İkinci hissə, yeddinci fəsil
Elməddin pəncərənin qabağında dayanıb çölə baxırdı. Hər yan ağappaq ağarırdı. Ağaclar, damlar, hasarlar qar altında qalmışdı... Heç təsəvvür eləmək olmurdu ki, bir gecə ərzində yerə bu hündürlükdə qar düşsün. Amma düşmüşdü. Ədnan camaatı çoxdan belə yağıntı görməmişdi.
Kənddə ölü bir sükut hökm sürürdü. Elə bil, qış canlı olan hər şeyi dondurub susdurmuşdu. Mal-qara tövlədə idi, adamlar evlərdən çıxmamışdı. Uca çinarların başında oturmuş qarğaların, pəncərə qabağına qonub cikkildəşən sərçələrin səsi Elməddinin ürəyində kövrək bir hiss doğurur, onsuz da soyuq olan evdə onu daha da üşüdürdü Səbihə, Əfsanə əlacsız adamlar kimi əllərini qoynuna qoyub bayır bacağa baxırdı... hərəsi öz aləmində odunun, taxılın və mal-qara üçün ot-ələfin çatıb-çatmayacağını götür-qoy edirdi. Bu məsələlər indi hamıdan çox Elməddini düşündürürdü.
Bu gün Elməddinin görməli işi çox idi. O, qapının dalında tığlanmış qarı kürüməli, tövləyə gedən yolu təmizləməli, tayadan mal-qara üçün yem çəkməli idi; kərmə qalağının içindən evə odun gətirməli idi. Çay-çörəyini yeyəndən sonra qəryədar Qulamın yanına getməli, vilayət mərkəzinə göndəriləcək məktubu yazmalı, yığılan vergilərin ümumi miqdarını hesablayıb Qulama deməli idi. Amma Elməddinin nə qış ayaqqabısı vardı, nə balapuşu , nə də qalın paltarı; əynindəki nazik paltarla bayıra çıxmaq olmazdı. Şaxta adamın iliyinədək işləyirdi. Üstəlik sovurma külək də qalxmışdı. Hələ yapıxıb bərkiməmiş yumşaq qarı toz kimi havaya sovurur, adamın üz-gözünə çırpırdı.
– Qurbanı olduğumun bu il qəzəbi tutub. Camaat qırılmasa yaxşıdı. — deyə Səbihə məyus bir səslə arada hökm sürən sükutu pozdu.
– Camaat niyə qırılır, ay xala? — deyə Əfsanə sadəlövhcəsinə soruşdu.
– Soyuqdan, şaxtadan, qızım.
– Kimin qalın paltarı, odun-ocağı, isti yeri-yurdu varsa, niyə qırılır? — Elməddin gözlərini bayırdan çəkmədən sözə qarışdı. — Vay kasıb-kusubun halına?!
Əfsanə əlini övkələyib ağzına yaxın tutaraq hovxurdu: — Üşüyürəm.
– Ev soyuqdur, buxarını qalamaq lazımdır — deyə Səbihə qanrılıb gəlinin üzünə baxdı. Elməddin yerindən tərpəndi, uzun şalını güncdən götürüb başına doladı, köhnə, çırıq ayaqqabısını ayağına çəkdi. Qapıya sarı yeridi:
– Kürəyi hara qoyubsan! — Anasından soruşdu.
– Tövlədədi, bala. Neyləmək istəyirsən?
– Yolu-rizi açım, odundan-zaddan gətirim.
– Bu nazik paltarda sənə soyuq olar! — deyə Əfsanə çəkinəçəkinə dilləndi.
– Düz deyir, bala. Soyuq olar naxoşlarsan.
– Olmaz! — o, qapını itələdi.
– Dayan, ədə! Dayan, qalın bir şey geyin.
Səbihə arvad ah çəkərək camaxatana tərəf getdi. Hələ yığılmamış yük yerinin dalından bir bağlama dartıb çıxartdı. Ortalığa qoyub açdı. Elməddin dərhal hər şeyi başa düşdü, ana ona qardaşının paltarlarını geyindirmək istəyirdi. Tutuldu.
