İkinci hissə, dördüncü fəsil
Şirin arvad stolun üstündə şüyüd doğrayırdı. Şüyüdün xoş iyi divanda oturub anasının əllərinə baxan Orxana ləzzət eləyirdi. Orxan qəsəbədə, öz evlərində olanda göy-göyərtisiz süfrə başına gəlməzdi. Bir də görərdin əlinə bir parça çörək götürüb şüyüd, vəzəri ya da keşniş ləkinin qırağında oturar, ürəyi istədiyindən qoparıb şirin-şirin yeyərdi.
Anası kasaya qatıq tökdü, duz atıb qaşıqla qarışdırdı. İki dəqiqə sonra Orxanın ürəyi istədiyi ovduq hazır oldu.
Ana oğlunu səslədi:
– Hə, indi gəl ye.
Orxan qalxıb stola yaxın gəldi, əyləşdi. Şitinə-şoruna baxıb:
– Bəh, bəh!.. — dedi. — canım ovduq, gözüm ovduq. Yayın ən ləziz xörəyi budu da!..
– Fərri şey tapıbsan sən də, —deyə Şirin arvad dilləndi.
– Vallah, yayda səhər də, günorta da, axşam da ovduq verələr, elə ləzzətnən yeyərəm ki!..
– Ürəyini sıyırıb aparar, bala. Qüvvəli şey ye ki, canın-başın salamat olsun.
Orxan iştahla yeyir, hərdənbir anasına da göz qoyur, onun səliqə-səhmanına fikir verirdi. Şirin arvad Orxan üçün yol tədarükü gördü. Ana bayaq ütüləyib çarpayının başına asdığı ağ, kraxmallı iki köynəyi qatlayıb çamadana qoydu. Orxan əl-üz sabununu, dəsmalını, diş fırçasını və üzqırxan maşınını da götürməyi unutmadı.
– Bu işləri mən görməli deyiləm, ay bala, — deyə istidən və əyilib düzəlməkdən üz-gözündən puçur-puçur tər axan Şirin arvad dikəlib əlini belinə vuraraq tövşüdü.
– Düz deyirsən, ana, bu işləri mən özüm görməliyəm. Sən gəlib çıxmasaydın, elə özüm də...
– Yox ey, bala, mən elə demirəm ki, yəni deyirəm, bu işləri gəlinim görməlidi.
Orxan anasının sarı simə vurduğunu bayaqdan başa düşmüşdü, ancaq özünü o yerə qoymaq istəmirdi. Anası açıqca «gəlinim» deyəndə Orxan gülümsündü:
– Məndən çox sən darıxırsan, ay ana. Evlənəcəm də, qocalmamışam, qarımamışam.
– Bəs haçan, ay oğul? Sənin tayların oğul-uşaq sahibidi, sən hələ subay-salıq gəzirsən.
– Eh, ay ana!.. — deyə Orxan köksünü ötürdü və ürəyində: «Sənin oğlunun gözləri çoxdan tutulub, sənin gəlinin ola biləsi adam indi özgənin çırağını yandırır», — dedi. Gülmirə yenə yadına düşdü. Ürəyi qəribə bir sıxıntı ilə çırpındı. Ovduğu axıra qədər yeməyib qaşığı kasaya söykədi. Bu Tiflis məsələsi hayandan çıxdı? Orxan şəhərdən heç ayrılmaq istəmirdi. Gülmirəni düz bir ay görməyəcəkdi. Düz bir ay. Gör neçə gün eləyir?! Buna Orxan dözə biləcəkdimi? Anası yenə gül gətirmişdi. Orxan bu axşam yola düşməsəydi, səhər həmin gülləri idarəyə aparacaqdı, Gülmirəyə verəcəkdi. Nadirənin də stolunun üstünə bir gül qoyacaqdı. Amma təəssüf, min təəssüf!
Orxan ayağa durub o biri otağa keçdi. Gülmirənin telefon nömrəsini yığdı. Nədənsə ona elə gəldi ki, ürəyi atlanıb sinəsindən çıxacaq. Yaxşı ki, Gülmirə telefona cavab vermədi, yoxsa o, qızla heç danışa bilməyəcəkdi.
