Orxanın kitabının işıq üzü görməsi hamıdan çox Gülmirənin ürəyini işıqla doldurmuşdu. Neçə gün idi ki, o, yerə-göyə sığışmayan bir sevincin qanadları üstündə uçurdu, institutda, alimlər arasında, ədəbi mühitdə deyə-gülə gəzir, Orxan haqqında, kitabı haqqında minnətdarlıq sözləri eşidirdi. Adamların çoxu Gülmirənin əvəzsiz, xeyirxah bir iş gördüyünü, Orxanı təzədən bir şair kimi kəşf eləyib həyata qaytardığını söyləyirdi. Bundan isə onun ürəyi daxili bir qürur hissilə dolub qabarırdı. O, bir nakam şairi ölməyə qoymamışdı, bir dilsiz məhəbbətin həsrət dolu fəryadlarını sıralayıb solmuş dəftər vərəqlərindən götürüb işığa çıxartmış, sevib-sevildiyinə qovuşa bilməyənlərin (həyatda isə belələri çoxdu) ixtiyarına vermişdi. İndi hara gedirdi, oxucular, şer həvəskarları arasında ancaq Orxanın kitabından danışıldığını eşidirdi. Bu söhbətlərdə sevinc qarışıq bir nisgil də hiss eləyirdi Gülmirə. Bu nisgil ona çoxdan, lap çoxdan tanış idi – bu, Orxanın yoxluğu nisgili idi.

Lakin bu gün Gülmirənin o böyük sevincinin üstünə su çiləmişdilər. Qızlar gətirib ona xəbər vermişdilər ki, İltifat orda-burda Orxanın kitabındakı şerlərin hamısını Gülmirəyə həsr etdiyini, Orxanla Gülmirənin arasında o vaxt bir məhəbbət macərası olduğunu söyləyib rişxəndlə gülürmüş… Gülmirə əvvəl bu sözü eşidəndə özünü itirmiş, rəng verib rəng almışdı. Çünki, Ümmügülsüm Gülmirəyə heyfi gələ-gələ:

− Sən nahaq bu şerləri üzə çıxartdın, Gülmirə! – demişdi. – Bu, qarğa məndə qoz var demək oldu lap. Yazmışdı, qoyaydın qalaydı başının altında, daha bunu faş eləməyin nə mənası vardı? İndi görürsən, İltifat kimi ağzıgöyçəklər, alçaq və pis adamlar sənin təmiz adını ləkələmək üçün bundan istifadə edirlər…

Fazilə də onun sözünə qüvvət vermişdi. Ancaq Gülmirə zərbəni qəbul edib özünə gələndən sonra təmkinlə:

− Qələt eləyir İltifat. – söyləmişdi. – Bəli, bu şerlər mənə yazılıb, Orxan məni sevirdi, bəli! Mən Orxanın o təmiz, o riyadan uzaq məhəbbətiylə indi də fəxr edirəm, qızlar. Siz Orxanı hayıf ki, yaxşı tanımırsınız. Möcüzə idi Orxan, bir parça kristal idi – tər-təmiz.

− Bilirsən mən niyə görə elə deyirəm, Gülü? – deyə Ümmügülsüm öz böyükməməliyini bildirmişdi – Sən hələ cavansan, elə ömrün boyu dul qalmayacaqsan ki. Nəhayət, bir gün biri qabağına çıxacaq, sevəcəksən, ya o səni sevəcək, ərə getmək istəyəcəksən. Bax, onda bu söz-söhbət sənin qabağını kəsə bilər, adının üstünə kölgə sala bilər, xoşbəxliyinə mane olar. Şükür allaha, sən ki, bizim kişiləri tanıyırsan. Özləri min hoqqadan çıxırlar, amma gərək onların aldığı qız, qadın təmiz olsun, heç kəsin əli dəyməsin ona. – Ümmügülsümün səsindəki rişxənd, kinayə açıq-aydın duyulmuşdu - hə, bəs nə bilmisən, bala!.. Gərək təmiz olsun. Soruşa da bilmirsən ki, ay filan-filan şüdə, özün çox təmizsən?.. Hə, cavab ver, sən çox təmizsən?.. Hə, cavab ver, sən çox təmizsən?