– Lazım deyil. Geyməyəcəyəm, — boğuq səslə dedi.
Əfsanə Yusifin kürkünə, nimdaş kostyumuna, yun köynəyinə baxıb üzünü yana çevirdi. Yusifin yadigarları... Səbihə özünü imkanı daxilində sakit aparırdısa da, əslində o da dolmuşdu. Bu paltarlar daha Yusifə gərək olmayacaqdı; onun pəhləvan cüssəsini qışın qarından, şaxtasından qorumayacaqdı, Amma Əfsanə fikirləşirdi ki, Yusif indi soyuqdan tir-tir əsir yəqin. Ev belə soyuq olanda gör indi torpaq necə də bumbuzdur.
– Ala, gey.
– Dedim, geyməyəcəyəm.
Elməddin qapını çiynilə itələdi və çölə çıxdı.
– Ədə, sənnən deyiləm? — Səbihə səsini ucaldıb Elməddini çağırdısa da, o, geri dönmədi. Külək qarı burub-büküb uğultu ilə içəri doldurdu — Əfsanə tez özünü irəli atıb qapını çəkdi.
– Aman allah, — deyə Əfsanə qışın əsl hökmünü sanki indicə hiss eləyirmiş kimi söylədi, — qiyamət qopub ki, xəstələnəcək, — deyə Əfsanə pəncərənin ağzına gəlib qar tozanağı içində dizəcən qara bata-bata tövləyə sarı çətinliklə addımlayan Elməddinin dalınca baxdı. Beş-altı dəqiqə çəkməmiş Elməddin yel kimi özünü içəri təpdi. Üst-başı tamam qar idi. Sifəti bomboz bozarmış, gözləri yaşarmışdı. Dişləri bir-birinə dəyib şaqqıldayırdı.
– Mən hələ indiyəcən belə soyuq görməmişəm, — deyə əlini övgələyib yerindəcə ayağının birini qaldırıb o birini qoydu.
– Götür, bala, inad eləmə, gey. Özgə adamın paltarı deyil. Öz doğmaca qardaşının geyimidi. Sən geyməmiş ayrısı geyməyəcək ki.
Səbihə asta-asta danışa-danışa paltarı çırpıb taxtın üstünə qoydu. — Qalın geyinməsən, dişarı çıxa bilməzsən. Mal-qaraya yem lazımdı, bizə odundan-kərmədən lazımdı. Yoxsa...
Elməddin otaqda var-gəl edir, anasının dediklərinə qulaq asır, ancaq heç nə demirdi. Ayrı adam olsaydı, bəlkə heç nə düşünmədən götürüb sahibi torpaqlar altında çürüyən libasları geyinərdi. Amma Elməddinə bu, birtəhər gəlirdi. O elə sanırdı ki, qardaşının yadigarlarını əyninə alsa, Yusif həmin gecə hökmən yuxusuna girəcək və ona məzəmmətlə baxacaq.
Əfsanə Elməddinin paltarı götürüb geymək istəməməsinə adi bir qürur kimi baxmırdı. Elməddinin inadı Əfsanəni məyus edirdi. Demək, o, qardaşının paltarına əl vurmaq istəmirsə, onun dul qalmış arvadını ömründə özünə arvad eləməyəcəkdi. Bu, aydın bir məsələ idi.
