Dağüstü parkda, «Dostluq» restoranının dənizə baxan yay zallarının birinin qabağına xeyli adam toplaşmışdı. Stollar açılmış, naz-nemətlər ortaya düzülmüş, iri güldanlara tər-təzə çiçək dəstələri qoyulmuşdu. Nizaməddin doktorluq müdafiə eləmişdi. İndi o, dostlarını, qələm yoldaşlarını, qohumlarını buraya dəvət edib ziyafət verirdi. Salmanla Nadirə də Nizaməddinin əziz qonaqlarından idi.

Salmanın məclisdə, stol başında sakit, ağzına su alıb oturmaq adəti deyildi. O, mütləq danışmalı, yaxşı bir sağlıq deməli idi. Ancaq bu axşam susurdu.

Nadirə fikir verirdi: Salman az yeyir, çox içirdi. Buna baxmayaraq, kefləndiyi hiss olunmurdu. Nadirə gahdan bir onun dirsəyinə toxunur: «Yaxşı ye, az iç»,— deyə göstərişlər verirdisə də, sanki o heç nə eşitmirdi. Ərini qanıqara görən Nadirə iki-üç dəfə ona sarı əyilib ağzını qulağına tutaraq, astaca soruşdu:

– Sənə nə olub, Salman?

– Heç nə! — deyə, boğuq səslə cavab verdi.

Nadirənin də yediyi-içdiyi canına sinmir, tikə boğazından zorla keçirdi.

Nəhayət, şən, gümrah məclis sona yetdi. Qədəhlər axırıncı dəfə cingildəyib susdu və camaat dağılmağa başladı.

Nadirə Salmanın qoluna girdi. Onlar parkın yaşıl xiyabanlarından keçərək adamlardan lal-dinməz aralandılar. Trolleybus gəldi. Minmədilər.

– Gəzə-gəzə gedək, — deyə Salman ikinci papirosu damağındakının oduna yandırdı.

Gözəl yay gecəsi idi. Göydə tabaq-tabaq ulduz var idi. Sərin dəniz küləyi əsirdi.

– Doğrudan, sənə nə oldu, Salman?— deyə Nadirə indi bu arxayınlıqda Salmanın dərdini ətraflı öyrənmək istədi.

Salman siqarına dərin bir qullab vurdu:

– Atanın üzü ağ olsun, bizi yaxşı tanıtdırır!— deyəndə Nadirə ayaq saxladı. Bir şey başa düşmədiyindən təəccüblə ona baxdı:

– Necə?.. Atam?..

– Hə də, atan!

– Nə olub axı?

Salman qolunu Nadirənin əlindən qoparıb yeridi. Nadirə onun dalınca addımladı.

– Daha bundan böyük nə olsun deyirsən? Bir o qalıb ki, Müseyib mətbuatda elan da verdirsin ki, bəli, professor Salman Qurbanzadə mənim kürəkənimdir. Bir bu qalıb...

– Səndə söz var. Bir əməlli-başlı de görüm nə olub?

Salman papiros kötüyünü hirslə atıb, zəhərli ilan başı əzirmiş kimi ayağı ilə yerə yapışdırdı:

– Bayaq səndən ayrılıb akademikin yanına getmişdim.

– Hə?

– Yanında xeyli adam var idi. Görüşdük, hal-əhval tutduq. O, müzür oğlu Ağəli Şahdağlı da orda idi. Bilirsən ki, mənim də onunla aram yoxdu. İti görüm, qurdu görüm, onu yox. Həmişə də bir-birimizi sancırıq. Sən bilirsən ki, o, zəhər tuluğudur. Naqafil qayıdıb deyəsən ki, ay Salman, mən heç bilmirdim, sənin qayınatan Gəncədə hamballıq eləyirmiş ki! Elə bil, başıma qaynar su tökdülər. Onun bu sözləri məni orda, beş kişinin yanında yerə soxdu. «Onu sən hardan tanıyırsan?» dedim. Başladı da... deyir, vağzalda bir hambal çağırdım, gəldi, yükümü götürdü. Mənə dedi ki, deyəsən, elm adamına oxşayırsan. Dedim, hə. Dedi ki, mənim də kürəkənim professordu. Soruşdum, kimdi? Dedi, Salman Qurbanzadə. Dedim, tanıyıram...— Salman sözünə ara verib:— Bizə Ağəli Şahdağlıynan salam göndərib.