Gün əyilənəcən Şirin arvad oğlunun evində hərləndi, yır-yığış elədi. Balkona kölgə düşən vaxt gəlib oğlunun qabağında dayandı:
– Yaxşı, bayaq ötəri dedin, yaxşı yadımda qalmadı, sən Tiflisə gedirsən, hə?
Orxan güldü. Bildi ki, anası yadında lap yaxşı saxlayıb. İndi də evdəkilərə Orxanın hara, nə üçün getdiyini yerli-yataqlı xəbər verməkdən ötrü bunu təkrar soruşur.
– Elədir ki, var, ay ana.
– Yaxşı, deyirsən orda nəmənə tapılıb?
– Xəzinə, ay ana, xəzinə!..
– Hə, hə, bildim. Sizin xəzinəniz kağız-kuğuz olar, başqa bir şey olmaz.
– Dünyada bu kağız-kuğuzdan böyük xəzinə yoxdur, ana. Ona sən inan.
– Nə deyirəm, ay bala, — Şirin arvad çiyinlərini çəkib seyrək qaşlarını dartdı. — Bizim vaxtımızda xəzinə mal-dövlət idi, sizin də vaxtınızda kağız-kuğuz.
– Hə, zamanə belədir, ana.
Şirin arvad oğlunu bağrına basıb öpdü:
– Yaxşı yol, bala. Özündən muğayat ol. Yeməyinə, içməyinə fikir ver. hirslənib eləmə, dərdin ürəyimə. Dünyanın işi dünyada qalandı.
Orxan başını yüngülcə tərpətməklə anasının dediklərinə cavab verirdi. Şirin arvad, nəhayət, zənbilini götürüb çıxdı.
– Atama, bacılarıma salam de, ana.
– Baş üstə.
Pilləkənlərin başında Orxan anasını səslədi:
– Ay ana, heç demədin Tiflisdən sənin üçün nə alım gətirim?
– Heç nə, ay bala. Sağ get, salamat qayıt, elə bu mənim üçün hər şeyə dəyər, oğul. Sağ ol, yaxşı sədanı eşidim, mənim bəsimdi, — deyə-deyə ana pillələri endi.
Qapı örtüldü.
Ana getdi, elə bil, ev tamam boşaldı. Təklik dəhşətli şeymiş. Orxan bunu indiki kimi dərindən dərk etməmişdi. Kimdənsə, nə zamansa eşitdiyi bir cümlə yadına düşdü: «Adam kimi yaşayıb it kimi ölmək istəyirsənsə subay gəz». Subaylıq, doğrudan da, heç adam kimi yaşamaq deyilmiş. Subaylığın özünə görə böyük dərdi-səri varmış. Ən böyüyü isə yalqızlıqdır. Birdən Orxana elə gəldi ki, əgər Gülmirə ilə, heç olmasa, telefonla danışmasa özünü ağlamaqdan çətin saxlaya biləcək.
Gülmirə evdə idi, yatmışdı, telefonun cingiltili səsini eşitmirdi. O, bazardan gəlib çörəyini yemiş, elə geyincəkli halda çarpayıya uzanmışdı. Əllərini sinəsində çarpazlaşdırmışdı, uzun kirpikləri elə bil, gözünün altına yapışmışdı. Nazik dodaqları azca aralanmışdı. Sağ qıçı çarpayıdan aşağı sallanırdı.
O, yuxu görürdü: günəşli gündür. Gülmirə laləli bir çəməndə gəzir. Bu zaman aşağıdan, lap onun başı üstündən bir təyyarə uçur. Bu, Əqdəmin təyyarəsidir. Onun nəhəng kölgəsi Gülmirənin üzünə düşür. Qəribədir, təyyarə, güllə sürəti ilə uçan təyyarə indi o qədər yavaş uçur ki, Gülmirə onunla ayaqlaşır:
—Əqdəm, ay Əqdəm.
—…
– En aşağı, Əqdəm. Sənin üçün lalə dərmişəm, gəl, səni gözləyirəm, gəl!
—…
– Gəlirsən?
—…
Kölgə onun başı üzərində hey uçur, uçur, ancaq Əqdəm onun çağırışlarına, əlində yellətdiyi lalə dəstəsinə fikir vermir...