Uzaq, qaranlıq üfüqlərdə güclə görünən zəif, solğun işıqlı ümid yenə də çəkilib dumanlar içində yox olur, yerində qış soyuğundan da kəsərli bir ümidsizlik, namüəyyənlik baş qaldırırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-itkin-gelin-ikinci-hisse-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nadirə yataq otağında, taxta çarpayıların arasında qoyulmuş bədənnüma güzgüdə özünə baxanda onsuz da qüssəli olan ürəyində həlim, yumşaq bir nisgil baş qaldırdı. Gödək vurulmuş saçlarına daraq çəkəndə gözünə dəyən təkəm-seyrək ağ tüklər qübar olub sinəsini yandırdı. Sınıxdığını, həmişə qızartılı, təravətli olan yanaqlarının solğunlaşdığını, qara, işıqlı gözlərinin yanında qırışlar əmələ gəldiyini elə bil, birinci dəfə görürdü — bunlar yəni əvvəldən belə idi, ya bu axır vaxtlar bu cür olmuşdu? Bu suala indi o, cavab verə bilməzdi. Çünki insan birdən-birə qocalmır, hiss edilmədən qocalır. «Adam birdən-birə qocalsaydı, bu dərdin ağırlığına ürək tab edə bilməzdi», deyə ürəyindən keçirən Nadirə üzündə, gözlərində, ağ pambıq kimi yumşaq buxağında, qədd-qamətində, saçlarında yaşayan cavanlıq nişanələrini görüb ürəyində alışan ümid, təsəlli qığılcımlarının oduna isinən kimi oldu. Amma bu hiss o qədər yüngül və ötəri idi ki, tez keçib getdi. Yox, bunu Nadirə bəlkə də özü tam aydınlığı və dərinliyi ilə hiss eləmirdi, amma, həqiqətən, o, son vaxtlar qocalmışdı, daxilən, mənən qocalmış, daha doğrusu, qocalığın ilk zərbələrini dadmışdı. Son aylar ərzində baş vermiş hadisələr məgər əsər-əlamətsiz keçən, özündən sonra bir iz qoyub getməyən hadisələr idi? Sevimlisi, gözünün ağı-qarası Ceyhun qəzaya düşmüşdü,— şəkilli-şəmayilli oğlanın üzündəki çapıq ox olub Nadirənin gözünə girir, ürəyini deşib keçirdi. Elə bil, ağ, təmiz bir kağızın üstünə ləkə düşmüşdü — silinməz, pozulmaz ləkə. Nadirə canını verərdi, ömrünün illərini verərdi, təki o çapıq, o ləkə silinə biləydi, izi-tozu belə qalmayaydı. Ancaq bu mümkün idimi? Afa — Ceyhunla birlikdə qəzaya uğramış o yeniyetmə, gözəl qız da şikəst olmuşdu, yeriyəndə qıçını çəkirdi. Bu yaxınlarda Nadirə onu atasının yanında qıçını çəkə-çəkə yeridiyini görəndə heç də az əzab çəkməmişdi.Sonra Salmanla aralarında olan elmi ixtilaf, fikir ayrılığı! Kaş, Salman başa düşə biləydi ki, bu fikir ayrılığının onların ailə həyatına heç dəxli yoxdur, o öz ərini sevir, hörmət eləyir, ancaq səhvlərini də göstərməyi unutmur. Burda nə qəbahət iş var? Bəlkə də Salmanın yerinə ayrı bir alim olsaydı, bununla fəxr edər, arvadının tənqidindən, məsləhətlərindən qaralıb darılmazdı. Ya, məsələn, Salman onun, Nadirənin nöqsanlarını üzünə desəydi, mətbuatda tənqid eləsəydi, nə olardı? Nadirənin acığınamı gələrdi? O bu sualla ürəyinin dərinliklərinə baş vurur: «Yox, inciməzdim!» cavabını alıb rahatlanırdı. Amma Salman... Kaş Salman başa düşəydi. Salmanın Sədəfgildən ayaq kəsməsi, Müseyibin çəkilib yad adam kimi bir qıraqda durması da onu az incitmirdi. «Bizi bir-birimizdən ayırıb uzaqlaşdıran nədir, görəsən? Niyə yad olub gedirik?— deyə öz-özünə soruşur, qəti, aydın bir qənaətə gələ bilmirdi.— Şöhrətmi? Var-dövlətmi?» Kitablar yazıb dərin elmi məsələlər qaldıran, çətin, dolaşıq suallara cavab verən Nadirə həyatın bu sadə sualı qarşısında aciz qalmışdı.
