Birinci hissə, ikinci fəsil
Page 1 of 2
Bahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.
Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.
Kənd əhlinin seyrəngaha çıxdığını bilsə də Həzrətgül balaca dükanını açıb döşəkçənin üstündə oturaraq cilqoza çırtlayır, müştəri gözləyirdi. Gələn isə yox idi. «Bağlayıb gedərəm, birdən kiməsə bir şey lazım olar. Gələr, görər yoxam», — deyə düşünən kişi bayram günündə də özünün dediyi kimi «sehrli» dükandan çıxıb gedə bilmirdi. Gen-bol həyətdə günəvərə qoyulmuş taxtın üstündə səhər Əfsanəyə döşətdirdiyi xalça üzərində mütəkkəyə dirsəklənən Xədicə arvad ən yaxşı paltarını geyib, boyun-bağazını daş-qaşla bəzəsə də ovqatı təlx idi. Nə qədər çalışsa da sakit ola bilmir, ürəyi hövl eləyib ağzından çıxmaq istəyirdi. Toxtamaq istəyir, amma bacarmırdı. Bir ona bəlli idi ki, təzə gəlinin yanında özünü tox tutmaq, yalandan da olsa gülümsəmək Xədicəyə nəyin bahasına başa gəlirdi. Neçə ilin yastıq yoldaşı ona — vaxtı ilə bu evin yeganə xanım-xatın arvadı olan gülli-ixtiyar sahibi Xədicəyə «xəyanət» etmiş, bayram gecəsini təzə gəlinin yanında keçirtmişdi. Səhərəcən ilan vuran yatmışdı, Xədicə yox, yerinin içində azı min dəfə o tərəf – bu tərəfə çevrilmiş, ancaq aram ola bilməmişdi. Qısqanclıq hissi ona o qədər əzab vermişdi ki, gecənin bir aləmində ayağa durub baltadan, bıçaqdan götürüb Həzrətgüllə Nazənin yatan otağa keçməkdən, ərini də, «mələk paltarı geymiş o iblisi» də doğram-doğram eləməkdən özünü güclə saxlamışdı.
Gecə şam yeməyi yığışılandan sonra Nazənin yatan taxtın cırıltısı cəmi-cümlətanı beş-on dəqiqə gəlmişdisə də, sübhün gözü açılanacan Xədicə o məşum və dəhşətli səsi eşitmiş, yerinə qor dolmuş təkin çalıxıb-çapalamışdı. Neçə dəfə başını balışın altına soxmuş, qulaqlarına pambıq tıxamışdısa, o səs kəsilmək bilməmiş, beyninə, oradan da ürəyinə işləyib bütün mənliyini, heysiyyətini əzib-sıxmışdı. Qəribə idi ki, günün günortaçağı da — kişinin dükanda, Nazəninin isə gözünün qabağında, həyətdə gəzindiyini görə-görə o səs — taxtın cırıltısı qulaqlarından çəkilib getmirdi.
«Dünyada bundan böyük əzab olmaz, — fikirləşirdi, — ay allah, mən sənə neyləmişəm ki, məni dirigözlü oda yandırırsan, bu, sənin cəhənnəm odundan da pisdi, xudaya. Mən dəli olaram, mənə bu əzabı vermə» — düşünərək az qala ağlayırdı.
Ayrı vaxtlar Həzrətgül öz cavan və gözəl təzə arvadının yanında gecələyəndə arvadın o qədər eyninə gəlmirdi. «Təzə arvad şirin olar. Qoy getsin, hələ canı suludu, bir azdan deyərəm sənə, qoca köpək!» — deyə gah özünə təskinlik verir, gah da ərinin qarasınca deyinirdi. Ancaq bu gecə... İlk bayram axşamı idi ki, Həzrətgül onun yanında yatmamışdı. İyirmi beş il qabaq, həmin bu gecə ilk dəfə bir yastığa baş qoymuşdular. Hər il o ilk gecəni yad edir, xəyalın qanadlarında keçmişə gedib-qayıdırdılar, lakin bu gün... O ilk gecə yada düşmədi, xatirələr təzələnmədi. Xədicə buna yanıb-yaxılırdı, onun fikrincə, Həzrətgül gərək belə üzüdönüklük, bivəfalıq eləməyəydi. Yox, gərək eləməyəydi. «Qarnım üçün deyiləm, vallah, qədrim üçünəm. Dünyanın işi belədir. Deyirlər, təzə ay çıxanda köhnəsini doğrayıb ulduz qayırırlar. Yəni mən belə qocalmışam?! Yəni mən belə qocalmışam ki, Həzrətgül daha mənə sarı baxmaq istəmir? Səhər də heç yanıma gəlmədi, öldümü, qaldımı soruşmadı. Pulagir köpək, tezdən gedib şöngüyüb dükanda. Pul qazanmaq həvəsi o boyda kişinin başını bağlayıb dükanın dirəyinə. Buna bax, — deyə Xədicə həyətdə toyuq-cücəyə dən səpən Nazəninin dalınca söylənməyə başladı, — səni görüm cavan öləsən, yasını saxlayım. Necə də sallana-sallana, əzilib büzülə-büzülə gəzir?! Ala ye, Həzrətgülün kiçik qızıynan yaşıdsan, gəlib ona arvad olubsan, atan yerində kişidi. Bir azdan təpənə döyə-döyə qalanda sənə deyərəm. Hələ ağzın isti yerdədi.»
