Birinci hissə, on birinci fəsil
Elməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrət
hissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.
Aylar keçdikcə o qisməti ilə barışır, Elməddini yavaş-yavaş unudurdu. Ancaq içərisində həmişə bir qırıqlıq, bir nisgil yaşayırdı və zaman-zaman onu incidirdi. Yaxşı ki, o, Elməddinin işlərini öz öhdəsinə götürmüşdü və elə çox məşğul olurdu ki, dərdini yadından çıxardırdı. Təkcə axşamlar yorğun-arğın evə qayıtdıqda taleyinin acılığını xatırlayır, darıxırdı. Atasının qırxı çıxandan sonra o evə ayaq basmırdı. Ürəyi gəlmirdi. Balaca Nəcməddin də nə isə bir qardaş kimi, ata yadigarı kimi Zərrintacı cəlb eləmirdi. Nə sirr idisə, o uşaq dünyaya gələndən qəlbində ona qarşı heç bir duyğu hiss eləməmişdi. Bəlkə də bu ondan irəli gəlirdi ki, uşağı özünə ögey qardaş hesab edirdi, qanı qaynamırdı. Əbdül balaca Nəcməddinlə tək qalmışdı. Zərrintac atasının vəsiyyətinə əməl edərək evdə heç nəyə əl vurmamışdı. Əbdülün uşağa yaxşı baxdığını, ana kimi qayğısına qaldığını, gözündən iraq qoymadığını, yeməyinə, təmizliyinə, yuxusuna fikir verdiyini görüb sakit olmuş, axırıncı gün çıxıb getməmişdən qabaq nökərə bəzi məsləhətlər vermiş, hətta qorxuzub hədələmişdi də:
– Mərhum qibləgahım səni çox istəyirdi, Əbdül! — demişdi,
– Gör nə qədər istəyirdi ki, ev-eşiyini də, körpə balasını da, var-dövlətinin böyük bir hissəsini də sənə tapşırıb getdi. Mənə yox, sənə ha. Bunu sən başa düşürsən?. İstədiyin kimi yaşa, ye, dolan, uşağa korluq vermə. Sənin ömrünün axırına qədər bu sərvət bəsindi. Ancaq səndən bir tələbim və bir xahişim var: tələbim budur ki, bu evə qadın gətirməyəcəksən, hətta qulluqçu adı ilə belə, bura qadın ayağı dəyməyəcək.
– Arxayın ola bilərsiniz, xanım... Siz nə danışırsınız, xanım?
– İkinci xahişim odur ki, başqa fikrə — xəyanət fikrinə düşməyəsən. Onu bil ki, yerin deşiyində olsan belə, səni tapdıraram, cəzalandıraram.
– Əstəğfürulla, xanım. Mənim dünyada heç kəsim yoxdu. Nə fikrə düşə bilərəm, xanım? Bu uşaqdan, yəni ağamın bu əziz yadigarından başqa mənim kimim var? Mən bütün ömrümü ona sərf eləyəcəyəm, onun həm atası olacağam, həm anası.
– Bəli, başını sal aşağı, yaşa. Tale sənə də bir gün ağladı—bu evin həm nökəri oldun, həm də ağası.
– Allah ağamın qəbrini nurla doldursun, xanım. Cənnətməkan oldu o kişi. Mən onu ölən günəcən unutmayacağam, ruhuna dua oxuyacağam. Elə şərif və ləyaqətli insan dünyaya nüdrətən gələr. Tək idi o yer üzündə...—hıçqıra-hıçqıra əlavə etmişdi.
Əbdülün bu sözlərində böyük həqiqət vardı. Doğrudan da ağayi Nəcməddini onun kimi yaxından tanıyan, sevinclərini də görən, kədərlərinin də şahidi olan, faciəsini dərindən-dərinə anlayan ikinci bir adam yox idi. Bunların bir qismini Dünya xanım bilirdi; indi o da yoxdu. Dünyadan sonrakı günlərini isə Əbdül görmüşdü, başqa heç kəs. İnsan necə haldan-hala düşərmiş, ilahi! İnsan necə xoşbəxt olarmış, ilahi! Həmin insan bir xəyanət üzündən necə də dönüb ən bədbəxt adama çevrilərmiş, aman allah! Əvvəllər dünyanın bir çox əsrarından xəbərsiz olan, həyatın ancaq bir qarın çörəkdən, bir dəst paltardan, bir isti bucaqdan ibarət olduğunu zənn edən, Nəcməddinin evində sakit, aram bir ömür sürən Əbdül, Dünya xanım bu ocağın başına gələndən sonra nələr görmədi, nələr anlamadı?! Dünya xanım zahirən səadət gətirmişdi, ancaq sən demə, ondan da böyük fəlakət gətiribmiş. Əbdül onun gəlişindən sonra xoşbəxtliyin nə demək olduğunu, məhəbbətin sevincini, əzabını gördü, duydu, qısqanclığın acı zəhərini daddı, şərab içdi, yaxşılıqdan başqa heç nə görmədiyi ağasına xəyanət etdi, günaha batdı. Sonra bu günah getdikcə dərinləşdi, böyüdü, uçuruma çevrildi. Və mələk libasına bürünmüş o gözəl qadın «bəsdi» demədi, dayanmadı. Özünü də məhv elədi, Nəcməddini də. Bu əzabları çəkmək üçün Əbdülü qoyub getdi, böyüyəndə sınmaq üçün, gözükölgəli yaşamaq üçün balaca Nəcməddini qoyub getdi.