Kölgə sürətini birdən artırdı, yüksəldi. Az sonra təyyarənin nə kölgəsi göründü, nə səsi eşidildi.
Gülmirə yaşıl çəmənliyin ortasında heykəl kimi donub qaldı, əlindəki lalələr yerə səpələndi, qızın gözləri yaşardı.
Əqdəmin təyyarəsinin səsi beynində uğuldadığına görə Gülmirə telefonun cingiltili fəryadını eşitmirmiş. Elə ki təyyarə uzaqlaşıb gözdən itdi, Gülmirə telefonun səsinə yerindən dik atıldı. Ayaqyalın halda, bir əli yaxasında telfona sarı qaçdı:
– Alo!.. Kimdi?
– Mənəm, Gülmirə!..
– Orxan?
– Hə, özüdü ki var. — Gülmirənin onu səsindən tanıması bayaqdan bəri çəkdiyi əzabları unutdurdu, ürəyində xoş, ilıq bir duyğu gəzib dolaşdı. — Bayaqdan zəng eləyirəm, niyə cavab vermirsən?
– Yatmışdım.
– Gülü!
—…
– Gülmirə!
– Eşidirəm.
– Mən Tiflisə gedirəm.
– Tiflisə?.. Haçan?
– Hə, elə bu gün. Mirzə Cəlil haqqında təzə materiallar tapılıb, gedirəm onlara baxım.
– Hə?.. Onda sənə ancaq yaxşı yol arzulaya bilərəm Orxan.
– Sağ ol. Dedim, bəlkə sözündən-sovundan oldu.
– Yoxdu, sağ ol, Orxan. Nə qədər qalacaqsan?
– Bir ay. Heç bilmirəm bu bir ayı necə dözəcəm orda?
– Dözərsən, bir ay nədi ki, papağını fırlat, bir də görəcəksən gəlib gedib.
– Doğrudanmı, Gülü, bir ay sənə belə az görünür?
—…
– Dinmirsən?.. Eh, taleyin ömürlük ayrılığa məhkum etdiyi adam üçün bir ay nədi ki! Düz deyirsən, bir ay nədi ki!
Qəribə oldu: hər ikisi eyni vaxtda ah çəkdi, eyni vaxtda da dəstəyi yerinə qoydu.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Bəhruz başını qaldıranda özünü kitabxananın qabağında gördü. Xatirə burada işləyirdi. Bu kitabxana Bəhruz üçün nə qədər də əziz və unudulmazdı. Burada onun gənclik xatiratı yaşayırdı. hər dəfə bura gələndə o, Xatirənin eşqinə düşdüyü ilk günlərdə olduğu kimi, həyəcanlanır, o vaxt keçirdiyi halları yada salıb xoşbəxtliklə gülümsünürdü. Bəhruzu Xatirə ilə bir yerdə işləyən qızlar da yaxşı tanıyırdı; o bura gələndə qızlar başına yığışır, deyib-gülür: «Ey, bizim Xatirəii az incit ha, evdə. Yoxsa səni kitabxanamızın üzvlüyündən çıxardarıq», – deyə zarafat edirdilər.Ancaq bu gün Bəhruz həmişəki kimi şən və üzügülər deyildi. Qayğılı, fikirli olduğu o dəqiqə nəzərə çarpırdı. Oxu zalının qabağında qarşısına çıxan Xatirə onu belə pərişanhal görüb tez soruşdu:
XIV fəsilBəhruz dəhlizdə həkim Sultanzadə ilə qarşılaşdı. Balaxanım da yanında idi.– Salam, salam, Bəhruz, necəsən?! – deyə baş həkim gümrahlıqla Bəhruza əl verdi.
