Bəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:

– Bu gün xəstəxanaya gedəcəksən?

– Hökmən, Xatirə. Yaman nigaranam.

– Hə, get, Bəhruz, bazardan da bir şey alıb apararsan. Sabahda-zadda mən də gedib dəyərəm. Yazıqdı. Bəlkə heç yanına gəlib-gedən yoxdu.

Bəhruz yataq otağına keçib mışıl-mışıl yatan Toğrulun üzündən öpdü, Xatirə ilə xudahafizləşib qaraja getdi.

Maşını işə salıb yola düşdü. Bir reys daş gətirdi. Boşaldıb qayıdanda yolunu xəstəxananın yanından saldı. Maşını bağın böyründə saxlayıb aşağı duşdü. Darvazaya sarı addımladı. Narıngül qarı əvvəlki yerində oturmuşdu. Qarı onu görən kimi gülümsədi.

– Salam, ana! Necəsən?

– Yaxşıyam, bala! – Onun yanları qırışmış gözləri təbəssümdən qıyıldı. – Ömrün uzun olsun.

– Bizim xəstənin halı necədir, ana? Adamından-zaddan gəlib çıxan oldumu barı? Dünən heç özümdə olmamışam ki, evinin adresini öyrənəm, gedəm xəbər verəm.

– Balaxanım xəbər vermişdi, – o, qəbul məntəqəsi səmtə işarə elədi. – Arvadı, qızı, qohumları gəlmişdilər.

– Hə?

Bəhruz xələt alıb yuxarı qalxdı. Geniş, uzun dəhlizə çatıb sola buruldu. İki-üç addım getmişdi ki, qabaqdan çiyninə xələt salmış və oxlov udmuş adam təki dimdik yeriyərək ona sarı gələn Tağını görüb təəccübləndi.

«O burda nə gəzir? Yəqin mənim sözümə inanmayıb. Gəlib yoxlamağa. Nə olar, gəl yoxla. Eh, Tağı, Tağı...» deyə Bəhruz ani olaraq ürəyindən keçirtdi.

Tağı uzaqdan onu görən kimi şit-şit hırıldadı, qollarını geniş açaraq yaxınlaşdı. Bəhruzun heyrətinə, təəccübünə fikir vermədən qucaqlayıb o üzündən-bu üzündən marça-marçla öpdü.

– Ay sənin başına-dönüm, Bəhruz.

– Ay kişi, dayan görüm, nə olub?

– Adə, sən nə yaxşı adam imişsən, Bəhruz. Heç mən indiyəcən bilməmişəm. Pay sənin saqqalın ağarsın. Adə, adam özün tanıtdırar da. Pay sənin!..

Hələ də bir şey anlamayan Bəhruz döyükmüş halda ona baxır və Tağı irəli gəldikcə addım-addım dala çəkilirdi.

– Nə olub, Tağı?

– Adə, tay nə olacaq? Bundan böyük şey istəyirsən olsun? Adə, dünən balniskəyə gətirdiyin adam heç bilirsən kimdi?

– Yox, Tağı!

– Adə, mənim bacımın yoldaşıdı da, Qədirdi də. Pay sənin!..

– Hm. Belə de...

Bəhruz Tağının nəyə görə belə dəridən-qabıqdan çıxdığının, əl-ayağa düşdüyünün səbəbini anladı və elə o an onun dünənki sözlərini xatırladı. İndi dedikləri dünənkinin tam əksi idi. Lakin buna baxmayaraq, onları tamamladı, qabartdı və Tağının bütün ürəyini, iç üzünü açdı. Tağı indi patefon valı idi. Bəhruz – onun bir üzünə dünən qulaq asmışdı. O biri üzünü isə bu gün dinləyirdi. Tağı yenə dil-dil ötürdü:

– Adə, sənin dünən eləmədiyin reysləri də yazacağam, sən öləsən. Buna mənim polnı ixtiyarım var, prorab kimi. Sonra idarənin ümumi yığıncağında sənin bu hərəkətini danışacağam, insanpərvərlik hərəkəti kimi.

– Mənə heç nə lazım deyil, Tağı.

– Pay sənin! Necə heç nə lazım deyil, adə? Sən heç bilirsən mənə nə yaxşılıq eləmisən?

– Mən sənə heç bir yaxşılıq eləməmişəm.

