Dördüncü hissə, beşinci fəsil
– Kto tam?
Nəzərin ürəyi titrədi-nəvəsinin səsiydi. Gör neçə ildi eşitmirdi.
– Kto tam?
– Mənəm, aaz, köpək qızı. Babadı, baba. «Bəlkə bu zalım balası heç «baba»sözünü bilmir?» – deyə düşünüb əlavə elədi: «»Dedulya.»
Qapı yalnız bundan sonra açıldı və Nəzər qabağında saçları qırmızı bantlı, məktəbli forması geymiş Seyranəni görəndə elə astanada, əllərini qoltuqağaclarından ayırıb onu qucaqladı.
– Mənim əzizim…
– Seyranə babasının qolları arasına sığındı. Öpüşdülər.
– Dedulya. S priyezdom, dedulya. Proxodi, proxodi.
Nəzər içəri keçdi. Biz onu, Sadıxın həmişə elədiyi kimi, mətbəxə yox, qonaq otağına apardı. Nəzər qoltuqağaclarını divara söykəyib divanda oturdu və həsrət dolu baxışlarını nəvəsinə zilləyib baxdı, baxdı.
– Oy, a qde tvoya noqa? – sanki indicə görüb heyrətlə soruşdu.
– Kəsdilər, mənim balam. – Sözü dəyişdi. – Neçəncidəsən indi?
– V pyatom.
– Maşallah, ta böyük qız olmusan. Bəs dədən hanı, aaz?
– Kto, paxan?
– Hə, dədən.
– Paxan davno uyexal. – Seyranənin səsində bir kədər duyuldu.
– On nas ostavil i uyexal.
– Hara, aaz?
– On v Moskvu jivyot seças. Rabotayet v sovmine. İ tam jenilsya. Nas zabıl sovsem.
Nəzər susdu, siqaret yandırdı. «Mən elə əvvəldən bilirdim o zatı qırıq adamdı, dəyanətsizdi, namərddi.»
– Bəs anan hanı, mənim balam?
– Mama? Ne znayu. Ya tolko çto so şkolı.
– Bu zaman… yataq otağının dığır-dığır şüşəli qapısı açıldı və Güllü, saçları dağınıq, yarımyuxulu halda, əynində gecə köynəyi otağa girdi və:
– Kimnən danışırsan, Seyranə? – deyə xəbər alanda qız sevincək:
– Ma, deduly priexal i bez noqi. - dedi. Güllü birdən divanda oturmuş, tək ayaqlı, gözü, ağzı əyilmiş atasını görcək elə dəhşətlə qışqırdı ki, Seyranə də, Nəzər də səksəndi. Və helə həmin an, yataq otağından, əynində ancaq alt paltarı olan ucaboy, şivə kimi saçları yana daranmış, qara qaş, qara göz bir kişi özünü onların yanına atıb:
– Nə olub. Ağəz? – deyə qışqırdı.
