Page 1 of 4

İltifat o gündən – Gülmirə Orxanın şerlər kitabını şöbəyə gətirəndən az sonra Nadirənin o «acı» sözlərini eşitdiyi gündən heç cür özünə gələ bilmirdi, hirsindən, hikkəsindən nə evə-eşiyə, nə küçəyə, nə də institututa sığışırdı. Hərdən elə hövllənirdi, elə əsib-coşurdu ki, gözləri bir az da irəli çıxıb bərəlirdi. Kimsə ilə danışmırdı. Təkcə Sarışınla hərdən nə isə pıçıldaşırdı. Həmən gün, Nadirə İltifatı «yıxıb sürüyəndən» iki saat keçmiş Elvira dəhlizdə onun qabağını kəsib:

− Niyə ağzına su alıb susdun, İltifat? O nə karədi ki, sənə elə sözlər söylədi. Sənin atandı, anandı, ya nəyindi? Borclusan, yanında gözü kölgəlisən nədi ki, ağzını da açmadın? – deyə İltifatı o ki, var danlamışdı. – Yox, sən zəif adam imişsən.

− Birin bilirsən, birin bilmirsən, Elvira – deyə İltifat pərt halda burnunu çəkmişdi. – Qabaqda Salman var. Orda ancaq susmaq lazım idi. Əsas günahkar Sakitnən Gülmirədi. Onların məni görən gözü yoxdu. Sakit paxıllıqdan heç bilmir neyləysin. Gülmi-rə də… Orxana görə… Orxanın ünvanına kim nə desə qız qırğı kimi atılıb gözünü deşməyə hazırdı. Sevir də kişinin qızı…

− Qadam onun ağzına, ölünün nəyini sevir?

− Deyir o, bir çox sizin kimi dirilərdən ləyaqətlidi. Nə bilim, deyir də…

Birdən Elvira dönmüşdü, sərtləşmişdi:

− Bura bax, o düzdü ki, sən Ümmügülsümə, Faziləyə, Gülmirəyə şer yazmısan?

− Onu kim deyir?

− Eşitdim də.

− Əh, onlar nədi ki, mən onlara şer də yazım? Onlar sənə paxıllıq eləyirlər, Elvira. İnan buna. Sən hiss eləmirsən, amma mən hiss eləyirəm – biz danışanda, mehriban olanda heç bilmirlər həsəddən neyləsinlər

Elvira İltifatın bu yalanına dərhal inanmışdı.

− Qoy yanıb-yaxılsınlar! Özlərini gözəl hesab eləyirlər.

− Sən mənim gözümdə hamıdan gözəlsən, ceyranım – demişdi İltifat və çıxıb getmişdi. Elvira isə onun bu sözlərindən qanadlanıb işin qalan saatlarını havalı kimi, gah dəhlizdə, gah otaqlarda gəzmişdi.

Evdə Afərin ərinin qanının qara olduğunu görüb əl-ayağa düşmüş, böyür-başına çox keçmiş, ancaq bir sirr ala bilməmişdi. İltifat «kefim yoxdur» – deyərək iş otağına keçmiş, divanda uzanmış, gözlərini tavana zilləyib xeyli düşünmüşdü. Sonra qalxıb Nadirə xanıma özünün dediyi kimi «öldürücü bir həcv yazmışdı», bir az keçmiş isə boş və mənasız olduğunu, Nadirəni tutmadığını görüb cırıb atmışdı. Sonra Orxanın şer kitabını «Diplomat» çantasından çıxarıb oxumağa başlamışdı. Yanına qələm-kağız qoymuşdu, nəzərinə çatan nöqsanları qeyd eləmək istəmişdi. Gülmirənin acığına Orxanın kitabına bir tənqid yazmaq fikri onu xeyli sevindirmişdi. «Darmadağın eləyəcəyəm bu kitabı. Qoy Gülmirə bilsin ki, onun Orxanı böyük şair deyil, adicə qafiyəpərdazdı. Çap elətdirəcəyəm.»… Oxumuşdu şerləri, kitabı axıra çıxanda ayılıb görmüşdü ki, qabağındakı vərəq bomboşdu, heç nə yazmayıb. Kitabı kənara atıb yenə divana uzanmışdı. Orxanın şerləri barədə düşünmüşdü. Bu şerlər lirik şerlərdi, sevə-sevə, böyük məhəbbətlə yazılmışdı. Şer yazmaq xatirinə qələmə almamışdı Orxan bunları. Sonsuz bir həsrət, ülvi bir sevgi çırpınırdı o misraların içində; od vardı o sətirlərdə, ürək yanğısı vardı. İltifat bunları bərkdən deməsə də, dilinə gətirməsə də, qəlbində etiraf eləyirdi. Çox əlləşib-vuruşandan sonra bu kitaba bir irad tutmuşdu: «Mövzu məhdudluğu… həyatımızın ictimai məsələləri, müasirlik yoxdu bu əsərlərdə. Bir-birinin dalınca gələn lirik şerlər oxucunu yorur»…