– Pay sənin! Necə eləməmişəm, adə? Götürməsəydin a, qalıb öləcəkdi? Öləcəkdi. Bacım, uşaqları qalacaqdılar başsız? Qalacaqdılar. Bəs onlara kim baxacaqdı, yeməyin-içməyin kim verəcəkdi? Mən. İndi başa düşdün?! Pay sənin. Xi-xi...

«Dəhşət. Üçüncü üzü də varmış bunun. Yaxşısı budur bundan uzaqlaşım. Yoxsa danışdıqca çox şeylər çıxacaq ortalığa»– deyə Bəhruz bir addım geri çəkildi, çimçəşirmiş təki üz-gözünü qırışdırdı və:

– Yaxşı oldu səni tanıdım, – dedi.

– Pay sənin. Adə, bəgəm məni tanımırdın indəyəcən?

– Yox.

– Adə, neçə ildi səninlə bir yerdə işləyirəm, məni tanımırsan?

– İndi tanıdım, Tağı. Lap yaxşı tanıdım!..

– Pay sənin!

Bəhruz onun yanından adladı, keçib palataya girmək istədi.

– Adə, dayan, səni aparım Dilaramnan tanış eləyim.

– Lazım deyil.

Bəhruz iri addımlarla ondan uzaqlaşdı. Ancaq Tağı əl çəkmədi, dabanbasma dalınca gəldi.

Qədirin sifəti elə ağarmışdı ki, üstünə örtülmüş mələfədən seçilmirdi. Bəhruz dünən onu çarpayıda necə görmüşdüsə, eləcə uzanmışdı. Yəqin ki, o dünəndən heç tərpənməmişdi də. Ancaq burun pərələrinin tərpənməsindən bilmək olurdu ki, o sağdır, nəfəs alır.

Bəhruzun tanımadığı bir qadın iki çarpayı arasındakı boz kətilin üstündə oturmuşdu. Gözləri qızarmışdı; ağladığı, yuxusuz qaldığı o dəqiqə nəzərə çarpırdı.

Bəhruz çarpayının başına yenicə çatmışdı ki, Tağı özünü qabağa atıb palatadakı səssizliyi pozdu:

–Dilaram, Qədiri gətirən oğlan budur ey, – dedi. – Mənim işçimdir, Bəhruzdu adı. Bəhruz qanrılıb tərs-tərs ona baxdı:

– Mən sənin işçin yox, idarənin işçisiyəm, Tağı!

Tağı güldü:

– Pay sənin! İdarə kimindir adə, o da bizimdir də.

Bəhruz onunla ağız-ağıza verməyin mənasız, həm də yersiz olduğunu figirləşib hirsini uddu və üzünə xoş bir ifadə verməyə çalışaraq toxtadı.

Dilaram qucağında çırpınan görpəni sakitləşdirib ayağa qalxdı, irəli yeridi, O, elə həyəcanlı idi ki!.. Budur, o adam. O xilaskar qarşısındadır. Ona necə təşəkkür etməli?!

Bəhruz irəli yeridi. Dilaram əlini qabağa uzadıb Bəhruzun iri əlini sıxdı və qəhərli-qəhərli:

– Sağ ol, qardaş! – deyə bildi. – Sağ ol! – Özünü saxlamağa çalışdısa da, bacarmadı, göz yaşları onu boğdu.

–Daha ağlamaq niyə, bacı? – deyə Bəhruz çaşqın halda Dilarama baxdı. – Ağlama, bacı, ağlama.

Dilaram yaylıqla gözlərinin yaşını sildi.

Qadın xəstəni narahat edəcəyindən ehtiyatlanaraq astaca:

– Əyləş, qardaş!–deyə tumboçkanın böyründəki kətili ona göstərdi.

– Yox, oturmayacağam. Elə ayaqüstü gəldim görüm halı necədir – deyə Bəhruz da eyni pıçıltı ilə cavab verdi.

– Ömrün uzun olsun. Zəhmət çəkibsən. İş-güc vaxtı. Doktor hər şeyi mənə danışıb. Çox sağ olun, qardaş.

– Sizə kim xəbər verdi?

– Dünən xəbər verdilər. Elə burdan zəng eləmişdilər.

Bəhruz üzr istəyirmiş kimi:

– Həyatımda birinci dəfədi belə hadisəyə rast gəlirəm. Odur ki, özümü elə itirmişəm ki, heç nə sizi axtarıb tapmaq yadıma düşüb, nə də gedib milis idarəsinə xəbər vermək. İndi bura gələndə fikirləşmişəm ki, gərək elə dünən... – dedi.