Nəzər oğlanı o dəqiqə tanıdı: bu, Sadıxın nazir müavini olarkən sürücüsi işləyən və elə o vaxtlar Nəzərin qəribə bir sövqi-təbii ilə görmək istəmədiyi adam idi. Güllü də, oğlan da caşıb qaldı, nə edəcəklərini bilmədilər. Ortalığa ağır bir sükut çökdü. Hər şey aydındı: izaha-filana ehtiyac yoxdu. Nəzərin içi cevrildi elə bil, bədəni od tutub yandı sanki. Gözlərinin qabağında bu cah-cəlallı otaq elə bil tərpəndi, alt-üst oldu. Başını qaldırmadan, bu dəqiqə səssiz səmirsiz gözlərindən yaş axıdan Güllüyə, heç nə başa düşmədən çaşıb qalmış nəvəsinə baxmadan, ayağa qalxdı, əlini uzadıb qoltuqağacını götürdü, beli əyilmiş halda qapıdan çıxdı… Elə bil o tək ayağıda yox idi - sanki qoltuqağacları üstündə addımlayırdı. Torpaqdan üzülmüşdü elə bil. Qapı arxasınca öz-özünə örtüləndə… Güllünün hönkirtisi eşidildi. Körpə çağlarında ciyərparalarının ağlamasına dözə bilməyən Nəzər üçün bu səs yad idi indi. Yox yad deyildi, sadəcə yox ili o səs, yox idi o səsin sahibi. Əvəzində Nəzərin ürəyində…bəxtəvər keçmişlərdən gələn başqa, məsum bir uşaq səsi ağlayırdı…
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
May günəşi ağ buludların arası ilə axıb günbatana doğru gedirdi. Havada yüngül meh vardı, balkonun qabağında əkilmiş hündür, artıq qocalmaq üzrə olan çinarların körpə yarpaqlarını yüngülcə titrədirdi.Şənbə günü olduğundan həyətdəki uşaq bağçasının qapıları bağlı idi, hay-küy yox idi. Ancaq üstü şiferlə örtülmüş «besedka»nın altında üç-dörd oğlan uşağı oturmuşdu, nə barədə isə danışıb gülürdülər. Hacı gedəndən sonra evdə qərar tuta bilməyən Nadirə bu səs-küyə balkona çıxmışdı, kədərli-kədərli onlara baxırdı. Neçə illər qabaq onun Ceyhunu da öz yoldaşları ilə tez-tez orada oturardı, onlardan biri gitara çalardı. Qəribə idi ki, Nadirə indi də o uşaqlara baxa-baxa gitaranın səsini eşidirdi və fikrən Ceyhunu da o sehirli gitara səsi qaytarıb bu uşaqların arasına gətirirdi. Nadirə bir neçə dəfə az qala ağzını doldurub «Ceyhun» deyə oğlunu evə çağırmaq istəmişdi. Ancaq beynində, xəyalında birdən o gitara susmuş, əvəzində yarımçıq lent yazıları səslənmiş və ananın əlini-ayağını soyutmuş, dilinə qıfıl vurmuşdu. Burda da duruş gətirə bilməyən Nadirə otağa keçmiş, itiyi itmiş adam kimi ora-bura vurnuxmuşdu. Səhər tezdən dolma büküb asmışdı. Yarpağın xoş ətri evi başına götürəndə mətbəxə gəlib qazı söndürmüş, ac olduğuna, artıq nahar vaxtının çoxdan ötdüyünə baxmayaraq, qazanın ağzını da açmamışdı.
Birinci hissə, beşinci fəsilAmma belə deyildi. Gülmirə indi özünü çox xoşbəxt sanırdı – əlbəttə, bu xoşbəxtlik nisbi xoşbəxtlik idi, gözü-könlü tox olan Gülmirəyə bəs eləyəcək xoşbəxtlik idi. Əvvələn, Orxanın evinə köçməyi onun qəlbini xeyli toxtatmışdı, qəribə bir nisgil içində olsa da, Gülmirənin Orxansız günləri sona çatmışdı– fikrən, qəlbən Orxanlı idi o indi. İkincisi, Orxanın o zaman açıb-ağartmadığı o böyük məhəbbət hələ də bitib-tükənmirdi, davam eləyirdi. Məsələ burasında idi ki, Gülmirə dəmir qapısına «Orxan Əlizadə» sözləri yazılmış bu otaqlara köçəndən xeyli sonra, növbəti