İkinci hissə, səkkizinci fəsil
Orxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..
İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:
– Mənəm, Gülmirə! Salam!.. Necəsən?
– Orxan?
– Bəli, mənəm.
– Xoş gəlibsən, necəsən, yaxşısan?
– Hə, bəs sən?
– Mən də yaxşıyam.
– Haçan gəlmisən?
– Bu gün səhər.
– Səfərin necə keçdi, Orxan?
– Belə... Yeni bir şey yox idi, hamısı köhnə materiallar idi.
– Onda demək havayı..
– Hə, Gülmirə, lap havayı, havayıdan da havayı! Həm dövlətin filan qədər pulu getdi, həm də mənim qızıl kimi vaxtım. Yaxşı, işlərin necədir?
– Pis deyil. Sənin teleqramını aldım. Çox sevindim. Sağ ol. Mənə xoşbəxtlik arzulamışdın...
– Hə... Mən...
– Nədənsə sənə elə gəlir ki, mən xoşbəxt deyiləm, Orxan?
—…
– Elədimi?
– Sən necə, məni xoşbəxt sanırsan?
– Xoşbəxtlərin xoşbəxti, Orxan!..
– Yox, səhv eləyirsən, Gülü... Mən brilyant qaşı itmiş bir üzüyə oxşayıram. Mənim həyatımın bəzəyi yoxdur, daha doğrusu var, ancaq məndən çox uzaqdadır.
– Eh, Orxan, Orxan. Sən məni həmişə kədərləndirirsən. Elə danışırsan ki, çox zaman öz dərd-sərimi unudub sənin haqqında düşünməli oluram.
– Sən çox vaxt mənim haqqımda düşünməli olursan, ancaq mən.. mən həmişə sənin haqqında düşünürəm, Gülü!
Bu telefon söhbəti Orxanı yamanca sevindirmişdi. O, az qala ağlayacaqdı da. Elə bil, Gülmirə onun hisslərini tam aydınlığı ilə başa düşür və hətta halına da acıyırdı. Bu onun nigaran, narahat ürəyini xeyli toxtadırdı. Orxana elə gəlirdi ki, bu qəribə sevgidə heç bir təmənnası yoxdur, Gülmirə onun ürək dostu olsun, onu başa düşsün, dəlicəsinə sevdiyini bilsin; bu, Orxanın da, Gülmirənin də həyatını gözəlləşdirər, o zaman hər ikisi özünü xoşbəxt sana bilər.
Axşamüstü hava sərinləyəndə Orxan şəhərə çıxdı. Sahil küçəsi ilə addımlayırdı. Dənizdən meh əsirdi. Hər şey — bu küçə də, o yaşıl ağaclar da, qabağına çıxan tanımadığı adamlar da ona doğma gəlirdi. Bu dəqiqə Orxan sevincin qanadlarında əziz şəhərin tanış küçələrini gəzmək, hər yerə baş vurub ürəkdolusu: «Salam, a doğma yerlər!» demək istəyirdi.
Dənizə tərəf burulmaq istəyirdi ki, yanında bir «Volqa» dayandı. Ayaq saxlayıb baxdı. Professor başını pəncərədən irəli uzadıb onu çağırdı:
– Orxan, ay Orxan!
– Salam, professor!— deyə Orxan maşına yaxınlaşanda Salman əyilib qabaq qapını açdı.
– Min!
– Çox sağ olun, professor.
– Min, min. Bir az hərlənək. Mən də gəzməyə çıxmışam, həm söhbət elə, görək necə getdin, necə gəldin.
Orxan özünü içəri saldı, maşın tərpəndi. Küçədə maşın çoxdu, hərəkət çətindi. Professor seyrəkliyə çıxanacan danışmadı. Orxan isə çaşdırmasın deyə bir şey deyib onun diqqətini yayındırmaq istəmədi. Salman maşının aynasından Orxana göz qoyur, ürəyində fikirləşirdi: «Hə, ezamiyyətdən gələn oğlanın kefi necədir, görəsən?»
Genişliyə çıxandan sonra Orxan xəbər aldı:
– Uşaqlar necədirlər, professor?
– Yaxşıdırlar. Sən özündən danış görək, necə getdin, necə gəldin?