– Milisdən dünən gəlmişdilər. Bir də görürəm bir kişi gəlib oturub Qədirin böyründə, əlində də kağız-qələm. Başlayıb sual-cavaba. Dedim ay qardaş, sizə nə lazımdır? Dedi: dannılar. Dedim axı, yazıq heç özündə deyil. Olmaz ki, bir ayrı vaxt gələsən? Bir də, dedim ki, iş olmasın, olandan sonra siz nə eləyəcəksiniz? Burda bir arvad işləyir, o gəlib çıxdı, özünü irəli verib dedi ki, bəs bütün dannılar məndədi...

– Hə, dünən məndən soruşub hamısını, – deyə Bəhruz fikirli-fikirli cavab verdi və dönüb soruşdu: – Yaxşı, vəziyyəti necədir indi?

– Dünəndən gözlərini açmayıb, çağırıram, dinmir. Heç deyəsən... – O yenə doluxsundu. – Ancaq doktor deyir, qorxma...

– Yox, qorxmayın. Sağalacaq inşallah.

Bəhruzla anasının çox səmimi danışdığını görən Sevil ona baxıb gülümsündü. Bəhruz əlinin işarəsi ilə qızı yaxına çağırdı. O gəldi, Bəhruza sığındı. Bəhruz onun qıvrım saçlarını oxşayıb öpdü.

– Sənin adın nədi? – Sevil dinmədi.

– Niyə dinmirsən, dilin yoxdu?

– Var, budaha, – deyə Sevil dilini çıxartdı. Bəhruz da güldü, Dilaram da.

– Qız, ayıbdır. Adam əmiyə dilini göstərməz, – deyə anası Sevilə acıqlandı.

– Hə, yaxşı, indi ki, dilin var, de görək adın nədi?

–Mənim adım Sevildir, əmi.

– Ay bərəkallah, nə yaxşı adın var?!

– Hə, hələ mənim tiatrım da var, əmi. Bəhruz güldü.

– Hansı teatr, Sevil?

–Tiatrım da. Mənim tiatırım. Gəlir deyir ha, qol çək. O da deyir mən də çəkmirəm, hə, o tiatrım. Görübsən? – Bəhruz yenə güldü...

– Hə, görmüşəm, Sevil, Bəs heç demədin sən kimin qızısan?

– Atamın...

– Ay bərəkallah. Bəs atanın adı nədir?

– Atamın adı Qədirdi.

Bəhruz təzədən Sevilin saçlarından öpdü. Sonra ayağa durdu; bayaqdan əlində saxladığı, kağıza bükülmüş limonları tumboçkanın üstünə qoydu.

– Mən işə getməliyəm, mənə...

– Nə əziyyətdir, bu qardaş. Çox sağ olun!..

– ...

– Doğrusu heç bilmirəm sizə necə təşəkkür eləyim. Söz tapa bilmirəm, qardaş!

– Lazım deyil, bacı. Heç nə lazım deyil, – Bəhruz uşaqlara əl edə-edə palatadan çıxdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, dördüncü fəsil

Günortaya az qalırdı. Səhərdən idarədə kabinetinə qapılıb işləyən, Nəcməddinə məxsus müxtəlif şirkətlərin, kombinatların göndərdiyi pul-maliyyə sənədlərini nəzərdən keçirən, yazıb-pozmaqdan biləyi ağrıyan Elməddin qələmi cibinə qoyub kağız-kuğuzu kənara itələdi, bayaq sürücü Əhədullanın gətirdiyi qəzetləri qabağına çəkib mütaliə eləməyə başladı. Əlinə birinci keçən «Sülh» qəzeti oldu.– Hə, Əli Tüğyan möhkəm yazır!—deyə yanında kimsə varmış kimi ucadan söylədi. — Gör nə yaxşı kağız tapıb? Deyəsən, yapon kağızıdı. Bizim ruznamənin kağızından yaxşıdı. Amma heyf ki, belə kağızda çərən-pərən çap eləyir. Özü də az qala hər nömrəsində ən çox öz yazılarını verir. Yəqin yazanı, müəllifi azdı. Neyləsin yazıq?

7 min
İkinci hissə, beşinci fəsil

Əziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.

6 min
İkinci hissə, altıncı fəsil

Gözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...

9 min
İkinci hissə, yeddinci fəsil

Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:

9 min

Poems by other poets