Çox götür-qoy eləyəndən sonra İltifat Orxanın kitabı barədə məqalə yazmaq fikrindən daşınmışdı. Səbəbi də bu olmuşdu ki, kitabı başdan-başa zəif, sönük bir kitab adlandırmaq olmazdı. O belə yazsaydı da, heç kəs onu çap eləməzdi. Gərək heç olmasa bir neçə səhifə Orxanın şerlərinin məziyyətlərindən, ülvi hisslər tərənnüm və təlqin etdiyindən yazaydı… Bunu isə o, eləyə bilməzdi – ürəyi qoymazdı, əli yazmazdı, dili deməzdi… Amma, ürəyində Orxana qarşı özünün də tam dərk eləyə bilmədiyi bir qibtə hissi çırpınırdı. Ölüyə qibtə idi bu! Bu həqiqəti qəbul eləmək çətin idi onun üçün – Orxan öləndən sonra da ondan qüvvətli və qüdrətli idi. Orxan sağlığında gör necə sevmişdi ki, aradan illər keçməsinə baxmayaraq, Gülmirə hələ də o oda isinir, o sevginin həzinliyi, ülviliyi, müqəddəsliyi ilə yaşayırdı. Gülmirə üçün Orxan hələ də sağdı. Bu, doğrudan da qibtə olunmalı bir səadət idi; üstündə əsilməli, qiymətləndirilməli, ömür həsr edilməli bir məhəbbət idi. İltifat döyüşdən sınıq çıxmış, məğlub bir əsgər kimi, küskün-küskün Gülmirə-Orxan məsələsinin üstündən fikrində xətt çəkmişdi. Sonra Sarışının sözlərini saf-çürük eləməyə başlamışdı. Nadirə xanım da üstüörtülü deyəsən elə buna işarə eləmişdi. «Demək, bu satqınlar bir-birinə xəbər veriblər. Ay sizin boyunuza qəmiş ölçüm. Yaxşı deyiblər, qadının hülqumu olmaz, qadın sirr saxlaya bilməz… Bunlarla ehtiyatlı olmaq gərəkdi»… İltifat bütün şöbənin mövqeyini ölçüb-biçmiş, hörmətinin laxlayıb uçduğunu anlamışdı. Sarışından başqa heç kəs xətirini istəmirmiş, sən demə. Əsas adamlar – Salman, Nadirə, Gülmirə, Cəfər, Ümmügülsüm, Fazilə onunla çox soyuq danışıb dərdləşirdi. Onların içində az-maz Gülalı ona mehribanlıq göstərirdi. Ancan bunu İltifat özünə dərd eləmirdi: «Cəhənnəmə hörmət eləsinlər mənə! Gözlərim atırdı. Əsas Aslanzadədi – o mənim dalımda durandan sonra bunlar kimdi ki. Adicə peşkadı bunlar. Aslanzadənin ətəyindən bərk yapışmaq lazımdı. Kişinin çox böyük nüfuzu var, özü də xətrimi yaman istəyir… Şöbədəkilər də elə ona görə məni gözümçıxdıya salıblar. Yoxsa mən neyləmişəm onlara?»… İltifat bu neçə günü belə düşünmüş, nəhayət, toxtamışdı.

… Direktorun kabinetinin qabağından keçəndə İltifat Nurəddinlə rastlaşdı, özünü yığışdırıb dolu bir salam verdi.

− Salam, Nurəddin müəllim.

− Ay əleykə… - deyə Nurəddin kefi kök halda cavab verdi. – Nə təhərsən, ay şair.

− Sağ olun, Nurəddin müəllim. Yaxşıyam…

− Gəl içəri, görək nə var, nə yox.

Özü qabaqca, İltifat arxasınca kabinetə daxil oldular. Nurəddin stolunun dalına keçib əyləşdi:

− Otur görək.

İltifat çox böyük sevinc içində divanın dibindəki kresloda əyləşdi – çünki Nurəddin əlilə o kreslonu göstərmişdi. İltifat yerini rahatlayınca Nurəddin bir siqaret yandırdı və açıq qapıya üz tutub ucadan:

− Ay qız, Sürəyya, ordan iki stəkan çay təşkil elə bizimçün. – dedi və üzünü İltifata çevirdi. – Şöbənizdə nə təhər gedir işlər? – İltifat özünü toplayıb cavab verməmiş Nurəddin əlavə elədi – Nə isə sizin şöbədən yaman nigaranam, İltifat. Bir direktor kimi məni düşündürür sizin şöbə…