Birinci hissə, birinci fəsilQara «Volqa»nın yanında dayanmışdı, sol əlini böyründəki uzun gövdəli ağaca söykəmişdi, sağ əlinin dırnaqları saralmış barmaqları arasındakı siqareti tez-tez sümürür, nigarançılıq içində çırpına-çırpına küçənin gah aşağı, gah yuxarı tərəfinə boylanırdı: kimisə gözlədiyi o dəqiqə nəzərə çarpırdı. Ağ, kraxmallı köynəyinin yaxasının üst düymələrini açmış, ortasına qızıl sancaq taxılmış qara qalstukunun yaraşıqlı düyününü boşaltmışdı. Bir yerdə dayanmışdı, qaçmırdı, qovan yox idi, amma buna baxmayaraq tövşüyürdü, ürəyi sinəsində tora düşmüş balıq kimi çabalayırdı. Qarışıq, dumanlı, çalpaşıq fikirlərdən, neçə aydan bəri bütün varlığın qurb kimi gəmirib didən və cavabsız qaldığından dəli olmaq dərəcəsinə gətirən suallar azmış kimi, dünən səhər, saat doqquza qalmış, işə gedərkən kənarda, uzaqda yox, elə maşının içində tamamilə təsadüfən gördüyü və hələ də düz-ağıllı dərk eləyə bilmədiyi qəribə bir müəmmadan şişib keyləşmiş başı elə bil ağır, pudluq daşa dönüb çiyinlərindən aşağı basır, şax qədd-qamətini əyir, öz gözünün qabağında onu açıq-aşkar balacalaşdırırdı.Suallar, suallar… Ən dəhşətlisi bu idi ki, cavabsız suallardı bunlar və onu yandıran da o idi ki, özünü dünyanın ağıllıbic, çoxbilmiş adamlarından sayan o, bunların heç birinə yerli-yataqlı, ürəyini soyudub sərnidən bir cavab tapa bilmirdi ki, bilmirdi. «Məni niyə ordan ⎯ yuxarıdan ⎯ Mərkəzi Komitədən çıxartdılar? Səbəbkarı kim idi? BİRİNCİ ⎯ təzə gələn? O, məni şəxsən tanımırdı, münaqişəmiz olmamışdı. Ola bilməzdi ki, elə durduğu yerdə, gecə yatıb yuxusunu görsün və səhər məni səbəbsiz-filansız ordan uzaqlaşdırmaq fikrinə düşsün. Yox, burada şeytan barmağı var idi: amma kimin idi o barmaq, kimin? ⎯ Bir cavabsız sual idi bu. «Bu cəhənnəm. Yüksək vəzifədən çıxarılan nə birinci adamam bu dünyada, nə də axırıncı.
Birinci hissə, ikinci fəsilAslanla Leyla arxa tərəfdə, yanaşı oturmuşdular. İkisi də gərginlik içindəydi, ancaq heç biri dinib danışmırdı. Əslində isə hər ikisi, daha doğrusu, hər üçü ürəyində danışırdı. Aslan bağa getmək fikrinin baş tutmasına, Leylanın buna razılıq verməsinə sevinsə də, hadisələrin necə cərəyan edəcəyindən, söhbətdə nələr eşidəcəyindən yaman bərk nigarançılıq keçirirdi. Hiss eləyirdi ki, irəlidə onu dəhşətli, sarsıdıcı şeylər gözləyir, bunları bilmək, bəlkə də ürəyinin partlaması ilə nəticələnəcəkdi, lakin bütün bunlara baxmayaraq, o, dizləri əsə-əsə bu mənasız ölümə doğru könüllü surətdə özü gedirdi, çünki daha dözümü qalmamışdı; «Nə olacaq qoy olsun, birdəfəlik bu daxili əzablardan canım qurtarsın». Özü haqqında fikirləşirdi, böyründə əyləşmiş Leyla xanım barədə heç nə düşünməməyə çalışırdı, çünki artıq qorxurdu. Qadın gözünün odunu yaman almışdı ipə-sapa yatmayan, təbiəti etibarilə hökmlü adam olan Aslan, necə deyərlər, özü də fərqinə varmadan, quzuya dönmüşdü və artıq əmin idi ki, Leyla xanım insafsızlıq eləyib desə ki, təpəsi üstə dayan, heç bir etiraz eləmədən, «Axı niyə? Axı sən kimsən ki, mənə belə əmrlər verirsən?» ⎯ söyləmədən dayanacaqdı. Həm gülməliydi, həm ağlamalıydı onun