İkinci hissə, on birinci fəsil
Page 1 of 3
Günortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…
Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…
Nəzər bu aləmdən ayrıla bilmirdi, Cura da, Sünbül də onu yaşadığı hisslərin qucağından ayırmağa qadir deyildi. Nəzər o kitabı çoxdan oxuyub qurtarardı, ancaq, açığı qorxurdu. Qorxurdu ki, o böyük rəssam, birdən öz son əsərini yaratmamış ölər. Yox, o, ölməzdi, belə adamlar ölmür, sadəcə yerlərini dəyişir. Tapdı bu qorxunun mənbəyini ⎯ sən demə, o, romanın qurtaracağından qorxurmuş ⎯ sondan qorxurmuş. Son… Ömrün sonu, ayrılığın sonu, kitabın sonu. Bu imiş onu ⎯ Nəzəri o kitabdan qorxudan.
Telefon səsinə xəyaldan ayıldı. Ancaq əlini atıb dəstəyi götürüncə telefon susdu, kim idisə, fikrini dəyişdi, daha zəng çalmadı. Və bu an onun yadına düşdü ki, məktəb tikintisinə getməlidi. Kitabı qatlayıb yenə siyirməyə qoydu, qalxıb şlyapasını götürərək kabinetdən çıxdı. Köhnə «QAZ-69» idarənin həyətindəydi. Teyyub qabaq şüşənin tozunu silirdi. Deyəsən, kefi kök idi oğlanın, çünki fit çalırdı. Nəzərin gəldiyini görən kimi özünü yığışdırdı, əsgiylə əlini silə-silə onun üzünə baxıb sol tərəfdən sükan arxasına keçdi. Nəzər yerini rahatlayan kimi:
⎯ Çörəyini yeyibsən, a bala? ⎯ dedi və «hə» cavabını alan kimi çönüb soruşdu: ⎯ Əgər bildin indi hara getməliyik?
⎯ Məktəb tikintisinə, Nəzər əmi.
⎯ Ay sağ ol. Sür ora, görək bu Xurşudun ticarəti necə gedir?
Sürücü təəccüblə Nəzərin üzünə baxıb:
⎯ Nə ticarət, Nəzər əmi? Orda məgər maqazin-zad var? ⎯ dedi.
⎯ Hə, oğul, orda gözəgörünməz bir maqazin açıb Xuduş faşist oğlu faşist.
⎯ Mənim xəbərim yoxdu, ⎯ dedi Teyyub. Əsgərlikdən təzə gəlmişdi. Hələ rayona isinişə bilmirdi. Çox şeyə o qərib kimi baxırdı, adamları, idarələri yaxşı tanımırdı.
⎯ Sənin çox şeydən xəbərin yoxdu, bala.
Maşın asfalt yola çıxanda Nəzər dedi:
⎯ O irəli görürəm, bizim oğlan iki meşox sement gətirib. Deyirəm hardandı? Məlum olur ki, Xuduş verib. Elə bil dədəsi Alxasın malıdı. ⎯ Teyyub «maqazin» məsələsini indi başa düşdü, gülümsünüb bir söz demədi. Heç on-on beş addım getməmişdilər ki, qabaqdan, çəpinə torpaq yoldan bir yük maşını asfaltı keçib evlərin arxası ilə uzanan yola düzəldi. Dal bort açıq idi və maşına yığılmış ağappaq, yonulmuş, taxtaların enib-qalxan ucları görünürdü. Teyyub heç əhəmiyyət vermədi, amma Nəzər gördü bunu və dalağı o saat sancdı. Oturacağın üstündə qurcuxub:
⎯ Ə, sürəti artır, o maşının dalınca sür, ⎯ dedi.
Teyyub qabaqdan gələn göy «Jiquli»ni buraxıb sola buruldu, torpaq yola çıxıb sürəti çoxaltdı. Toz aləmi götürmüşdü. Teyyub maşının yanından keçəndə Nəzər kabinəyə boylanıb gözləri buz üstə çıxmış dana gözü kimi böyük, lopabığ sürücüyə işarə elədi:
⎯ Ə, İbiş, saxla.
İbiş adlanan sürücü əhəmiyyət vermədi. Onda Nəzər Teyyuba dedi:
⎯ Bir az qabağa keç, o dar yerdə, köndələninə saxla maşını, yolu kəs.