İltifatın çiçəyi çırtladı. Məqamı, fürsəti əldən vermək olmazdı. Bir halda ki, direktor özü də nigarandı, onda hər şeyi açıq-saçıq danışmaq olar. Ancaq bir məsələ vardı ki, Nurəddinin onların şöbəsinin məhz nəyindən nigaran olduğunu İltifat dəqiq təyin edə bilmirdi – hələlik ona bircə şey gün kimi aydın idi: - Nurəddinin o şöbənin iki əsas işçisindən – professor Salman Qurbanzadədən və onun arvadı Nadirə xanımdan zəndeyi-zəhləsi gedir – vəssalam. O, «nigaranam» deyəndə də yəqin ki, elə bunları nəzərdə tutur. Ancaq bunlar çox azdı – Sakit də, Gülmirə də az aşın duzu deyil. Bunu Nurəddinə başa salmaq vacibdi, yoxsa sonra kişi inciyə bilər, niyə vaxtında xəbər eləməmisən – deyər. İltifat çox yaxşı duymuşdu ki, ər-arvaddan başqa, Sakit və Gülmirə də Nurəddinin iş üsulundan, adamlarla rəftarından çox narazıdı. Salman, Nadirə kimi bunu açıq deməsə də, narazı olduqlarını da gizləməyə çalışmırdılar.

İltifat həm-hüm eləyib fikrini cəmləşdirənə qədər balaca boy, arıq, ağ paltar geyib, qara saçlarını boynunun ardında burub düyünləmiş bir qız əlində iki armudu stəkanda çay gətirdi. Birini Nurəddinin, o birini isə İltifatın qabağına qoydu və lal-dinməz çıxıb getdi. Gümüş qənddan elə stolun üstündə idi – Nurəddin sol əlilə qənddanı İltifatın qarşısına itəlidi.

− Təzə katibə götürmüsünüz deyəsən, Nurəddin müəllim?

– deyə İltifat çox məmnun halda – zarafat deyildi, akademik Nurəddin Osmanzadə kimi adlı-sanlı bir alim onun üçün də çay gətizdirmişdi. Kaş indi İltifatın «nədənsə səni heç kəs sevmir, hörmət eləmir, sirrini başa düşə bilmirəm!» – deyən arvadı Afərin bu dəqiqə burda olaydı, görəydi ərinin necə hörməti var» - kreslosunu irəli çəkib soruşduqda Nurəddin ağzına bir konfet atıb:

− Hə, – dedi – Şərqiyə iki il staj toplayıb bu il instituta girdi. Yeri boş idi. Bilirsən də, idarə katibəsiz keçinə bilmir. Dostumun qızıdı. Bu il balı çatmadı, instituta düşə bilmədi… Götürmüşəm, qoy işləsin, gələn il girər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, beşinci fəsil

Yusifin ili çıxmışdı. Ehsanını da vermişdilər. Səbihə arvadla olan söhbətdən sonra Əfsanənin ürəyində, beynində bir qarışıqlıq, narahatlıq yaranmışdı. Ruhi, mənəvi sıxıntıların əzib-solğunlaşdırdığı, taleyinin həmişəlik qara dumanlara büründüyünü zənn edib düşkünləşən, həyatda hər şeyə qarşı marağını itirən gəlinin tutqun fikirlərinə qayınanasının o vaxtkı sözləri sanki nur səpələmişdi. Demək, hələ hər şey qurtarmamışdı. Bu fikir onun özünün kimsəsizliyi, gərəksizliyi haqqındakı düşüncələrinə son qoymuş və gəlində bir canlanma, dirçəliş əmələ gətirmişdi. Birdən-birə alovlanıb şahə qalxmış, sonra birdən-birə rəhmsizcəsinə üstünə su çilənib söndürülmüş duyğuları, o anlaşılmaz, şirin, əzablı duyğuları yenidən baş qaldırmışdı.Əfsanə indi vaxt-bivaxt Elməddin barədə düşünməyə başlamışdı. Aşkarda qayınanasının yanında o, Elməddinlə danışıb kəlmə kəsə bilmirdi, amma ürəyində həmişə onunla həsbi-halda idi. Elməddini görən kimi, lap qız vaxtlarında olduğu təki uçunur, özünü itirir, qızardığını hiss eləyirdi. Qeyri-iradi olaraq, ürəyi sevinc qarışıq bir qüssə ilə dolurdu. Elməddindən mehriban, xoş söz eşitmək istəsə də, o, daş kimi susurdu. Susmağı o yana qalsın, kirpik qaldırıb, ona baxmaq da istəmirdi. Dəftərxanaya gedir, evə qayıdır, Əfsanəyə isə məhəl qoymurdu. Elə bil o burada yox idi. Bu, Əfsanəni yamanca sıxırdı. Bəlkə o, qardaşının dul qalmış qadınına evlənməyəcəkdi. Beləcə qeyri-müəyyənlik içində günləri, həftələri, ayları yola salır, gələcək taleyini dumanlıqlar içində görə-görə yaşayırdı.

3 min
İkinci hissə, altıncı fəsil

Günlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.

3 min
İkinci hissə, yeddinci fəsil

Elməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.

4 min
İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 min

Poems by other poets