İkinci hissə, on beşinci fəsil
Page 1 of 2
Kiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.
Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.
Birdən qadın səs eşidib yerindəcə qurudu:
– Heyran? Heyran, bu sənsən?!
Qadın çevriləndə qarşısında dayanan və iri açılmış gözləri ilə gah jaketə, gah da onun soyuqdan yaşarmış gözlərinə baxan Əbdülü görəndə, elə bil, başına qaynar su tökdülər. Azca əvvəl soyuqdan tir-tir əsən bədəni o dəqiqə elə isindi ki, buna özü də təəccüb elədi. Çaşqınlığından əlindəki jaketi gizləmək istədi, ancaq harda gizlədəcəkdi? Günahkarcasına Əbdülə baxdı: O, isti, qulaqlı papaq qoymuşdu, qəhvəyi rəngli balapuşun yaxasını qaldırmışdı, Əgər Əbdül səsini çıxarmasaydı, çətin ki, üz-üzə gələndə Heyran onu tanıya biləydi.
– Bəli, mənəm ağa! — dedi Heyran astaca və sanki od olub əllərini yandıran jaketə baxıb kirpiklərini aşağı endirdi.
– Burda neyləyirsən, Heyran? — deyə Əbdül soruşdu və elə həmin an da belə yersiz sual verdiyinə peşman oldu. Soruşmaq lazım deyildi, onsuz da hər şey aydın idi. Heyran iki aya yaxın idi getmişdi, ərini də götürərək Əbdülün yanına qayıtmaq üçün getmişdi. Ancaq gəlməmişdi. Əbdül o gedəndən sonra aşağıdakı, vaxtilə öz yaşadığı otağı silib-süpürmüş, səliqə-sahmana salmışdı. Gözləmişdi, çox böyük səbirsizliklə gözləmişdi. Ancaq onlar gəlib çıxmamışdılar. Düşünmüşdü ki, yəqin əri Cabbar razı olmayıb. Buna baxmayaraq Əbdül yenə ümidini kəsməmişdi, qulağı səsdə, gözü yolda qalmışdı. Hətta bir-iki dəfə uşağı da yanında oturdub maşınla Darüləman tərəfə getmiş, oralarda yalan olmasın iki-üç saata qədər fırlanmışdı, lakin Heyranı görə bilməyib kor-peşman evə qayıtmışdı. O vaxtdan demək olar ki, hər gün oturub-durub özünü danlamışdı ki, niyə o, dəqiq ünvan almadı Heyrandan?! Keçən dəfə də elə olmuşdu. Söz vermişdi ki, gələn dəfə ünvanı mütləq alacaq. Ancaq bu dəfə də Heyranı görən kimi ünvan məsələsini yadından çıxartmışdı: həm də söhbət elə olmuşdu ki, daha buna ehtiyac qalmamışdı. İndi budur, Heyran cında-bazarda jaketini — Əbdülün soyuqdan donmasın deyə ona bağışladığı jaketi satır. Demək, pulları qurtarıb! Çarəsizdilər demək!
– Dalımca gəl, Heyran! — deyə o, özünün də adət etmədiyi hökmlü bir ədayla dilləndi. Heyranın əlindən jaketi aldı:— Gəl, gəl. Heyran sehirlənmiş kimi onun dalınca addımladı; buz bağlamış çayın üstdəki taxta körpüdən keçdilər. Körpüdən azca aşağı dayanan albalı rəngli uzun maşının qapısını açıb:
– Otur! — dedikdə Heyran tərəddüd elədi. Bunu duyan Əbdül sözünü təkrar etdikdə o, başını aşağı əyib dal oturacaqda əyləşdi. Ancaq bu zaman Heyran qabaq oturacaqda ayaq üstə dayanmış Nəcməddini gördü. Uşaq ona maraqla baxırdı. Heyran sövqtəbii ilə irəli uzanıb Nəcməddinin qırmızı yanaqlarından öpdükdə Əbdülün səsini eşitdi:
– Sənin qaçaq xalanı tapmışam, bala! Amma bu dəfə buraxdı yoxdu.
...Otaq isti idi. Əbdül kostyumda, Heyran isə tünük paltarında oturmuşdu. Balaca Nəcməddin xalçanın üstündə «özü yeriyən maşınını» oynadırdı. Heyran başına gələn qəzavü-qədəri danışdıqca gözləriidən gildir-gildir yaş axıdırdı. Elə ürəklə ağlayırdı ki, Əbdül də mütəəssir olmuşdu. Yanaqları aşağı axan ağ incilərə baxdıqca — qəribə idi, yadına salmağa çalışırdı ki, o, Dünya xanımın beləcə ağladığını görmüşdü ya yox? Deyəsən görməmişdi. Dünya onun yanında heç ağlamamışdı. Yox, Əbdül onun ağ yanaqlarında göz yaşı görmüşdü — Nəcməddin onu öldürən gecə. O, güllə səsini eşidib içəri girəndə arxası üstə uzanmış Dünyanın ağ sifətində civə dənəsi kimi iki-üç gilə yaş gilələnməmişdimi? Hə, hə. Eləydi...
Heyran ağlaya-ağlaya danışdıqca Əbdülə elə gəlirdi ki, qabağındakı qadın Heyran deyil, Dünya xanımdı, uzaq, qayıdılmaz səfərdən dönüb gəlib, əməllərindən peşmandı, çoxlu ayrılıq çəkdiyindən yanıb qovrulub. İndi ona görə belə göz yaşı tökür. Ancaq bəs niyə o, ciyərparasına bu cür kəmetinadır, onu niyə bağrına basıb duz kimi yalamır, niyə Əbdülü söymür, danlamır, başına gələn müsibətdə təqsirkar bilib evdən qovmur? Yox, bu Dünya xanım deyil, oxşasa da o deyil; görmürsən, dilindən «Cabbar» sözü düşmür? Cabbar kimdi axı? Hə, hə, əridi. Ölüb. Heyran da onun üçün belə can-dildən göz yaşı tökür!..
