Dördüncü hissə, on dördüncü fəsil
«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:
– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.
Elməddin başını aşağı salıb:
– Elədir, rəfiq Bəbir. Bir də elə səhvlərə yol vermərəm, — söyləmişdi.
Şəfi eynən taxmışdı. Şikəst gözünün üstünə kiçik tənzif yapışdırmışdı. Haçandı bu otağa gəlməmişdi. Haçandı hamı ilə birlikdə danışmamışdı, qəribsəmişdi bir növ. O, sol qolundakı saata nəzər salıb Bəbirə baxaraq:
– Başlayaqmı? — dedikdə Bəbir əlində tutduğu yazılı vərəqlərdən gözlərini çəkərək başını tərpətməklə «hə!» — cavabını verdi. Şəfi boğazını arıdıb:
– Əziz yoldaşlar, bugünkü cələsəmizdə ruznaməmiz üçün rəfiq Bəbir Karməndin yazdığı baş məqalə oxunacaq. Anahita xanım, xahiş edirəm, siz qeyd edin...
– Baş üstə! — Anahita xanım mizin arxasında yerini rahatladı və nə isə yazmağa başladı. Bəbir başladı!
– Məqalənin adı belədir: «Milli qüvvələrə əsaslanmaq qələbənin əsas amilidir!»
«Keçmişdə elə şəxslər vardı ki, siyasi fəaliyyətdə milli qüvvələrə arxalanmır və deyirdilər, milli dirçəlişə arxalanmaq olmaz. Məmləkətin daxilində, öz qüvvələrimizə arxalanaraq istibdadı sərnigun etmək olmaz. Buna görə də xarici qüvvələrə arxalanmaq və inqilabi məmləkətə xaricdən varid etmək lazımdır!»
Məqalə uzun idi, ancaq Bəbir elə oxuyurdu ki, bu uzunluq hiss olunmurdu, həm də o, məntiqlə, yerli şəraitə uyğun olaraq hökmlərini elə əsaslandırırdı ki, hər kəs yaranmış mövcud ictimai vəziyyətdə yeganə və əsas qüvvənin məhz milli qüvvələr olduğuna inanırdı.
– Bəbir deyirdi:
—«...Milli azadlıq mübarizəsinin tarixi bu həqiqəti sübut edir ki, ən düzgün və təsirli siyasət, milli qüvvələrə — daxili qüvvələrə istinad etməkdir. Ancaq məmləkətin öz xalqı yerli şəraitdən istifadə edərək əsarət zəncirlərini qıra bilər, qul olmaq boyunduruğunu kənara ata bilər. Bu da diqqətəlayiqdir ki, biz belə deyərkən heç də mübarizəmizi dünya xalqlarının və dünya mütərəqqi qüvvələrinin mübarizəsindən təcrid etmirik, ayrı təsəvvür etmirik. Çünki beynəlxalq imperializmlə — bu qüdrətli, sitəm görmüş bütün xalqların qəti düşməni olan imperializmlə mübarizə təklikdə aparıla bilməz. Əfqan xalqı imperializm əleyhinə mübarizədə tək deyildir: bütün sülhsevər və mütərəqqi millətlər, dünyanın bütün mütərəqqi qüvvələri — sosialist ölkələrindən tutmuş kapital ölkələrinin fəhlə sinfi, Asiya, Afrika və Latın Amerikası xalqlarına qədər — imperializmə qarşı mübarizə aparan bu qüvvələrin hamısı Əfqan xalqının dostudur və onlarla beynəlxalq əlaqələri, həmkarlığı hər vasitə ilə genişləndirmək bizim milli mənafeimizə tamamilə uyğundur.»
Sonra Bəbir istibdad əleyhinə mübarizədə milli qüvvələrə arxalanmağın əsas yollarını, prinsiplərini şərh edirdi, mübarizə illərində və hətta qələbə əldə edildikdən sonra da qarşıda böyük çətinliklər durduğunu söyləyirdi:
«...Yaddan çıxarmaq lazım deyildir ki, Əfqanıstanda milli azadlıq hərəkatının tam qələbəsinə nail olmayınca məmləkətin orta əsr geriliyindən xilas olmaq mümkün deyildir. Bu mühüm cəhəti də unutmaq olmaz ki, qələbəyə təkcə inam bəsləmək və milli qüvvələrə istinad prinsipini qəbul etmək kifayət deyildir. Bizim milli inqilabımızın yolunda çox böyük maneələr və çətinliklər vardır ki, gərək indidən onların hamısını nəzərə alaq, onlara qarşı qorxusuz-hürküsüz, qəhrəmancasına mübarizə aparmağa hazır olaq. Daxili və xarici mürtəcelərlə mübarizəni asan iş hesab etmək olmaz. Mürtəcelər heç vaxt öz xoşuna təslim olmurlar, yalnız birliklə, əl-ələ verməklə, bütün xalqı səfərbər etməklə qələbə çalmaq mümkündür.»