yır-yığışların birində, arakəsmənin üstündə düzəldilmiş taxçadan bir ümumi dəftər tapmışdı. Dəftər Orxanın əliylə yazılmışdı – hamısı şer idi. Onu tapanda Gülmirə böyük bir xəzinə tapmış adamdan çox sevinmişdi. Qəribə idi ki, dəftəri ürəyi atlana-atlana vərəqləyib axıra çıxanda özü də gözləmədən belə bir qərara gəlmişdi ki, bu dəftəri birdən-birə oxumayacaq. Tez qurtarar və sonra Gülmirə neyləyər? Hər gün, ya həftədə bir şer oxuyacaq və elə biləcək ki, bu şeri Orxan bu gün yazıb! Və beləliklə, o, Orxanın hər gün isti səsini, doğma sözünü eşidib sevinəcək. Bu isə, böyük səadət idi onun üçün. Qəlbi təzədən Orxana qarşı dərin, şirin bir duyğu ilə dolmuşdu. Qəribə bir sövqi-təbii ilə duymuşdu ki, Orxan bu şerləri onun eşqilə, onun üçün yazıb və bu, onun qəlbini kədər qarışıq bir sevinclə doldurmuşdu. Birinci gün, dəftəri tapdığı anlarda, gəlib miz arxasında oturaraq, birinci şeri – cəmi dörd misradan ibarət şeri oxumuş və gözləri yaşarmışdı:
Birinci hissə, altıncı fəsilƏsəd yorğun-arğın xəstəxananın daş pillələrini aşağı düşüb arakəsməli, şüşəli qapıdan çölə çıxan kimi, ayaq saxlayıb bir siqaret yandırdı. Əhvali-ruhiyyəsi yaxşı idi. Xəzangülün səhhəti babatlaşdıqca Əsədin kefi durulurdu. Xəzangül yeyib-içir, rəngi-rufu açılır, üzünə həkk olunmuş əbədi kədər, əbədi bədbəxtlik ifadəsi dava-dərmanın, qayğının əlilə silinib yox olurdu. Sahilə də Əsədin gözünə yaxşı dəyirdi – qızın həyatı bir az nizama düşmüşdü. Daha az ora-bura qaçırdı, bütün günü dərsdə, evdə olurdu, axşamlar isə anasının yanına gəlib Əsədi azad edirdi. O, xəstəxanaya gələn kimi, palatada anasını çarpayısında uzanmış, Əsədi isə aşağı tərəfdə, kətilin üstə oturmuş görüb sevinc içində salam verirdi, yaxınlaşıb anasının üzündən öpürdü, Əsədin əhvalını xəbər alırdı. Yarım saat ordan-burdan, məktəbdən, xəstəxanadan söhbət eləyib, bir az deyib-güləndən sonra, Əsəd ayağa qalxır:− Bax, xəstəmizi sağ-salamat sənə təhvil verdim, yoldaş gecə növbətçisi! – deyir və xudahafizləşib gedirdi. Xəzangül neçə dəfə ikisi bir yerdə olanda, keçmiş xatirələrin üstünə qayıtmaq, illər uzunu qəlbini, həyatını didib parçalayan «günahları»nı dilə gətirib yüngülləşmək, o ağır yükü birdəfəlik yerə qoyub rahat nəfəs almaq istəmişdisə də, Əsəd buna imkan verməmişdi, açıq-aşkar etirazını bildirmişdi:
Birinci hissə, yeddinci fəsilİltifat o gündən – Gülmirə Orxanın şerlər kitabını şöbəyə gətirəndən az sonra Nadirənin o «acı» sözlərini eşitdiyi gündən heç cür özünə gələ bilmirdi, hirsindən, hikkəsindən nə evə-eşiyə, nə küçəyə, nə də institututa sığışırdı. Hərdən elə hövllənirdi, elə əsib-coşurdu ki, gözləri bir az da irəli çıxıb bərəlirdi. Kimsə ilə danışmırdı. Təkcə Sarışınla hərdən nə isə pıçıldaşırdı. Həmən gün, Nadirə İltifatı «yıxıb sürüyəndən» iki saat keçmiş Elvira dəhlizdə onun qabağını kəsib:− Niyə ağzına su alıb susdun, İltifat? O nə karədi ki, sənə elə sözlər söylədi. Sənin atandı, anandı, ya nəyindi? Borclusan, yanında gözü kölgəlisən nədi ki, ağzını da açmadın? – deyə İltifatı o ki, var danlamışdı. – Yox, sən zəif adam imişsən.