Birinci hissə, altıncı fəsil
Page 1 of 3
Bu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!..
...Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü
– məktəb yoluna.
Nəzər damağındakı siqareti tüstülədə-tüstülədə, həmişə xoşbəxt-xoşbəxt gedib-gəldiyi o yolda eyni həvəslə addımlayırdı. Taxta körpüyə çatdı. Buradan «Qırmızı məktəb»in səhərlər gün düşəndə tonqal kimi göz qamaşdıran iri lay pəncərələri aydın görünürdü. O, körpünü adladı, başını qaldırıb gün işığında alışıb-yanan o pəncərə şüşələrinə baxdı və elə bil yuxudan ayıldı. Sanki ayaqlarını yerə mıxladılar. Gözləri qaranlıq gətirdi, qulaqları guruldadı. Ürəyini, beynini acı, ağrılı bir hiss yandırıb keçdi. Və o, birdən-birə dünən, sentyabrın birində, uşaqların da, müəllimlərin də sevinə-sevnnə məktəbə ketdiyi əziz gündə başına gələn o qəlb ağrıdan əhvalatı xatırladı...
Sifəti od tutub yandı sanki və öz-özünə, elə dayandığıca yerdə astadan pıçıldadı:
«Sən o məktəbə daha niyə gedirsən, Nəzər? Sən daha müəllim deyilsən».
Qəhər onu boğdu. Geri qayıtdı. Torpaq yolda qıçını, çəkə-çəkə gedirdi. Ancaq nədənsə, həmişə bir göz qırpımında getdiyi, taxta körpüdən evlərinə qədər olan altı-yeddi yüz metrlik bu yol ona çox uzun göründu. Ömru boyu keçdiyi butün yollardan uzun idi bu torpaq yol. Nəzər buna təəccüb elədi, bir də buna təəccüb elədi ki, axı, onu sabahın gözü açılanacan yatmağa qoymayan, ömrünün enişli-yoxuşlu dolaylarını dolaşan, acılı-şirinli xatirələrini tərpədib oyadan, ağlı söz kəsəndən ən ağır anlarında belə yaş görməyən gözlərini yaşardan o dünənki hadisəni, çimir elədiyi bir-iki saatın içində necə olub unudub? «Yaddaşım xarab olub, ya doğrudan da Şakir Şakirzadə deyən kimi qocalmışam?»
Dünən səhər-səhər bu yolda addımlayanda ona elə gəlmişdi ki, Zakirə xanım gedəndən sonra yazıb cibinə qoyduğu o bir cümləlik ərizə — o bir vərəq kağız köynəyinin üstündən ürəyinin başını yandırır, elə bil o bombadı, ya bu torpaq yolda, ya məktəbdə, otuz uşağın oturduğu siniflərin birində, ya da Şakir Şakirzadənin kebinetində dəhşətli bir gurultu qoparıb partlayacaq və bu partlayış elə həmin dəqiqə, ən çoxu isə iki-üç saatdan sonra bütün kənddə, bütün rayonda, bəlkə də lap Bakının özündəcə — maarif nazirliyinin binasında əks-səda verəcək, hamının heyrətinə, təəccübünə səbəb olacaq. «Yox, əşşi. Sən nə danışırsan?», «Nəzər müəllim ha?», «Ola bilməz, canım!», «Vay sənin, gidi dünya.» — deyənlər tapılacaq. Və hətta nazir — dağdan ağır o kişi telefonu götürüb ya Murada — maarif şöbəsi müdirinə, ya da Süleyman Həmidov yoldaşa — rayon partiya komitəsinin təzə birinci katibinə zəng çalıb: «Bu nə biabırçılıqdı? Qaytarın kişini məktəbə! Nəzər kimi müəlliminiz yəni belə çoxdu ki, qədrini bilmirsiniz?!» — deyəcək. Yəqin teleqram vuranlar da olacaq: «Siz neyləyirsiniz?..»
