Page 1 of 3

Elə həmin bu vaxt, şəhərdə baş verən hadisələrdən xəbərsiz olan Əbdül ortalıq otağa girəndə... qulaqlarına inanmadı. Yataq otağından tanış, doğma bir səs gəlirdi — Dünyanın səsi... Kimləsə, yad bir kişi ilə danışırdı Dünya xanım.

Əbdülün qıçları titrədi, tükləri biz-biz oldu. Hövllənmiş halda qanrılıb Dünya xanımın divardan ona baxıb gülümsünən şəklinə baxdı. Şəkil susurdu. Başını silkələdi — sanki qorxulu yuxudan ayılmaq istəyirdi. Yox, səs kəsilmirdi, səs gəlirdi və buna da şübhə yox idi ki, Dünyaydı danışan. Əbdül o səsi yüz il keçəndən sonra da eşitsəydi, dərhal tanıyardı, yüz qadının səsi içindən seçərdi onun səsini. Bəlkə Heyran idi? Yox, o, həyətdəydi — toyuq-cücəyə dən verirdi. Heyran ola bilməzdi.

Səs gələn otağa girmək üçün cəmi ikicə addım atmaq lazım idi

– ancaq Əbdülün bədənində o ikicə addımı atmağa taqət yox idi, kişini elə bil yerə mıxlamışdılar.

Dünya kiməsə deyirdi:

«— Mənim də ürəyim səni istəyir, lap çox, bilirsən? Yox, bilmirsən səni necə istəyirəm... ancaq olmaz...» Əbdül birdən hər şeyi başa düşdü — bu, o zaman, ağayi Nəcməddinin Dünya xanımdan şübhələndiyi vaxt qoşunun oğlu Vəlixanla danışığını gizli surətdə yazdığı maqnitofon lenti idi. Əbdül Nəcməddin dünyadan köçəndən sonra təsadüfən əlinə keçmiş o lent yazılarını bir-iki dəfə dinləyərək elə yataq otağında, alabəzək sandığın içində kişinin tapançası ilə birlikdə gizləmiş və sonra da tamam unutmuşdu.

İndi, üstündən uzun illər keçəndən sonra, Dünya xanımın səsini gözlənilmədən eşidən və bərk sarsıntı keçirən Əbdül birdən dəli kimi yerindən qopub özünü içəri atanda... Nəcməddinin ipək örtüklü çarpayısının üstündə oturduğunu, qabağına qoyduğu balaca maqnitofona qulaq asdığını gördü və özünə gəlməmiş aldığı ikinci ağır zərbədən nitqi batdı. Ayaqlarını aşağı sallamış, belini əymiş, əlini çənəsinə dayaq verib lenti diqqətlə dinləyən Nəcməddin Əbdülün belə hövlnak içəri təpilməsinə və onu görən kimi qapı ağzındaca donub qalmasına qətiyyən əhəmiyyət verməyərək mənalı-mənalı başını tərpətdi.

Bir neçə anmı, dəqiqəmi keçəndən sonra, Əbdül kəkələyərək soruşdu:

– Sən... sən... neyləyirsən, a bala?

Nəcməddin əlini çənəsindən çəkib kədərli-kədərli dilləndi:

– Gəl otur, kişi, gəl otur.