− Hə, düz deyirsən, təəssüf ki, belədi. Ancaq İltifatlar arxayın olsunlar – məni tanıyan tanıyır, mənim adım ləkə götürməz. Mən özüm bilirəm ki, təmizəm – vicdanım, namusum təmizdi – bu, mənə bəsdi. Qoy kim nə deyir, desin. İnsan gərək xırda hisslərlə yaşamasın, insan gərək uca, əlçatmaz bir zirvədə dayanmağı bacarsın – mən bu məsələnin o biri tərəfini daha üstün tuturam – Orxanın şerləri yaşamalı idi, üzə çıxmalı idi, sandıqlarda çürüməməli idi – o şerlərin mənə, sənə, ona həsr olunmağının əslində elə bir əhəmiyyəti yoxdu; şerimiz bir şairin ürək çırpıntıları ilə də zənginləşdi. Bax, əsas məsələ budu, qızlar. Müsəlman dedi-qodusu həmişə olub, yenə də var. Paxıl, alçaq adamlar həmişə kiminsə sevincinin üstünə su çiləməkdən ləzzət alıblar – bu, onların təbiətidir.

Onlar xeyli söhbət etmişdilər. Gülmirə zahirdə özünü sındırmamışdı, günortadan sonra öz stolu arxasında əyləşib burnunu çəkə-çəkə nə isə yazan İltifata gözucu nifrət hissilə baxmışdı. «Arvadsifət! Görəsən belə adamlar niyə yaşayırlar yer üzündə?! Tfu! Adam iyrənir!»

Lakin əslində pərt olmuşdu Gülmirə. Bu söhbəti, Nadirə onun qanının niyə qara olduğunu görüb səbəbini soruşanda, açıb ona da demişdi. Nadirə gülümsünüb əlini yelləmişdi:

− Əh, adam sözü danış sən də. İltifat özü nədi ki, sözü də nə ola?

Ancaq buna baxmayaraq, Gülmirənin kefi durulmamışdı, fikirli-fikirli işdən çıxmış, heç kəsə qoşulmadan, tək-tənha trolleybus dayanacağına gəlmişdi. Trolleybusda gedirdi, ancaq yan-yörəsindəki adamları görmürdü, söz-söhbətlərini eşitmirdi. Ayaq üstə dayanmışdı, oturacağın dəstəyindən yapışmışdı, pəncərədən küçəyə baxırdı. Birdən gözü qabağındakı, dəstəyindən tutduğu oturacaqda əyləşmiş, nazik, qırmızı, son dərəcə gözəl dəbdə tikilmiş don geyən bir qadına sataşdı. Başı açıq idi, xurmayı saçlarını toplayıb kəlləsində sancaqlamışdı. Gülmirənin gözü parçada idi. Bu od tutub yanan parça xalis qan rəngində idi. Harda görmüşdü onu? Gülmirənin fikrinin səmti dəyişdi – yox, bu parçanı o hardasa görmüşdü, lap əlini də vurmuşdu. Qəribə idi – birdən-birə o parça Gülmirənin nəzərində əridi, mayeləşdi, qana döndü və düz Nadirəgilin parket döşəməli evinin içinə axıb töküldü. Gülmirənin tükləri qabardı. Bəli, xatırladı – bu, Nadirənin parçasına – iki il əvvəl Yaponiya səfərindən alıb gətirdiyi və böyük sevinclə: «Ceyhunun adına almışam!» – dediyi parçaya çox oxşayırdı. Oxşayırdı? Bəlkə özü idi elə? O parçadan məgər təkcə Nadirədə olmalıydı? Başqa adamda ola bilməzdi? «Mübarəkdi. Sağlığına qismət olsun, Nadirə bacı, gəlininin! Çox yaxşı parçadı». «Onu alanda inan ki, sən də yadıma düşdün. Dedim sənin üçün də bir paltarlıq alım. Əvvələn çox baha idi, ikincisi də düşündüm ki, Gülmirə qara paltardan əl çəkir ki, qırmızı parçadan tikilmiş don da geysin?»… «Yox, yox, mənim daha belə paltarlar geyən vaxtım keçib, Nadirə!»… Əvvəlcə o vaxt, səfər çamadanı ortadaykən aralarında olan bu söhbət beynində səsləndi, sonra döşəmədəki qurumuş qan – Ceyhunun qanı bir qırmızı parça – pərdə kimi gözlərinin qabağında cilvələndi, daha sonra isə, lap bu yaxınlarda Nadirənin ağlaya-ağlaya işə saldığı «Qrundik» maqnitafonundan eşitdiyi söhbət – Ceyhunla Reyhan adlı bir qızın söhbəti eşidildi qulaqlarında. Reyhan!.. Hə, hə, Reyhan idi qızın adı!.. Bəlkə bu, elə həmin qızdı? Yəni bu, balaca boy, qəşəng qadın Ceyhunu öldürə bilər? Yox, yox, o söhbətdən aydın olurdu ki, Reyhan Ceyhunu çox istəyir. O öldürməz. Adam sevdiyinə necə qıyar!.. Bəlkə… bəlkə bax bu qız, Ceyhunu öldürən adamları tanıyır? Onlarla əlaqəsi var bəlkə? Bu ola bilməzmi ki, qatil Ceyhunu öldürüb evdən apardığı şeyləri – o parça da gedən şeylərin arasında imiş – bazarda, orda-burda, əl və tin alverçiləri vasitəsilə satdırsın? Gülmirə uçunurdu. Gülmirənin ürəyində bir-birinin dalınca doğulan bu suallar cavabsız qalırdı – çünki çox həyəcanlı idi və diqqətini cəmləşdirə bilmirdi.

