Bəhruz dəhlizdə həkim Sultanzadə ilə qarşılaşdı. Balaxanım da yanında idi.

– Salam, salam, Bəhruz, necəsən?! – deyə baş həkim gümrahlıqla Bəhruza əl verdi.

– Yaxşıyam, doktor.

– Xəstənə dəyməyə gəlmişdin?

– Bəli, doktor, dedim görüm halı necədir?

– Yaxşıdır. Bu gün özünə gəlib. Getdikcə yönü bəri olacaq.

– Təki, elə olsun, doktor.

– Qədiri bir qara «Volqa» vurub. Bayaq özü söylədi. – Doktor nədənsə Balaxanıma baxdı.

– Qara «Volqa»? – Balaxanım eşitdiklərinə inanmırmış kimi təəccüblə gözlərini əvvəl doktora, sonra Bəhruza zillədi. Elə bil onu birinci dəfə idi ki, görürdü. Ancaq Bəhruza çox baxa bilmədi, utandığından üzünü yana çevirdi və dodaqaltı nəsə mızıldayıb başını aşağı saldı.

Bəhruz gülümsündü:

– Hə, mən də indicə eşitdim, – deyə ağır-ağır cavab verdi. – Arvadı danışdı. Daha mən gedib maşınımı, pravamı ala bilərəm.

– Maşınını, pravanı alıblar məgər? – deyə həkim heyrətlə soruşdu.

– Bəli, bu gün səhər aldılar.

Həkim əsəbi bir hərəkətlə barmaqlarını şaqqıldatdı.

– Kim aldı?

– Polkovnik Əlixanlı.

– Əlixanlı?

– Bəli, doktor. Siz onu tanıyırsınız?

– Mənim ən yaxın dostumdur. Ay sənin saqqalın ağarsın, Əlixanlı. Gedək, gedək, mən ona bu dəqiqə zəng eləyim, sənin maşınını versin.

– Yox, yox, lazım deyil, doktor... İndi ora gedirəm, özü verəcək. Bir də... xoşum gəlmir ki, mənim işim üçün...

– Başqası ağız açsın, hə? – deyə doktor, onun sözünü tamamladı.

– Düzü belədi, doktor...

– Sən çox qəribə oğlansan... Bəhruz gülümsədi.

– Doktor, icazə verin mən gedim... Tələsirəm. Fəhlələr, iş...

– Di sağ ol, – deyə həkim Sultanzadə ona səmimi əl verdi.

– Ancaq bizi yaddan çıxartma. Hərdən, vaxtın olanda söhbətə gəl. Mənim evim də buradadır, eşiyim də... yaxşı?

– Yaxşı, doktor.

– ...

O getdi. Həkim əvvəlcə onun arxasınca, sonra Balaxanıma baxıb mənalı-mənalı başını tərpətdi.

– Maşınını alıb Əlixanlı. Demək ona, onun sözünə inanmayıb...

– Görürsən Balaxanım, hissiz, duyğusuz, buz kimi soyuq, hər şeyə laqeyd və biganə adamlar bax, belə əmələ gəlir... Bax, belə!!!

1963, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci fəsil

«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.

15 min
İkinci fəsil

Paşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.