İndi Əbdülün gözü açılmışdı, ağlı itiləşmişdi. O indi dünyanın hər üzünü görmüş, istisini-soyuğunu, şirinini-acısını dadmış müdrik qocaya bənzəyirdi. İndi o düşünə-düşünə, ölçüb biçə-biçə yaşayırdı. O bundan sonra oğlu üçün yaşayırdı—balaca Nəcməddin üçün. Onun üçün çəkdiyi əzab-əziyyətlərə görə bəlkə Allah böyük günahlarından keçə?! Keçərmi görəsən?!
Balaca Nəcməddin böyüyürdü, yavaş-yavaş danışırdı, kəlmə-kəlmə şirin sözlər söyləyirdi; Əbdülün sevinci qəlbinə sığışmırdı. Yeganə həmdəm kimi danışır, dərdləşir, bağrına basıb öpür, daha kimsədən ehtiyat eləmədən «oğlum»! — deyirdi.
– Nə yaxşı sən varmışsan, oğul, Sən mənim böyük sevincim, təsəllimsən, oğul, eyni zamanda sən mənim ən böyük günahımsan, bala, Bəlkə tanrı günahlarımı hər an mənə xatırlatmaq üçün səni mənə bəxş eləyib, hə? — deyə düşünürdü.
Balaca Nəcməddin Əbdülün başını elə qatırdı ki, günün nə vaxt axşam olduğunu bilmirdi, gecələr də, yatanacan xalça üstə ata-bala oynayırdı, güldürürdülər bir-birini. Ancaq Zərrintac xanımın vəziyyəti dözülməz idi. Təklik onu məngənə kimi sıxırdı, əzirdi. Axşamlar radioqəbulediciyə qulaq asmaqdan başqa heç bir məşğuliyyəti yox idi. Yenə Siminbər burda olanda yaxşı idi — danışırdılar, o yandan-bu yandan söhbət eləyirdilər. Nə sirr idisə, — Zərrintac bunu anlaya bilmirdi, — Elməddin gedəndən sonra qız da evdən-eşikdən soyudu, qaraqabaq, qaradinməz oldu və günlərin birində də ona heç nə demədən çıxıb getdi. Bunun səbəbini o, Əhədullada görmüşdü.
Bəli, indi Zərrintac, o qüruru yerə-göyə sığmayan Zərrintac tək-tənha qalmışdı, unudulmuşdu. Təklik əzabından, unudulmaq dərdindən qovrularkən, bir axşam radioda Elməddinin şerlərinin oxunduğunu eşitdi. Əvvəl söndürdü, sonra özünü saxlaya bilməyib axırıncı şerə qulaq asdı. Diktor qız armonun həzin melodiyası altında deyirdi:
Könlüm səndən dönən deyil,
Gəlmir xoşuna, gəlməsin.
Mən sevirəm, qədrimi bil,
Nadan tuşuna gəlməsin.
İncit, necə istər kefin,
Əzabıma baxıb sevin!
Ölsəm, ağla, qoy heyifin
O göz yaşına gəlməsin.
Taleyimin üzü sərtdi,
Eşqindən dönən namərddi.
Unudulmaq yaman dərdi —
Gülüm, başına gəlməsin.