Gülmirə şüşə bazarın yanında çox adam düşdüyünə görə yer boşaldığından azca irəli keçdi, qızın sifətinə baxmağa başladı. Ağappaq üzü vardı. Nazik, alınma qaşları altında iri, qonur gözlərindən bir dalğınlıq oxunurdu. Baxışlarını pəncərənin şüşəsinə zilləyib küçəyə tamaşa eləyirdi. Arıq, mütənasib bədənli bir qadındı – boy-buxunundan uşağa oxşasa da, yaşı otuza yaxın olardı. Qaraşınlığından Gülmirə güman elədi ki, azərbaycanlıdı.

Qadın elə bil kiminsə baxışlarının ona zilləndiyini hiss elədi, başını döndərib altdan-yuxarı Gülmirəyə ötəri bir nəzər saldı. Elə bu zaman Gülmirə qeyri-iradi:

− Salam! Sən Reyhan deyilsən? – deyə soruşanda qadın qaşlarını dartıb:

− Çto? – söylədi. Və bu bir kəlmə söz, Gülmirəni silkələyib ayıltdı. Nə edəcəyini, nə deyəcəyini bilmədi Gülmirə. «Yox, o deyil. Bu heç azərbaycanlı deyil!..» – deyə ani olaraq fikrindən keçirtdi. Qadın üzünü yana çevirdi. Hətta onun «izvinite» söyləməyini də eşitmədi. Və sonra bir daha, Kirov parkının yanındakı dayanacaqda düşənə qədər dönüb Gülmirəyə tərəf baxmadı. Gülmirə çaşqın halda qızı nəzərləri ilə müşayiət edirdi. Ağır, təmkinli addımlarla irəliləyirdi – Gülmirə bilmədi ki, o, telestudiyaya gedir, ya parka. Çünki trolleybus fırlanıb üzü aşağı sürətlə şütüyürdü. Gülmirə cismən trolleybusda idi, fikri-zikri geridə, o qırmızı paltar qadının yanında idi. «Yox, bu qadın o idi, o idi. Ceyhunun sevdiyi qadın idi. Rusca danışmağı niyə məni çaşdırdı? Axı o, lentdə də rusca danışmırdımı? Vay sənin! O idi. Hər halda o da olmasa, əynindəki parça o parça idi, mənim əlim dəyən o qırmızı parça idi…»

Gülmirə özünü danlaya-danlaya, poliklinikanın yanında trolleybusdan düşdü və geri, parka tərəf addımladı…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, birinci fəsil

