Page 1 of 7

Qulubəy Paşanı ⎯ üç gün dilinə sudan, çaydan başqa bir şey dəyməmiş, ürəyi sıyrılan, öz ağır və çəkilməz dərdi ilə dörd divar arasında tək-tənha çırpınan «əziz və mehriban» qonşusunu şirin dilə tutaraq, təsəlli verə-verə yedirib-içirib, üstündən də ürək dərmanı verib yatağına salaraq mənzilinə qayıdanda artıq gecə yarıdan keçmişdi. Çöl, dəmir qapını özü bayaq, yemək-içmək aparanda açıq qoymuşdu; bunu Nigarı yuxudan oyatmamaq üçün belə eləmişdi. Ancaq içəri girəndə onun yatmadığını görüb təəccübləndi. Adətən saat on birdən o yana qalmayan Nigar indi, yumşaq kresloda əyləşib qollarını da sinəsində çarpazlayıb televizora tamaşa eləyirdi. Kino idimi, tamaşaydımı ⎯ bilmədi, amma Nigar ekranın qabağında bitib qalmışdı və deyəsən heç ərinin gəlməsindən də xəbəri yox idi. Qab-qaşığı aparıb mətbəxə qoydu, bir siqaret yandırdı, balaca mətbəx stulunu çəkib oturdu və iki-üç saatdan bəri Paşanın evində gördüklərini, eşitdiklərini təzədən beynində canlandırıb saf-çürük eləməyə başladı. Paşa sınmışdı, Paşa demək olar ki, məhv edilmişdi ⎯ buna Qulubəyin şəkk-şübhəsi yox idi artıq. Və ona hər şeydən artıq bu təsir eləmişdi ki, Paşa uzun müddət ⎯ ən azı iki saat Qulubəyin qabağında özünü şax tutmağa çalışmışdı, sındırmaq istəməmişdi. Lakin Qulubəyin mehribanlığını, qayğıkeşliyini, ürəyiyananlığını görüb (Yazıq.) nəhayət açılmışdı, dərdini dilinə gətirmişdi, hətta Qulubəy onun gözlərinin yaşardığını da görmüşdü. Sən demə onu, bu balacaboy, arıq adamı, əzəmətli,böyük, zəhmli, qorxulu eləyən vəzifəsi imiş. Vəzifə, möhür, maşın, kabinet adamı əlçatmaz eləyirmiş, sən demə. Yoxsa Paşa nəydi ki? Arıq, cılız, sənin, mənim tayın olan adicə bir adam idi Paşa.

Qulubəyin ürəyi doluydu, gördüklərini, eşitdiklərini kiməsə danışmaq, kiminləsə bölüşmək istəyirdi, ancaq elə bir adamı yox idi, hətta ürək qızdırdığı elə bir dostu da yox idi ki, gec olmağına baxmayaraq, gecə yarıdan keçdiyinin fərqinə varmayaraq, zəng eləyəydi, çağıraydı, ya özü yanına gedəydi, bu sensasiyaya bənzəyən xəbəri ona danışaydı, fikir və mülahizələrini deyəydi, ondan bir söz eşidəydi. Yox idi belə bir adamı və hərdən bu barədə düşünəndə özünü dünyanın ən bədbəxt adamı sayıb yanıb-yaxılırdı. Belə hallarda hərləyib-fırlayıb günahı öz üstünə gətirirdi, ancaq o dəqiqə də bunun üçün səbəb axtarıb tapırdı: «Yox, məndə deyil günah, qardaş; günah zəmanədədi. Çünki indi elə bir zamandı ki, heç kəsə, hətta dost-doğma qardaşına da inana bilmirsən. İnanırsan, ürəyini, sirrini açırsan, bir də görürsən səhər bütün şəhər sənin sirrindən söhbət açıb lağ-lağı eləyə-eləyə bir-birinə danışır. Elə biri mən özüm. Budu yazıq Paşa dərdini açdı mənə, indi mən də adam axtarıram ona danışam. Amma gərək bu, belə olmasın axı». Siqaret tüstüsünü udduqca fikri bir az da dərinlərə gedirdi: «Sən, Qulubəy Qulubəyov, çox pis iş tutdun. O sənə neynəmişdi? Əgər bir pislik eləsəydi, deyərdim hə, haqlısan. Amma axı Paşa səni həmişə qoruyub, irəli çəkib, çörək verib. Axı gərək sən bütün ömrün boyu o kişinin qulu olaydın və yadındamı, bir dəfə də yox, neçə dəfə buna kişi kimi and içmişdin yanında da, ürəyində də? Nə tez unutdun və ən başlıcası niyə unutdun, Qulu?» İçindən gəlib onu bu balaca mətbəxdə ittiham eləyən o səsə tutarlı bir cavab tapa bilməyib təslim olurdu: «Düz deyirsən. Elə mən də sənə bunu deyirdim. Mən qəti inanmışam ki, insanın özü kimi alçaq və şərəfsiz bir varlıq yoxdu yer üzündə. Elə Paşa da alçaq və şərəfsizdi, mən də. Sənin müdafiə elədiyin, qahmar çıxmaq istədiyin Paşa elə bilirsən çox təmiz adamdı? Neçə adamın qanı var onun boynunda. Görünür, yer üzündəmi, göylərdəmi, bilmirəm, hardadı, elə bir qüvvə-qüdrət var ki, hər şeyi tənzimləyir, nizama salır və heç nəyi cavabsız buraxmır: yaxşı əməli mükafatsız qoymur, pis əməli də cəzasız. Elə bil o hansı qüdrətdisə, çox ağılnan-idraknan tərpənib Paşanın cəzasını mənim əlimlə verdirir. Yəqin mənim də cəzamı bir başqası verəcək. Buna mənim heç şübhəm yoxdu».

