İkinci hissə, beşinci fəsil
Əziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.
Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.
Bəbir son aylar həm atası ilə barışdığına, həm də hələ işıq üzü görməmiş «Nə etmək lazımdır?»ı yazdığına görə çox xürrəm idi. Həvəslənib daha başqa bir əsər üzərində şövqlə işləyirdi.
Ancaq... Məhəmməd Şəfinin şeyx Əhmədin həbs olunması barədə verdiyi xəbər, sonra Elməddinin «Sülh» qəzeti tərəfindən «vurulması » Bəbirin kefinə soğan doğramışdı, pərt eləmişdi onu. Hər ikisi xeyli oturub, yaranmış yeni vəziyyəti müzakirə etmiş, ölçüb-biçmiş, xətti-hərəkəti müəyyənləşdirmişdilər. Belə qərara alınmışdı ki, əvvələn hələlik «Nə etmək lazımdır?» bir neçə nömrə təxirə salınsın; çünki şeyx Əhmədin İstexbarat həbsxanasında özünü necə apardığı barədə əldə heç bir məlumat yox idi, ola bilərdi ki, şeyx cəzalara, işgəncələrə dözməyib ad çəksin, onları izə salmış olsun: məhz buna görə ehtiyatlı olmaq gərəkdi. İkincisi, şeyx Əhmədin dəstəsində olan satqın nəyin bahasına olursa-olsun tapılıb aradan götürülməli idi. Şəfinin əhvalatı eşidən kimi qərara aldığı bu fikri, Bəbir də bəyənmiş, hətta o xaini necə kəşf eləməyin yolunu da müəyyən eləmişdi. O tapılmalı idi, nə kimi məlumatlar verdiyi və bunların öz adamlarına hansı yollarla çatdırıldığı öyrənilməli, sonra isə... aradan götürülməli idi. Qərar belə olmuşdu.
Əməliyyat bu günə təyin edilmişdi. Molla Səxiyə Məhəmməd Şəfi lazımi tapşırıqları şəxsən özü vermişdi, Ziyaülhəqqi də, üç gün əvvəl molla libasında şeyx Əhmədin dəstəsinə qoşmuşdular. Demək bu gün...
...Molla Səxi, camaat məsciddə axşam namazını qılıb qurtarandan sonra, minbərin sağ tərəfindəki hücrəsinə çəkilmişdi. Divardan Məhəmməd peyğəmbərin çərçivəyə salınmış şəkli asılmış, yerə xalça-palaz döşənmişdi.
Molla Səxi hündür döşəkçənin üstündə dizlərini qatlayaraq əyləşmişdi. Saat doqquz tamamda «şagirdləri» yığışıb gəldilər. Səsküylə, danışa-danışa hücrəyə daxil olub hər kəs öz yerində oturdu. Molla Səxi başını qaldırıb əyləşənlərə göz gəzdirdi. Özü ilə iyirmi doqquz nəfər idi. Elə bu zaman kök, boylu-buxunlu təzə molla da səssiz-səmirsiz içəri daxil oldu, lap axırda bardaş qurub oturdu.
Araya sakitlik çökdü, Molla Səxi dikəldi, boğazını arıtlayıb cingiltili gümrah səslə sözə başladı:
– Bu gün həzrət Məhəmməd səllallahu-əleyhüssəlamın həyatını mütaliə eləyəcəyik, — deyib susdu, nəsə fikirləşib ağzını açmaq istəyirdi ki, orta cərgədən bir əl qalxdı:
– Molla Səxi, sizdən çox təvəqqe edirəm, dərsimizə başlamamış bizim bax bu Molla İbrahimlə aramıza düşmüş mübahisəmizi həll eləyin, çünki bunu mən heç cürə başa sala bilmirəm, — deyə ağ saqqalı sinəsinə yayılmış Molla yanındakını — cavan, alnıçapıq kişini göstərdi.
Molla Səxi səbir və təmkinlə:
– Buyur, molla Sübhan, dinləyirəm. O nə məsələdi elə? — dedi.
