Üçüncü hissə, altıncı fəsil
Page 1 of 4
Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:
⎯ Bəli. Hə, mənəm.
Kim idisə, yoğun səsli bir qadındı, hal-əhval tutmadan, salamsız-kəlamsız, aşkar bir sevinclə:
⎯ Gözün aydın, aaz, Bikə, sənin Nəzərini də tutdular. ⎯ demişdi.
Bikənin qulaqları batmışdı:
⎯ Nəəə? Nəəə deedin? Kimdi danışan?
⎯ Aaz, nə fərqi var kimdi? Deyirəm, Nəzəri də qolları bağlı apardılar. Qara maşında.
⎯ Hara apardılar?
⎯ Aaz, hara aparajaxlar ⎯ qoduxluğa. Özünün günahsızfilansız göndərdiyi adamların yanına. İndi başa düşdün?
Dəstək arvadın əlindən düşmüşdü; Bikə tappıltı ilə yerə dəymişdi.
Zəng eləyənin kim olduğu ona aydın olmamışdı. Və görünür, heç vaxt da, ölən günəcən də bilməyəcəkdi ki, o qadın kimdi.
… Süleyman həmin gün, prokurorun şəxsən özünün icra elədiyi əməliyyat nəticəsində Nəzəri aparandan səkkiz saat sonra, şər qarışan çağı gəlib çıxmış, evdən, arvad-uşağından hali olmamış yuxarı, öz kabinetinə qalxmış, ikinci katibi yanına çağıraraq xoş-beş eləyib soruşmuşdu:
⎯ Rayonda nə var-nə yox, Cəlal?
⎯ Sağlıqdı, Süleyman müəllim. Ancaq pis bir iş olub. Mən sizi çox axtardım, şəhərdəki evinizə zəng çaldım, Mərkəzi Komitədən soruşdum. Tapa bilmədim.
⎯ Axı nə olub, Cəlal? ⎯ Süleymanın vücudu təşviş içində gərilmişdi.
Cəlal tərəddüdlə:
⎯ Nəzər müəllimi… götürüblər. ⎯ söyləmişdi.
Süleyman siqaret yandırmışdı:
⎯ Necə yəni götürüblər?
⎯ Tutublar, Süleyman müəllim.
⎯ Nə danışırsan, Cəlal? Kim tutub?
⎯ İsrafil. Prokuror…
⎯ Prokuror? Nə üstə?
Cəlal əhvalatı qısaca danışmışdı Süleymana.
⎯ Elə şey olmaz, canım. Qətiyyən ola bilməz. Mən buna inana bilmirəm, Cəlal.
⎯ Mən də inanmaq istəmirdim, Süleyman müəllim. Ancaq, deyəsən, həqiqətdi.
Süleyman qıçlarının əsdiyini hiss eləyib kreslosuna çökmüşdü, dəhşətli, ağlasığmaz bir fəlakət eşidib sarsılmış adam kimi, dişlərini bir-birinə sıxıb xırçıldatmışdı.
⎯ İsrafil o işə getməzdən qabaq gərək mənə deyəydi. Mənim büro üzvümü həbs edir, özü də mənə deməmiş.
⎯ Sizi axtardı. Mənə dedi. Dedim: İsrafil, belə şey eləmə. O Nəzər o cür adam deyil. Qoy katib gəlsin, məsləhətləşək. Dedi, yox, Cəlal. Əməliyyat artıq hazırdı ⎯ mən bunu poza bilmərəm. Sənə deyirəm də, ⎯ söylədi. ⎯ Katib də gələndə bilər.
⎯ Sanksiya verib?
⎯ Hə. İşi şəxsən özü aparır.
⎯ Bəs şəxsən özü niyə, Cəlal?
⎯ Ona görə ki… Bilirsiz, Nəzər çox nüfuzlu adamdı ⎯ milis, SƏDM inspektorları, lap Dövlət təhlükəsizlik şöbəsinin işçilərinə də etibar eləməyib. Mənə elə gəlir ki, Quliyev xal toplamaq istəyir, Süleyman müəllim.
⎯ Hm… ⎯ Süleyman əlini stola çırpmışdı. ⎯ Çort vozmi. Yox, bu ola bilməz. Nəzər kristal adamdı, Cəlal. Nəyə desən inanaram, ancaq o kişinin rüşvət almağına yox.
⎯ Amma o benzin satan oğlan at kimi üzünə durur.
