Günlərin birində, səhər yeməyini yeyib hərə öz işinin dalınca gedəndən sonra Nazənin doqqazda göründü. Qəm-qüssə əlində ürəyi sıxılıb havası çatışmayan, dərdləşmək, məsləhətləşmək üçün yanında canıyananı olmayan Əfsanə Nazənini görəndə anası gəlmiş körpə uşaq kimi sevindi. Kövrəlmiş Əfsanə Nazəninin qabağına qaçdı, qolunu boynuna salıb o üzündən-bu üzündən hərarətlə öpdü; səkidəki həsirin üstünə döşəkcə, mütəkkə atdı, əziz qonağı kimi əyləşdirdi. Əslində ona Nazənin anadan, bacıdan əskik deyildi. Nazənin bu yaşda cavanlar üçün az görünən mehribanlığı, istiqanlığı ilə Əfsanənin ürəyində yetimliyin yaratdığı boşluğu müəyyən dərəcədə doldurmuş, sınıq könlündə işıqlı bir inam doğurmuş və beləliklə onu həyata bağlamışdı.

– Allah səni hayandan yetirdi, bacı? Yamanca darıxmışdım. Ürəyim hövl eləyib partlamaq istəyirdi.

– Yenə nə olub, niyə darıxırsan, ay Əfsanə?

– Həzrətgül gecə yuxuma girmişdi. Görürəm qolumdan tutub zorla, sürüyə-sürüyə məni çəkib aparır. Mən ağlaya-ağlaya ayağımı yerə dirəyib deyirəm ki, getmirəm, getmirəm, səni and verirəm allaha, məni aparma. Kişinin ürəyi elə bil daşmış, yumşalmaq bilmir. Birtəhər sürüşüb əlindən çıxmışam, atmışam özümü çaya. Boğulduğum yerdə qan-tər içində ayılmışam.

Nazənin Əfsanənin yuxusunu yozdu:

– Su aydınlıqdı. Özün də çox yaşayacaqsan. Əfsanə ah çəkdi:

– Allah əgər mənə xoş gün qismət eləməyəcəksə, çox yaşamağıma dəyməz. Yoxsa dərd-qəm içində, bir gözü ağlar, bir gözü gülər yaşamaq istəmirəm, bacı.

– Darıxma, hər şey düzələcək. Yaman günün ömrü az olar, bacım. Təzə bir xəbər-zad yoxdu?

– Hara çıxıram ki, təzə xəbər də eşidəm.

– Evdə deyirəm ey,

– Yox, təkcə bu xəbər var ki, Səbihə arvad mənə Elməddinin yanında başı-üzüaçıq gəzməyə icazə verib. Onun çayını-çörəyini daha mən verirəm.

– Hə?

Əfsanənin gözləri səssiz bir gülüşlə parladı.

– Elə lazımdı. Sən hələ cavansan, çox şeyləri bilmirsən. Amma qayınanan dünyagörmüş arvaddı. Kişilərin xasiyyətini səndən də, məndən də yaxşı bilir. Onu qəsdən elə eləyir ki, aranız açılsın, ortadakı pərdə götürülsün.

– Mən də elə başa düşürəm.

– Bilirsən, — deyə Nazənin əkəc arvad kimi sözə başladı. — Kişi xeylağının allahı arvaddı. Əlbəttə, hər cür arvad yox, gözəligöyçəyi. Əsil kişi gözəl qız, göyçək qadın görəndə biganə qala bilmir. Elməddin də ki, maşallah, şair ruhlu adamdı. Özü də səni sevir. Onun qabağına heç bir qanun-qayda sədd qoya bilməz!

– Elməddin mənə qarşı çox soyuqdur.

– Ona fikir vermə. Necə deyərlər, hələ yara istidir. Bir azdan hər şey unudulub yaddan çıxacaq. Ancaq sən ona qarşı mehriban ol, bacardıqca xoş üz göstər. Hələ dünyada bir kişi qadın tilsimindən yaxa qurtara bilməyib. Ona ərə kedəndən sonra xoşbəxt olacaqsan. Elməddin cavandı, gözəldi, ağıllıdı. Mənim ərim elə cavan olsaydı, nə dərdim vardı ki? — deyə Nazənin yanıqlı bir ah çəkdi. Əfsanə sual dolu nəzərlərlə ona baxanda Nazənin sözünün dalını udmadı: — Sən təsəvvür eləyirsənmi, Əfsanə, Həzrətgüllə mənim aramda otuz üç il fərq var. Az deyil, azacıq deyil. Mən onun kiçik qızı Süsənlə yaşıdam.

Əfsanə sanki uzaqdan tanıdığı bir adam haqda danışırmış kimi dedi:

– Həzrətgül yaxşı qalıb, cavan qalıb.

