IX fəsil
...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.
Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
Ancaq Bəhruz yata bilmirdi, yuxusu ərşə çəkilmişdi. Çırpınan, çapalayan balıq gözünün önündən getmir və hər dəqiqə kişinin qana bulaşmış solğun sifətini nəzərində canlandırırdı. Bəhruz ah çəkdi, çevrildi, çarpayı cırıldadı. Xatirə gözlərini açdı.
– Bəhruz, niyə yatmırsan?
– Heç, elə-belə. Bəs sən niyə yatmırsan?
– Heç, elə-belə...
İkisi də «heç, elə-belə» dedi. Xatirə yaxşı bilirdi ki, Bəhruzun gözünə niyə yuxu getmir. Bəhruz da bilirdi ki, Xatirə niyə yatmır. – Kişidən nigaranam, Xatirə.
– Bax, telefon belə yerdə gərək olur. Adam zəng eləyib bilərdi.
– Bilmirəm niyə bu telefondan hər təzə evə birini qoymurlar? İndi hamıya telefon lazımdır. Ev alandan sonra hamı çalışır ki, telefon çəkdirsin. Həm filan qədər vaxt gedir, həm də... Evə hər şey qoyurlar; su, qaz, hamam... Telefon da qoysalar...
– Onu da qoyacaqlar, Bəhruz.
Sükut oldu, çox keçməmiş ay pəncərənin ağzından çəkilib getdi, otaq qaranlıqlaşdı.
– Yat, Bəhruz...
– Sən də yat, Xatirə...
...Saat ikinin yarısı idi. Otaqda sakitlik hökm sürürdü. Uşaqlar – Sevil və balaca İslam şirin şirin yatmışdı. Sevilin yorğanının ucunda boz pişik başını pəncəsinin üstünə qoyub yuxulamışdı...
Dilaram çarpayıda dizlərini qucaqlayıb oturmuşdu. Saçları dağılmışdı. Dodaqları əsir, sol yanağındakı xal titrəyirdi. Ağlayırdı. Səs-səmirsiz ağlayırdı. Bədbəxt hadisə onu sarsıtmışdı. Cəmi beş-altı saat bundan qabağa qədər o, özünü dünyanın ən xoşbəxt qadını hesab edirdi. Əri, uşaqları, evi-eşiyi, özünə görə səadəti... Başa düşən, gözü-könlü tox qadına bundan artıq nə lazımdı ki? Ancaq görünür tale bunu ona çox gördü. Qədirin başına bu hadisə gəldi və Dilaramı qəmə qərq elədi.
Axşamüstü, Balaxanım zəng eləyəndən yarım saat sonra, o dəhşətli xəbərin ağırlığı altında əzilə-əzilə gəlib xəstəxanaya çıxmışdı.
Qədiri başı sarıqlı, halsız-huşsuz görüb lap çaşmış, nə edəcəyini bilməmişdi. «Can, yaralı bədənüvə qurban olum, Qədir» deyə fəğan etmişdi.
Sultanzadə, həkimlərə xas olan səbir və təmkinlə onu sakitləşdirmiş, ürək-dirək vermişdi. Doktor hadisənin necə olduğunu ona yerli-yataqlı danışmışdı.
Dilaram ürəyi, gözləri ilə bacara bilməmiş, hönkürtü vurub ağlaya-ağlaya həkimdən xahiş etmişdi ki, gecə Qədirin yanında qalmağa icazə versin. Lakin doktor buna qətiyyən razı olmamışdı:
– Get, bacı, sənlik burda bir iş yoxdur, qalsan, özün də narahat olacaqsan, o da.
– Qoy heç olmasa səsini eşidim, doktor, bir kəlmə dindirim, – deyə Dilaram göz yaşları içində boğula-boğula yalvarmışdı.
– İcazə yoxdur, bacı, – deyə Sultanzadə sərt bir hərəkətlə ona etiraz eləmişdi. – Olmaz! Naəlac qalan Dilaram:
– Başına dönüm, doktor, çarə sənə qalıb, bizi başsız qoyma, amanın bir günüdür, balalarıma yazığın gəlsin, doktor, – deyə ağlayıb sıtqamışdı.
– Arxayın ol, bacı, biz çalışacağıq ki, əriniz sağalıb ayağa dursun,
– deyə doktor təsəlli vermişdi. – Elə qorxulu bir şey yoxdur, bacı.
«Qorxulu bir şey yoxdur» – deyə Dilaram həkimin sözünü yenidən xatırladı. – «Necə qorxulu bir şey yoxdur ki, heç Qədir bilmədi mən yanına gəlmişəm. Onun dünyadan xəbəri yox idi. Üz-gözünü qırışdırmışdı. Yəqin canı ağrıyırdı. Ağrıların mənə gəlsin, Qədir!»
Dilaram belə düşündükcə, öz-özünə danışdıqca daha da hövl eləyir, ev-eşiyə sığışmırdı; yuxusu ərşə çəkilmişdi.
Neçə il birgə yaşamışdılar, Dilaram Qədirin nə xəstələndiyini görmüşdü, nə bir yerindən şikayətləndiyini eşitmişdi. Ona görə də, bu evdə ölüm-haqqında əsla düşünən olmamışdı. Dilaramın heç ağlına da gəlməmişdi ki, bir gün ölüm-itim ola bilər, ayrıla bilərlər. Onlar tez-tez xəyala dalaraq gül parçası kimi balalarını böyütmək, hərəsini evli-eşikli görmək barədə düşünmüşdülər.
İndi budur... Ölümün buz kimi soyuq nəfəsi necə də yaxındır. O, necə də gözlənilməz gəldi. Bu qəbir nədir? O qara torpaq nədir elə? Bunlar nə üçün Dilaramın yaşlı gözləri önündən çəkilib getmir?!
Dilaram bu qorxunc və dəhşətli fikirləri özündən kənar etməyə çalışır, ancaq bacarmırdı. Ana ağlayırdı. Elə bu zaman balaca İslam yuxuda gülürdü.
«Dünyadan xəbərsiz balam. Atanın başına nə gəldiyini bilsən gülməzsən belə... Gülməzsən, bala».
...Gecə saat üç idi. Xəstələr yatmışdılar. Qonşu palatada kimsə bərkdən zarıyırdı.
Qədir səsi eşidirdi, ancaq haradan gəldiyini ayırd eləyə bilmirdi. Beynində köhnə, lap köhnə motor uğultusuna bənzər bir səs-küy vardı.
Bura hara idi? Təsəvvür eləyə bilmirdi. Gözlərini açıb baxmaq istədi, bacarmadı; çığırmaq; adamları harayına çağırmaq istədi, dodaqları tərpənmədi, səs ürəyindən qopdu, boğazına gəlib çatmamış haradasa ilişib qaldı.
Soyuq tər bütün bədənini bürüdü. Müdhiş bir fikir ildırım kimi onun düşüncəsini dondurdu:
«Mən ölmüşəm ki!..» Bu üç kəlmə ağır çəkic kimi düz yarasının üstünə üç dəfə dalbadal endi.
Elə bu vaxt o, qolunda kiminsə əlinin təmasını duydu. Həkim Sultanzadə idi. Qədirin nəbzinn yoxlayırdı... Ürək yenə zəif-zəif döyünürdü. O, ehmalca Qədirin qoluna iynə vururdu. Sonra tumboçkanın üstündəki qalın stəkana pambıq salıb onun qurumuş dodaqlarını islatdı.
Qədirin ürəyinə bir sərinlik çökdü...
Sonra həkim ağır xəstələrə baş çəkə-çəkə palataları gəzdi. O, uzun illərdi ki, buna adət eləmişdi. Hər gecə bu hal təkrar olunurdu. Xəstələr dəyişirdi, xəstəxanalar dəyişirdi, ancaq bu adət dəyişmirdi.
Dəhlizdən keçdi. Kabinetə girdi. Şirmanın yuxarısından boylanıb o üzə baxdı. Balaxanım divanın üstündə uzanıb yatmışdı.
Həkim baxdı, baxdı...
«Ağır yaralını buna tapşırmışam. Gör necə də rahat yatıb?! Görəsən gözünə necə yuxu gedir?!»
...Bu gecə gözlərinə yuxu getməyən bir adam da var idi. Mən onun nə adını bilirəm, nə üzünü görmüşəm. Bəlkə də görmüşəm, bəlkə lap maşınına da minmişəm. Lakin tanımıram. Yerini-yurdunu bilmirəm. Ancaq bircə şeyi bilirəm. Bilirəm ki, o, bu gecə səhərəcən yatmayacaq. Həm də tək bu gecəmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-inam-ix-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.
İkinci hissə, yeddinci fəsilNadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»
İkinci hissə, səkkizinci fəsilOrxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:
İkinci hissə, doqquzuncu fəsilİlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».
Poems by other poets
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
در سرم نیست به جز سر تو سودای دگردر دلم نیست به غیر از تو تولای دگر
Nədən olduYeri, göyü insi-cinsi yaradan,Haqq əmir eylədi yer nədən oldu?
Fəqrlə tapdım özümə mən əlacFəqrlə tapdım özümə mən əlac,Qalmadı dərmanə daha ehtiyac.