Çarə tapılmışdı. İndi Elməddini buralarda saxlamaq üçün yalvarıb-yaxarmaq, əl-ayağına düşmək lazım deyildi. Sadəcə olaraq onu evləndirmək gərəkdi. Səbihə yaxşı bilirdi ki, kişilər (hər halda böyük əksəriyyəti) arvadcanlı olur. Elməddin də artıq kişilik həddinə çatmış bir cavandı. Şübhəsiz, onun da belə bir fikri olmamış deyildi. Bundan əlavə, o gün Həzrətgül gedəndən sonra dəsmalının yadından çıxıb qaldığını bəhanə edərək geri qayıdan Nazənin Səbihə arvadın qulağına pıçıldamışdı: «Sənin deyəsən əsl mətləbdən xəbərin yoxdu, xala».

«Nə mətləb, qız?»—deyə Səbihə maraqla soruşanda Nazənin qayıdıb cavab vermişdi ki, «hələ Yusif rəhmətlikdəi qabaq Əfsanəni Elməddin istəyirdi. Uşaq açıb-ağartmağa imkan tapmadı, Yusif qabağa düşdü, qızı aldı. Daha bu yazıq da səsini çıxara bilmədi. Bildin, məsələ belə olub. İndi... hazır gəlindi, oturub evində. Uşağın əl-ayağını bir yerə yığ, qoy yaşasınlar... Əfsanə də onu istəyirdi. Hətta siz elçiliyə gələndə biçarə elə bilmişdi ki, onu Elməddin üçün alırsınız».

– «Həə?» — deyə təzə xəbəri eşidən ana ağlamsınmışdı.

Səbihə arvad o gündən oğluna, gəlininə, onların oturuşuna fikir verməyə başlamışdı. Onun oğluna yazığı gəlirdi. «Arzusu-muradı ürəyində-gözündə qalan balam» — deyə özlüyündə Elməddinin boyunu oxşayırdı. Lakin ana nə oğlunun, nə də gəlinin hərəkətlərində qeyri-adi bir şey hiss eləmirdi. Elməddin ümumən az danışırdı. İşə gedib-gəlir, əlinə düşən kitabı, qəzeti oxuyur, həyət-bacada qurdalanırdı.

Ana gəlinin iş-kücünə fikir verə-verə düşünürdü: «Sən demə, arada uzun həngamə varmış. Oğlum Əfsanəni istəyirmiş. Deyirəm axı. Yusif evlənəndən sonra uşaq ev-eşiyə sığışmırdı, xəstə adam kimi gündən-günə solub-saralırdı. Dərdi varmış uşaqcığazımın... Soruşuram da, heç nə demir. Mən də dünyadan bixəbər. Nə bilim, mən canıyanmış, hardan bilim? Yox, daha Əfsanəni heç yerə buraxmaram. Hazır gəlindi oturub evimdə. Bir oğlum ölüb, o biri ki, şükür allaha, sağdı. Qoy ili çıxsın Yusifin, kəbinlərini kəsdirərəm. Başqasını almalıdı bu uşaq, ya yox? Buna filan qədər pul lazımdı. Hardan tapacağam? Olan-qalanımızı yığıb verdik Həzrətgülə. Yasa hələ nə qədər getdi. Qoymaram su sonası kimi gəlin başqasının çırağını yandırsın. Allahın əmri, peyğəmbərin buyruğudur: «qardaş öldüsə, o biri qardaş onun övrətini ala bilər». Səbihə arvad indi bu izdivacı əsaslandırmaq üçün söykənəcək axtarırdı. Belə bir söykənəcək isə vardı. «İslam-şərifin qanuni-müqəddəsi buna icazə verir və bizim yerlərdə də bu rəvacdır».

Qəti qərara gəlmiş Səbihə arvad həyətdə toyuq hininin ağzını bağlayan Əfsanəni yanına çağırdı:

– Gəl otur yanımda, bala,—deyə həmişə, hay-küylə danışan arvad, bu dəfə mehriban, mülayim bir ədayla sözə başladı.—Sənə sözüm var, qızım.

