Üçüncü hissə, altıncı fəsil
Page 2 of 4 · 25%
⎯ Aydındı ki, rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək məqsədiylə.
⎯ Məsələ ondadı ki, o qanunu düşünənlər işin bir cəhətini fikirləşiblər, o biri cəhətini yox. Dərindən fikirləşəndə görürsən ki, o qanun rüşvətxorluğun daha da geniş və daha gizli şəkildə rəvac tapmasına çox gözəl şərait yaradır… Siz necə bilirsiz, dost kimi, yoldaş kimi etibar edib qulağıma: «Nəzər filan qədər aldı məndən» ⎯ deyə pıçıldayan adamlar o qanunun qorxusundan üzə çıxarıb deyərlərmi ki, filan qədər vermişəm Nəzərə? Yox, üstlərinə diri ilan da salasan, deməzlər, Süleyman…
⎯ Hm…
⎯ Yunislə bayaq söhbət eləyirəm…
⎯ Yunis kimdi?
⎯ «Zapravka»da işləyən oğlanı deyirəm də. Yazıq az qalırdı ağlasın. «Adını müəllim qoyub, kommunist qoyub» ⎯ deyirdi.
⎯ Bəlkə aralarında bir qərəz-zad var, ay Müseyib?
⎯ Yox. Nəzər hara, Yunis hara? Bunu mən də soruşuram, and içib aman elədi. Axırda, öz aramızdı, gədəyə lap yalvardım, pul təklif elədim. «Götür ərizəni geri, bilirsən, o mənim qohumumdu, biz qudayıq, qızı bədbəxt eləmə, Yunis. Rayon dolusu ad-sanım var, məni camaat arasında bədnam eləmə, bala» ⎯ Deyir, ⎯ «Müseyib qağa, mən ərizəmi hancarı geri götürə billəm? Onda mənim özümü basallar qoduxluğa». Görürəm o yazıq da düz deyir də… Nə isə… çox pis yerdə axşamlamışıq, Süleyman. Sizin işiniz ağırdı. Xilas eləyəssiz, deyəcəklər, Həmidov da elə onun tayıdı, eləmiyəssiz, deyəcəklər Həmidov öz müəllimini tutdurdu. Mənimki lap dəhşətdi. İndi qızı onun oğluna vermiyəcəyəm, deyəcəklər, Müseyib Nəzərin adınavəzifəsinə görə qohum olmaq istəyirdi, verəcəyəm, deyəcəklər qudası həbsxanada yatır, rüşvətxorun biri idi, nə bilim nə… Yuxarı baxırsan bığdı, aşağı baxırsan saqqal…
Süleyman otaqda gəzindi. Müseyib siqaret çəkməyə başladı. Katibin üzü bulud kimi tutulmuşdu. Çıxılmaz vəziyyət idi doğrudan da. «Kimə inanasan, ay aman. O gün dediyi sözlərə, planlarına bax, bu gün tutduğu əməllərə… Yernən göy qədər fərqi var. Eh, Nəzər müəllim… Doğrudanmı sən beləysənmiş?»
Qayıdıb yerinə keçdi, dəstəyi götürüb barmaqlarını yastı telefonun düymələrində gəzdirdi:
⎯ Quliyev? Salam. Hə, indicə gəlmişəm. Hə. Bu Nəzərin məsələsi düzdümü? ⎯ Dayanıb dinlədi. Görünür prokuror təfsilatı danışırdı.