Molla Sübhan adlanan kişi döşəkçənin üstündə yerini rahatlayıb:
– Biz bilmək istəyirik, həzrət Məhəmməd Aişəyə evlənəndə neçə yaşı vardı, Molla Səxi? — dedi.
Molla Səxi sol əlində oynatdığı təsbehin axırıncı muncuğu ilə çənəsini qaşıyıb cavab verdi:
– Həzrət Məhəmmədin düz əlli dörd sinni var idi, o zaman ki, Aişəni alıb evinə gətirdi. Aişə onda doqquz yaşın içində idi.
Molla Sübhan sevinclə:
– Ay atan rəhmət, molla Səxi, — dedi. — Deməli, həzrət əlli dörd yaşında olanda doqquz yaşlı Aişəni almışdı.
– Bəli, bəli.
Molla Sübhan əlini molla İbrahimin çiyninə qoydu və qalib adam ədasıyla:
– Gördün, molla İbrahim? Eşitdin? — dedi. Sonra üzünü molla Səxiyə çöndərib əlavə etdi:
– Mən deyirəm belədi, bu deyir ki, yox, Məhəmməd peyğəmbər onda çox cavan idi.
– Xeyr, sən düz buyurursan, molla Sübhan... Molla İbrahim yanılır... — Molla Səxi mübahisəni həll edəndən sonra bəlağətlə həzrət Məhəmmədin şərhi-halını şirin-şirin danışmağa başladı. Hücrədə sakitlik idi. Heç kəs cınqırını belə çıxarmırdı.
Nəhayət, Molla Səxi sözünə xitam verdi, sorğuları aydınlaşdırdı, dərsin qurtardığını elan etdi. Camaat durub getmək istəyəndə o, əlini yuxarı qaldırdı:
– Az qala yadımdan çıxmışdı... əyləşin, əyləşin! Xamuş!..
Hamı bir nəfər kimi öz yerində oturdu. Molla Səxi məclisə göz gəzdirib:
– Bizim möhtərəm şeyximiz, — Allah onun işinə fərac versin, — məhbəsdə bir yuxu görüb...
– Nə yuxu, ağa? — deyə kimsə xəbər aldıqda Molla Səxi əlini yuxarı qaldırdı:
– İndi deyəcəyəm. Ancaq əvvəlcə sizin hamınızdan xahiş və tələb eləyirəm: çıxardın əmmamələrinizi. Əvvəlcə hamı bir-birinin üzünə baxdı.
– Çıxardın, çıxardın, — deyə Molla Səxi təkid edəndə otuz əl otuz başdan otuz əmmamə çıxartdı.
– Çıxartdınız?
– Bəli.
– İndi açın əmmamələri... Otuz əl otuz əmmaməni açdı!
– Açdınız?
– Bəli.
– Hə, indn bağlayın əmmamələrinizi. Molla Səxi nəzər saldı. Oturanlar dizini irəli uzadıb əmmamənin parçasını ona doladı və başına qoydu. Bunun üçün heç bircə dəqiqə də vaxt getmədi. Lakin molla Səxi arxada oturan təzə molla ilə onun yanında əyləşən molla Qasımın çaşıb qaldığını görəndə gözləri heyrətdən böyüdü: Molla Qasım ha əlləşirdisə əmmamənin dolağını bağlaya bilmir, gözaltı böyründə oturanın əlinə fikir verib öyrənmək istəyirdi, ancaq o, bu işi elə sürətlə eləmişdi ki, heç əlini də görə bilməmişdi. Məsələ aydın idi... «Molla» Ziyaülhəqqlə molla Qasım əsl ruhani deyildi, hətta əmmaməni bağlamağı da bilmirdi. Molla Qasım təşvişə düşmüşdü, rəngi ağarmışdı.