– Boyu-buxunu yaxşıdı, görkəmi pis deyil. Amma di gəl ki, qocadı. Səndən nə gizlədim, gecələrini mənim yanımda keçirir. Məni qucağına alıb duz kimi yalayır, öpür, oxşayır. O qoca kaftar da elə bilir ki, — Xədicənin dalınca deyindi. — Biz səhərəcən kef eləyirik. Yuxudan ayılıb həyət-bacaya çıxanda iti, pişiyi görməyə gözü olur, məni yox. İnan ki, əlində imkanı, ixtiyarı olsa, tikə-tikə doğrayıb ətimi həyətdəki köpəyin qabağına atar. Mən də ürəyimdə deyirəm, yan-yaxıl, qoca kaftar. Sənin kimi zalımın cəhənnəmi elə bu dünyadadı. Sən elə bu dünyada yanıb kül olacaqsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, on altıncı fəsil

İnsan həyatının bəzən elə günləri olur ki, bir ömrə bəs eləyə biləcək sevinci də yaşayır, kədəri də. Elə sevinir ki, özünü dünyanın ən bəxtəvər adamı hesab eləyir, yerə-göyə sığışmır, şadlığından gözləri yaşarır. Elə həmin gün də elə kədərlənir ki, özünü dünyanın ən bədbəxt adamı sayır, bir az əvvəlki xoşbəxtliyindən əsər-əlamət qalmır, unudulur, gözləri kədər yaşları ilə dolur. Bəli, insan həyatında belə təzadlı gün də ola bilər.... Elməddinin ilk kitabı bu gün çapdan çıxıb satışa buraxılmışdı. Həcmcə çox da böyük olmayan göy cildli məcmuəyə onun şerləri və hekayələri toplanmışdı. Müəllifi də özü idi, rəssamı da. Redaktoru Məhəmməd Şəfi Rəhgüzər — onun ustadı, böyük şair, qardaşı idi. Əslində kitabı nəşr etmək məsələsini də ustad özü ortalığa atmışdı, əsərlərini alıb saf-çürük etmiş, seçib yaxşılarını, xoşuna gələni saxlamışdı. Elməddin etiraz eləyib «hələ tezdi, ustad!» — demişdisə də, Şəfi razı olmamışdı; «Vaxtındı, Elməddin. Şairdə təvazökarlıq yaxşı şeydi, bəyənirəm, ancaq yaxşı əsərləri çap etməmək özü də bir günahdı, qardaş!» — demişdi. Elməddin naçar qalıb yazılarını vermişdi, lakin qəribə idi ki, sonra kitabının çıxmasını çox böyük bir intizarla gözləməyə başlamışdı. Bu intizar ilk körpəsinin dünyaya gəlməsini közləyən ana intizarına bənzəyirdi — həm şirin idi, həm əzablı idi, həm də... bir az qorxulu idi. O bilirdi ki, sənət yolu uzun, çətin, daşlı-kəsəkli, eyni zamanda gül-çiçəkli, şan-şöhrətli bir yoldu. Ağrısı da var, sevinci də var, qanadından vurulmuş kimi torpağa — ayaqlar altına düşməyi də var. Ucalmağın — şirinlikdi, səadətdi, şöhrətdi, ən uca zirvən — ölməzlikdi. İlhamın, qismətin olmasa, ürəklərə, beyinlərə yol tapa bilməsən, kimsənin sevimlisi ola bilməzsən. Bu isə adını şair, sənətkar qoyan adam üçün bədbəxtlikdi, ölümdü — diri ikən ölü olmaq deməkdi, demək, sənin ikinci ömrün yoxdu, öləndən sonra yaşaya bilməzsən.

10 min
Dördüncü hissə, on yeddinci fəsil

Qışın çıxhaçıx vaxtı idi, qar çoxdan ərimişdi, yer-yurd palçıqdı, nəmdi, ayaq dəyməyən yerlərdə körpə otlar baş qaldırırdı. Havaların şaxı sınmışdı. Günortaya yaxın gün üç-dörd saatlığına üzünü göstərirdi, adamların, torpağın canını qızdırırdı. Həyətlərdə alça, ərik ağaclarının tumurcuqları çırtlamışdı. Yazın nəfəsi yavaş-yavaş duyulurdu, təbiət qış yuxusundan oyanırdı. Yaz nazla gəlirdi.Belə xoş, ilıq nəfəsli günlərin birində, aylardan bəri rahat həyatı pozulmuş, şirin yuxusuna haram qatılmış, yeməkdən-içməkdən qalmış, dəli kimi öz-özünə danışan, ağlının-huşunun məntiqini itirən, gah qızmış aslan kimi heç nədən qəzəblənən, gah da körpə uşağa dönüb için-için ağlayan ağayi Nəcməddin Əbdül yanına gələndə zəif, taqətsiz səslə dedi:

10 min
Birinci hissə, birinci fəsil

Bu kitabı sənə, sənin gəncliyinə, gözəlliyinə və böyük məhəbbətinə dərin minnətdarlıq duyğuları ilə həsr edirəm, mənim əvəzsiz ömür-gün dostum.*Müəllif*

18 min
Birinci hissə, ikinci fəsil

Bahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.

15 min

Poems by other poets