Nəcməddin — qolları üstündə böyüdüyü Əbdülə ağlı söz kəsəndən «Əbdül əmi» demişdi. Ancaq keçən il, on səkkiz yaşı bitəndən və Zərrintac xanımın, Sübhanın iştirakı ilə ağayi Nəcməddindən qalan vəsiyyətnamə ilə tanış olandan sonra, hərəkətlərində, rəftarında, oturuşunda-duruşunda müəyyən dəyişikliklər əmələ gələn oğlan ona arabir «kişi» də deyirdi. Əbdül təkcə özünə məlum səbəbə görə onu çox, lap çox istəyirdi. Onun Heyrandan uşağı olmamışdı, ona görə bu oğlan Əbdülü yaşadan, təsəllisi olan yeganə varlıq idi. Kişi bütün fikrini-zikrini, mehrini-məhəbbətini ona salmışdı. Bu məhəbbət o qədər ziyadə idi ki, uşaq özü bəzən bu sevgidən, mehribanlıqdan bezirdi, usanırdı, çiyrənirdi. Əvvəllər Nəcməddin buna əhəmiyyət vermirdi. Lakin keçən ildən — əhvalatlar ona məlum olandan, Əbdülün onun atası, əmisi, qohumu deyil, adicə dayəsi olduğunu biləndən sonra ağıllı və dərrakəli oğlan olan Nəcməddin istər-istəməz bu qeyri-adi məhəbbət haqqında düşünməli oldu, çox baş sındırandan sonra bunu atası Nəcməddinin puluna-mülkünə Əbdülü də şərik eləməsi ilə bağladı. «Kişi, — düşünürdü, — o var-dövlətə görə ona belə bağlanıb. Yoxsa... adam özgə uşağını bu qədər sevməz, sevə bilməz!». Onda Nəcməddinin Əbdüldən zəhləsi getməyə başladı, onun hər sözündə bir gizli təmənna duydu oğlan. Ancaq çox keçməmiş, gördü ki, Əbdül gözü-könlü tox adamdı, dünya malında əsla gözü yoxdu — bax onda Nəcməddin şübhələndi. Bu şübhə o zaman daha dəhşətli şəkil aldı ki, onlar — Zərrintac, Heyran, Əbdül və Nəcməddin yadigar olsun deyə birlikdə şəkil çəkdirdilər. Bu şəkil evə gələn gündən Nəcməddin dərin duşüncələrə daldı, fikirli gəzib-dolandı. Çünki yanaşı oturmuş Əbdüllə Nəcməddin elə bil bir alma idi, yarı bölmüşdün. Bu o qədər qabarıq nəzərə çarpırdı ki, ən diqqətsiz adam belə o oxşarlığı görməyə bilməzdi. Hətta lap əvvəldə Dünya ilə Əbdülün yaxın olmağından şübhələnən Heyranın da o şəkil çəkiləndən sonra qanı bərk qaralmışdı, ancaq açıb-ağartmağı yersiz bilib susmuşdu. Nəcməddin evdə tək olanda dəqiqələrlə ağayi Nəcməddinin divardan asılmış şəkli önündə dayanır, özü ilə onu müqayisə eləyir, atası adlandırılan o nurani kişi ilə özü arasında heç olmasa kiçik bir oxşarlıq tapmaq istəyirdi, ancaq tapa bilməyib məyus olurdu. Amma bu başı dümağ ağarmış, beli donqarlaşmış, sinəsi içəri batmış Əbdülün qaşı, gözü, sifəti, çənəsi, hətta burnu da eynən Nəcməddininkinə bənzəyirdi, — yox bənzəmirdi, lap eyni idi.

O gün, Zərrintacla söhbət eləyərkən dediyi sirrlərdən, müəmmalardan biri, bəlkə də birincisi elə bu idi. Onu düşündürən müəmmalardan biri də bu idi ki, görəsən niyə ağayi Nəcməddin bu adicə nökəri özünün varına-yoxuna, malına-mülkünə şərik eləyib? Çox istəyirmiş onu? Sədaqətinə inanırmış? Bax, bu da müəmma idi. Hamı deyirdi ki, onun anası — gözəl Dünya xanım birdən-birə yoxa çıxıb! Niyə? Necə olub? Bəlkə öldürüblər? Öldürüblərsə — kim öldürüb? Sağdısa — hardadı?

Nəcməddini bu məsələ də çox narahat edirdi və nə Əbdülün, nə Heyranın bu cavan oğlanın ürəyində, beynində dolanan o dəhşətli suallardan xəbəri yox idi. Heç nə izsiz qalmır — Nəcməddin sakitcə, ehtiyatla kimsəyə heç nə demədən çalıxıb-çapalayır, həmin müəmmaların düyününü açmağa çalışır, ən ümdəsi isə, anasını axtarırdı. Sağdısa — hardadı. Niyə gedib? Ölübsə... heç olmasa... qəbrini tapsın, ziyarətgaha çevirsin. Ağayi Nəcməddinin — atasının qəbri üstünə getdiyi kimi, anasının da məzarının üstünə getsin!!