⎯ Nə qədər gec deyil, onu qurtarmaq lazımdı.
… ⎯ Yox, Süleyman, yaxşısı budu, siz bu işə qarışmayın. Çox mürəkkəb və çirkin məsələdi. Sizin də adınızın üstünə kölgə sala bilər. Xəbər ildırım sürətiylə yayılıb, bütün rayon camaatı dəyib bir-birinə. Güman ki, hələ Bakıya da gedib çatıb. Siz onu açdırıb buraxdırsanız, onda bu rüşvət deyilən zəhirmarın qabağını heç qoşunla da ala bilməzsiz. Deyəcəklər, görəsən katibin nə interesi varmış. Mən onu çox istədiyimə görə belə deyirəm, Süleyman. ⎯ Bu sözləri, Əmiraslanov gedəndən sonra kədərli halda kabinetə gəlib kənarda büzüşərək oturmuş Müseyib deyirdi.
⎯ Axı nə deyə bilərlər? Hamı ⎯ uşaq da, böyük də bilir ki, Nəzər mənim müəllimim olub.
⎯ Siz bu camaatı yaxşı tanımırsız. Bu camaatın arasında ala qarğa bala çıxartmaz.
⎯ Mənim ürəyim yanır, Müseyib. O, təmiz kişi idi axı.
⎯ İdi, Süleyman. İndi çox şey dəyişib. Elə sənin Nəzər müəllimin də. Siz elə bilirsiz mənim yazığım gəlmir? Sizin təmiz adanızın üstündə nə qədər əsirəmsə, acığınıza gəlməsin, Nəzərin üstündə üç qat əsirəm. Deyəcəksiz niyə? Ona görə ki… sizə hələ deməmişəm, lap bu yaxında aydın olub ki, Nəzər hardasa mənim qohumumdu.
⎯ Qohumundu? Necə qohumundu?
⎯ Nə təhər deyim… Nəzərin oğlu… Mədəniyyət evində işləyən Qərib var ha ⎯ o, bu gün-sabah mənim kürəkənim olmalıdı, Süleyman.
⎯ Hə?
⎯ Bəli. Uşaqlar… necə deyərlər, bizdən xəbərsiz çoxdan alışıb-verişiblərmiş. Pambıq sovulan kimi toylarını eləməliydik. Lap başımı itirmişəm. Sizin bu işə qarışmağınızı da istəmirəm, Nəzərə kömək də eləmək istəyirəm. Ancaq bilmirəm neyləyim, necə eləyim? Sizin yanınıza gəlməkdə də… məqsədim elə budu. Dedim baş başdan üstün olar…
Bu zaman qırmızı telefon ⎯ dövlət telefonu səslənmişdi. Süleyman özünü yığışdırıb dəstəyi götürmüşdü. Zəng eləyənin familiyasını çəkəndə Müseyib başa düşmüşdü ki, Bakıdandı, Respublika Xalq Nəzarət Komitəsinin sədridi.
⎯ Hə, Osman müəllim… Elə bir şey var. Mən də indi eşitmişəm. Elədi. Çox təəssüf eləməlidi, Osman müəllim. Bəli, bütün təşkilata ağır zərbədi… Bizim üçün isə… lap biabırçılıqdı, vallah… Düzdü. Başımı soxmağa yer axtarıram. Yaxşı, sağ olun.
Süleyman danışıb qurtarandan sonra Müseyibə fikirli-fikirli baxmışdı. Müseyib içini dolduran gizli sevinci boğmağa çalışaraq katibin nə deyəcəyini gözləmişdi.
⎯ Bakı artıq bilir.
⎯ Bə mən sizə nə dedim? Osman müəllim eşidibsə, deməli, Mərkəzi Komitə də bilir… Ona görə deyirəm ki, bunu gizləmək mümkün olmayacaq.
⎯ Hm. Düzdü. ⎯ Fikirləşmişdi Süleyman ⎯ Quliyevlə danışmaq lazımdı.