– Daha ağlama, Heyran. Qisməti beləymiş. Ağlamaqla gedəni geri qaytarmaq mümkün olsaydı, mən bilərdim kimi qaytarardım. Amma bu mümkün deyil. Tale insan üçün nə yazıbsa, o da olmalıdır.
– Tale qurban olduğum da gərək elə bizim yazımızı elə qara yazaydı? Neyləmişdik ona? O, elə adam idi ki, mən on beş il ərzində, ölən günəcən ondan bir zərrə də inciməmişdim, ağa!
Heyran «ölən günəcən!» — deyəndə Cabbarın son çağında xatirinə dəydiyini, ürəyini yaraladığını yadına salıb duruxdu, çiynindəki örpəyin ucu ilə gözlərini, yanaqlarını sildi. Təhqir olunmuş mənliyi içində baş qaldırdı, ürəyi göynədi nə isə. Son gün Cabbarın qəzəblə, sonsuz nifrət hissilə dediyi sözlər yenidən qulaqlarında səsləndi və istədi Cabbarın onu, üzünü belə görmədiyi Əbdülə qısqandığını, hirsindən, çarəsizliyindən, gücsüzlüyündən bağrı çatlayıb öldüyünü danışsın, haçandan qəlbində qövr eləyən dərdini dilinə gətirib toxtasın, lakin özünə sığışdırmadı, bu qədər ağızdolusu təriflədiyi, dalınca göz yaşı axıtdığı Cabbarı onun nəzərində alçaltmaqdan çəkindi. Cabbarın son sözlərinin yadına düşməyinin xeyri bu oldu ki, o, ağlamağına ara verdi. Yasdan-matəmdən çıxmağa, bədbin əhvali-ruhiyyəsini dəyişməyə çalışdı. Buna Əbdül də kömək elədi:
– Mən səni o gün yola salandai sonra aşağı mənzili təmizlədim. Dedim sizin üçün münasib olsun. Hər necə olsa xəstə adamdı. Amma gəlib çıxmadız. Çox nigaran qaldım.
– Yəqin dediz ki, Heyran pulumu da götürdü, qaçdı.
– Yox, məsələ pulda deyil. Mən sadəcə pərt oldum. Bilirsən, o dəfə də dedim sənə, sən bacına çox oxşayırsan. Mən isə bacını — Dünya xanımı çox sevirdim. E... sevirdim deyəndə, ürəyinə başqa şey gəlməsin, mən onu bir xanım kimi çox istəyirdim — demək istəyirəm. Neçə il bir yerdə, bir həyətdə yaşamışdıq, öyrənmişdik bir-birimizə. O... gedəndən, yox olandan sonra bu həyətin, bu evin nizamı pozuldu, gözəlliyi getdi. Dalıycan da ağam heylə oldu, mən bu körpə ilə tək-tənha qalanda dəli olmaq dərəcəsinə gəldim. Elə gözəl insanları itirmək sənə asan gəlməsin, Heyran. Odur ki, səni görəndə mən çox — təsəvvür eləməzsən — nə qədər sevindim. Dedim bir yandan bağlayan allah, bir yandan da açır. Gələrsiz, yaşayarsız. Həm özünüz dolanarsız, həm də mən, bu uşaqda bir gün görər. Mərhum ağam bizim üçün o qədər pul qoyub gedib ki, tək bizə yox, bax, bu uşağın nəvəsinə də çatar. Mən, düzü, belə fikirləşmişdim — sən isə getdin, gəlmədin.
– Deyirəm də, mən burdan gedən kimi o öldü. Qonşular yığışıb dəfn elədilər. Mən ərim ölən kimi evdən çıxıb gələ bilməzdim ki. Qonum-qonşu nə deyərdi?
– Heç olmasa, gəlib xəbər verəydin. Məni nigarançılıqdan qurtaraydın. Bəlkə sənə bir köməyim dəyə bilərdi. Yoxsa, tək qadın xeylağı, dörd divar arasında qal ki, nə var, nə var, iş bilmişəm.
– Nə bilim...
– Yaxşı, bəs pulun-paran qurtarandan sonra niyə gəlmirdin? Tutaq ki, bu gün jaketi bazarda satdın, beş gündən sonra əyin-başının hamısını satdın, yedin. Bəs sonra? Sonra da gəlməyəcəkdin?
Heyran başını qaldırıb Əbdülün düz gözlərinin içinə baxaraq:
– Yox, — dedi. — Gəlməyəcəkdim!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Aradakı incikliyi, giley-güzarı unudan Salman otağa girən kimi təzə xəbəri Nadirəyə birnəfəsə söylədi. Nadirə əlindəki qələmi yerə qoyub qulaqlarına inanmırmış təki Salmanın üzünə baxdı.– Heç nə başa düşmürəm, — dedi. Salman Orxanın gündəliyini Nadirəyə sarı uzatdı, vərəqləyib son səhifəsini açdı:
Üçüncü hissə, doqquzuncu fəsilNeçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.
Üçüncü hissə, onuncu fəsil...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Poems by other poets
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas iləBu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə,Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə,
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Âlemde bir ot bitmeye benüm gibi hergizÂlemde bir ot bitmeye benüm gibi hergizDüşmeye senün oduna cânum gibi hergiz