Daha nə gözləyirsən bu kişidən?— deyə kinayə ilə əlavə etdi.

– Mən də deyirəm, görəsən nə olub. Burada nə pis şey var ki, Salman? Səhərdən mən ürəyimi yeyirəm...— Nadirə üstündən dağ götürülmüş kimi rahat nəfəs aldı. — yediyimizi, içdiyimizi də haram elədin!.. Kişi bir iş eləməyib ki, salam-dua göndərib də...

– Başına dəysin onun salam-duası!— Salman qəzəbini saxlaya bilməyib qışqırdı. Ona elə gəldi ki, Nadirə artıq onu başa düşmür.

– Salman!..— Nadirə də səsini qaldırdı:— Sən mənim atama...

– Podumayeş, böyük adamdır sənin atan, kakoy-nibud nesçastnıy hambal! Hambal adamsan, yükünü daşı, qəpik-quruşunu al, Allahına şükür elə. Yük altında işləyə-işləyə professor kürəkəni olmağı ilə fəxr eləyir. Bah, şey tapıb fəxr eləməyə. Sən mənimlə fəxr eləyirsən, mən isə...

Salman əsəbiləşdiyindən özü hiss eləmədən addımlarını xeyli yeyinlətmiş, arvadından aralanmışdı.

Nadirə onun irəlidə qaralan kölgəsini görüb, səsini eşidir, ancaq nə dediyini başa düşmürdü. Salman getdikcə uzaqlaşır, uzaqlaşırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, üçüncü fəsil

Puhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»

12 min
Dördüncü hissə, on dördüncü fəsil

«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.

7 min
Dördüncü hissə, beşinci fəsil

Əfsanənin zahirən günü-güzaranı yaxşı idi, hətta həsəd aparmalı idi. Yemək-içmək, pal-paltar dərdi çəkmirdi. Evin iş-gücünü könüllü surətdə öz boynuna götürmüşdü. Zərrintac xanımın neçə il əvvəlki qulluqçusu Siminbər indi xanım olmuşdu — Əfsanənin xanımı. İnsafən, Siminbər buna heç cür razı deyildi, yetimin ürəyinə pis gələr deyə özünü xanım kimi aparmırdı. Bacardıqca ona bacı gözüylə baxır, arada ayrı-seçkilik eləmirdi. Amma di gəl ki, Əfsanə özü buna imkan vermir, hər işi özü görməyə, Simini əlini ağdan-qaraya vurmağa qoymurdu. Simin Əfsanənin canfəşanlıq dərəcəsinə qədər gələn bu hərəkətinin səbəbini anlamırdı, anlaya bilmirdi. Bu, təkcə Əfsanənin özünə bəlli idi — Elməddin də başa düşməzdi bunu. Əfsanə bütün bunları boş qalmamaq, düşünməmək, bərk yorulmaq, axşamlar yerinə girən kimi daş tək düşüb şirin yuxuya getmək xatirinə eləyirdi. Axşamacan biçarə yanını yerə qoymurdu, paltar yuyur, evləri silir, təmizləyir, sonra həyətə keçir, şum eləyir, gül sulayır, xəzəl süpürürdü, qışda qar təmizləyirdi. Bir sözlə, bir saat bekar qalmaq istəmirdi. İstəyirdi ki, yorulub əldən düşsün, təki beynini çulğalayan, ona rahatlıq verməyən o dəhşətli, üzücü fikirlər qəlbinə yol tapmasın, yuxusunu ərşə çəkməsin, şirin gecələrini zəhərə döndərməsin. Ancaq, heyhat! Ürəyinin, fikirlərinin əlində aciz idi Əfsanə, uşaq kimi, qoca kimi aciz idi. Gündüzlər o cür yorğun olduğuna baxmayaraq, gecələri də diri gözlü açırdı, gözlərini yumsa da fikri, beyni səhərəcən oyaq qalırdı. Odur ki, əsəbləri sim kimi gərilmişdi, toxunsaydın qırılardı, toxunmasaydın min yerindən sel-su töküb min fəğan qoparardı. Özünü tox tuturdu, şax tuturdu, Siminlə, Əfsanə ilə deyib-gülürdü — ancaq bir Allah bilirdi ki, bunlar ona nəyin bahasına başa gəlir! Arıqlamışdı. Qəşəng sifəti nazilib uzanmışdı, gözlərinin lap dərinliyində ilk gənclik illərində — Elməddindən əli üzülüb Yusifə arvad olan vaxtda, Yusif öləndə, Elməddin onu «toxunulmaz» elan eləyəndə həkk olunub qalmış o sehrli kədər bir az da çoxalmışdı, qəlizləşmişdi. Daha o gözlərin, kirpiklərin, qaşların gözəlliyi o kədəri həssas adamın yanında gizləməyə qadir deyildi. Elməddin bunu görə bilməzdi. Çünki Əfsanənin gözlərinin içinə şax, dik baxa bilmirdi, cəsarət eləmirdi. Qorxurdu sanki kimdənsə! Simindən? Yox! Bəlkə Əfsanədən? Yox! O, özündən qorxurdu. Qorxurdu ki, Əfsanənin bəbəklərinin içinə yazılmış o həsrəti görər və dayana bilməz. Görər, hər şeyi — Siminin də, Yusifin xatirəsini də unudar və... Yox, yox bunu istəmirdi Elməddin! Bax, bundan qorxurdu Elməddin.Onun gözlərinə baxan bu kədəri görməyə qadir deyildi. Hətta ən çox baxan Simin də... hər baxanda o, ancaq bunu düşünürdü ki, ölmüşün gözləri mənim gözümdən qəşəngdir. Və bu hiss onun baxışlarını da, qəlbini də dumanlandırırdı, daha o, gözlərin dərinliyinə, içinə nüfuz edə bilmirdi. Bəli, Əfsanənin burada zahirən günü xoş keçsə də, əslində yanar bir vulkan içinə, təlatümlü bir dəniz qucağına düşmüşdü elə bil. Həqiqət, onun çəkdiyi əzablar ağır idi, adam qocaldan idi, ürək parçalayan idi.