Zərrintac şeri dinləyib köks ötürdü, kövrəldi. Görəsən Elməddin bu şeri kimə yazmışdı? Əfsanəyə? Ya... Kimə?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-birinci-hisse-on-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Aslan hıçqırıq səsi eşitdi, bədəni gizildəyib uyuşdu. Gözlərini açıb yan-yörəsinə baxmaq istədi, ancaq göz qapaqlarını qaldıra bilmədi – elə bil üstünə daş qoymuşdular. İçərisini acı bir təəssüf hissi yandırıb yaxdı. Gözləri açılmırdı – düz bir ay idi ki, o, dünya işığına həsrət qalmışdı. Son gördüyü adam – onu təcili yardım maşınına mindirən ağ xalatlı həkim, bir də Sakit olmuşdu. Elə maşında, dəmir xərəyin üstünə uzadılan kimi gözlərini yummuşdu – elə o yuman yummuşdu. Sonra daha aça bilməmişdi. Xəstəxanaya çatdırılan kimi, beşinci mərtəbədə, üzü dənizə, «Moskva» mehmanxanasına baxan palatada yerləşdirmiş, ilk dava-dərman eləmiş, xəstəliyinin səbəbini aydınlaşdırmışdı həkimlər. Qan təzyiqi həddən artıq yuxarı qalxdığı üçün beyninə qan sızmışdı. Sonra hələ adını bilmədiyi həkim Sakitə üz tutub:− Evinə, arvad-uşağına xəbər elə, qardaş! – demişdi. – Qoy bir nəfər gəlsin.
Birinci hissə, doqquzuncu fəsilOrxanın kitabının işıq üzü görməsi hamıdan çox Gülmirənin ürəyini işıqla doldurmuşdu. Neçə gün idi ki, o, yerə-göyə sığışmayan bir sevincin qanadları üstündə uçurdu, institutda, alimlər arasında, ədəbi mühitdə deyə-gülə gəzir, Orxan haqqında, kitabı haqqında minnətdarlıq sözləri eşidirdi. Adamların çoxu Gülmirənin əvəzsiz, xeyirxah bir iş gördüyünü, Orxanı təzədən bir şair kimi kəşf eləyib həyata qaytardığını söyləyirdi. Bundan isə onun ürəyi daxili bir qürur hissilə dolub qabarırdı. O, bir nakam şairi ölməyə qoymamışdı, bir dilsiz məhəbbətin həsrət dolu fəryadlarını sıralayıb solmuş dəftər vərəqlərindən götürüb işığa çıxartmış, sevib-sevildiyinə qovuşa bilməyənlərin (həyatda isə belələri çoxdu) ixtiyarına vermişdi. İndi hara gedirdi, oxucular, şer həvəskarları arasında ancaq Orxanın kitabından danışıldığını eşidirdi. Bu söhbətlərdə sevinc qarışıq bir nisgil də hiss eləyirdi Gülmirə. Bu nisgil ona çoxdan, lap çoxdan tanış idi – bu, Orxanın yoxluğu nisgili idi.Lakin bu gün Gülmirənin o böyük sevincinin üstünə su çiləmişdilər. Qızlar gətirib ona xəbər vermişdilər ki, İltifat orda-burda Orxanın kitabındakı şerlərin hamısını Gülmirəyə həsr etdiyini, Orxanla Gülmirənin arasında o vaxt bir məhəbbət macərası olduğunu söyləyib rişxəndlə gülürmüş… Gülmirə əvvəl bu sözü eşidəndə özünü itirmiş, rəng verib rəng almışdı. Çünki, Ümmügülsüm Gülmirəyə heyfi gələ-gələ:
Birinci hissə, onuncu fəsil− Sən gəl məni düzgün başa düş, Xəzan. Bax, bir aya yaxındı xəstəxanadasan. Maşallah, xeyli yaxşılaşıbsan – dilin, qulaqların, əllərin «dirilib» – doktor Kamilin təbirincə desəm. Sən hamıdan çox, özün-özünü qorumalısan, öz həkimin özün olmalısan, Xəzan. Axı sən… nə danışacaqsan mənə! Axı mən hər şeyi əlimin içi kimi bilirəm – məndən ayrılandan sonra keçən bütün həyatını bilirəm – onları indi təzədən mənə danışmaq, ürəyini yüngülləşdirmək, bir növ etiraf eləmək istəyirsən. Ancaq mən bilirəm ki, sən danışsan, istər-istəməz həyəcanlanacaqsan, əsəblərin gəriləcək, hisslər, xatirələr burulğanına düşəcəksən – bu isə, sənə hələ olmaz, Xəzan.− Mən onları danışmayacağam, Əsəd.
Birinci hissə, on birinci fəsilHacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»
Poems by other poets
Ta ki, mənə mədh eyləmə dünyanı,Ha bu dünya bir bekara dünyadı.
AzalarmolaAy ağalar, bəylər, duran qazılar,Bu dərdlər sinəmdən azalarmola?
Təcnis: Cəmalını görcək mayıl olmuşamCəmalını görcək mayıl olmuşam,Bilmədim gözəlim, ayadın nədir.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,