⎯ Quliyevin mən dabbaqda gönünə bələdəm, Süleyman. Nəzər adam öldürsəydi, bəlkə də İsrafil ona kömək eləyərdi. Amma rüşvət məsələsi… Bah, bah. Rüşvət sözünü eşidəndə elə bil ⎯ Müseyib burda xırp səsini kəsmişdi: yadına düşmüşdü ki, axı dostları ilə danışıb şərtləşdiklərinə görə gələn ayın axırında Ağayevin növbəsiydi ⎯ o, Süleymanın istirahətə getməsini bəhanə edərək onun «payı»nı çatdırmalıydı ⎯ indi Müseyib belə deməklə Süleymanı qorxuza bilərdi, işi pozmuş olardı ⎯ odu ki, sözü dəyişmişdi: ⎯ Nə isə… Nəzəri milis tutsaydı, yenə Ağayevlə birtəhər dil tapıb danışmaq olardı. Ağayevin tamahı qılıncdan itidi.
⎯ Deyirsən Quliyev kömək eləməz?
⎯ Ta hardan? Sanksiya verib artıq. Əhvalatı eşidən kimi, mən yazıb başılovlu qaçdım İsrafilin yanına. Hətta dedim, əşi, o kişi mənim qohumumdu, qabaqda xeyir işimiz var… Gör bir neyniyirsən… Daş atıb başını tutdu ki, heç cür mümkün deyil, Müseyib. Çarəsiz qalıb sizin də adınızı çəkdim, dedim, Nəzər o kişinin müəllimi olub. Heç olmasa ona xətir…
Süleyman narahatlıqla:
⎯ Nahaq elə demisən, ⎯ demişdi.
⎯ Nə bilim, başımı itirmişdim, istəyirdim bu iş yoğunamamış, rəsmiləşməmiş birtəhər xilas eləyim o yazığı.
⎯ Bəs sən elə söyləyəndə Quliyev nə dedi?
⎯ Dəhşət adam imiş. Deyir, Süleymanın müəllimi yox ey, hətta öz atam da olsa, mən qanunu poza bilmərəm, Müseyib. Ta bundan sonra nə deyəsən ona. Durdum suyum süzülə-süzülə çıxdım kabinetindən… Getdiyimə də peşiman oldum…
Süleyman siqaret yandırdı:
⎯ O oğlan necə adamdı, Müseyib?
⎯ Hansı oğlan?
⎯ Nəzərin üzünə duran.
⎯ Hə. Əşi, yetimin biridi. Kimi-kimsəsi də yoxdu. Kasıbın, əlsiz-ayaqsızın yekəsidi. Mən onu görəndə həmişə cibimdən çıxarıb pul verərdim üçdən-beşdən… Adama deyən gərək, ay Nəzər, sənin ürəyin necə gəlirdi ki, ondan ayda yüz əlli manat pul istəyirdin? O nə qazanırdı ki, o qədər də haqq tələb eləyəsən ondan? İnsaf da yaxşı şeydi də. Gərək damara baxıb qan alasan da. Univermaqdan, mağazalardan, kababxanalardan, restoranlardan, nə bilim, daha haralardan yığdığın bəs eləmirdi, gərək gəlib o yetimdən də istəyəydin?
⎯ Sən nə danışırsan, ay Müseyib? Yəni Nəzər elə eləyirdi?
⎯ Bə nədi? Bunu hamı danışır ki.
⎯ Yox, ay Müseyib. Mən əksini eşitmişəm. Hamı Nəzərin qorxusundan düz işləyirdi, kimsə kimsənin qəpiyini də kəsmirdi. Deyirdilər, Nəzər rayonda rüşvətin kökünü kəsib az qala. Mən də sevinirdim.
⎯ Məni demirsən, Süleyman. Necə sevinirdim, necə sevinirdim. Özünə də o irəli… bizdə oturub yeyib-içəndə, sənin də sağlığına badə qaldıranda demişdim. Amma sən demə yalan imiş. Nəzər ustalıqla maskalanıbmış. Demək olar hamısından alırmış. Neçəsi mənim özümə deyib.
⎯ Onlar da indi Nəzərin üzünə dururlar?
⎯ Yox. Nə danışırsız, Süleyman? Kim gedib öz başını iti bıçağa sürtər? Qabaqlar olsaydı dirənib deyərdilər. Ancaq bu təzə qanun ⎯ «Alan da tutulsun, verən də tutulsun» ⎯ qanunu çıxandan sonra kim rüşvət verdiyini boynuna alar? Bilmirəm bu qanunu hansı ağılnan çıxartdılar?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
Birinci hissə, birinci fəsilBu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,
Birinci hissə, ikinci fəsilElə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.
Birinci hissə, üçüncü fəsilHava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.