Neçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:

– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.

Müseyib kişinin son sözləri Rəhimi düşündürmüşdü.

– Nə olub ki, baba?

Müseyib kişi Rəhimin sualı qarşısında sanki yuxudan ayılmış, hissə qapılıb uşağın yanında artıq-əskik danışdığını anlamışdı.

– Yox, heç, bala.

– Səni vicdan əzabı niyə qocaldıb, baba?— deyə Rəhim israr edəndə baba söz vermişdi ki, bir gün, kefim kök olanda danışaram. Rəhim burada nəsə sirli-sehrli, maraqlı bir hekayət olduğunu başa düşmüşdü. Müseyib kişi isə susmuş, günlər, həftələr, aylar keçsə də, Rəhim neçə dəfə işarə ilə həmin əhvalatı danışmağı ondan xahiş eləsə də, Müseyib kişi müxtəlif bəhanələrlə söhbəti təxirə salmışdı.

Bəli, Müseyib kişi Rəhim üçün kitab şkafından tapılmış, içi maraqlı, şirin hekayələrlə dolu bir kitab olmuşdu. Məktəb-dərs kitabı yox, qanunları, düsturları öyrənən kitab yox, həyat kitabı olmuşdu. Müseyib kişi hardasa, nə zamansa oxuduğu şeyləri nəvəsinə danışmırdı. O öz gördüklərini, özünün həyatdan götürdüklərini, çıxardığı nəticələri Rəhimə danışırdı.

O, üç gün bundan qabaq təzə televizor alıb gətirmişdi. Moskvanın da səsi bu balaca otaqdan gəlməyə başlamışdı. «Televizor yaxşı şeymiş»,— deyə Sədəf gündə iki-üç dəfə onun sığallı qutusunun tozunu silir, verilişlər başlayan kimi televizoru açıb qabağında oturur, axıracan baxırdı. Ömründə ata evindəki, ər evindəki qısa xoşbəxtlikdən başqa bir şey görməyən Sədəf indi dünyaya, insanların həyatına və dünyanın gözəlliklərinə televizorun ekranında baxırdı. Nadirəgilin televizoru çoxdan vardı və Sədəf onlara gedib-gələndə bir neçə dəfə fürsət tapıb tamaşa eləyə bilmişdi. Nədənsə onda Sədəf ürəyində belə hisslər duymamışdı. İndi onun özünün televizoru vardı — atasının, özünün, oğlunun zəhmət haqqına alınmış televizoru. Televizorla onun arasında nəsə gözəgörünməz bir əlaqə yaranmışdı. Televizorun da ögeyi, doğması olarmış...

Cahangir vəfat eləyəndən, Sədəf Rəhimlə tək qalandan sonra o səsli-küylü, qaynar aləmdən bir növ ayrı düşən bu balaca ev, ailə indi təkcə doğma şəhərlə deyil, sanki bütün dünya ilə qaynayıb-qarışmışdı, daha doğrusu, elə bil, bütün dünya — danışıb-gülən dünya öz sevinci və kədərilə onların evinə gəlmişdi.

Kinolar göstərilirdi — çoxu Vətən müharibəsindəndi. Sədəf onun ağrısını, acı tüstüsünü duymuşdu — uzaqdan-uzağa, indi isə ekranda görürdü. Elə bil, bu filmləri o qanlı-qadalı illəri görməyənlərə, o qanlı-qadalı illərdən sonra dünyaya gələnlərə göstərirdilər. Bəli, qoy görsünlər, bu rahatlığın, aram həyatın necə çətinliklə, hansı qanlar bahasına qazanıldığını anlasınlar.

Həftədə bir dəfə verilən muğamat konsertləri evi toya-mağara döndərirdi. Sədəf, Rəhim, Müseyib kişi hər şeyi unudaraq həvəslə bu konsertlərə qulaq asırdılar, muğamlarda sözə-bəyana sığışmayan bir hikmət vardı. Onu düşündürür, ürəyinə yüngülcə bir kədər səpələyirdi. Hələ Habil kamança çalanda. Gah fəryad qoparıb nalə çəkən, gah gülən, gah da həzin-həzin inildəyən kaman!..

Kaman susub, Habil öz tamaşaçılarına baş endirib ekrandan gedəndən sonra da elə bil, onun ürəyində, ruhunda kaman çalınırdı. Ona elə gəlirdi ki, əvvəllər nə kaman olub, nə kamançalan. Əgər olubsa da, heç kəs onu Habil kimi danışdıra bilməyib. Elə bil, kamanı Habil özü kəşf eləyib, özü yaradıb. Danışdırır, ağladır, güldürür, sehrkar kimi.

Dünən Salman çıxış eləyirdi. Proqramdan onların xəbəri yoxdu. Ekranın qənşərində oturub diqqətlə verilişlərə qulaq asan Rəhim onu görcək səslənmişdi: — Salman əmi danışır.

Sədəf də, Müseyib də dönüb baxdılar. Salman qara kostyum geymişdi, kraxmallı köynəyi qalstukla elə gözəl tuturdu ki...