«Nahaq yerə başmaq seyrinə çıxmadım, fikrim-zadım dağılardı»,— deyə düşünməkdən, ürəyində danışmaqdan yorulmuşdu. Birdən Xədicə dikələndə Əfsanəni Nazəninlə nə barədəsə danışıb gülən gördü, onsuz da qanıqara olan Xədicəni od götürdü. Gözünü yumub (adəti belə idi — hirslənəndə gözünü yumub danışardı) ucadan qışqırdı:
– Ay itin belindən gələn, sənə səhər demədim o qazanı sürt, təmizlə?! Adama sözü neçə dəfə deyərlər, ay yetimçə?!
Xədicənin səsini eşidən Əfsanənin gülüşü dodağında donub qaldı, başını aşağı salıb susdu. Nazənin Xədicənin cavabını qaytardı:
– Bu gün bayramdır, böyük xanım, sabah sürtər.
– Sən də onun ağzına dil vermə. Qoy işini görsün — deyə Xədicə yenə gözünü yumub qışqırdı.
– Bayramdı axı, böyük xanım.
– Ay onun bayramı qara gəlsin. Bayramdı, çörək də yeməsin də!!! Niyə tıxır bəs eşşək kimi?! Ködənini doldura bilir, amma işləyə bilmir?!
Danışığın faydasız olduğunu anlayan Nazənin daha dinmədi. Əfsanə dodaqları səyriyə-səyriyə:
– Bu arvadın əlindən lap cana gəlmişəm, bacı, — dedi, — gün çıxandan camaat yatana qədər bikar qalmıram, yenə bəsdi demir. Gecələr ağrıdan ayaqlarım zoqquldayır. Yata bilmirəm. Bir xaraba olsaydı, baş götürüb gedərdim, canım bu ifritənin əlindən qurtarardı.
– Bir allah bəndəsinə ərə gedərsən, öz əlin olar, öz başın.
– Eh, hanı məndə o bəxt? — O, ah çəkdi. — İstəyən olsa da verməzlər, mən getsəm bəs onun işini kim görər? Onda gərək nökər tutsunlar.
Yavaş danışırdılar. Xədicə qulağını ha şəkləyirdisə də, məsafə uzaq olduğundan onların nə danışdıqlarını eşidə bilmirdi; təkcə dodaqlarının tərpənməsindən bilirdi ki, Əfsanə nəsə danışır.
– Nə deyir, ay qız, o? — Ucadan qışqırdı.
– Heç nə, sənnən deyil, — Nazənin kəsəcə cavab verdi.
– Nə həddi var mənnən olsun. Dilini çəkib boynunun ardından çıxardaram.
Əfsanə lal-dinməz gedib iri plov qazanını ocağın üstündən düşürdü, tövlənin yanına gətirib qumla, yaş əski ilə hisini-pasını silməyə başladı. Əfsanə yorğundu, qollarında güc yox idi. İmkanı olsaydı, xəlvətə çəkilib doyunca yatardı. Qara gözləri qızarmışdı. Çünki gecəni pis yatmışdı. Elməddinin dünən axşamçağı dediyi sözlər şirin, unudulmaz mahnıya dönüb yadından çıxmırdı. Onların evində, süfrə qırağında onun adına yandırılan şam Əfsanənin fikrindən silinib getmirdi. Bəli, Elməddin onun adına bu gecə şam yandırmışdı. Ancaq burada — öz dayısı evində o, yaddan çıxmışdı, hamıya şam satan Həzrətgül bacısının yeganə yadigarı olan Əfsanəni unutmuş, adına şam götürməmişdi.
Gözlərinin önündə canlanan Elməddin dünənki sözlərini təkrar edirdi: daha yavaşdan. Heç kəs eşidə bilməsin deyə... «Bu sənin şamındı, Əfsanə. Bu gecə sənin üçün də evimizdə şam yandıracağam, onun şöləsinə baxıb sənin haqqında, sənin qara gözlərin haqqında düşünəcəyəm, Əfsanə!!!»
