları

– Nur Məhəmmədi, Bəbiri, Şəfini, Süleyman Layiqi, Anahitanı, Ziyaülhəqqi tankların kabinəsinə götürün, çıxın. Elə eləyin ki, birinin də burnu qanamasın,

– Beçeşm, komandan sahib!

Bir azdan — saat beşə qalmış Poli-Çərxi həbsxanasının dəmir darvazaları yerə düşmüşdü. Dustaqlar qışqıra-qışqıra, şüar deyə-deyə bayıra axışırdı.

doğru ağır-ağır irəliləyən üç tankı dalınca «Zendebad azadi», «Zendebad inqilab» — deyə-deyə, qucaqlaşa-qucaqlaşa, öpüşə-öpüşə addımlayırdılar. Ortadakı tankda Nur Məhəmməd və Bəbir gedirdi. Şəfi, Süleyman Layiq, Anahita, Ziyaülhəqq axırıncı tankda idi.

İkinci tankın sürücüsü — Qulam Məhyəddin adlanan leytenant özünün üzü tüklü, paltarları əzik-üzük, qeyri-adi sərnişinlərinə şəhərdəki hadisələri, «Ərke-Şahi»nin, Kabil radiosunun binasının tutulması təfsilatını vəcdlə danışırdı. Sən demə, Əbdülqədirin əmri ilə, Qulam Məhyəddin Müdafiə Nazirliyinin qapısını, nazirin kabinəsini atəşlə vurub dağıdan zabit imiş! Nur Məhəmməd elə tankın içində, yerinin dar olmasına baxmayaraq, qanrılıb Bəbirin tüklü üzündən öpdü, sonra, Qulam Məhyəddinin çiyninə şapalaqla vurdu:

– Afərin, afərin!!

Tanklar şəhərə girmişdi. Küçələrə çıxan şəhər adamları da dustaqlara qoşulur, izdiham getdikcə böyüyür, yola sığışmırdı.

Ratsiya səsləndi. Qulam Məhyəddin cavab verdi:

– Bəli, eşidirəm, dikərval sahib! Bəli, hər ikisi sağ-salamat mənim yanımdadır, dikərval sahib! Bəli, baş üstə, düz birbaş «Ərki- Şahi»yə!, oldu, dikərval sahib! — sonra dönüb Bəbirə, Nur Məhəmmədə müraciətlə:

– Dikərval sahib Əbdülqədir xandı! Deyir sizi birbaş «Ərki- Şahi»yə gətirim. Etirazınız yoxdur ki, ağayi Nur Məhəmməd? — deyə yaşlı adam olduğuna görə ona müraciət etdi:

– Yox! Ora gedək, elə deyilmi, Bəbircan?

– Elədir. Gedək, gedək, o zülm və haqsızlıq ocağını görək, minlərlə günahsız adamın günahına batmış cənab rəisi-cümhurun vücudu-mübarəkinə baxaq.

– Hə, elədir. Bəbir. Gedək. Amma afərin, Əbdülqədir xana! O, böyük qəhrəmanlıq göstərdi, çox böyük.

– Bəli, Nurcan! Əbdülqədir bizim inqilabımızın qəhrəman oğludur.

Bu zaman tank «Ərke-Şahi»yə daxil oldu — tırtıllar səslənib dayandı. Əbdülqədir, qolunu sarımış Məhəmməd Rəfi, Aslan Vətəncar yerdə, öz tanklarının yanında sırayla dayanmışdılar. Ətrafı əlisilahlı inqilab əskərləri əhatə eləmişdilər. Nur Məhəmməd, Bəbir tankdan çıxıb, yerə atıldı. Əbdülqədir farağat dayanıb əskəri qaydada raport vermək istəyəndə Bəbir də, Nur Məhəmməd də irəli gəlib onu qucaqladılar, öpdülər.

– Sağ ol, Qədircan! Hezbimizin və xalqımızın tarixinə sənin adın qızıl hərflərlə yazılmalıdır.