Molla Səxi ürəyində coşub-daşan kini, küdurəti boğmağa çalışaraq aramla söylədi:
– Demək, belə... Sizin aranızda iki nəfər əmmamə bağlamağı bacarmır. Şeyx ƏHməd də elə bunu yuxuda görmüşdü. — Sonra üzünü o iki nəfərə tutdu, — Molla Qasım, sən, bir də sən, — Ziyaülhəqqin adını çəkmədi, — qalın. Siz isə gedə bilərsiniz, camaat. Mən gərək onlara əmmamə bağlamağı öyrədəm!..
Hamı çıxıb getdi. Molla Qasımı elə bil yerə yapışdırmışdılar, tərpənə bilmirdi. Təzə molla — Ziyaülhəqq Molla Səxiyə baxıb qımışırdı. Molla Səxi isə çaşqın halda idi. Bilmirdi sevinsin, ya bu dəqiqə məzlum cildinə girib onu aldatmış, bu ikiüzlü, satqın adamın üstünə atılıb didim-didim eləsin. Demək, düşmən lap ocaq başında imiş, onunla bir damın altında yaşayırmış, bir süfrədə çörək kəsirmiş. Amma molla Səxi Məhəmməd Şəfinin ağlına, zəkasına heyran qalmışdı elə indicə. Əhvalatı eşidən kimi o, bu molla Qasımdan şübhələnməmişdimi? Hər halda Səxinin şadlığı təəssüfünə üstün gəldi. Və o, rişxəndlə:
– Ay pedər lənət, bəs əmmamə bağlaya bilmirdin, gecə-gündüz yanımda idin, niyə məndən öyrənmirdin?—dedi. Ziyaülhəqq qəzəblə gülümsündü:
– Eybi yoxdu, molla. Mən ona öyrədərəm əmmaməni necə bağlamaq lazımdı.
Molla Qasım yaxşı tanımadığı bu adama çəpəki nəzər saldı və zəif, qorxu dolu səslə:
– Heç sən özün də bilmirsən, ağa. Mənə necə öyrədəcəksən? — dedikdə Ziyaülhəqq qalxdı, onun yaxasını əlinə keçirib üzünə taraz bir şillə çəkdi:
– Öyrədəcəyəm səni, satqın! — dedi. Şillə tapança gülləsi kimi günbəzdə əks-səda verdi.
– Ağa, başına dönüm...
– Kəs səsini, alçaq! — deyə o, arxa cibində gəzdirdiyi balaca, işıqda par-par parıldayan tapançanı onun alnına söykəyib:—Dur gedək. Səsini çıxartsan, qaçmaq istəsən, yerindəcə güllələyəcəyəm, — dedi. — Molla Səxi, sən qabağa düş, bu sənin dalınca gəlsin... Səssiz, küysüz...
Molla Səxi hücrədən çıxdı. Məscidin həyətindən, hovuzun yanından keçdilər. Yolun kənarında qara bir maşın dayanmışdı. Qapı açıldı. Molla Səxi kənara çəkildi.
Ziyaülhəqq Qasımın qolundan tutub içəri saldı. Özü də yanında oturdu. Maşın gurultu ilə yerindən tərpəndikdə Molla Səxi titrək əlini saqqalına çəkib salavat çevirdi və Qasım qabağında imiş kimi üzünə tüpürdü: — Tfu, sattın!..