halı, lakin təəssüf ki, nə gülə bilirdi, nə ağlaya bilirdi.Leyla xanım sürücünün arxasındaydı, onun boynunun ardına baxırdı, Aslan barədə düşünmürdü, çünki fikrini qarşısındakı beli azca donqar, saçları artıq çallaşmış, enli kürəkli, ba-yaqdan bəri dinib-danışmayan, ancaq yola baxan sürücü cəlb eləmişdi. Kişi tez-tez ah çəkirdi və sərnişinlərin də eşidə biləcəyi səslə: «Allah, sən özün kömək ol, ümid bir sənə qalıb» ⎯ deyirdi. Ürəyindən keçirdiklərini isə Leyla aydın eşidirdi: «İlahi, sən özün mənim aman-zaman qız balamı o odun-alovun içində hifz elə. Nə anasının sözünə baxdı, nə mənim. Elə bil Vətən tək bunundu, elə bil Qarabağda dünyaya gəlib. Yazıq heç Qarabağın üzün də görməmişdi. Dünyanın düz vaxtı elə hey dedim ki, yığım arvad-uşağı, aparım oralara, İsa bulağının üstünə, gəzsinlər, görsünlər, qismət olmadı. Zalım uşağı oturublar burda, stol üstündə, vəzifə üstündə bir-birinin ətini ye-yirlər, orada isə torpaq əldən gedir, lay divar kürəkli cavanlarımız qırılır. Hamısı da kasıb-kusub balasıdır. Bir dənə dövlətlinin, vəzifəlinin oğlu, qardaşı yoxdu orda. Allah eləməmiş, o qızın başına bir iş gəlsə, anası dəli olacaq. Elə indi öz-özünə danışır, televizorun, radionun qabağından çəkilə bilmir. Ay atam-qardaşım, bizim bu böyüklərimiz niyə belə qeyrətsiz oldu görəsən? Bunlar gecələr evlərində necə rahat yata bilirlər, ilahi? Boğazlarından çörək necə keçir? Yox, o uşağıma bir şey olsa, baxmayacağam ağına-bozuna, işimi-gücümü atacağam, güdəcəyəm, o şərəfsizin başına harada əlimə keçsə, bir güllə çaxacağam. Yoxsa mənim ürəyim soyumaz.» Kişi cismən burdaydı, maşının içindəydi. Ancaq Leyla hiss eləyirdi ki, o, fikrən ordadı, cəbhədədi ⎯ qızının yanındadı. Kim də başa düşməsə, Leyla onu yaxşı başa düşürdü, çünki özü də o dərdliydi, çünki onun da, ailəsinin özündən sonra sağ qalmış yeganə nümayəndəsi ⎯ yeganə qardaşı Mərdan da cəbhədəydi: Leyla nə qədər eləmişdi, bu sürücünün qızı kimi, onu fikrindən döndərə bilməmişdi. «Yox, bacı, ⎯ demişdi Mərdan, ⎯ mən qala bilmərəm, mən atamın, qardaşımın, öldürülənlərimizin, buzda-şax-tada donanlarımızın, evimizin-eşiyimizin intiqamını almasam, yer üzündə yaşaya bilmərəm, bacı. Sən nahaq ağlayırsan, nahaq yalvarırsan, bacı, məni sən yox ha, Allah özü də gəlsə saxlaya bilməz. Mən getməliyəm». Və doxsanıncı ilin fevralında, imperiyanın qırmızı ordusunun rəhmsizcəsinə biçib məhv elədiyi şəhidlərin qırxı çıxan günün səhəri, tək-tənha «Şəhidlər xiyabanına» gedərək qərənfil yorğanı altında uyumuş qurbanlarımızın məzarları arasında gəzinə-gəzinə səssiz-səmirsiz and içmiş, oradan da çıxıb getmişdi. Elə o zaman Leyla qardaşının gələcək bədbəxt taleyindən xəbərdar idi, lakin açıb ona deyə bilmirdi, buna görə də həmişə dərd çəkirdi. Mərdan hələ sağ idi, vuruşurdu və hələ vaxtına çox vardı ⎯ dəhşətli sona hələ çox qalırdı.
Poems by other poets
Ey ağalar necə olurHalı yardan ayrılanın
Cəfərqulu xanın Nəvvab Möhsün Mirzə Məmmədqulu Çakər vasitəsilə cavabıEy seyvid və növcavan sərvər,Bu dünyada sənin cəddin məşhurdur.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani