İkinci hissə, ikinci fəsil
Ağ dağın başında ötən ildən qalan xarlanmış, qurdlamış qarın üstünə təzə qar yağmışdı, amma ətəklərində yerləşən kəndlərdə, obalarda qızıl payız hökmranlıq eləyirdi. Gündüz havalar mülayim keçsə də, gün əyiləndən sonra soyuyur, gecələr səkilərdə, damlarda yatan adamlar üstlərinə yorğan örtürdülər. Payızın soyuq nəfəsi ağacların saçına daraq çəkmişdi. Qış addım-addım dağların zirvəsindən sürüşüb aşağı enirdi.
Sarsıntılı anlar, günlər, dəqiqələr arxada qalmışdı.
Hamıdan çox Elməddin ötüb keçən o dəmləri ürəyinə salıb unuda bilmirdi. O zaman — neçə ay bundan qabaq hadisələr-elə sürətlə, gözlənilmədən baş vermişdi ki, ayrı-ayrılıqda onların heç biri haqqında əməlli-başlı düşünüb daşınmağa belə macal olmamışdı. İndi, zaman keçdikcə, başqaları bu hadisələrdən uzaqlaşdıqca, unutduqca Elməddin təzədən təkrar-təkrar o günlərə qayıdır, hər kiçik şeyi yenidən götür-qoy eləyir, fikrən o çağlarda yaşayırdı. Sanki onun üçün bu gün yox idi, təkcə dünən vardı, macəralı, əzablı-iztirablı keçmiş vardı. Və bu dünən, bu keçmiş onu elə bil müdrikləşdirmiş, böyütmüş, kişiləşdirmişdi. İndi o, ətrafına— anasına, Əfsanəyə, gündə iki-üç dəfə üz-üzə gəldiyi, zahirən sakit, mülayim, rəhmdil, əslində isə Ədnan camaatının hakimi-mütləqi olan qəryədar Qulama, pulu hər şeydən çox istəyən Həzrətgülə ayrı bir nəzərlə baxırdı. İndi o, qardaşı Yusifi də «mühakimə» eləyirdi. Elməddinin fikrincə, Yusif ağılsız adam deyildi; xeyrini-şərini, gəlirini-çıxarını ölçüb-biçəndi. Evin, ailənin xatirinə özünü oda-gözə vurmağa da hazır idi. Ancaq... çox cüzi, mənasız bir şeyin üstündə başını bıçaq altına qoydu. Necə oldu ki, o, düşünüb-daşınmadan hərəkət etdi, əlini insan qanına buladı? Elməddin bu qərara gəlirdi ki, insanda həmişə iki xislət, iki təbiət olur: insanlıq və vəhşilik təbiəti. İnsanın ürəyində bardaş qurub oturmuş vəhşilik özünü çox nadir hallarda göstərir — hirslənəndə, müharibələrdə, çılğınlaşanda, gözünü qan tutanda. Yoxsa insan zatən bu qanlı işlərə əl atmaz.
Budur, Cahan arvadın özü. Hamı onu ağıllı, mehriban bir ana kimi tanıyırdı. Kimin ağlına gələrdi ki, Cahan arvad əlinə xəncər götürüb cəlladsayağı insan başı da kəsmək istəyər. Özü də Yusif kimi bir oğlanın... Çünki vəhşilik hissləri insani duyğuları itələyib yerinə keçmək-istəyir, Cahan arvadı cinayətə sövq eləyirdi.
Elməddin fikirləşirdi—insan ən uca, ən ali, yetkin bir məxluqdur; o, eyni zamanda, ən alçaq, ən rəzil işlər də görməyə qadirdir. Bəli, bir tərəfdən uca, əlçatmaz. O biri tərəfdən də ən alçaq, rəzil, nifrətlərə, layiq. Ayağı çirkablarda, başı ucalıqlarda. Bu fikirlər Elməddini yormuşdu. Unutmaq, bu daxili sorğu-suallardan yaxa qurtarmaq istəyirdi. Lakin bacarmırdı, onun üçün düşünməmək lazım idi, – Elməddin bax, bunu bacarmırdı, bacara bilmirdi. Elməddinin fikri göylərdə, keçmişlərdə nə qədər cövlan eləsə də, axırı yerlərə enir, evin yeganə başıpapaqlısı olduğunu dərk edir, boynuna düşən yeni vəzifələri götür-qoy eləməyə başlayırdı. Bəli, Yusifin ölümündən sonra ailənin bütün yükü, dolanışığı, əkin-biçini, mal-qarası, bazarlığı onun boynuna düşmüşdü. Yusifin sağlığında da işlərin çoxunu o özü görürdü. Yusif necə olsa da arxasında bir dağ kimi dayanmışdı: qayğısı az idi. İndi isə... Elməddinin fikri fürsət düşən kimi, bu sakit, ətalət gətirən guşədən qanad açıb uçmaq, qaynar şəhər həyatına qovuşmaq olmuşdu. Bu arzu onun ürəyinin ən böyük istəklərindən idi. Yusifin sağlığında hərdən yolu balaca vilayət mərkəzinə düşəndə özünü xoşbəxt sayırdı. Bu, hələ vilayət mərkəzi idi. Cəmi bir kinoteatrı, bir xudmani parkı vardı. Üç göy günbəzli məscidi uzaqdan adamın nəzərini cəlb eləyirdi. Hər necə də olsa şəhər idi. Ədnan kəndi deyildi. Elməddin balaca şəhərə baxıb paytaxtı xəyalına gətirir, qilü-qallı küçələrini, parklarını, cah-cəlallı imarətlərini fikrində canlandırır, düşüncəsində işıqlara qərq olmuş bir şəhər yaradırdı. Yusif onu kəndə qaytaranda aqyağının biri gedirdi, biri yox. Ürəyi şəhərdə qalırdı. Neçə gün şəhər havası, xülyası başından çıxmırdı. Sonra yavaş-yavaş hər şey öz adi qaydasına gəlib düşür, Elməddinin başı qəryədar Qulamın yazı-pozusuna, həyət-bacanın işinə qarışırdı.
