Üçüncü hissə, səkkizinci fəsil
Page 1 of 3
Süleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!
Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»
Bu sözlər Süleyman üçün dünyanın hər mükafatından qiymətli idi. Elə qanadlanmışdı ki, dünən, camaatın əl-ayağı raykomun binasından çəkiləndən sonra, ertədən şərtləşdikləri kimi, Müseyib gilə getmişdi.
Müseyib yaxşı, naz-nemətlə dolu bir məclis təşkil elətdirmiş, səhər saat dördə qalanacan yeyib-içmişdilər. Hələ məclis başlamazdan qabaq, Müseyib Süleymanın qulağına yavaşca pıçıldamışdı:
⎯ Ürəyiniz kimi istəyir, çağıraq! Yeməyimiz-içməyimiz boldur, şükür allaha.
⎯ Heç kəsi. Dostları dəvət elə! Vəssalam!
Müseyib, izahatsız-filansız, icraiyyə komitəsinin sədrini, prokuroru, rayonun sədrini onca dəqiqənin içində tapdırıb gətirtmişdi. Süleymanın şərəfinə tostlar deyilmiş, badələr qaldırılmışdı, günün qəhrəmanı kimi. Orada, o məclisdə hər şeydən danışmışdılar: hətta lətifə söyləyib qarınlarını tuta-tuta gülmüşdülər də. Nəzər isə… heç yada da düşməmişdi. Halbuki, Nəzər onun yolunu, sözünü necə gözləyirdi.
Tapdıq qayınatasını zamına götürmək istəmişdi. Nəzər razı olmamışdı: «Yox, bu ləkəynən mən buradan çıxa bilmərəm. Mən tərtəmizəm, təmiz də çıxmalıyam, bala, burdan! Zamın nədi? Mən neyləmişəm ki?»
Özünü onların yanında sındırıb Xuduş tərəfindən döyüldüyünü dilinə gətirməmişdi. Bədəninin, qabırğalarının, qarnının ağrılarına birtəhər dözə-dözə, arvadına, qızlarına, Qəribə və Tapdığa təskinlik vermişdi.
Üç gün keçəndə başa düşmüşdü ki, kəndirini möhkəm kəsiblər. Qərib, adını çəkmədən Müseyibin məsləhətlərini atasına çatdırmışdı, kişi bilmərrə etiraz eləmişdi: «Sən nə danışırsan, ay oğul? Müstəntiqə pul təklif eləmək ⎯ günahını boynuna almaq deməkdir, mən bunu ölsəm də eləmərəm. Nəzər ⎯ rüşvət boyun olsun? Yox, yox, əsla!»
⎯ Onda qalassan burada, xilas ola bilməyəssən, dədə!
⎯ Süleyman qoymaz, qoymaz Süleyman!
⎯ Süleyman qaçır dalından, dədə. Ona ümid olma!
⎯ Qaçmaz, Süleyman mərd adamdı, qaçmaz!
İkinci gün olan bu görüşdən və söhbətdən üç gün sonra, yanına müstəntiq Hilalov gəlib onu hərbə-zorba ilə, təhqir edə-edə dindirməyə başlamışdı.
Hilalov elə birincn gəlişində demişdi:
⎯ Boynuna alassan, Nəzər! Nahaq yerə özünü də, bizi də incitmə!
Lakin Süleyman gəlməmişdi; bəlkə də gələ bilməzdi, katibə yaraşmazdı. Amma, axı onu yanına çağırtdıra bilərdi. Bunu da eləmirdi Süleyman.
Bu gün, rayon fəallarının iclası olmuşdu. Bütün kolxozların sədrlərini, qabaqcıl briqadirləri, manqa başçılarını, təhkimçiləri salona yığıb böyük qələbənin necə əldə edildiyindən, kişinin qələbə raportunu eşidərkən nə cür sevindiyindən həvəslə-şövqlə danışmışdı Süleyman. Və adamların ünvanına yaxşı, ürəyəyatan sözlər demişdi. Fəalların iclası lap bayram iclasına dönmüşdü. Sonra katib, büro üzvlərindən başqa, salondakıların hamısına getmək icazəsi vermişdi:
⎯ Gedin, dincəlin, dostlar! Sizə dincəlmək halaldı. Büro üzvləri isə qalsın!.. Özü də qalxağın mənim kabinetimə. Bəlkə Bakıdan zəng-zad oldu.