Əfsanə gəlib oturanda Səbihə neçə saniyə heç nə demədən gəlinin ağ üzünə, yaraşıqlı gərdəninə, qabarıq-qalxmış sinəsinə diqqətlə baxıb fikrən onun çox gözəl olduğunu bir daha təsdiqləyib boğazını kişi kimi arıdaraq sözə başladı:

– Yusif mənim oğlum idi, sənin ərin. Mənim ağılsızlığım ucundan balam əlimdən getdi və bizim hamımızı cigərxun elədi. Amma atalar deyib ki, ölənlə ölmək olmaz, yaşayanla yaşamaq lazımdı. Sən də cavansan. Sənin hələ nə yaşın var? Ömrün, cavanlığın hələ qabaqdadır. Bu sinnində dul qalmaq, saçının birini ağ, birini qara hörmək müşkül işdi, qızım. Bu, Allah-taalanın qoyduğu qanunlara da müğayirdi. Ona görə Məhəmməd səllalahüəleyhüsəlamın gözəl şəriətində deyilir ki, hər kəs dul qalmış zənən xeylağının başmağını çevirib ərə getməsinə icazə verməsə, o dünyada yeri cəhənnəmdi. Hə, lap elə-belə yazılıb Qurani-şərifdə.

Əfsanə çiynindən dizinin üstünə düşmüş saçının ucunu didişdirə-didişdirə:

– Yox, xala, mən Yusifdən sonra... heç kəsə ərə getmək istəmirəm, — dedi.

– Sağ ol, qızım. Mən səndən bundan başqa bir cavab eşitməyəcəyimə inanırdım. Ancaq mən sənə özgə adama ərə-getməyi təklif eləmirəm ki...

Əfsanənin ürəyi çırpındı. Arvadın mətləbini anladı, qızardı. Lakin dinmədi, söhbətin dalını gözlədi.

– Deyirəm, Elməddinin də əl-ayağını bir yerə yığmaq vaxtıdır.

– …

– Daha vaxtı çatıb uşağın. Özü də «şəhər-şəhər» deyib durur. O getsə, biz — səninlə mən bu damın altında tək qalacağıq. Bu bizim üçün çox müşkül olar, balaBaşa düşürsən nə deyirəm, qızım?

– …

Əfsanə mızıldandı:

– Mən demirəm ki, pis oğlandı.

– Kimin qızından yapışsa, göydə verərlər. Nədən ki, ağıllı, huşdu-guşdudu. Oxumuşdu. Qəryədə də izzəti-hörməti. Amma istəmirəm ki, mənim ocağımın başında başqası otursun. Sən öz evimin uşağısan. Xasiyyətin, iş-gücün, səliqə-səhmanın xoşuma gəlir. İstəmirəm ki, bir də sən Həzrətgülün qoltuğuna sığınasan, ya başqa birisinin çırağını yandırasan. Ürəyim götürməz bunu, qızım.

– Həm də əhvalatdan xəbərdaram, qızım.

– Hansı əhvalatdan? — Əfsanə səksəkəli soruşdu.

– Elməddinlə sənin əhvalatından.

Əfsanə pul kimi qızardı:

– Bizim aramızda heç bir əhvalat olmayıb.

– Əhvalat deyəndə ki, bir-birinizi istəməyinizi deyirəm, qızım.

– …

Səbihə də susdu.

Əfsanə çox həyəcanlanmışdı. Ürəyi elə şiddətlə döyünürdü ki, səsini özü də eşidirdi. Doğrudanmı, bu qədər müsibətdən sonra tale onun üzünə gülmək istəyirdi? Ya bu da növbəti bir oyun-qurğu idi?

Əfsanə Elməddinin onu dəlicəsinə sevdiyini billrdi. O özü də Elməddinə qarşı biganə olmamışdı. Hələ Həzrətgülün evində ikən qəlbində yanmış məhəbbət alovları Yusifə ərə gedəndən sonra öləzimişdisə də, tamam sönməmişdi, indi isə əvvəlkindən daha artıq hərarətlə alışmağa başlamışdı. Düzdü, Elməddin ona yad gözü ilə baxırdı, hisslərini zorla da olsa boğurdu, buna balmayaraq hisslər, duyğular gözə görünmədən, duyulmadan iki ürək arasında salınmış görpünü möhkəmləndirirdi. Təkcə Yusifin adı, nəfəsi, məhəbbəti aranı kəsmişdi.

– Nə deyirsən, qızım? — Səbihə nigarançılıqla xəbər aldı. Əfsanə dinmirdi.

– Utanma, bala. Mən də sənin anan, sözünü de. Əfsanə sıxıla-sıxıla, baxışlarını qaldırıb qayınanasının üzünə baxmadan:

– Nə deyim, xala? Sən mənim böyüyümsən, necə məsləhətdi, elə et.

Səbihə Əfsanəni özünə tərəf çəkib alnından öpdü:

– Sağ ol, qızım, sağ ol.

... Ana həmin gün Elməddini yanlayıb ağzını aramaq istədi:

– Oğul, — dedi, — sənə sözüm var.

Elməddin kitabı dizinin üstünə qoydu:

– Buyur, ana.