Dünən axşam təsadüfən əlinə keçən o lent yazısı Nəcməddinin bütün həyatını alt-üst eləmişdi. Əvvəl sevinmişdi — anasının səsini eşitmişdi. Özünü saxlaya bilməyib uşaq kimi ağlamışdı, «səsinə qurban olum, ay ana!» — demişdi. Ancaq lentdə yazılan danışıqlara axıra qədər qulaq asandan, iki-üç dəfə də yenidən dinləyəndən sonra oğlanın ürəyi az qala partlamaq dərəcəsinə gəlmişdi. O, daha uşaq deyildi, lentdəki o söhbətlərin mənasını, məğzini yaxşı başa düşürdü. Anasının o yad adama — Vəlixana, Vəlixanın ona dediyi o sözləri diqqətlə, dərindən götür-qoy edə-edə dinlədikdən sonra... Nəcməddin sıxılıb yumağa dönmüşdü, alnını soyut tər basmışdı. Təəssüf, xəcalət hissi qəlbini yandırıb-yaxmışdı. Döşlərində vaxtı ilə süd əmdiyi o qadının — indiyə qədər şirin bir həsrət, əlçatmaz arzu kimi qəlbində yaşatdığı, axtardığı, anadan söz düşəndə böyük nisgillə köks ötürdüyü və xatırladığı Dünya xanımın o böyük, ülvi heykəli uçub dağılmışdı, yerlə yeksan olmuşdu, təzədən itmişdi, təzədən ölmüşdü. Oğlanın ürəyində haçandan bəri yatan o arzu — anasını axtarmaq, heç olmasa qəbrini tapmaq və səcdə eləmək istəyi birdən birə sönmüşdü. Hamı deyirdi kn, Nəcməddin Dünya xanımı çox sevirmiş, allah kimi pərəstiş eləyirmiş. Bu məhəbbətin müqabilində isə.. o, xəyanət eləmək istəyirmiş elə kişiyə? İstədi, elədi — heç fərqi yoxdur! Demək, ağayi Nəcməddin şübhələnib

– bu lenti qurub, onların danışdığını yazıb və təbii ki, sonra da... öldürüb! Sarsılıb — sonra özünü də öldürüb! Məntiq belə deyirdi Nəcməddinə! Bəli, belədir ki, var! Yox, elə qadının qəbri də lazım deyil kimsəyə! Hətta oğluna da... lazım deyil!...

Maqnitofonu Nəcməddinin qənşərində görəndə Əbdül zabitəsini, iradəsini, düşünmək qabiliyyətini itirərək müti bir qul kimi oğlanın əlilə işarə elədiyi yerdə oturdu, nə olacağını gözləməyə başladı. Yaman qorxmuşdu Əbdül. Kələfin ucunun Nəcməddinin əlinə keçdiyini görüb bu işin heç də yaxşı nəticə verməyəcəyini kəsdirmişdi.

Maqnitofon lenti hələ də fırlanırdı. Dünya da, Vəlixan da danışırdı.

Nəcməddin Dünyanın səsinə işarə ilə:

– Bu, mənim anamın səsidir? — deyə soruşdu.

– Hə, bala, onun səsidir. Rəhmətliyin səsidi, — dedi və elə o dəqiqə səhv elədiyinn anlayıb xırp susdu.

– Rəhmətliyin? — deyə Nəcməddin düyməni basıb maqnitofonu söndürdü və təkrar soruşdu: — Rəhmətliyin? Dünya ölüb məgər?

Əbdül xırda, qonur gözlərini döyüb dinmədi.

– Səninləyəm, kişi! — Nəcməddinin demək olar ki, qəzəblə dediyi bu sözlərdən Əbdül səksəndi. — Dünya ölüb? — Daha o, «anam» demirdi.

– Hə, yox, — deyə Əbdül kəkələdi.

– Necə yəni «hə», «yox». Ölüb ya yox?

—…

Əbdülün danışmaq istəmədiyini görəndə Nəcməddin əsəbi bir hərəkətlə ayağa qalxdı, gedib qapının cəftəsini çəkib bərkitdi, qayıdanda pencəyinin qoltuq cibindən qara bir tapança çıxarıb qara maqnitofonun üstünə qoydu və yenə çılğın bir tərzdə:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, onuncu fəsil

Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?

12 min
İkinci hissə, on birinci fəsil

Günortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…

16 min
İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 min
İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 min

Poems by other poets