30 min
Üçüncü fəsil

Həyəcanlıydı. Başa düşə bilmirdi ki, gördükləri, eşitdikləri yuxuda olmuşdu və ya… həqiqətən, bax, gözünün qabağındakı o yumşaq stulda cavan, yaraşıqlı, səliqəli geyinib-keçinmiş o adam əyləşib bayaqdan onu danışdırıb dağa-arana, keçmişə ⎯ ömrün ötən çağlarına aparıb təzədən bu günlərinə qaytarmış, köhnə, unudulmuş xatirələrini oyadıb bir möcüzəkar kimi yox olub getmişdi? Yuxuydumu bu? Yox. Axı Paşa yatmamışdı.Xəyalıydımı? Bəlkə də. Amma belə də xəyal olmaz axı? Bu suallar əlində çabalayan Paşa, qeyri-iradi irəli gəlib əlini stulun oturacağına sürtdü: yox, oturacaq soyuq idi, bumbuz idi; adam oturmuş olsaydı, isti olardı. Əl atıb bir-bir otaqların işıqlarını yandırdı, künc-bucağa kimdənsə ehtiyat edirmiş kimi xəlvəti göz gəzdirdi, mətbəxə keçdi, oranı da bomboş görüb küçəyə baxan pəncərənin qənşərindəki mizin arxasında əyləşərək alnını soyuq tərini sildi. «Hə, belə-belə işlər, Paşa bəy. Deməli, sən öz-özünə danışırmışsan, dəli kimi. Heç bir adaşın, filanın, gəncliyin-zadın gəlməmişmiş yanına. Sən sadəcə, dəli olursan, vəssalam. İki gündü giribsən evə, çay içməmisən, ağzına bir loxma yemək almamısan, üzü üstə düşüb yatmısan, sayaqlamısan və bu iki gündə heç kəs sənin öldündən-qaldından xəbər tutmayıb. Kim tutmalıydı, kimin vardı? Bircə qızındı, o da burda yoxdu. Olsaydı da, gəlməzdi. O da mənim kimi, dəlinin biridi: küsdü, incidi, qurtardı. Gör neçə ildi məni danışdırmır? Düzdü, gəlir-gedir, mənim pal-paltarımı yuyur, xörəyimi bişirir. Ancaq bütün bunları mən evdə olmayanda eləyir. Və bu, elə bir dərddi ki, heç kəsin yanında açıb bükə bilmirəm. Bəs dostların, tələbələrin? Onlar hanı bəs? Bəlkə onlar mənim başıma gələn bu müsibətdən xəbərsizdilər? Yox, canım. Nə danışırsan? Yəqin indi bütün şəhər bu barədə danışır. Bəlkə də bir çoxları var ki, indi bayram eləyir, deyib-gülür, sevinir. Ey gidi dünya. Deməli, mən tək imişəm, yalqız imişəm. Dayan, dayan, bəs bu mənim qapıbir qonşum, həmişə böyür-başımda sülənən, «Sən mənim arxamsan, dayağımsan, mən sənin çörəyini yeyirəm, ölüncə qabağında qul kimi borcluyam, Paşa müəllim» ⎯ deyən Qulubəy hardadı? O da bilmir? Yox, o bilməlidi ⎯ kim də bilməsə, o bilməlidi, çünki o, nəinki bu şəhərin, hətta respublikanın, İttifaqın və bəlkə də bütün dünyanın qeyri-rəsmi, necə deyərlər, könüllü informasiya mərkəzi və informatorudu: kim hara getdi, kim kimin adamıdı, kimi hardan çıxardıb hara qoyacaqlar, kim kimi saxlayır, kimin oğlu kimin qızını alır və niyə alır ⎯ bütün bunları südəzbər bilən və ömründə hər şeyindən çox yalnız bununla öyünən Qulubəy heç ola bilməz ki, bu boyda hadisəni eşitməsin və Paşanın yanına qaçmasın?»