Əbdülqədir sevinclə gülümsünüb başını aşağı saldı. Sonra onlar Aslanla, Rəfi ilə də öpüşdülər. Bu zaman Şəfi, Süleyman Layiq, Anahita, Ziyaülhəqq də o biri tankdan düşüb irəli gəldilər. Hərarətli qucaqlaşmalardan, öpüşlərdən sonra Bəbir əlini havaya qaldırıb ucadan, bütün saray həyətinə yayıla biləcək bir səslə:

– Zendebad inqilabe-səure ma! Zendebad mərdome-əyure

Əskərlər yaylım atəş açdılar. Üç dəfə dalbadal eyni vaxtda açılan güllələr yavaş-yavaş yanıb tüstülənən bu zülm ocağının ölü sükutunu pozdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on üçüncü fəsil

Bu, Məhəmməd Şəfinin çoxdankı arzusu idi; ömür yarı olmuşdu, ad-sanı məmləkəti tutmuşdu, onunla oturub-durmaq, kəlmə kəsmək həvəsində olanların sayı-hesabı yox idi—ancaq o, hələ bircə dəfə də, «xalqın atası», «məmləkətin sahibi» sayılan əlahəzrətlə bir məclisə düşmək, onunla üzbəüz əyləşib söhbət eləmək, yaxından gözlərinin içinə baxmaq, bir şair kimi özünü narahat eləyən məsələlər barəsində bu «şəxsi-əvvəlin» nə düşündüyünü anlamaq, nəhayət, camaatın nəzərində sirli-sehrli bir dünyaya oxşayan «Ərkeşahi»nin içərisindəki cah-calallı saraya tamaşa eləmək «səadətinə» nail olmamışdı. Əlahəzrət bu sarayda tez-tez qəbullar düzəldərdi, yüksək məqamlı adamları, generalları, gələn xarici qonaqları qəbul edərdi, lakin heç vaxt Şəfi onların arasında görünməzdi. Sadəcə olaraq onu dərbardakılar «görmürdülər». Bu, bir tərəfdən yaxşı idi— dərbardan uzaq olanlar nadir hallarda qəzəbə düçar olurdular. Yaxın olanlar isə nə zaman harada «günaha batacaqlarını» bilmədiklərindən həmişə nigarançılıq içində yaşayırdılar və Şəfi də bunu çox yaxşı bilirdi. O biri tərəfdən isə pis idi «görünməməzlik» dərdi—çünki bu, sayılmamaq demək idi, adilik demək idi, yüksək məqamlara çatmamaq kimi də qiymətləndirilə bilərdi. Şəfi şöhrətpərəst deyildi, heç vaxt da olmamışdı. Bəzən elə düşünürdü ki, əlahəzrətin ətəyinə əli çatanlar qorxaq və yaltaq olduğundan nə xalqın, nə məmləkətin dərdləri barədə ona heç nə demirlər, deyə bilmirlər. Amma o, bu «şərəfə» nail olsa, mütləq hər şey barədə açıq danışar, başa salar, qorxmadan, çəkinmədən əsl həqiqətləri, əsl dərdləri deyər. Şəfi məhz bu arzu ilə yaşamışdı illər boyu və ona elə gəlmişdi ki, bunları əlahəzrət hümayuna söylərsə, bu, mütləq təsirsiz qalmaz.Şəfi dünən Bəbirlə gecəyarıdan keçənə qədər dərdi-dil eləmişdi, malı bir yerə, gümanı min yerə gedən adam kimi əlahəzrətin bu iltifatından çaşbaş qalan şairi Bəbir xeyli sakitləşdirmiş, dəvətin mümkün səbəbini izah eləmişdi:

10 min
İkinci hissə, on dördüncü fəsil

İki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!

8 min
İkinci hissə, on beşinci fəsil

Kiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.

13 min
İkinci hissə, on altıncı fəsil

Siminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»

11 min

Poems by other poets