Bəbirin məqaləsi bu cümlələrlə bitirdi:
«...Biz mübarizə yolunda çətinliklərlə qarşılaşarkən, ən ağır günlərimizdə belə gərək qələbəyə inamımızı itirməyək, öz gücümüzün zəifliyindən məyus olmayaq, xalqa, onun qüdrətinə inanmaqdan əl çəkməyək, gec-tez bu iftixarla dolu mübarizəmizin xoşbəxt günlərlə nəticələnəcəyini unutmayaq, çünki tarixin yaradıcı qüvvəsinə arxalanmaq, Əfqan xalqının milli qüdrətinə əsaslanmaq, mübarizədə ardıcıllıq, dönməzlik və nəhayət, bu əziz vətənə bəslədiyimiz sönməz məhəbbət bizi qələbəyə çatdıracaqdır. Əfqanıstanın geniş xalq kütlələri ayağa qalxanda, qəflət yuxusundan ayılanda, mütəşəkkil olanda, birləşəndə və bizim onlarla «peyvəndimiz» baş tutanda
– ancaq bu zaman biz «müşkülat dağlarını» aradan qaldıra biləcəyik.»
Bəbir axırıncı vərəqi əvvəl oxuduğu vərəqlərin üstünə qoyaraq «vəssalam!» deyib gülümsündü. Oturdu.
Şəfi qalxdı:
– Kimin sualı, qeydi, təklifi var? Yerdən hamı bir nəfər kimi!
– Yaxşıdı, — dedi.
– Elə isə... məqalə bəyənilsin, «Pərçəm»in gələn nömrəsində çap olunsun. Anahita xanım, zəhmət olmasa, — o, Bəbirin qabağından əlyazmasını götürüb Anahitaya verdi, — zəhmət olmasa, üç nüsxədə təyp edin, bir nüsxəsi bizdə qalsın, ikisini müəllifə verərik — iki nüsxə bəsdi? — deyə Bəbirə müraciət etdikdə üzünün tərini dəsmalla silən Bəbir:
– Hə, bəsdi — söylədi.
– Onda elə isə, ikinci məsələyə keçirik. Bu məsələ mənim özümlə əlaqədar olduğu üçün sözü verirəm rəfiq Bəbir Karməndə,
Bəbir dəsmalını cibinə qoyub durdu:
– Siz yaxşı bilirsiniz ki, bizim ustadımız, məmləkətimizin böyük şairi Məhəmməd Şəfi yoldaş, neçə müddətdir ki, sevimli «Pərçəm»imizin müdiri-məsuldur. O, demək lazımdır ki, öz işinin öhdəsindən vicdanla, əsl qeyrətli vətəndaşa laybq bir şəhamətlə gəlmiş bu çətin, hələ də qorxu, məhrumiyyətlərlə dolu vəzifəni heç nəyini əsirgəmədən, hətta həyatını belə təhlükə altında qoyaraq ləyaqətlə yerinə yetirmişdir. Biz — hezbin Mərkəzi Komitəsi onun bu əvəzsiz xidmətlərini yüksək qiymətləndiririk və minnətdarlığımızı bildiririk. Sağ olun, Şəfi can. Nur Məhəmməd yoldaş mənə icazə vermişdir ki, sizə onun da təşəkkürünü yetirəm.
Oturanlar əl çaldılar. Şəfi eynəyin altından tək gözü ilə oturanlara baxıb razılıqla gülümsünürdü. Bəbir davam etdi:
– Deməliyəm ki, son vaxtlar baş verən bəzi gözlənilməz hadisələr — ustada irtica tərəfindən qəsd edilməsi və bizim tapşırığımızla onun necə deyərlər «guşənişin» olması — onun normal yaşayıbişləməsi üçün xeyli çətinliklər törətmişdir. Biz, yoldaşlarla belə məsləhətləşdik ki, şairə, kömək məqsədilə onu «Pərçəm»in müdiriməsulu vəzifəsindən azad edək. Şəfi ilə bu barədə söhbətimiz olub, o özü də bu fikrə razıdır. — Sonra o, yenə dönüb üzünü böyründəki şairə tutdu: — Biz səni müdiri-məsul vəzifəsindən azad edirik, amma... hezbin əskərliyi vəzifəsindən yox, ha!.. Sən bizim hezbin ləyaqətli mərd əskərisən və ümid edirəm ki, biz səni həmişə öz sıralarımızda görəcəyik.
– Çox sağ olun, yoldaş Bəbir. Məni, çox xahiş edirəm, ev dustaqlığından da azad edin. Çünki belə yaşamaq olmaz, mən dözə bilmirəm daha.
– Yaxşı, Şəfi. Ancaq qoy bir az da keçsin.
– Nə qədər axı?
– Məsələn, bir ay... qoy keçsin... Sənin həyatın bizim üçün çox qiymətlidir, ustad. Biz səni qorumağa, yaşatmağa borcluyuq.
– Təşəkkür edirəm, Bəbir!