Yox, Qulubəyin ürəyi doluydu, o, mütləq danışmaq istəyirdi. Bəlkə Nigar? Nigarla onun arasındakı körpü çoxdan uçmuşdu: bu körpünü, insaf naminə demək lazımdı ki, Nigar özü uçurmuşdu və o, çayın bu tayında qalmışdı, Qulubəy o biri tayında. Bir damın altında yaşayıb bunca da bir-birinə yad və biganə olmaq özü çox böyük, açılıb-ağardılması mümkün olmayan dərd deyildimi? Qulubəy bu ağrı-acısını ancaq hərdən-birdən Paşaya danışırdı, vəssalam. Çünki Paşa Nigarla Qulubəyin macərasından xəbərdar idi, daha doğrusu, bu faciənin əsas iştirakçılarından biri, bəlkə də əsil səbəbkarı idi. Qulubəy yaxşı bilirdi ki, Nigar bunu çox yaxşı bilir, açıb-ağartmasa da, dilinə heç vaxt gətirməsə də, qəlbində Paşaya dərin bir nifrəti var. Bunu sözsüz də Paşa özü də, Qulubəy də başa düşürdü. Və əri bunu da sövqi-təbiisi ilə duymuşdu ki, əgər haçansa, bir gün Nigar Paşanın zəlilliyi xəbərini, yaxud ölüm sorağını eşitsə, çox sevinər, həmişə qəmli-tutqun olan üzü gülər və illər boyu ürəyində gəzdirdiyi, ancaq qorxusundanmı, zəifliyindənmi (Qadın idi, neyləyə bilərdi?) üzə çıxara bilmədiyi o nifrət-nifrin buzu əriyib gedər. İndi budu, o gün gəlib: Paşa zəlildi, vəzifədən çıxarıblar, partiya biletini əlindən alıblar, özü də bu gün-sabah dözməyib çartlayacaq. Bu, Nigar üçün bəs deyil? Bayram eləyə bilər hətta Nigar. Qulubəy Nigarı çox istəyirdi, demək olar ki, dəlicəsinə sevirdi və buna görə də onun hər şıltağına-nazına dözürdü, susurdu. Çünki Nigar ruhən və qəlbən gözəllik aşiqi olan Qulubəyin ürəyini öz ürəyəyatan zərifliyi ilə, sözlə ifadə oluna bilməyən gözəlliyi ilə əsir eləmişdi. Nigar öz sir-sifəti, baxışları, oturuşu-duruşu ilə hardasa Xallıya çox oxşayırdı və hərdən Quluya elə gəlirdi ki, onlar bir ata-ananın övladlarıdı, nə olubsa, necə olubsa, bunlar ayrı düşüblər. Hər cəhətdən oxşardılar, təkcə xasiyyətcə, əxlaqca aralarında yerlə göy qədər təfavüt var idi. Xallı nə qədər açıq-saçıq, deyən-gülən, «Dünyada beş gün qonağam, bir də nə atam məni əkəndi, nə də anam məni doğandı. Ona görə ürəyim necə istəyir, elə də yaşayacağam, heç kəsə dəxli yoxdu» ⎯ deyə düşünən bir qadın idisə, Nigar tamam-kamal onun əksi idi. Ağır-səngin, öz ləyaqətini və qiymətini bilən, oturuşuna-duruşuna fikir verən, şit danışanlardan zəndeyi-zəhləsi gedən, evlərinə gələn kişi qonaq-qarasının yanında, xüsusən Qulubəyin tez-tez təşkil etməyi xoşladığı içki məclislərində ismət pərdəsinə bürünüb əl çatmazlıq zirvəsində dayanan bir qadın idi Nigar. Qulubəy də bunu yaxşı bilirdi və ona olan məhəbbəti bu səbəbdən də xeyli artırdı. Qulubəyin ən gizli (Bunu hətta Paşaya da deyə bilmirdi, eləcə içində yana-yana qovrulub qalırdı) dərdi buydu ki, Nigar