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-ikinci-hisse-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
– Məleykə, ay Məleykə!Yan otaqdan Məleykə cavab verdi:
Birinci hissə, on üçüncü fəsilDünya cənnətə düşmüşdü. Hər şey gözünü oxşayır, ürəyini sonsuz bir fərəh hissi doldururdu: ev canlı muzey idi. Səkkiz otaq dünyanın nadir əşya və şəkilləri ilə elə zövqlə bəzənmişdi ki, baxdıqca doymaq olmurdu, duyğularını, əsəblərini dincəldirdi. Vaxt ötüb-keçdikcə Dünya, nəhayət taleyinin üzünə həmişəlik güldüyünü tam aydınlığı ilə dərk edir, sevincindən yerə-göyə sığışmır, günbəgün qəşəngləşir, gül kimi açılırdı. Lakin bu səadətli günlər çox çəkmədi. Haradansa lənətə gəlmiş bir fikir axıb ürəyinə doldu və bəxtiyarlıq içində xumarlanan, nazlanan Dünyanın xoşbəxtliyinin üstünə gizli su çiləməyə başladı, onun qəlbini sıxdı, gözlərinə kədər kölgəsi saldı. Ona heç kəs güldən ağır söz deməmişdi bu evdə, kimsə xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi. Ancaq o, pərişan olmuşdu. Səbəbini isə özündən başqa heç kim bilmirdi. Əslində bu qorxu, pərişanlığın səbəbi özünə də tam aydın deyildi. Lakin ağıllı, uzaqgörən, həssas bir qadın olan Dünya tutqun, dumanlı şəkildə anlayırdı ki, onun bu bəxtiyarlığı əbədi deyil, tez keçib-gedəcək və başına sonralar olmazın müsibətlər gələcək. Anlayırdı və qorxurdu. Onu düşüncələrə qərq eləyən, gözlərinə yol çəkdirən də elə bu qorxu idi. Dünya düşünməyə başlamışdı ki, Nəcməddin qoca kişidir, ömrünün çoxu gedib azı qalıb, beş gündən, beş aydan, uzaqbaşı beş ildən sonra dünyadan köçüb gedəcək, o zaman Dünyanın qolundan tutub atacaqlar bayıra bu cənnətdən. Onun burda heç nəyə haqqı çatmayacaq — necə gəlmişdisə, eləcə də çıxıb getməli olacaqdı. O dəhşətli günü gözünün qabağına gətirdikcə, xəyalında canlandırdıqca yazıq varından yox olur, əhvalı pozulur, yuxusu ərşə çəkilir, tikəsi boğazında qalırdı.Nəcməddin onunla kəbin kəsdirməmişdi, Dünya neçə dəfə işarə eləmişdisə də, kişi özünü o yerə qoymamış, nəhayət bir dəfə qəti fikrini bildirmişdi:
Birinci hissə, on dördüncü fəsilDünya öz «fikri xəyanətin»dən utanırdı. Qəlbində hərdən özünə nifrət də eləyirdi. «Yox, ola bilməz. Lazım deyil. Nəcməddin yazıqdı, onu heç kəs bilməsə belə sındırmaq, şərəfini kiminsə ayaqları altına atmaq ən azı insafsızlıqdı. Gör o məni necə sevir, ilahi? Belə sevən adama xəyanət eləmək? Allah adama qəzəb eləyər, qəzəb eləyər» — deyə-deyə ürəyində doğan, getdikcə kök atıb rişələnən bəd fikirləri qovmaq, taleyi ilə, qisməti ilə barışıb oturmaq istəyirdi. Ancaq elə o an başqa bir duyğu — öz gələcəyiin qorxusu hissi dil çıxardıb Dünyanın qulağına ayrı şeylər pıçıldayır, nəyin bahasına olursa-olsun, bu isti, zəngin ocağın başında yerini-yurdunu möhkəmləndirmək zərurətindən danışır, onu çaşqın bir vəziyyətdə qoyurdu....Gün günortadan əyilmişdi. İlıq yaz günəşi, qışın soyuğundan sonra adamın canını xoş bir gizilti ilə qızdırırdı. Göyərçinlər, toyuq-cücə həyətdə gəzişir, dənlənir, qığıldaşırdılar.
Birinci hissə, on beşinci fəsilBalaca, ağ rəngli, uzaqdan tısbağaya oxşayan «Folksvagen» maşını beton döşənmiş yolda şütüyürdü. Hərəkət azdı, tək-tük maşınlar gəlib keçirdi.İçəridə iki nəfər oturmuşdu. Zərrintac sükan arxasında, Elməddin isə onun yanında. Tələsmirdilər; qız arxayın-arxayın, danışa-danışa maşını idarə edir, Elməddin isə onun sərbəst hərəkətlərinə, cəldliyinə tamaşa eləyirdi.