Bağışlanandan bir neçə dəqiqə sonra Yusifin gözlənilməz ölümü evdə dəhşətli, soyuq, tükürpədən bir boşluq əmələ gətirmişdi. Elə bir boşluq və mənasızlıq ki, adamın canına üşütmə salırdı. Bundan belə həyatın davam edə biləcəyinə şübhə doğururdu. Sanki bu üç nəfər dərdli insanı dünyada maraqlandıracaq heç nə, heç şey qalmamışdı. Hamısı Yusifin ağ kəfəni içərisində qara torpaqlar altında gömülmüşdü.Günlər, həftələr ötüb keçdikcə Yusifin qəbri köhnəlir, çökürdü; ancaq Elməddinin düzəltdiyi başdaşı qəbiristanlığa gələnləri hüznlə ayaq saxlamağa məcbur edirdi. Doğrudan da Yusifin dərdi adam qocaldan dərd idi: bunu ana da, qardaş da, Əfsanə də dərindəndərinə duyur, anlayırdı və anlaya-anlaya saatbasaat, günbəgün qocalırdılar.

7 min
İkinci hissə, ikinci fəsil

Ağ dağın başında ötən ildən qalan xarlanmış, qurdlamış qarın üstünə təzə qar yağmışdı, amma ətəklərində yerləşən kəndlərdə, obalarda qızıl payız hökmranlıq eləyirdi. Gündüz havalar mülayim keçsə də, gün əyiləndən sonra soyuyur, gecələr səkilərdə, damlarda yatan adamlar üstlərinə yorğan örtürdülər. Payızın soyuq nəfəsi ağacların saçına daraq çəkmişdi. Qış addım-addım dağların zirvəsindən sürüşüb aşağı enirdi.Sarsıntılı anlar, günlər, dəqiqələr arxada qalmışdı.

5 min
İkinci hissə, üçüncü fəsil

Payızın son günü idi. Duman dağlardan üzüaşağı sallanır, Ədnanın üstünü alırdı. Havadan yağış qoxusu gəlirdi, ara-sıra haralardasa göy guruldayır, uzaqlarda qızılı şimşəklər bulud laylarını yarıb göyləri titrədirdi. Amma güclü yağış əvəzinə çiskin başladı. Sanki payız ömrünün son dəqiqələrini yaşayan qoca kimi ağlayırdı; ürəkdolusu ağlamaq üçün göz yaşı qalmamış qoca kimi...Səbihə əkin yerindən, bağ-bağçadan yığdığı ələf-əncəri islanmasın deyə çardağın altına yığa-yığa Elməddinin o günkü qəti cavabı barədə düşünürdü: «Gedəcəyəm». O, oğlunun xasiyyətini hər kəsdən daha yaxşı bilirdi: ağlına bir şey düşməsin, düşdümü, onu yerinə yetirməyincə rahat olan deyildi. İnadkarlıq, sözündən dönməzlik onun uşaqlıqdan canına-qanına hopmuşdu.

5 min
İkinci hissə, dördüncü fəsil

Çarə tapılmışdı. İndi Elməddini buralarda saxlamaq üçün yalvarıb-yaxarmaq, əl-ayağına düşmək lazım deyildi. Sadəcə olaraq onu evləndirmək gərəkdi. Səbihə yaxşı bilirdi ki, kişilər (hər halda böyük əksəriyyəti) arvadcanlı olur. Elməddin də artıq kişilik həddinə çatmış bir cavandı. Şübhəsiz, onun da belə bir fikri olmamış deyildi. Bundan əlavə, o gün Həzrətgül gedəndən sonra dəsmalının yadından çıxıb qaldığını bəhanə edərək geri qayıdan Nazənin Səbihə arvadın qulağına pıçıldamışdı: «Sənin deyəsən əsl mətləbdən xəbərin yoxdu, xala».«Nə mətləb, qız?»—deyə Səbihə maraqla soruşanda Nazənin qayıdıb cavab vermişdi ki, «hələ Yusif rəhmətlikdəi qabaq Əfsanəni Elməddin istəyirdi. Uşaq açıb-ağartmağa imkan tapmadı, Yusif qabağa düşdü, qızı aldı. Daha bu yazıq da səsini çıxara bilmədi. Bildin, məsələ belə olub. İndi... hazır gəlindi, oturub evində. Uşağın əl-ayağını bir yerə yığ, qoy yaşasınlar... Əfsanə də onu istəyirdi. Hətta siz elçiliyə gələndə biçarə elə bilmişdi ki, onu Elməddin üçün alırsınız».

5 min

Poems by other poets