⎯ Hə. Yəni onu heç cür xilas eləmək olmaz? Yox? ⎯ Hayıf. Amma… onda, Quliyev, səndən bir xahişim var. Bilirsən, o kişi mənim müəllimim olub. Təhqiqatı bacardığın qədər düzgün, obyektiv apar. Birdən səhv eləyərsən… Bu, bizə baha başa gələr… Yox, yox. Həqiqət olsa, onda heç… Özündən küssün. Mənə tez-tez məlumat verərsən… Yaxşı. Sağ ol. ⎯ Dəstəyi asmışdı, müsahibinə baxmışdı. Müseyib təəssüf eləyirmiş, yanıb-yaxılırmış kimi, başını bulayıb yanıqlı-yanıqlı köks ötürmüşdü. İçindəki Müseyibə ⎯ gözəgörünməz, ancaq özünün tanıdığı Müseyibə, ürəyində pıçıldamışdı: «Köpəyoğlu, sən gərək diplomat olaydın…»
… Qərib həyətdə, uzun, müşəmbəli stolun arxasında müşkül-müşkül, əzizi ölmüş adam kimi oturmuşdu: qabağında Simuzər, kədərli halda sol döşünün üstündən sallanan hörüyünün ucunu qurdalaya-qurdalaya əyləşmişdi. Arabir ala gözlərini qaldırıb Qəribə baxırdı, ah çəkirdi. Oğlan isə oğurluqda tutulmuş adam kimi qıza kirpik qaldırmağa utanırdı. Bu dəqiqələrdə, niyə bədbəxt yarandığını, xoşbəxtliyə can atarkən, ona qovuşmağa az qalırkən həmişə bir əngəlin niyə ortaya çıxdığını götür-qoy eləyir və: «görünür, mən elə bədbəxt olmaq üçün yaranmışam. Mənim alnıma səadət yazılmayıb. Özü də qəribədi ki, mənim səadətimə hər zaman, hər yerdə doğma atam mane olub, sədd çəkib. Bu, daha ata olmadı, bu, bəla oldu mənim üçün» ⎯ deyirdi. Sükut uzun sürdükcə, sözlər fikirlərə, fikirlər ittihamlara çevrildikcə, Qərib bir az da tutulub qaralır, qara, qalın qaşları gözlərinin üstünə enir, onu, qənşərindəki Simuzərə daha da kədərli, bədbəxt və ümidsiz göstərirdi. Qız isə, qəribə idi ki, onun bu ağır anlarında, Qərib haqqında, indi hardasa təkadamlıq kamerada saxlanan və allah bilir nə barədə fikir eləyən gələcək qayınatası haqqında yox, o daz baş, xırda gözlü, zəhmli, hökmlü, atasının qul kimi qabağında dayandığı, ömründə ilk dəfə ona içki içizdirən, ömrünün yeddi ilini oğurlayan o nazir barədə düşünürdü. Ələmdarın ağır gövdəsi elə bil indi də qızı basıb əzirdi, iri, koppuş əlləri elə bil indi də onun ağappaq sinəsində, buxağında gəzirdi və o iri, koppuş əllərin istisini indi də vücudunda hiss eləyir, həm ikrah, həm də hardasa xoş bir gizilti duyurdu canında. Anlar qovuşduqca, nazir gözlərinin önündə əriyib yox olur, əvəzində bu ucaboy, cavan, sağlam bədənli, qüvvətli Qərib peyda olurdu və Simuzər özünü, hələ indiyəcən onu bircə dəfə də öpməmiş Qəribin qolları arasında sanıb həzz alırdı. Və Simuzər bütün bu çalpaşıq duyğular aləmindən çıxmaq, xəyalında, həyatında ilk kişi olan naziri unutmaq, yox etmək istəyinə tabe olaraq, iradəsini toplayıb Qəribin qoynuna sığınmaq arzusunu güclə boğurdu özündə. Lakin elə bu anda Simuzərin baxışları Qəribin böyründəki boş stula sataşdı. Bu həmin stul idi ki, o gün Simuzər oturmuşdu və atası, Qərib bağa keçəndən sonra, meynələrin arasından çıxıb gəlmiş Bəhram onu ⎯ stulu öpməyə başlamışdı. O qeyri-adi hərəkət yadına düşən kimi Simuzər lalı xatırladı və başını döndərib gözləri ilə onu axtardı. «Hardadısa, indi bizə baxır». Doğrudan da elə indi ⎯ Bəhram o yanda, qarajın böyründə, köhnə stulun üstə oturub onlara tamaşa eləyirdi. Baxışları tutqun idi, yazıqlıq tökülürdü üz-gözündən Bəhramın.
Simuzər ona əhəmiyyət verməyərək Qəribə sarı çöndü:
⎯ Nə dərin fikrə getmisən, Qərib? ⎯ deyə, nəhayət, dillənəndə oğlan, qızın səsini eşidib fikir dünyasından ayrıldı və qəmli-qəmli gülümsündü. ⎯ Darıxma, ⎯ əlavə elədi Simuzər. ⎯ Atam həmişə deyir ki, bir yandan bağlayan fələk bir yandan açır.