Professor aramla, sanki düşünə-düşünə, fikirləşə-fikirləşə söhbət eləyirdi. Sözləri, cümlələri bərbəzəkli idi. O kimisə tərifləyir, kimisə tənqid eləyirdi. Onu televizorun ekranında görəndə Sədəf sadəlövhcəsinə sevindi: «Bizim də televizorda danışa bilən adamımız var». Professoru yaxşı tanıyan, az oturub-dursa da adam sərrafı olan Müseyibə elə gəlirdi ki, ekran dəyişilmiş Salmanı bir az da dəyişib. Bu, onların tanıdığı Salmana ancaq zahirən oxşayır. Görkəmcə. Səsi də, danışıq tərzi də dəyişmişdi. Elə bil, dedikləri də adi vaxtlar danışdıqlarından fərqlənirdi. Sanki onların tanıdıqları Salman evdə qalmışdı, ayrı bir adam onun qiyafəsində, şəklində çıxış eləyirdi. Bəs belə məlum olur ki, iki Salman var?

Bir sözlə, indi sanki Sədəfgilin evində iki dünya yaşayırdı — biri öz dünyaları idi, o biri isə televizorun mavi ekranından süzülüb gələn rəngli dünya idi. Ekran bu iki dünya arasında qəribə bir pəncərə olmuşdu. Mən səni görürəm, sənin haqqında düşünürəm, sən isə yox...

Müseyibin fikri təzədən aranı-dağı dolanıb Salmanın televizordakı çıxışının üstünə qayıdır, onun dolu, qarabuğdayı, yaraşıqlı sifəti gözünün önündə canlanır, səsi qulaqlarında səslənir və o öz-özündən xəbər alırdı: «İki Salman var». Təkcə özünün bu daxili sualına cavab vermək, özünü inandırmaq üçün yox, gözlərində bir sorğu gəzən Rəhimə də anlatmaq üçün Müseyib kişi bərkdən danışırdı.

– Salmanı görürsənmi? Mənim kürəkənimdi, sənin də xalanın əridi. Adı-sanı var. Amma, məncə, o, ikiləşib. O, evdə, ailədə bir cür, deyək, idarədə, şəhərdə, adam arasında, televizorda başqa cürdü. Əgər onu bax, bu danışdıqları barədə evdə dindirsən, bunların onda birini dilinə gətirməz, ya da tamam ayrı şeylər deyər. Niyə belədi? Bax, babanın ağlı burda cavab verə bilmir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, beşinci fəsil

– Kto tam?Nəzərin ürəyi titrədi-nəvəsinin səsiydi. Gör neçə ildi eşitmirdi.

2 min
Dördüncü hissə, altıncı fəsil

Rayonun girəcəyində yeganə benzin doldurma stansiyasına çatanda şər qaralmışdı. Meydan çıraqban idi. Bir dənə də maşın gözə dəymirdi. Ətrafında söyüd ağacları əkilmiş köşkün də işığı yanırdı. Nəzər çox həyacanlıydı. Yol boyu danışmamışdı: benzin satan və kiminsə sözüylə onu da «satan» o alçaq və mərdimazar Yunis Bayramov deyilən o oğlan gözünün qabağından çəkilib getməmişdi. Yola baxmışdı - onu görmüşdü, maşının içinə baxmışdı - onu görmüşdü, gözlərin yummuşdu - yenə onu görmüşdü. İndi budu, gəlib çatıb.Ürəyi uçuna-uçuna siqaretini söndürüb maşının arxa qapısının külqabısına basandan sonra, Bakıdan kirayələdiyi «Jiquli»nin sürücüsünə dedi:

2 min
Dördüncü hissə, yeddinci fəsil

Kəndin işıqları yanırdı. Kənd axşamlarına məxsus qəribə bir sakitlik mürgüləyirdi hər yanda. Əl-ayaq çəkilmişdi. Maşın «Qırmızı məktəbin» yanından keçəndə Nəzərin ürəyi tel-tel oldu, qəhər boğdu onu. Üzünü yana çevirdi. Bu taxta körpüdü. O kolxoz idarəsidi: pəncərələrindən işıq gəlir. «Yəqin Qurban iclas eləyir.» Küçələrə asfalt döşənmişdi. Dirəklərdə yanan uzun neon lampaları hər yanı çıraqban eləmişdi.– Hə, budur saxla, ay oğul. Gəldik çatdıq. Çoxdan çıxmışdım evimdən, daha doğrusu, zorla, çıxartmışdılar.- deyə yol boyu susan Nəzər yalnız indi, taxta darvazanın ağzında ürəklənib sürücünü öz dərdindən hali elədi.. Düş, qonağım ol, yol gəlmisən, yorğunsan, yatıb dincələrsən. Səhər tezdən də gedərsən. Gör arvadım necə sevinər.

5 min
Dördüncü hissə, səkkizinci fəsil

Nəzər qızıgilin qıfılsız darvazasını qoltuqağaclarının ucu ilə itələyib açanda və həyətə girəndə saat birə işləmişdi. Sakitlik idi. Yuxarı evlərin işığı sönmüşdü, ancaq qapı-baca çıraqban idi. Ortalıqda dayanıb ətrafa göz gəzdirdi, qulaq verib dindi. O tərəfdən, hovuzdan o yana, bağın içindən səs gəlirdi.Eşidib ürəkləndi.

25 min

Poems by other poets