12 min
Dördüncü hissə, altıncı fəsil

Mir Əkbər uzun illərin ayrılığından sonra, nəhayət, ürəyi istəyən kimi, azad yaşamağa müvəffəq olduğuna görə hədsiz dərəcədə bəxtiyardı. Jandarm libasını əynindən çıxarmışdı, qəlbi daş, vicdanı kor, qulağı kar adamlardan — jandarm və polis amirlərindən, nəfərlərindən uzaqlaşmışdı, öz məslək və mübarizə dostlarına qovuşmuşdu, hər gün onların yanında idi, dərdləri-sərləri bir idi, istədiyi, sevdiyi, həsrətini çəkdiyi işi görürdü — bu onun üçün nəyə desən dəyərdi. Əslində, sən demə, heç bir xidmət, fədakarlıq itmirmiş, unudulmurmuş. Onun kiçik, gərəksiz hesab elədiyi xidmətləri də sən demə, hezbin, burdakı yoldaşların nəzərindən qaçmırmış; yaşadığı günlər, gördüyü işlər, sən demə, elə onun həyatı imiş, tərcümeyi-halı imiş. Bunu Mir Əkbər o vaxt iclasda Bəbirin təqdim etdiyi, az sonra, özünün redaktorluğu ilə nəşr olunan «Pərçəm»in birinci və dördüncü səhifələrində çıxmış məqaləni oxuyanda bir daha başa düşmüş və sevincdən gözü yaşarmışdı. Həmin nömrədə, baş məqalə kimi, Bəbirin yoldaşlara oxuduğu kəsərli məqalə dərc edilmişdi, onun altında isə Mir Əkbərin şəkli və tərcümeyi-halı çıxmışdı. Burada onun bütün həyatı, ailəsinin başına gələn müsibət, həbsxana illəri, polis və jandarm idarəsindəki məcburi xidməti, inqilabi fəaliyyəti, sürgün olunması və s. qeyd edildikdən sonra deyilirdi:«Mir Əkbər Xeybərin əfqan xalqının demokratik hərəkatının meydana gəlməsi və təkamülündə çox böyük və təsirli xidmətləri vardır. Buna görə də, o, istefaya çıxandan indiyə qədər əziz, igid, sadiq, təvəzökar, alim və vətənpərvər bir yoldaş kimi əfqan xalqı ilə, əfqan xalqının demokratik hərəkatı ilə sıxı əlaqədə fəaliyyət göstərir və bu hərəkatın rəhbərlərindən biri kimi kargər sinfinin idoelogiyasını, onun elmi dünyagörüşünü müdafiə edir və Bəbir Karməndin döyüş dostu kimi qorxmadan çalışır.

5 min

Poems by other poets