Orxan necə gedib, necə gəldiyini yerli-yataqlı danışdı, heç bir şey tapmadığını, əliboş qayıtdığını söyləyəndə professor heyrətlə dedi:
– Elə şey olmaz, canım!..
– Elədir ki, var. Heç nə yoxdur. Sizin nişan verdiyiniz adamı da axtardım, o da tapılmadı.
– Görürsən?.. Yəqin harasa çıxıb gedib. O da həmişə elə səfərdə olur.
– Yox, dedilər, heç bizdə belə adam işləmir.
– Elə şey olmaz, canım!..
– Təəssüf ki, belədir.
Professorun danışığı, təəccübləri elə yerində və təbii idi ki, Orxan əliboş gəldiyi üçün onun möhkəm heyfsiləndiyinə inandı.
– Yox, burda nəsə bir anlaşılmazlıq var. Yox, sən, görünür, arxivləri yaxşı-yaxşı axtarmamısan, ya o adam yerini səhv deyib. Ay sənin saqqalın ağarsın, Abduladze, həlbət səni görərəm.
– Arxivləri lap yaxşı axtardım, professor.
– Mənə elə gəlir ki, — deyə professor tutqun-tutqun səsini qaldırdı — yaxşı axtarmamısan. Tək sən yox, ümumiyyətlə, bizim cavan elmi işçilər arxivdə işləməyi sevmirlər. Halbuki, mənim aləmimdə tədqiqatın gözəlliyi elə o arxivdə qurdalanmaq yüz ilin, əlli ilin sənədlərini qaldırıb baxmaqdır. Elmi işçi gərək arxiv tozu udmaqdan qorxmasın.
– Professor...
– Heyf, səd heyf!.. Mən sənə inandım, dedim, əliboş gəlməzsən, yoxsa özüm gedərdim. Çarə yoxdu, gərək özüm gedəm.
– Nahaqdı, professor, mən bu qədər vaxtı itirdim, siz də...
– Yox, mən o qədər vaxt itirmərəm, özü də tapıb gətirərəm.
Orxan professorun üzünə baxırdı. O bu sözləri qətiyyətlə deyirdi. Orxan qorxu hissi ilə düşündü ki, əgər o özü gedib həmin materialları tapıb gətirsə, biabırçılıq olacaq. Deyəcək, getdi, yarıtmadı. Sonra gəl indi bunun cavabını ver. Toyda da deyəcək, yasda da.
– Nə isə, sən məni lap məyus elədin, — deyə Salman ah çəkdi.
– Mən lap dilxor olmuşam, professor. İşimin bu məqamında, hər dəqiqənin mənim üçün qiymətli olduğu bir zamanda iyirmi beş gün vaxt itirdim, yadıma düşəndə təpəmdən tüstü çıxır. Mirzə Cəlilin yubileyi lap yaxınlaşır.
Professorun dili:
– Hə, ordan da geri düşdün.
Professorun ürəyi:
«Sənin üçün hələ bu da azdır, nankor adam. Sənin başına bir oyun açım ki, özün də afərin deyəsən!..».
Asfalt üzərində şütüyən maşının yan pəncərəsindən içəri dolan yel Orxanın üz-gözünü oxşayır, professorun sıx, dən düşmüş saçlarını dalğalandırırdı.
Professor əlini irəli uzadıb maşının radioqəbuledicisini açdı. Konsert varmış, müğənni sonuncu nəğməni oxuyub susdu. Sonra diktor son xəbərləri oxumağa başladı. Xəbərin birində deyilirdi ki, dünən yaradıcılıq təşkilatının plenumu olmuşdur.
– Plenum olub?— deyə Orxan maraqla soruşdu.
– Bəli, çox maraqlı bir plenum oldu. Tənqid, özünütənqid, işgüzarlıq, səmimi yaradıcılıq söhbəti, — deyə plenumda şəxsən iştirak eləyən Salman öz təəssüratını danışdı...
Dünən saat onda professor iclas salonunun qabaq cərgələrindən birində oturmuşdu. Dramaturgiya haqqında söhbət eləyən natiqə qulaq asdıqca Orxan yadına düşür, fikirləşirdi. Bir dəfə ona elə gəldi ki, natiq tribunadan harasa getdi, yerində Orxan göründü, sərrast, kağızakuğuza baxmadan danışmağa başladı. Salman gözlərini iki-üç dəfə açıb-yumandan sonra Orxan harasa yoxa çıxdı. Salman rahat nəfəs aldı...