Qərib içindəkiləri, düşüncələrini dilinə gətirmədi. Simuzəri qorxutmaqdan çəkindi, lakin kədərinin dərinliyini, böyüklüyünü də gizləyə bilmədi:
⎯ Mən görürəm fələk elə hey bağlamaqnan məşğuldu. Açmaqnan işi yoxdu.
Simuzər qalxıb talvardan bir qıça ağ, gündüz işığında bu üzündən baxanda o üzü, içindəki toxumları belə görünən bir salxım üzüm üzdü və onun gilələrindən üç-dördünü qoparıb zərif əllərində silib təmizləyərək, ana quş öz balasına yem verən kimi:
⎯ Ağzını aç, ⎯ dedi və Qəribin elə o an açılan ağzına atdıqda fürsəti buraxmayan oğlan onun incə barmaqlarından öpdü, qızın bədəni gizildədi və şirin bir təbəssüm yayıldı ağ sifətinə. ⎯ Sən darıxma, Qərib, atam kişini darda qoymaz… Özünü ələ al, dünya dağılmayıb ki, ⎯ Belə deyən dönüb Bəhrama gözucu baxdı. Bəhram Qəribin onun əllərini öpdüyünü görüb gözlərini yummuşdu, başını əlləri arasına almışdı.
Qəribin qırışığı açıldı. Üzüm gilələrini dünyanın ən ləziz neməti kimi (ona elə gəldi ki, indiyəcən hələ belə dadlı və şirin üzüm yeməyib, halbuki, öz həyətlərində də eynən həmin «gəlin barmağı» üzümdən var idi, Nəzər onu öz əlləri ilə əkmişdi və Qərib də, indiyəcən o üzümdən keçən illər boyu ən azı neçə pud yemişdi), damağı ilə əzib udduqdan sonra:
⎯ Kişi də kişi olmadı, Simi, ⎯ dedi. ⎯ Qızınmadıq istisinə, amma kor olduq tüstüsünə. Ağlım dünyanı kəsəndən mən özümü atalı yetim hesab eləmişəm. Bilirsən, kişi bu dünyanın adamı döyül. O, gərək ya keçən əsrdə, ya da gələn əsrdə yaşayaydı. Kitablar onun başını xarab eləyib. Mən çox demişdim ona ⎯ qulaq asmamışdı. Ancaq deyəsən təzə-təzə ağıllanırdı ki, onda da belə oldu. Haqqın yolunu tapmaq istəyəndə, ilişdi…
Bu zaman Simuzərin xanım-xatın anası, uzun, durna boğazına üç qat mirvari dolamış Səltənət, əlindəki sinidə içki, göy-göyərti, toyuq qızartması gəlib çıxdı, usta, arif baxışlarla onları süzüb, arada qızına da bir arifanə göz vurandan sonra:
⎯ Nə lal-dinməz oturubsuz? ⎯ söylədi. ⎯ Ədə, bura bax, ⎯ Qəribə sarı çöndü. ⎯ Nədi, gəmilərin-zadın batıb? Dədəyin fikrini eləyirsən? Axıllı ol, Müseyib qağan ölmüyüb ki, o da gedib orda yatsın. Qəti kefini pozma, ye-iç, heç nəyin dərdini çəkmə, bala. Lap uzaq başı, allah eləməsin ha, elə hesab eləyərsən, sənin heç dədən yoxdu! İndiyəcən onun varlığını-yoxluğunu bilibsən? Yox! Bilməyibsən, bala. Əgər sənin dədən, başqalarınkı kimi, axıllı-kamallı dədə olsaydı, indi sənin altında maşın, evin-eşiyin, dəmin-dəsgahın olardı. Az qala otuzu haqlayıbsan, dünyada nə görübsən? Gül kimi instituta girmişdin, dalında dursaydı, oxuyardın da. İndi səsin-sorağın Küveytdən-zaddan gəlirdi. Durmadı, dura bilmədi, ⎯ deyə-deyə sinidəkiləri stolun üstə düzdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
Birinci hissə, birinci fəsilBu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,
Birinci hissə, ikinci fəsilElə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.
Birinci hissə, üçüncü fəsilHava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.