Yaxşı ki həyatda şirin xəyal varmış, insan özü-özüylə ürəyində, səssizcə danışa bilirmiş. Yaxşı ki insanı çətin dəqiqələrdə dözümlü edən, əlindən tutub naməlum gələcəyə çəkib aparan gözəl ümidlər varmış. Yoxsa yaşamaq na qədər müşkül olardı?! — Xoş xəyallar, əlçatmaz ümidlər Əfsanənin ürəyini ovundurur, dərdini azaldırdı. Özü də hiss eləmədən fikrində yaratdığı dünyaya uçub gedən qız, Xədicənin acılı-tikanlı sözlərini unudurdu, — onun yeni hədə-hərbəsini, latayırını eşidənə qədər!!!
Günortaya yaxın doqqazın ağzında üç çarşablı arvad göründü. Üzləri örtülü olduğundan yaxına gələnəcən kimliyini müəyyən etmək çətin oldu. Qabaqda yeriyən arvad xalça üstündə uzanıb diqqətlə onlara sarı baxan Xədicəni görüb çadrasını üzündən açdı və ancaq bu zaman Xədicə gələn arvadın Səbihə olduğunu bildi. Yanındakı arvadlar da evin kişisinin həyətdə olmadığını yəqin edib üzlərini açdılar.
Xədicə dərd-sərini unutmağa çalışaraq qalxıb Səbihəgili yaxşı, gülərüzlə qarşıladı:
– Xoş gəlib səfa gətiribsiniz!!
– Xoş günün olsun, ay Xədicə. Neçə belə bayramlar görəsiniz.— Qucaqlaşıb öpüşdülər. Xədicə onlara oturmaq üçün yer göstərdi. Bir küçədə yaşayırdılar. Arada xeyli məsafə olduğuna görə iki ailə arasında gəl-get yox idi. Ancaq xeyirdən-xeyirə, şərdən-şərə bir-birinin qapısını açardılar. Buna baxmayaraq demək olardı ki, bu ailələr bir-birini yaxşı tanıyır, hörmət, ehtiram saxlayırdılar..
Gəlişlərinin məqsədi hələ məlum olmayan qonaqlar yenicə oturub yerlərini rahatlamışdılar ki, damın böyründən Nazənin çıxdı, qonaqları görüb üzünün-başının örtüyünü sahmana saldı, yaxın gələrək «xoş gəldin» elədi.
– Ay gəlin, xoş gördük səni. Necəsən, qızım? — deyə - Səbihə özünəməxsus bir mehribanlıqla Nazənindən soruşdu..
– Sağ ol, xala, yaxşıyam.
Səbihə ilk dəfə idi ki, Nazənini belə yaxından görürdü. Ona görə Nazəninin dolu, dağ havasından qızarmış yanaqlarına, nazik, alınma qaşları altında bic-bic parıldayan qonur gözlərinə, dolu sinəsinə diqqətlə baxır; «lap körpəymiş ki, bu yazıq?!» deyə fikirləşirdi. Əfsanə gələn arvadları — xüsusən Səbihəni tanıyanda ürəyi üşürgələndi, bədəni üçündu. Əlləri sustaldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam idi. Orxan telestudiyadan yenicə gəlmişdi — görkəmli ədəbiyyatşünas alim Mirzə Yanarın yetmiş illiyi ilə əlaqədar televizorda çıxış eləmiş, onun həyatından, əsərlərindən ürəkdolusu danışmışdı. Mirzə Yanar — az yaşamışdı, amma bu az ömründə Azərbaycan ədəbiyyatının onlarla nəhəng və naməlum şəxsiyyətini tədqiq edib öyrənmiş, haqqında əsərlər yazmış, xalqa tanıtdırmışdı. Özünü şəxsən görməsə də, Orxan ona güclü, istedadlı bir alim kimi çox pərəstiş eləyirdi, — doğrudan da, Mirzə Yanar öz ürəyini, beyninin işığını əsərlərinə köçürmüşdü, gecə-gündüz bilmədən, bütün diyarı gəzərək klassiklərin əsərlərini toplamış, onları itib-batmaqdan, unudulub ölməkdən xilas eləmişdi. Sonra vaxt gəlmişdi, tufan qopmuşdu, Mirzə Yanarı da köklü-köməcli yerindən qoparıb aparmışdı, qurunun oduna yaş da yanmışdı. Tək özü yox, əsərləri də oxucu üzünə həsrət qalmışdı. İndi bir neçə ildi ki, ədalət yerini tutmuşdu. Özü qayıtmamışdı, amma partiya onun təmiz adını və əsərlərini əsil sahibinə — xalqına qaytarmışdı.