Professor maşını saxladı.
– Orxan, gedək, qonağımız ol. Yaxşı dovğa bişiriblər. Gedək...
– Yox, sağ olun, professor, işim var, getməliyəm.
Orxan maşından düşdü.
– Səhər görüşərik,— deyə professor əlini havada yellədi.
– İdarədə! — deyə Orxan gülə-gülə ona cavab verdi. Professorun dili:
– Gözləyirəm, bir yanıma gəl, görək əsərini neyləyirik. Vaxt keçir, yubandırmaq olmaz.
Professorun ürəyi:
«Sənin kimisinin başını pambıqla kəsmək lazımdır, yaramaz adam!..»
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Havalar tez-tez dəyişir; gah istidən adamın nəfəsi qaralır, gah elə sərin düşürdü ki, istər-istəməz pencəyi geyinməli olurdun. Qızmar yay günəşinin altında bərq vurub gümüş kimi parlayan Xəzərin və bürküdən nəfəsi tıncıxan şəhərin başı üzərinə nəhəng, ucu-bucağı görünməyən bulud çətir tutdu, hər yeri tutqun bir kölgə bürüdü. Elə bil, hava da azca soyudu. Aralıq otaqda, üstündə qara telefon aparatı olan mizin arxasında oturan pırpız saçlı katibə qız kimin üçünsə yazıb hazırladığı ezamiyyə vərəqəsini qeyd dəftərçəsinin arasına qoyub pəncərədən qaralmış göylərə baxdı və qeyri-iradi düşündü: «Günortadan o qədər də çox keçməyib, amma elə bil axşamçağıdı hava...» Telefonun cingiltili səsi onun fikrini qırdı. O, uzun, manikürlü dırnaqları olan əlini könülsüz halda dəstəyə uzadıb cır səslə dilləndi:– Bəli, institutdu... Akademik Aslanzadə? Bəli, burdadı... «Bilik» cəmiyyətinin iclasına ?.. Haçandı?.. Yaxşı, çatdıraram. Sağ olun.
Birinci hissə, on beşinci fəsilGülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. «Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar», — deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu...Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı...
Birinci hissə, on altıncı fəsilBaşı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:– İndi çox təcili işim var, prezident çağırıb,— deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.
Birinci hissə, on yeddinci fəsilGülmirə professorun kabinetindən çıxanda artıq axşam düşmüşdü: içəridə, Salman Qurbanzadə ilə üzbəüz oturub onun tələm-tələsik diktə elədiyi sözləri təntiyə-təntiyə yazdığından, bu gözlənilməz təklifin əsil mahiyyətini anlamadığı üçün xəyalında min yerə at çapdığından qız yamanca həyəcanlanmışdı, deyəsən hələ tərləmişdi də. Yaz axşamının yüngül mehi alnında, yanaqlarında gəzdikcə bədənini sərinlədir, bayaqdan naməlum hisslər əlində çırpınan ürəyini toxtadırdı.Kommunist küçəsi ilə azca üzüyuxarı qalxmışdı ki, qeyri-iradi dönüb institutun pəncərələrinə nəzər saldı: Salman Qurbanzadənin dördüncü mərtəbədə yerləşən otağından hələ də işıq gəlirdi, azacıq o tərəfdə, içəri şəhərin qala divarlarının iri «daş dişləri» alaqaranlıq içində güclə seçilirdi. Gülmirə küçədə olsa da, o, işıq gələn pəncərənin arxasında, pardaxlanmış mizin dalında oturub işgüzar bir görkəmlə nə isə yazıb-pozan, əlini iri alnına qoyub tez-tez xəyala dalan Salman Qurbanzadəni təsəvvürünün gözləri ilə görür və Gülmirədə— elm aləminə təzə qədəm qoymuş, onun enişləri-yoxuşları, çəkişmələribərkişmələri, büdrəmələri, yüksəlişləri