Bəli, indi isə, yaranmış yeni vəziyyət onun bu arzusunun üstündən rəhmsizcəsinə qələm çəkirdi: şəhərə uzanan yol onun üzünə bağlanırdı; o, anasını, mərhum qardaşının dul qalmış arvadını özü ilə şəhərə apara bilməzdi. Çünki mənzil tapmaq şəhərdə çətin məsələ idi və çoxlu pul tələb eləyirdi. Onları kənddə qoyub getmək də olmazdı. İki başıləçəklini dörd divar arasında kimsəsiz qoyub getməyi öz mənliyinə sığışdıra bilmirdi.
Anası isə iki ayağını bir başmağa dirəyib Elməddini anlamaq nstəmirdi:
– Nə var şəhərdə, ay ömrüm-günüm? — deyirdi. — Ata yurdunu viranmı qoymaq istəyirsən? Səlim kişinin çırağını yandırası bir adam qalıbsa, o da sənsən, canım-ciyərim. O dükanı da yaxşı elədin satdın. Yusifi elə şəhər xaraba əlimizdən almadımı? Ora getməsəydi, çərs-mərs zəhrimarı da çəkməzdi, heç bir şeyin üstündə xalqın uşağını da vurub öldürməzdi, bizi gözüyaşlı qoymazdı! Getmə, bala, şəhərə, şəhər adı tutma mənim yanımda.
Səbihənin yalvarış qarışıq qətiyyətlə söylədiyi bu sözləri Elməddin ağır, ürəyindəki işıqlı arzuları öldürə biləcək bir hökm kimi dinlədi; ala gözlərini qırpmadan, anasının qırışmış sifətinə, dolmuş gözlərinə, ağarmış birçəyinə baxaraq fikrə getdi; onlar ötüb-keçdikcə qabağında oturub cavab gözləyən ana yavaş-yavaş əridi, kiçildi, nəhayət, yox oldu, yerində ondan o tərəfdə işıqları göz qamaşdıran, yaşıllıqlara qərq olmuş şəhər canlandı. Elməddin xəyal aləmindən ayrılanda qənşərindəki anasına baxdı, bədənini soyuq bir rəşə sardı, gözləri alacalandı.. Birdən o, dəli kimi ayağa qalxıb demək olar ki, qışqıra-qışqıra:
– Yox, ana, mən gedəcəyəm, — dedi, — gedəcəyəm, bildin? Ge...də...cəyəm!! — sonra səsini alçaldıb anasını başa salmaq istəyirmiş təki aramla əlavə etdi,—Mən burada qalmaq istəmirəm. Hara baxıram Yusifi görürəm, hər şey mənə onu xatırladır. Evə gəlirəm, Yusifin səsi məni rahat buraxmır; çölə çıxıram, həmçinin. Qəryədar Qulamın yanında işləmək də məni bezikdirib. Onun pambıqla baş kəsməyinə daha dözə bilmirəm.
– Bıy, başıma xeyir, əstəğfürulla de, bala, — Səbihə arvad qəryədar Qulamın barəsində oğlunun indi ucadan söylədiyi səzləri kənar adamların eşidə biləcəyindən ehtiyat edərək qapıya sarı boylanıb əlini ağzına apardı: —Xamuş ol, bala. Eşidib-eləyən olar, bizi bədbəxt eləyərsən. Özün ki bilirsən onun xasiyyətini, sonra bizə göz verər, işıq verməz. Bir də ki, o yazıq sənə pislik eləməyib ha. İş verib, bir tikə çörək sahibi eləyib. Hələ yazıq Yusifin işində nə qədər çalışdı, minnətə getdi. Bu da onun haqqı-sayıdı ki, ovcuna qoyursan? Adamın başının üstündə allah var, oğul.
– Var, var, ana, təki sən deyən olsun,—deyən Elməddin köks ötürərək bayıra çıxdı. Çöldə heç olmasa təmiz, ciyərdolusu udmaq üçün hava vardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-itkin-gelin-ikinci-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Bəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.
IX fəsil...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
X fəsilBəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?
XI fəsilDünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.