Üçüncü hissə, dördüncü fəsilNeçə gün idi ki, Gülmirənin ürəyi gizildəyirdi: bu müddət ərzində bütün olub-keçənlər, tələsik fırlanan lent yazısı kimi gözlərinin önündən keçir, anlar, dəqiqələr ötdükcə son nöqtənin — hər şeyə xitam verən nöqtənin yaxınlaşdığını duyur və dəli olmaq dərəcəsinə gəlir, inləyirdi. Təəssüf ki, onu heç kəs eşitmirdi, hətta divarın o tayında yaşayan Maşa xala da, bir küçə o yanda olan Xatın arvad da onun ürəyindən xəbərsiz idi. Gülmirə həmişə Əqdəmin təyyarəsində uçmuşdu. İndi isə o həmin yüksəklikdən böyük sürətlə başıaşağı gəlirdi. Onu Əqdəm öz yanından, öz təyyarəsinin kabinəsindən itələmiş, rəhmsizcəsinə itələmişdi və nəhayət, onun məhvinə qərar vermişdi. Niyə? O, vəfasız idi! Əqdəmin təmiz, uçduğu göylər kimi saf olan məhəbbətinə özgə nəfəsinin toxunmasına icazə vermişdi. Əqdəmin o böhranlı dəqiqələrdə yazdığı sözlər Gülmirənin qətlinə fərman kimi səslənirdi. «Hər şey bitdi», deyə gecələr səhərəcən yerində çalıxıbçapalayan, fikir-düşüncə əlində əsir-yesir olan Gülmirə bu dəqiqə qələm-kağızdan, elmi işdən elə qorxurdu ki, bir də miz arxasında oturacağını, zəif də olsa, bir şey qaralayacağını ağlına belə gətirə bilmirdi. Yox, daha bəsdi, daha kifayətdi! Özünü də aldatdı, başqalarını da! Hələ Cəfərii halalca kəşfini vicdan ağrısı çəkmədən öz adına çap etdirdiyini yadına saldıqca tükləri ürpəşirdi: «Salman Qurbanzadə, görəsən, niyə belə etdi?»Həmin məşum günün səhəri Gülmirə özünü əzgin hesab etdiyi üçün işə getmədi, katibəyə zəng vurub, xəstə olduğunu xəbər verdi. İndi dördüncü gün idi ki, işə çıxmırdı. Xatın arvad yamanca əl-ayağa düşmüşdü. Qızının ürəyindən, başına gələnlərdən xəbəri olmasa da, özünü oda-közə vurub ona gah dərman verir, gah da dəsmalı isladıb alnına qoyurdu. Təbib çağırmağa qızı icazə vermirdi: «heç bir şey yoxdur,— deyirdi,— yorğunam».
Üçüncü hissə, beşinci fəsilMakinaçılar otağının qapısı açıldı, Gülalı arıq, uzun gövdəsilə makinaçının qarşısında zahir olub dişlərini ağartdı:—Əssəlamün-ələyküm, Elvira xanım — deyə o, sağ çiynini aşağı dartan iri qovluğunu boş stolun üstünə qoyub əllərini övkələdi.— Hə, necəsən?
Üçüncü hissə, altıncı fəsil«15 dekabr 196...-cı il.Güllər, həqiqətən, qəşəng güllərdi. Gözəlliyinə, cazibədarlığına söz ola bilməzdi. Pəncərənin ağzındakı xırda dibçəklərdəki bu güllər küçədən keçənlərin, evimizə gəlib-gedənlərin diqqətini cəlb eləyirdi. Təbiəti az-çox sevən, onun azad və ətirli qoynunda böyümüş hər kəs qeyri-ixtiyari olaraq dibçəklərə yaxın gəlmək, qəddini əyib o güllərin qan daman ləçəklərini qoxulamaq, onların göz oxşayan gözəlliklərindən məst olmaq istəyirdi.
Poems by other poets
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
GəlsinQarabağdan dov eləyib gəlirəm,Məndən dovtələbi varsa, de gəlsin,
ÇeşməkBir zaman şəmsdən alurdı mənim bac gözüm,Nuri-xurşidə salurdı necə tarac gözüm
Bəxtim bana uz verdi, şərabdarə yetişdimBəxtim bana uz verdi, şərabdarə yetişdim,Opdum ayağın, kaseyi-sərşarə yetişdim.