Yarım saatdan sonra, kabinetdə hamı yerbəyer olub əyləşəndə, Süleyman Sünbülün gətirdiyi təzədəm çaydan bir qurtum içib boğazını yaşlayaraq:
⎯ Sizi ona görə saxlamışam ki, ⎯ dedi, ⎯ görək bizim Nəzər müəllimin işini necə həll eliyək! Bir az bundan qabaq arvadı gəlmişdi yanıma… Ağlayırdı…
İcraiyyə komitəsinin sədri İsmayıl başını xoruz kimi qaldırıb:
⎯ Nəzərin məsələsi artıq həll olunub, Süleyman! ⎯ dedi və ətrafındakılara baxıb əlavə elədi: ⎯ Sənin müəllimindi, bilirik, ancaq elə çirkin adam bizim partiya təşkilatının üzvü ola bilməz, Süleyman!
İsrayılın sözü qətiydi və bu qətiyyəti Süleyman aydın başadüşdü:
⎯ Hə?
⎯ Bəli!
Süleyman döyükdü, çaşıb nə edəcəyini bilmədi. Çönüb prokurora baxdı:
⎯ Sən nə fikirdəsən, Quliyev? ⎯ Belə eləməyinə o dəqiqə peşiman oldu Süleyman. Gərək unutmayaydı ki, İsrayılın sözü burda oturanlar üçün qanundu.
⎯ Mən… Mənim fikrim budu ki, rayonun namusunu, izzətini, şərəfini qoruyaq, Süleyman! Baxın, biz bu qədər iş görmüşük, planları yerinə yetirmişik, kişi dünən sizə o cür gözəl sözlər deyib. Biz razı ola bilmərik ki, Nəzər kimi moşenniklər, dildə camaatımıza əxlaq dərsi deyən, əl altda isə ayrı işlər görən adamlar vəzifə başında qalsın, bizim təmiz adımızı ləkələsin! Qətiyyən razı ola bilmərik, Süleyman! ⎯ İsrafil bu sözləri deyib eynəyinin şüşələrini cib yaylığı ilə sildi və bunu elə etdi ki, yenə heç kəs onun gözlərinin rəngini görə bilmədi. ⎯ Nəzər təcrid olunmalıdı, bir var adi adam belə eləyə, bir də var müəllim eləyə. Şəxsən mən özüm nəzarət eləyirəm bu işə!
⎯ Yəni doğrudan Nəzər rüşvət alıb? Ya… bu uydurmadı, İsrafil? Süleyman çaydan bir qurtum da içib prokurordan xəbər aldı.
⎯ Əlbəttə, alıb, Süleyman! Sən elə bilirsən ki, sənin Nəzər müəllimin o vaxtlar gördüyün Nəzər müəllimdi? Yox, canım?!
⎯ İstintaq aparmısız?
⎯ Əlbəttə.
⎯ Nəticəsi?
⎯ Nəticəsi budu ki, Nəzər ⎯ rüşvətxordur. Hilalov danışdırır. İfadə verdi ki, Yunis gəldi mənim yanıma, dedi ki, qonaqlarım var, cibimdə isə pulum yoxdu, mənə yüz əlli manat ver, onları yola salım. Guya Yunis deyib ki, «Yaxşı yol»a aparmaq istəyirəm qonaqlarımı. Yoxlamışıq, dediklərinin biri də düz çıxmır: Həmin gün ⎯ yəni noyabrın birində Yunis benzindoldurma stansiyasında olub, «Yaxşı yol» restoranına heç getməyib! Demək, Nəzər yalan deyir. Demək, Yunis işdə olub və restorana da getməyib!
⎯ Hm. ⎯ Süleyman mızıldandı.
⎯ Bəli. Süleyman, mən sənin onu nə qədər çox istədiyini bilirəm. Müəllimindi! Amma, gərək məni bağışlayasan. Mən rüşvətxoru heç cür açıb buraxa bilmərəm. Hətta atam olsa da, açıb buraxa bilmərəm! Bir də… özü boynuna alandan sonra… bizim haqqımız yoxdu ki, onu məsuliyyətdən azad eliyək!
⎯ Deyirsən özü boynuna alır?
⎯ Bəs necə!