İndi onun altmış illiyini də qeyd edirdi ədəbi ictimaiyyət. Onun şərəfinə həsr edilmiş yığıncaqlar keçirilirdi, sağ qalan yoldaşları Mirzə Yanar haqqında xatirələr də danışırdılar. Üç gün əvvəl institutda elə Salman Qurbanzadə Mirzə Yanar barədə çıxış eləmiş, az qala gözləri yaşara-yaşara onunla birgə keçən günlərindən, təmizliyindən, xeyirxahlığından, böyüklüyündən xeyli söhbət etmiş, Mirzə Yanarın aramızdan vaxtsız getməsinə dərindən təəssüfləndiyini bildirmişdi. Orxan Mirzə Yanardan ürəklə, həvəslə danışmışdı bu gün televizorda. Televiziya Komitəsinin işçiləri onun çıxışını çox bəyənmişdilər. O, evə qayıdıb gələndən sonra da tanış-biliş, dostlar zəng eləyib Orxanı təbrik eləmişdilər. Zəng çalanlar içində Gülmirə, Cəfər, Nadirə də vardı. Salman isə xüsusi danışmışdı:
İkinci hissə, iyirmi ikinci fəsilVaxta az qalırdı. Bir azdan camaat geniş otağa yığışacaq, müzakirə başlanacaqdı. Gülmirə bərk həyəcan keçirirdi. İndi ona təsəlli, ürək-dirək vermək lazım idi. Orxan isə bayaqdan öz yerində oturub başını yuxarı qaldırmır, heç kəsin üzünə baxmırdı. Onun bu hərəkəti Gülmirəyə lap qəribə görünürdü. Ancaq dünənki yaxınlıq, vədələşmək yadından çıxmadığına görə o, indi nə üçünsə Orxandan utanır, ona yanaşıb bir şey soruşmurdu. Saat bir olanda professor ucadan danışa-danışa şöbəyə gəldi:– Hə, camaatı yığ, Gülalı. Başlayaq.
İkinci hissə, iyirmi üçüncü fəsilŞirin arvad həftədə bir dəfə Orxanın evinə gələrdi. İndi yolunu dəyişib, qəbir üstünə gedirdi. Qabaq bazar günləri gələrdi, indi cümə axşamları. Onda oğlu üçün yemək-içmək, cürbəcür ləzzətli xörəklər bişirib gətirərdi, oğlundan xoş xəbər eşitmək ümidi ilə gələrdi. İndi yeməli heç nə gətirmirdi. Dərdli bir ürək, iki ağlar göz... bir də, bir dəstə gül gətirirdi.Aradan neçə ay keçsə də, ana onun ölümünə inanmaq istəmirdi. İnanmaq istəmirdi bura, bu yaşıl qəbiristanlığa gələnə qədər. Ayağı bura dəyəndə, dəmir hasara alınmış qəbir — o dikəlmiş torpaq ananı inandırırdı.
Üçüncü hissə, birinci fəsilPayız günəşi daranmış qara yuna bənzəyən buludlar arasında gizləndi. Havadan yağış qoxusu gəlməyə başladı. Yağacaqdı. Bu gün elə bir gün idi ki, səmanın sinəsi göz qamaşdıran qılıncla yarılmalı, göylər hönkürtü ilə ağlamalı idi. Çünki göylər vurğunu Əqdəmin səma kimi təmiz, saf ürəyi yaralanmış, bircə anın içində uzun illər boyu qəlbində əmin-amanlıqla yaşayan səadəti qəfil bombardmandan uçulub xarabazara dönən şəhər kimi korun-korun tüstülənməyə başlamışdı. Adicə bir təsadüfün sükuta qərq olmuş ölülər dünyasına gətirib çıxartdığı təyyarəçi ləngərli addımlarla qəbirlər arasında gözdən itəndən az sonra halsız-hərəkətsiz, heykəl sayağı dayanıb qızarmış gözlərini Orxanın başdaşına həkk olunmuş gülümsər şəklindən çəkməyən Gülmirə harda olduğunu xatırlamağa çalışan adam təki yan-yörəsinə baxındı. Bura haçan və niyə gəlmişdi? Bu günmü, dünənmi? Bir qərinə əvvəlmi? Orxan nə zaman ölmüşdü, niyə ölmüşdü?Yox, hələ o, anlaşılmazlıq aləmindən ayrılmamışdı. Zaman məfhumu, səbəblər, suallar anlayışı bu dəqiqə Gülmirə üçün öz hökmünü itirmişdi. hər şey ona ilğım dənizində olduğu kimi gah aydın, gah da uzaq, əlçatmaz, xəyali görünürdü.
Poems by other poets
Yüz illər, min illər sizin şölənizSularda səpildi hər yola, izə.
Adi insanBir içimlik su deyiləm, içiləm:bir aşırım yol deyiləm,
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
Bu nə gövhərdirBir gözəl sevmişəm günəş camalı,Gərdəni minadır, qədi ərərdir.