Burada Səbihə tutuldu. Məsələni birbaşa oğluna deməyin nə qədər çətin olduğunu o, yalnız indicə dərk elədi. Bir ehtiyatsız söz işi korlaya bilərdi, qaş qayırdığı yerdə vurub göz çıxardardı.

– Nə deyirsən?

– Heç, elə bir şey deyil.

– Nəsə sözlü adama oxşayırsan?

– Düzü, belədi ki, oğul, — deyə Səbihə çətinliklə də olsa sözünü dedi. — İstəyirəm səni evləndirəm.

Elməddin qalın qaşlarını çatıb acıqlı bir ifadə ilə anasına xeyli baxdı:

– Evləndirmək istəyirsən məni?..

– Hə, qadan alım, sənin daha vaxtındı. Elməddinin dodaqları səyridi:

– Yusifi dünən basdırmışıq. Hələ heç qəbri köhnəlməyib, ana. Mən indi evlənsəm, el-oba nə deyər? Səbihə tez «səhvini» düzəltdi:

– Mən indi demirəm ha, bu saatcana demirəm ha. Deyirəm yəni yavaş-yavaş hazırlaşsaq, pis olmaz. Ürəyin istəyəni alacaqam səninçün. Kimə meylin varsa, onu. Baxmayacağam, padşah qızıdı, ya gədə qızıdı, atalı, analı, ya da yetimdi!

Elməddin qətiyyətlə cavab verdi:

– Hələ qoy dərdimizi çəkək, ana.

Səbihə ürəyindən keçirtdi:

«Razı olacaq. Nə deyib razı olmayacaq!».

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, üçüncü fəsil

Hava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.

10 min
Birinci hissə, dördüncü fəsil

Sən demə, Nəzər özünü Zakirənin yanında sındırmaq istəmirmiş. Onun özündən başqa yəqin heç kəs heç vaxt bilməzdi və bilməyəcəkdi də ki, bu təqaüd əhvalatını eşidəndə nə hala düşmüşdü– elə bil qəlbində nə isə çox qiymətli və əziz bir şey qəfildən əsən tufanınmı, küləyinmi təsiri ilə daşa-qayaya dəyib çilik-çilik olmuşdu; sevinc içində göylərdə uçan o, birdən-birə qanadı qırılmış quş kimi, başı üstə yerə gəlmişdi. Qəribə idi ki, torpaq da ayağı altından qaçırdı elə bil.

6 min
Birinci hissə, beşinci fəsil

...Canəli bəyin əlindən bütün kənd camaatı tük salardı. Bəy, adamların təkcə malının, mülkünün ağası deyildi, həm də canının sahibi idi, az-çox xoşbəxt olan vardısa, bəy idi onun səbəbkarı. Bədbəxt olanın da bədbəxtliyinin səbəbkarı o idi. Camaat yuxarıda, göylərdə, gözəgörünməz Allahdan, aşağıda, torpaq üstündə isə ancaq Canəli bəydən qorxub çəkinərdi. Uzunsifət, sallaqbığ, sür qaragül dəridən şüş qarapapaq qoyub, vəzinəli çuxa geyən, zəhmli Canəli bəyin hökm-fərmanlığı o əndazəyə gəlib çatmışdı ki, kimin ixtiyarı nəydi onun razılığı olmadan evlənəydi, ya qız ərə verəydi. Özü evlənən, oğul evləndirmək istəyən adam, gərək əvvəlcə (əlbəttə, qız evi ilə gizli dil tapandan sonra) boynu zınqırovlu bir qara qoçu (qoç mütləq qara olmalıydı, çünki bəyin qara qoçdan, qara atdan xoşu gəlirdi və bunu artıq kənd adamları yaxşı bilirdi) qabağına qataydı, çəkinə-çəkinə bəyin kənddə yeganə olan ikimərtəbəli evinin qabağına gələydi, işarə ilə nökər Kərimi çağırıb, onun da ovcuna bir şey — şirinlik basıb içəri sifariş göndərəydi, bəydən icazə alandan sonra həyətə keçib, adətən ikinci mərtəbədə, öz otağında, ya da eyvanda əyləşib təsbeh çevirə-çevirə çay içən kişinin hüzurunda əli sinəsində dayanaraq mətləbini ərz eləyəydi. Bəy də mütəkkəyə dirsəklənmiş halda:– Xub, xub, — deyəydi, bığlarını sol əlinin arxasıyla sığallaya-sığallaya, — Hm, nə olar, nə olar. Bir qız bir oğlanındı. Bizim borcumuz cavanlara kömək eləməkdi, yol göstərməkdi. Mən... etiraz eləmirəm, mübarəkdi, — söyləyəydi.

19 min
Birinci hissə, altıncı fəsil

Bu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü

21 min

Poems by other poets