Süleyman fikrə getdi. Susub büro üzvlərinə baxdı. Heç kəs nə işarə elədi, nə bir söz dedi, ən yaxın hesab elədiyi və demək olar ki, hər gün ya kabinetində, ya da güllü-çiçəkli həyətində dərdləşdiyi, söhbət elədiyi Müseyib də ⎯ Nəzərin təzə qohumu da çiyinlərini çəkdi və işarə ilə: «Özün bilən məsləhətdi!» ⎯ söylədi. Araya dərin bir sükut çökdü. Katib danışmadığına görə, kimsə dillənib bir söz demirdi. Amma arada pıçhapıç gəzirdi, kabinetdəki adamlar bir-birinin qulağına nə isə pıçıldayırdı. Süleyman çaşbaş qalmış vəziyyətdə:
⎯ Hər halda mən istəyirəm onu görəm! ⎯ söylədi.
Aparatın partiya təşkilat katibi ⎯ əlində çəlik olan və rayonda hamının «çolaq Rahib» adlandırdığı kişi, qorxa-qorxa Süleymana baxaraq:
⎯ Süleyman müəllim, biz bu gün onu partiyadan çıxartmaq qərarına gəlmişik, ⎯ dedi. ⎯ İlkin istintaq materiallarını dəqiq öyrənib bu qərara gəlmişik ki, Nəzər müəllim, həqiqətən cinayətkardı və Yunisdən rüşvət alıb! Ona görə, ilk partiya təşkilatının qərarını biz, raykomun bürosunun müzakirəsinə təqdim eləyirik və Rayon Xalq Nəzarəti Komitəsinin keçmiş sədri, kommunist Nəzər Nəzərlinin partiya sıralarında qalmağını qeyri-qanuni sayaraq, necə deyərlər, bütün məhəbbətimizə və hörmətimizə baxmayaraq…
Süleyman onun sözünü kəsdi:
⎯ Nəzər indi hardadı? ⎯ Belə deyib prokurora, milis idarəsi rəisinə baxdı. ⎯ Haradadı indi o?
Ağayev ayağa qalxaraq iri qarnını irəli verdi:
⎯ Bizdədi, yoldaş Həmidov.
⎯ Hə? Sizdədi? Göstəriş ver, gətirsinlər bura! Mən onu görmək istəyirəm, Ağayev! Süleyman qətiyyətlə dilləndi.
⎯ Lazım deyil, Süleyman! ⎯ Bu sözləri prokuror dedi. ⎯ Məsləhət deyil! Mən ölü, siz qalı, onu bura gətirsəz, qanınız tamam qaralacaq.
⎯ Niyə?
⎯ Çünki o, zəhər tuluğudu, Süleyman!
⎯ Siz səhv eləyirsiz İsrafil müəllim! Görünür siz o kişini yaxşı tanımırsız! Tanısaydız, elə deməzdiz. O kişi bizim rayonun ən ağıllı, ən müdrik adamıdı, İsrafil müəllim! ⎯ Bayaqdan susub danışmayan Rayon istehsalat idarəsinin rəisi Baba İsgəndərovun gözlənilmədən, birdən-birə dediyi bu sözlər hamını təəccübləndirdi və adamlar çevrilib ona baxdılar. Baba uzun sifət, başının ortasının tükü tökülmüş, yaşı əllini haqlamış bir adam idi. Gəncədə, uzun illər bundan qabaq, Qurbanla bir yerdə Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi, lap əvvəl briqadir, sonra kolxoz sədri, sonra da İstehsalat idarəsinin rəisi olmuşdu. Bütün rayonda yeganə adam idi ki, hər katibin dövründə öz zəhməti, təmizliyi və qabiliyyəti ilə seçilmiş, sevilmiş və üzdə olmuşdu, hətta «Oktyabr» kolxozunun sədri işlərkən «Lenin ordeni» də almışdı. Və ən maraqlısı bu idi ki, vaxtilə Süleymanın təhsil aldığı Əsgərabad orta məktəbində, o «Qırmızı məktəb»də oxuyarkən Nəzər müəllim ona da dərs demişdi. Nəzər bir çox şagirdləri kimi, Babanı da yadında saxlamamışdı, çünki Baba gözə girən deyildi, təvazökar idi. Nəzər isə onun yadında qalmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:
Birinci hissə, on dördüncü fəsilƏbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Poems by other poets
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Yalvara-yalvaraYad olanda yar peymana,Qaldım yalvara-yalvara.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.