Bəbir yaxın gəldi, onun əlini sıxdıqda şair ayağa durdu. Bü zaman Bəbir bir qardaş məhəbbətilə onun alnından öpdü. Şəfi həyacanlandı, təəssüfləndi. Qəribə bir kədərlə yoldaşlarına baxdı. Onların da üzündə nə isə... anlaşılmaz bir təəssüf oxudu şair. Ancaq belə kiçik hisslərlə yaşayan deyildi deyə tez toxtadı və heç nə olmamış kimi Bəbirin üzünə baxdı. Bəbir dedi:
– Bu yaxınlarda bizim ən fədakar yoldaşımız, bizim hərəkatın ən böyük möhnətkeşi Mir Əkbər Xeybər yoldaş, bildiyimiz kimi, qeyri-rəsmi sürgündən qayıdıb gəlmişdir. Onun gəlişi bizim hamımız üçün — onun dostları üçün böyük bayramdı, məncə. Həyatını, keçdiyi şərəfli, mübarizə və məhrumiyyətlərlə dolu ömür yolunu siz yaxşı bilirsiz. Biz belə məsləhət görürük ki, ustad Şəfinin yerinə dostumuz Mir Əkbəri təyin edək. Mən ümid edirəm ki, o bu vəzifənin öhdəsindən layiqincə gələr. Çünki nəzəri cəhətdən çox savadlıdır, həm də gözəl qələmi var Mir Əkbərin. Etirazınız yoxdur ki, yoldaşlar!
– Yox, — dedilər.
– Onda, izn verin Mir Əkbər Xeybər yoldaşı «Pərçəm»in yenn müdiri-məsulu seçilməsi münasibətilə təbrik edək və ona öz çətin, mürəkkəb, lakin şərəfli işində müvəfəqiyyətlər arzu edək.
Oturanlar yenə əl çaldılar. Şəfi də əl çaldı. Bəbir irəli çıxıb Mir Əkbərə sarı gedəndə o tez ayağa qalxıb irəli gəldi və Bəbir onun əlini sıxdı, eynən Şəfi kimi, onun da alnından öpdü:,
– Təzə nömrə sənin imzanla çıxacaq. Hezbin Mərkəzi Komitəsinin sənin tərcümeyi-halın və fəaliyyətin barədə hazırladığı bu mətni də həmin nömrədə verərsən, — dedi Bəbir, ona üç səhifəlik bir mətn uzatdı. Mir Əkbər vərəqləri alıb:
– Etimad üçün sağ olun, mən çalışacağam ki, bu etibarınızı doğruldum.
– Biz buna inanırıq, Mir Əkbər!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-on-dorduncu
Use ← → keys to move, R for a random poem
More by this author
«15 avqust 196...-cı il»Kənardan baxanların hamısı məni xoşbəxt sayır. Buna haqları da var. Mənim indi zahirən bir xoşbəxt qadın üçün lazım olan hər şeyim var. Evim, eşiyim, uşağım... Pul dərdi çəkmirəm, yemək, paltar dərdi çəkmirəm. Ancaq mən xoşbəxtəmmi? Son vaxtlara qədər bu suala: «hə, mən xoşbəxtəm!» — deyə ürəkdən cavab verərdim. Bu xoşbəxtlik mənim gülüşümdə də, rəftarımda da hiss olunurdu. Buna mənim özümdən daha çox bacım Sədəf sevinirdi. Axı, o mənim tək bacım yox, həm də anam olub. Mənim üstümdə çox əzab-əziyyət çəkib. Anamızın vəfatından sonra mən olmasaydım, kim bilir, bəlkə Sədəf də oxuyub bir yana çıxmışdı. Ancaq o, təhsilini də, xoşbəxtliyini də mənə qurban verdi. Ovcumun içi kimi bilirəm ki, Sədəf mənim xoşbəxtliyimə ana təki fərəhlənir. Əgər anam sağ olsaydı, yəqin, o da eynən Sədəf bacım kimi sevinərdi.
İkinci hissə, dördüncü fəsilŞirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.
İkinci hissə, beşinci fəsilSəhər tezdən. Ağstafa — Bakı qatarı vağzalda nəfəsini dərib dayandı, səkidə yol gözləyənlər, adam qarşılamağa gələnlər ora-bura qaçmağa, pəncərədən çıxan başlar, yellənən əllər çəkilməyə, sərnişinlər vaqonlardan tökülməyə başladılar.Onuncu vaqonda uzunboylu, beli azca donqarlaşmış, gümüşü bağlı bir kişi əlində iki çamadan səkiyə endi. Yaşı çox olsa da, gümrahdı, sağlamdı. Ağır, dolu çamadanları elə götürmüşdü ki, sanki uşaq oyuncağı idi. Əynində haçansa göy olan, indi isə bozarmış şalvar-pencək başında uzun günlüklü kepka vardı.
İkinci hissə, altıncı fəsilGülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.
Poems by other poets
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Rübaiمیان زلف کج ماوا گزین استرخت گویا قمر عقرب نشین است