İkinci hissə, iyirmi birinci fəsil
Page 1 of 2
Axşam idi. Orxan telestudiyadan yenicə gəlmişdi — görkəmli ədəbiyyatşünas alim Mirzə Yanarın yetmiş illiyi ilə əlaqədar televizorda çıxış eləmiş, onun həyatından, əsərlərindən ürəkdolusu danışmışdı. Mirzə Yanar — az yaşamışdı, amma bu az ömründə Azərbaycan ədəbiyyatının onlarla nəhəng və naməlum şəxsiyyətini tədqiq edib öyrənmiş, haqqında əsərlər yazmış, xalqa tanıtdırmışdı. Özünü şəxsən görməsə də, Orxan ona güclü, istedadlı bir alim kimi çox pərəstiş eləyirdi, — doğrudan da, Mirzə Yanar öz ürəyini, beyninin işığını əsərlərinə köçürmüşdü, gecə-gündüz bilmədən, bütün diyarı gəzərək klassiklərin əsərlərini toplamış, onları itib-batmaqdan, unudulub ölməkdən xilas eləmişdi. Sonra vaxt gəlmişdi, tufan qopmuşdu, Mirzə Yanarı da köklü-köməcli yerindən qoparıb aparmışdı, qurunun oduna yaş da yanmışdı. Tək özü yox, əsərləri də oxucu üzünə həsrət qalmışdı. İndi bir neçə ildi ki, ədalət yerini tutmuşdu. Özü qayıtmamışdı, amma partiya onun təmiz adını və əsərlərini əsil sahibinə — xalqına qaytarmışdı.
İndi onun altmış illiyini də qeyd edirdi ədəbi ictimaiyyət. Onun şərəfinə həsr edilmiş yığıncaqlar keçirilirdi, sağ qalan yoldaşları Mirzə Yanar haqqında xatirələr də danışırdılar. Üç gün əvvəl institutda elə Salman Qurbanzadə Mirzə Yanar barədə çıxış eləmiş, az qala gözləri yaşara-yaşara onunla birgə keçən günlərindən, təmizliyindən, xeyirxahlığından, böyüklüyündən xeyli söhbət etmiş, Mirzə Yanarın aramızdan vaxtsız getməsinə dərindən təəssüfləndiyini bildirmişdi. Orxan Mirzə Yanardan ürəklə, həvəslə danışmışdı bu gün televizorda. Televiziya Komitəsinin işçiləri onun çıxışını çox bəyənmişdilər. O, evə qayıdıb gələndən sonra da tanış-biliş, dostlar zəng eləyib Orxanı təbrik eləmişdilər. Zəng çalanlar içində Gülmirə, Cəfər, Nadirə də vardı. Salman isə xüsusi danışmışdı:
– Çox yaxşı danışdın, Orxan, sağ ol, bala. O kişinin ruhu şad oldu yəqin. Əvvəl xahiş eləmişdilər mən danışım. Fikirləşdim ki, mən yaxşı danışa bilməyəcəyəm — qəhər məni boğacaq. Necə olsa, kişi ilə neçə illər dostluq eləmişəm. Adı gələn kimi durur gözlərimin qabağında və lal baxışlarla mənə baxır... Ona görə dedim elə sən yaxşısan, sən danışarsan.
– Sağ olun, professor. Ancaq Mirzə Yanar dərya imiş. Oxuduqca adam valeh olur. Ağlıma gəlib ki, onun bütün əsərlərini toplayım, iki-üç cilddə çap eləyək, professor.
– Mütləq, mütləq, Orxan. Yaxşı ideyadır. Mən sənin üçün hər cür şərait yaradaram, işlərsən.
– Sağ olun.
Orxan divanda oturmuşdu, siqaret çəkirdi. Televizorda konsert verirdilər. Ləzzət ala-ala tamaşa edirdi, ancaq fikri Mirzə Yanarla məşğul idi. Saat ona qalmış qapının zəngi çalındı. Orxana nədənsə elə gəldi ki, bu Gülmirə olacaq. Həyəcanla qapıya sarı getdi, lakin qapı ağzında üzünü heç vaxt görmədiyi ortaboylu, eynəkli bir kişinin dayandığını görüb duruxdu. Eynəkli adamın qoltuğunda bir qovluq da vardı. O, Orxana baxıb Gülümsədi:
– Bağışlayın, səhv eləmirəmsə, siz Orxan Əlizadəsiniz, elə deyilmi?
– Bəli.
– Sizi bir az əvvəl televizorda görmüşəm.
Orxan Gülümsünüb onu içəri dəvət elədi. Eynəkli adam otağa daxil olub evə, stolun üstünə göz gəzdirdi. Orxan ona divanda oturmağı təklif elədi. Kişi əyləşdi. Sonra kişi böyründə oturan Orxana ərklə əl uzadıb:
—Əvvəlcə gəlin tanış olaq, — dedi. — Mənim adım Müslümdür. Mən, bir az əvvəl televizorda haqqında danışdığınız Mirzə Yanarın bacısı oğluyam, — dedi.