Teyyub həmin ensiz yolda, iki binanın arasında maşınını çəpinə saxladı. Nəzər cəld qapını açıb aşağı düşdü və əlini qaldırdı. İbişin saxlamaqdan özgə çarəsi yox idi. Əylədi. Toz axını maşının yelinə gəlib üstlərindən keçib gedəndən sonra, Nəzər irəli yeridi. İbiş kabinetdə donub qalmışdı, elə bil əlləri sükana yapışmışdı. Amma yanında oturan lopabığ kişi tez-tez İbişə nə isə deyə-deyə kabinənin qapısını açıb yerə atlandı və ağır addımlarla Nəzərə sarı gəldi. Nəzər ha baxdısa, kişini tanıya bilmədi. Ancaq kişi deyəsən onu tanımışdı:
⎯ Salamməleyküm, Nəzər müəllim ⎯ dedi.
⎯ Əleykəssalam.
⎯ Deyəsən, məni tanımadız, Nəzər müəllim.
⎯ Yox, tanıya bilmədim. Nə olar, indi sən özünü tanıtdırarsan, mən də tanıyaram, ⎯ deyib ucaboy adama diqqətlə tamaşa elədi.
⎯ Əşi, mənəm də, Xəliləm. Bu rayonda yaşayıram. Mən sizi yaxşı tanıyıram.
⎯ Harda işləyirsən ki?
⎯ Profilaktoriyada. Maşın-zad düzəldilən yer var ey, orda… ⎯ Hə, maşınım olmadığına görə sənin yanına gəlib-getməmişəm. Adın nə oldu?
⎯ Xəlil.
⎯ Hə, Xəlil. Bu taxtanı hardan gətirirsən, ay Xəlil?
Xəlil qayıdıb maşına, kabinədə oturmuş İbişə baxa-baxa:
⎯ Əşi, yoldan bir maşın keçirdi, saxlatdırdım, beş-on taxta götürdüm. Bir balaca kümə qaraltmışam, poluna, üstünə vurduracam, ⎯ dedi.
⎯ Kağızı-zadı var?
⎯ Nə kağız, əşi?
⎯ Kağız da.
⎯ Deyirəm yol maşınından almışam, deyir kağızı var? İnanmırsan odey, İbişdən çağır soruş. Ə, İbiş, nə gözlərini döyürsən orda? Gəl, bir-iki kəlmə də sən de da. Bu kişi mənə inanmır.
İbiş yerə düşüb ağır addımlarla onlara sarı gəldi. Hiss olunurdu ki, çəkinir, qorxur. Salam verdi, Nəzər ağızucu onun salamını alıb soruşdu:
⎯ Hansı maşından aldız, ə, bu taxtaları?
⎯ Bir yol maşınından.
⎯ Nömrəsi neçəydi?
⎯ Baxmadım.
⎯ Sən də baxmadın, Xəlil?
⎯ Yox. Mənə taxta lazım idi, nömrəsiynən nə işim vardı?
Nəzər amiranə bir səslə:
⎯ Dalımca sür milis idarəsinə, ⎯ dedi. ⎯ Haydı. ⎯ Yola düzəldi.
Xəlil yazıqlaşıb balacalaşdı:
⎯ Nəzər müəllim.
⎯ Gəl, gəl. Orda danışarıq…
⎯ Əşi, orda nə danışacayıq? Yaxşı olar, elə burda danışaq.
Nəzər çönüb tərs-tərs Xəlili təpədən-dırnağa süzdü:
⎯ Nə danışacaqsan, ay bala? Mənə pul təklif eləyəcəksən? ⎯ Şirinlikdən-zaddan…
⎯ Sən öl, basdıraram, qulaqların cingildəyə-cingildəyə gedərsən. Yaramaz! Sən məni tanımırsan? Öyrəşibsiz alıb-verməyə! Uzun danışma, gəlin dalımca. Ə, İbiş, düz milisin qabağına. Eşidirsən? Sizin o babanız öldü, bala.
Nəzər maşına minəndə İbişin Xəlilə dediyi bu sözləri eşitdi: ⎯ Allah öyünü yıxsın, öz öyünü də yıxdın, mənim öyümü də. Hələ bir neçə ayda Nəzərin qırmağına keçən canını salamat qurtara bilməyib.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-on-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.
Üçüncü hissə, yeddinci fəsilHər şey yuxu kimi gəlirdi ona. Ağlı kəsəndən bəri çox yuxular görmüşdü, ancaq beləsini ⎯ bu cür qarmaqarışıq, əvvəli-axırı bilinməyən, baş-ayaq, heç yana, heç nəyə yozulmayanını gördüyünü xatırlamırdı Nəzər.Nitqi tutulmuşdu, idarəsindən milis şöbəsinə qədər olan yolda
Üçüncü hissə, səkkizinci fəsilSüleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»