barədə tam təsəvvürü olmayan, ancaq hələlik zahiri parıltılarını, şan-şöhrətini, gurultu ilə səslənən «elmlər namizədi», «elmlər doktoru», «professor», «akademik» kimi ibarələrin doğurduğu məstedici həzzi uzaqdan-uzağa duyan Gülmirədə professor Salman Qurbanzadənin qeyri-adiliyi, nadirliyi, qadirliyi barədəki fikirlər getdikcə qüvvətlənir və gözlərini qamaşdırırdı. O, bir uşaq sadəlövhlüyü ilə atasının belə bir dostu olması ilə fəxr edir, küçəyə sığışmırdı. Onun nəzərində institutda işlədiyi bu iki-üç il ərzində Salman doğrudan da özünü çox, lap çox ucaltmağa nail olmuşdu — adicə laborant idi Gülmirə, beş ay keçməmiş kiçik elmi işçi keçirtmişdi, mövzu vermişdi, indi də elmi əsərinin vəziyyəti ilə maraqlanır, hətta vaxtilə özünün kəşf etdiyi Füzuli avtoqrafını da könüllü surətdə onun adına çap elətdirmək istəyirdi. Hələ bu nə idi ki, professor Gülmirənin tənbəlliyini bildiyi üçün bu çox vacib işi təxirə salmamaq, başqalarının, məsələn Cəfərin həmin məsələdə qabağa düşməyinin qarşısını almaq xatirinə, məqalənin mətnini də özü diktə eləmiş, yazdırmışdı, Bu yaxşılıq deyildi, bəs nə idi? Kim kim üçün belə edərdi? Heç kəs! «Nadirə mənim xatirimi — özünün dediyinə görə — kiçik bacı kimi çox istəyir. Ancaq o belə eləməzdi. Yox, eləməzdi. O, elə tələb eləməyi bilir, bir partkom kimi ancaq tələb eləməyi bilir. İşləmək lazımdır! Vəssalam, onun sənə qayğısı bundan ibarətdir. Amma Salman əmim... Yoxdur ondan, bir dənədir Salman əmimdən»—deyə Gülmirə ailəvi yaxın olduğu bu ər-arvadı fikrən müqayisə edirdi, istər-istəməz və belə müqayisələr zamanı öz «yaxşılığı», «xeyirxahlığı» ilə Salman onu—arvadı Nadirəni həmişə kölgədə qoyurdu. Gülmirə özünü Salmanla güclü hesab edirdi. Son günlər isə o, Orxanın «əyani» köməyini görəndən sonra büsbütün arxayınlaşmış, keçəcəkdə çətin, dolaşıq, basırıq yollarda həmişə onun üçün yaşıl işıq yanacağını düşünüb rahatlanmış, indiyə qədər qəlbini üzən ümidsizlikdən, inamsızlıqdan yaxasını qurtarmışdı. Demək, iki nəhəng — elmin iki böyük nəhəngi onun arxasında dayanmışdı. Orxan ona dəlicəsinə vurulmuşdu, düzdü, ürəyini hələ açmamışdı, güman ki, heç aça da bilməyəcəkdi— ancaq o bu məhəbbəti xatirinə Gülmirənin bir sözünü iki eləməzdi, deməmiş belə onun «əsərlərini» yazardı — özü də tək birini yox, ömrü boyu yazardı, özü üçün yazmasaydı da, Gülmirə üçün yazardı. Orxanın dilsiz baxışları, yana-yana köks ötürməsi, son yazısını aparıb təzədən yazması və o gün də «mən sirr saxlamağı bacaran oğlanam!»— deməsi bu fikri ona möhkəmcə təlqin eləmişdi. Orxan bu münasibətilə, bu məhəbbəti ilə Gülmirə üçün son dərəcə maraqlı, oxunmamış, ləzzəti bihuşedici bir romana bənzəyirdi və cavan gəlini öz şirinliyi ilə hər gün bir az özünə cəlb eləyirdi. Gülmirə təmkinli, ağıllı olsa da, bu şirinlikdən, o həzzdən imtina edə biləcəkdimi?..
Poems by other poets
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.
Sən elə bir vaxtda rast gəldin mənə...Sən elə bir vaxtda rast gəldin mənə,Qurumuş bulağam, bulanmış suyam...
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.