Orxan ona sevinclə baxdı:
– A, nə yaxşı, nə yaxşı... Siz xoş gəlmisiniz... Mən çox şadam...
– Bəli, mən də çox şadam sizinlə tanış olmağıma... Sizə evdə qulaq asırdım. Çıxışınız çox xoşuma gəldi, Orxan müəllim. Qərara gəldim ki, sizi tapım. Məlumat bürosundan telefonunuzu, ünvanızı aldım, — dedim elə düz birbaş yanınıza gələcəyəm.
—Əcəb eləmisiniz...
Orxan icazə istəyib çay təşkil eləmək üçün mətbəxə keçdi, az sonra divanın qabağındakı jurnal stolu üstünə iki stakan çay gətirdi, oturdu. Onlar Mirzə Yanardan xeyli söhbət elədilər. Orxan özü üçün qaranlıq olan bəzi məlumatları Müslümdən öyrəndi və Mirzə Yanarın bütün əsərlərini toplayıb nəşr etmək fikrində olduğunu söylədi. Müslüm çox sevindi və çeşməyin altında gözləri parıldaya-parıldaya dedi:
– Mən sizə çox minnətdaram, Orxan müəllim. Bura gəlməkdə iki məqsədim olub: əvvələn sizə öz təşəkkürümü bildirim, ikincisi də, dayımın uzun illərdən bəri gizli bir dəfinə kimi saxladığımız əlyazmasını sizə göstərim...
—Əlyazmasını? — Orxanın gözləri parıldadı.
– Bəli. Bax, bu əlyazmasını. Bunu —ərəb əlifbası ilə yazdığına görə — biz oxuya bilmirik, Orxan müəllim. O vaxt, həbs olunmamışdan qabaq, bu qovluğu dayım özü gətirib bacısına verib, deyib saxla, sonra götürərəm. Ancaq sonra da... getdi, qayıtmadı. Anam bunu qardaş yadigarı kimi iyirmi beş ildi ki, qoruyub saxlayıb.
Orxan səbirsiz halda əlini qovluğa sarı uzatdı.
Müslüm qovluğu irəli itələdi: Orxan açdı. Və... titul səhifəsini oxuyanda... bədənini gizilti bürüdü, içində elə bil soyuq yel əsdi. Yazılmışdı: «Mirzə Yanar. Nəsiminin sənətkarlığı...» O dəqiqə Orxanın gözlərinin qabağına Salman Qurbanzadənin məlum kitabı gəldi. Bu, həmin kitabın əlyazması olmasın? Orxan fikri çaşqın halda əlyazmasının saralmış səhifələrini vərəqlədi, baxdı, adda-budda cümlələrini oxudu və heyrətə gəldi. Bu, ilk qənaətinə görə, həmin kitab idi, Salman Qurbanzadənin kitabı idi. Ancaq Orxan heyrətini, təəccübünü gizləməyə çalışdı.
– Maraqlıdır, çox maraqlıdır... — deməklə kifayətləndi. Müslüm elə başa düşdü ki, bu söz əlyazmasına aiddi!
Orxan fikrində bu işi qəti yoxlamağı qərara alıb Müslümə söylədi:
– Hə, bu mərhum Mirzə Yanarın öz dəst-xəttidir. Çünki mən onun əlyazmalarına dövlət arxivində də rast gəlmişəm, xətt onundur.
– Bu əlyazması yoxdur ki, arxivdə?
– Yox, məncə, yoxdur.
– Anam deyirdi ki, dayım əsərlərini iki nüsxədə yazırmış. Birini anama gətirib verərmiş, birini özündə saxlayarmış. Çox güman ki, bu əlyazması da iki nüsxə olub... Yəqin biri itib-batıb, ya da hansı arxivdəsə çürüyür.
Orxan fikrində götür-qoy eləyə-eləyə:
– Ola bilər — dedi və ani sükutdan sonra soruşdu: — siz mənə inanırsınız?
– Necə məgər?
– O mənada ki, bu əlyazmasını etibar edib bir neçə günlüyə mənim yanımda qoya bilərsiniz?
– Bilərəm. Ayıb deyilmi?
– Çox sağ olun, Müslüm. Mən yoxlaram, tutuşduraram, sonra oturub əməlli-başlı söhbət eləyərik, olar?
– Olar!
– Sağ olun...
Müslüm gedəndən sonra, çox həyəcanlandığından ürəyinin sancdığını hiss edib dərman atdı, bir az toxtayıb şkafdan Salmanın kitabını çıxartdı və müqayisə eləməyə başladı. Fəsillər eyni, cümlələr eyni, misallar eyni... Dəhşətə gəldi Orxan. Aman Allah. Salman Qurbanzadə gör neyləyib? Öz dostunun, alim yoldaşının əsərini — o tutulandan sonra öz adına£çap elətdirib, elmi ad alıb!. Sonra da arxayın-arxayın yaşayıb! Yaşaya bilibmi? Salman Qurbanzadənin müəllim —alim heykəli Orxanın gözlərində əriyib yerə töküldü birdən-birə!!.
...Orxan səhərə yaxın, saat dörddə... ürəyi ağrıya-ağrıya elə divanda uzandı...