⎯ o gözəl, o sevimli məxluq onu sevmirdi, sevə bilmirdi, ər deyib qəbul elədiyi adamı öz ilıq, incə qoxulu qadın məhəbbətiylə, nəvazişiylə əzizləyib oxşaya bilmirdi. Qulubəyin pulu da onun idi, ürəyi də. Korluq nə olduğunu bilməmişdi Nigar bu evə gələndən sonra. Ehtiyacın boz və sərt üzünü çox görmüş gəlin indi nə paltar, nə bər-bəzək, qızıl-mirvari, nə də yemək-içmək sarıdan heç bir korluq çəkməmişdi. Qazanan idi, gətirən idi və Nigar heç maraqlanmırdı da ki, hardan, necə qazanır Qulubəy. Heç işi-gücüylə də maraqlanmırdı. Qulubəy onun üçün yaşayırdı, o isə… Qulubəy üçün yaşamırdı, yaşaya bilmirdi: ürəyiylə bacara bilmirdi Nigar. Gözəl bədəni, zərif gözəlliyi ərinin ixtiyarında idi: o, bu zəriflikdən, bu gözəllikdən istədiyi vaxt, arzuladığı vaxt ləzzət almaq imkanına malik idi, Nigar buna etiraz eləmirdi. Ancaq o təmasın, o mənəvi qaynayıbqarışmanın o biri tərəfi də ⎯ qılıq, xoş söz demək, əzizləmək, naz eləmək, ərklə incidib-incidib sonra könül almaq, bağrına basıb öpüb-oxşamaq tərəfi də var idi ki, Qulubəy bunlardan məhrum idi. Nigar özü də yaxşı başa düşürdü ki, ər-arvadlıq belə olmur, heç olmasa belə olmamalıdı. Bilirdi. Lakin heç nə eləyə bilmirdi özüylə. Hərdən yazığı da gəlirdi ona bir kişi kimi. Bu, cəza idi, özü də böyük cəza idi. Və Nigara elə gəlirdi ki, Qulubəyin dünyada qismətinə yazılmış, haçansa, hardasa öz əməllərinə görə qabağına çıxacaq cəzalarının ən böyüyü elə budu ki, çəkir. Nigar hissiyyatlı, həssas qadın olduğu üçün bunu da başa düşürdü ki, bu, onun özü üçün də mənəvi-ruhi bir cəzadı və o, qəribə bir soyuqqanlılıqla ərini də, özünü də bu dillə deyiləsi mümkün olmayan cəzaya layiq bilirdi. Quluya başqasının səadətinə, sevincinə, yatağına namərdcəsinə göz dikdiyinə və onu demək olar ki, yarı sırtıqlıq, yarı zor, yarı pul ⎯ var-dövlət gücünə ələ gətirdiyinə görə, özünə isə… çox sevdiyinə və bu böyük məhəbbət üzündən qısqandığına, namərd sözünə inanıb o çılğın sevgiylə yaşayan, Nigarı allah sanan, gecə-gündüz büt kimi qarşısında dizlərini yerə qoyaraq ona dua və pərəstiş etməyi belə özünə səadət bilən bir ürəyin qədrini bilmədiyinə görə… layiq bilirdi. Qadınıydı, anlayırdı ki, özünün də ömrü, gözəlliyi, hissləri, ürəyi heç olub gedir və buna baxmayaraq, o, necə deyərlər, bu ağır cəzanı könüllü surətdə özünə verməyə razı idi, hətta bundan hardasa xoşhal da olurdu bəzən ki, Turxanın özününmü, ruhununmu qarşısında (çünki Turxanın öldüsündən, qaldısından xəbərsiz idi) heç olmasa günahlarının bir qismini yuyur. Əlbəttə, Turxan ölmüş olsaydı, heç sağ olsaydı belə, bundan xəbər tutmayacaqdı, çünki o, allah deyildi ki, bu açılıb-bükülməyən cəzanı deyilməmiş, eşitməmiş biləydi, göydənmi, pəncərədənmi baxıb görəydi. Bu barədə nə Qulubəy (İşdi, möcüzə olsaydı və Turxana rast gəlsəydi.) bir söz deyən idi, nə də Nigar özü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on birinci fəsil

Elməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrəthissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.

7 min
Birinci hissə, on ikinci fəsil

Günortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.

14 min
Birinci hissə, on üçüncü fəsil

...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:

14 min
Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 min

Poems by other poets