46 min
Dördüncü fəsil

Qulubəy Paşanı ⎯ üç gün dilinə sudan, çaydan başqa bir şey dəyməmiş, ürəyi sıyrılan, öz ağır və çəkilməz dərdi ilə dörd divar arasında tək-tənha çırpınan «əziz və mehriban» qonşusunu şirin dilə tutaraq, təsəlli verə-verə yedirib-içirib, üstündən də ürək dərmanı verib yatağına salaraq mənzilinə qayıdanda artıq gecə yarıdan keçmişdi. Çöl, dəmir qapını özü bayaq, yemək-içmək aparanda açıq qoymuşdu; bunu Nigarı yuxudan oyatmamaq üçün belə eləmişdi. Ancaq içəri girəndə onun yatmadığını görüb təəccübləndi. Adətən saat on birdən o yana qalmayan Nigar indi, yumşaq kresloda əyləşib qollarını da sinəsində çarpazlayıb televizora tamaşa eləyirdi. Kino idimi, tamaşaydımı ⎯ bilmədi, amma Nigar ekranın qabağında bitib qalmışdı və deyəsən heç ərinin gəlməsindən də xəbəri yox idi. Qab-qaşığı aparıb mətbəxə qoydu, bir siqaret yandırdı, balaca mətbəx stulunu çəkib oturdu və iki-üç saatdan bəri Paşanın evində gördüklərini, eşitdiklərini təzədən beynində canlandırıb saf-çürük eləməyə başladı. Paşa sınmışdı, Paşa demək olar ki, məhv edilmişdi ⎯ buna Qulubəyin şəkk-şübhəsi yox idi artıq. Və ona hər şeydən artıq bu təsir eləmişdi ki, Paşa uzun müddət ⎯ ən azı iki saat Qulubəyin qabağında özünü şax tutmağa çalışmışdı, sındırmaq istəməmişdi. Lakin Qulubəyin mehribanlığını, qayğıkeşliyini, ürəyiyananlığını görüb (Yazıq.) nəhayət açılmışdı, dərdini dilinə gətirmişdi, hətta Qulubəy onun gözlərinin yaşardığını da görmüşdü. Sən demə onu, bu balacaboy, arıq adamı, əzəmətli,böyük, zəhmli, qorxulu eləyən vəzifəsi imiş. Vəzifə, möhür, maşın, kabinet adamı əlçatmaz eləyirmiş, sən demə. Yoxsa Paşa nəydi ki? Arıq, cılız, sənin, mənim tayın olan adicə bir adam idi Paşa.Qulubəyin ürəyi doluydu, gördüklərini, eşitdiklərini kiməsə danışmaq, kiminləsə bölüşmək istəyirdi, ancaq elə bir adamı yox idi, hətta ürək qızdırdığı elə bir dostu da yox idi ki, gec olmağına baxmayaraq, gecə yarıdan keçdiyinin fərqinə varmayaraq, zəng eləyəydi, çağıraydı, ya özü yanına gedəydi, bu sensasiyaya bənzəyən xəbəri ona danışaydı, fikir və mülahizələrini deyəydi, ondan bir söz eşidəydi. Yox idi belə bir adamı və hərdən bu barədə düşünəndə özünü dünyanın ən bədbəxt adamı sayıb yanıb-yaxılırdı. Belə hallarda hərləyib-fırlayıb günahı öz üstünə gətirirdi, ancaq o dəqiqə də bunun üçün səbəb axtarıb tapırdı: «Yox, məndə deyil günah, qardaş; günah zəmanədədi. Çünki indi elə bir zamandı ki, heç kəsə, hətta dost-doğma qardaşına da inana bilmirsən. İnanırsan, ürəyini, sirrini açırsan, bir də görürsən səhər bütün şəhər sənin sirrindən söhbət açıb lağ-lağı eləyə-eləyə bir-birinə danışır. Elə biri mən özüm. Budu yazıq Paşa dərdini açdı mənə, indi mən də adam axtarıram ona danışam. Amma gərək bu, belə olmasın axı». Siqaret tüstüsünü udduqca fikri bir az da dərinlərə gedirdi: «Sən, Qulubəy Qulubəyov, çox pis iş tutdun. O sənə neynəmişdi? Əgər bir pislik eləsəydi, deyərdim hə, haqlısan. Amma axı Paşa səni həmişə qoruyub, irəli çəkib, çörək verib. Axı gərək sən bütün ömrün boyu o kişinin qulu olaydın və yadındamı, bir dəfə də yox, neçə dəfə buna kişi kimi and içmişdin yanında da, ürəyində də? Nə tez unutdun və ən başlıcası niyə unutdun, Qulu?» İçindən gəlib onu bu balaca mətbəxdə ittiham eləyən o səsə tutarlı bir cavab tapa bilməyib təslim olurdu: «Düz deyirsən. Elə mən də sənə bunu deyirdim. Mən qəti inanmışam ki, insanın özü kimi alçaq və şərəfsiz bir varlıq yoxdu yer üzündə. Elə Paşa da alçaq və şərəfsizdi, mən də. Sənin müdafiə elədiyin, qahmar çıxmaq istədiyin Paşa elə bilirsən çox təmiz adamdı? Neçə adamın qanı var onun boynunda. Görünür, yer üzündəmi, göylərdəmi, bilmirəm, hardadı, elə bir qüvvə-qüdrət var ki, hər şeyi tənzimləyir, nizama salır və heç nəyi cavabsız buraxmır: yaxşı əməli mükafatsız qoymur, pis əməli də cəzasız. Elə bil o hansı qüdrətdisə, çox ağılnan-idraknan tərpənib Paşanın cəzasını mənim əlimlə verdirir. Yəqin mənim də cəzamı bir başqası verəcək. Buna mənim heç şübhəm yoxdu».

44 min

Poems by other poets