...Salmanın səsi onu fikirdən ayırdı:
– Hə, mən səni dinləyirəm, Orxan... Yaxşı yadıma düşdü, axşam mən səninlə telefonda danışandan sonra, bilirsən nə qədər adam mənə zəng eləyib? Hamının xoşuna gəlib çıxışın. Doğrudan gözəl çıxış idi, sərbəst, kağızsız-filansız... Ürəyim dağa döndü, Orxan.
– Hm, sağ olun... Mirzə Yanar bizim sovet ədəbiyyatşünaslığımızın əsasını qoyan görkəmli şəxsiyyət imiş... Özü də deyirlər, gözəl insan imiş...
– Bəli, bəli. Mən onu, o gün dediyim kimi, çox yaxşı tanıyırdım. Mənim dostum idi, Orxan. Yadımdadı, getməmişdən üç gün qabaq bizə gəlmişdi. Nə isə çox kədərli idi. Bir az fikrini dağıtdım — içdik azca... Gedəndə məni qucaqlayıb öpdü, dedi dünyanın işini bilmək olmaz, Salman, bəlkə bir də görüşmədik... Dedim, əşi nə danışırsan... Nə isə, getdi... Elə o gedən getdi, daha görə bilmədim onu...
Bu sözləri deyəndə Salman köks ötürdü və gözləri yol çəkdi. Orxan bilmirdi, ancaq həmin anda Salmanın gözləri qabağında, soyuq payız gecəsində bağda alov saçıb yanan vərəqlərin şöləsi bərq vururdu
– o bu alov dillərini özündən kənar etmək üçün əlini havada yellədi və üzünü Orxana tutdu:
– Sən mənə nə isə demək istəyirdin, eləmi? — deyə xəbər alanda Orxan bir anlığa tutuldu və hardan başlamaq lazım olduğunu belə unudub gözlərini döydü. Dizinin üstündəki qovluq qıçlarını yandırdı sanki. Orxan nəhayət özünü ələ alıb;
– Professor, — dedi — Mirzə Yanar sizə gələndə əliboş gəlmişdi?
Salman tələsik:
– Hə, əliboş idi, — dedi — necə məgər? O rəhmətlik bir az xəsis idi, tək bizə yox, hər yerə əliboş gedərdi!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-iyirmi-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nəfəslik açıq olsa da, Salmanın pəncərəsi dənizə baxan iş otağı papiros tüstüsündən xəfə idi. Gecə yarısına az qalırdı, məhəllədəki evlərin işığı sönmüş, Ceyhun çoxdan yatmışdı. Salman yumşaq kresloda oturub əl boyda, göy üzlü bir kitabçanı mütaliə edir, ayrı-ayrı sözlərin, sətirlərin altından qırmızı qələmlə xətt çəkirdi. Bu, İlhamın ilk şerlər kitabçası idi. Professor onun bütün məmləkətdə məşhur olan akademik atasını da, özünü də yaxşı tanıyırdı. Keçən il yayda Salman ailəliklə onların Buzovnadakı bağına qonaq gedərkən həmin bax, bu kitabı çıxan İlham onlara yaxşı bir quzu kababı vermişdi.Yeməkdən-içməkdən əvvəl Salman Qurbanzadə İlhamla qayaların üstündə dayanıb dənizə baxa-baxa xeyli söhbət eləmişdi. İlhamın savadı professoru açıqca heyrətləndirmişdi. Söz-söhbət dolanıb İlhamın şerlərinin üstünə gələndə professor demişdi:
Birinci hissə, iyirmi birinci fəsilO, qucağındakı qalın, toz basmış kitabları ömrünü kitabxanada keçirmiş Nigar xanımın yanında ehmallıca yerə qoyub, alnında muncuqlanan tər damcılarını siləndə qadın gödək burnunun az qala lap ucunda güclə bənd alıb qalan eynəyinin üstündən bu nimdaş paltarlı, utancaq oğlana zənlə fikir verdi. Oğlan ona çox tanış gəlirdi; bayaqdan zehnində götür-qoy eləyir, onu harda gördüyünü, yaxud kimə oxşatdığını ayırd eləyə bilmirdi.Oğlan yarım saatın içində Nigar xanımın yanına iki dəfə kitab
Birinci hissə, iyirmi ikinci fəsilDağüstü parkda, «Dostluq» restoranının dənizə baxan yay zallarının birinin qabağına xeyli adam toplaşmışdı. Stollar açılmış, naz-nemətlər ortaya düzülmüş, iri güldanlara tər-təzə çiçək dəstələri qoyulmuşdu. Nizaməddin doktorluq müdafiə eləmişdi. İndi o, dostlarını, qələm yoldaşlarını, qohumlarını buraya dəvət edib ziyafət verirdi. Salmanla Nadirə də Nizaməddinin əziz qonaqlarından idi.Salmanın məclisdə, stol başında sakit, ağzına su alıb oturmaq adəti deyildi. O, mütləq danışmalı, yaxşı bir sağlıq deməli idi. Ancaq bu axşam susurdu.
İkinci hissə, birinci fəsilOrxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»