O bir əlcə kağız ürəyinin başında tufan qopara-qopara məktəbə sarı gedərkən fikirləşirdi: «Demək belə... Şakir Şakirzadə istəyir ki, mən pensiyaya çıxım. Deməli, mən qocalmışam, daha dərs deyə bilmərəm, nə danışdığımı bilmirəm. Yox, sən səhv eləyirsən, Şakir, mən qocalmamışam hələ. Mən hələ on il də dərs deyə bilərəm. Yorulmamışam, yox, yorulmamışam. Mən sadəcə qoymuram sən əl-qol açasan, ağlına gələni eləyəsən. Ona görə sən məni başından eləmək istəyirsən. Nə olar, eybi yoxdu. Mən gedərəm, mən sənin kimi natəmiz adamla bir yerdə işləməyi özümə sığışdıra bilmərəm. Sən qiymət satan gündən yoxsan mənim üçün, Şakir! Amma sən hələ güclüsən, sənə mən batmaqda acizəm; sənin dalında durnlar var hələ. Nə qədər ki, bu divar var, tuta-tuta gedirsən. Vay o gündən ki, o divar yıxıla, uçub-dağıla — görüm onda nədən tutub gedəcəksən! Sənə, sənin kimi müəllimə bu gül balaların taleyini tapşırmaq böyük günahdı. Yox, günah nədi, cinayətdi. Vallah, cinayətdi, billah, cinayətdi».
Nəzər beləcə içində, ürəyində danışa-danışa nə vaxt məktəbə gəlib çatdığını bilməmişdi.
Hasarlı, bağ-bağatlı həyətdə qarışqa kimi qaynaşan, deyib-gülən, oynaşan-qaçışan uşaqlarla salamlaşmış, müəllim yoldaşları ilə görüşüb hal-əhval tutmuşdu. Heç nə olmayıbmış kimi, yaxud bir azdan sonra heç nə olmayacaqmış kimi, demişdi, gülmüşdü, ağrısını, qüssəsini gizləməyə çalışmışdı. Həmişəki adətini bu gün də pozmamışdı; çox şıq geyinmişdi — kostyum da, köynək də, qalstuk da ona yaxşı yaraşırdı.
Məktəbin həyətində, dəhlizdə, müəllimlər otağında bacardıqca şax gəzmişdi, qocalmadığını, canının hələ sulu olduğunu Şakirə sübut eləmək istəmişdi elə bil. Ancaq Şakir həyətdəki ilk ötəri görüşdən sonra, dəhlizdə, müəllimlər otağında günahkar adam kimi, Nəzərə baxmamağa çalışmışdı, gözlərini onun nüfuzedici baxışlarından yayındırmışdı. Çünki Məhər müəllim zəng eləyib Nəzərə xəbər verdiyini Hüsüyə demişdi. Zakirə xanım da, bəlkə Şakiri bu fikirdən daşındırdı deyə, təqaüdə getmək barədəki söhbəti axşam Nəzər müəllimə açdığını söyləmişdi və xüsusi olaraq bunu da nəzərinə çatdırmışdı ki, Nəzər o söhbəti eşidəndə çox pis hala düşmüş, gözləri uzun-uzadı yol çəkmiş və doluxsunmuşdu — Zakirə xanım bunları görməmişdi əslində, hiss eləmişdi, — Şakir dinməyib uzaqlaşmışdı ondan.
Nəzər buna da diqqət yetirmişdi; Şakir özünü elə aparırdı, sanki heç nə olmamışdı, ya ötəri bir söz-sov idi, keçib getmişdi.
Lakin Zakirə xanım dünənkindən də çox həyəcan keçirmişdi, müəllimlər otağına sığışmamışdı, pərişan-pərişan, qayğılı baxışlarla öz əziz müəlliminə baxmış, köks ötürmüş, indicə nə isə xoşa gəlməyən və bəlkə də sonra heç vaxt düzələ bilməyəcək bir səhvin baş verəcəyini nigaran-nigaran gözləmişdi.
Bütün fikri müəllimindəydi, hər sözünə, hər hərəkətinə diqqət yetirirdi, yadda saxlamaq istəyirdi sanki. Nəzər müəllim özünü nə qədər şax, tox tutsa da, Zakirə xanımın hardasa ona yazığı gəlirdi.
Nəzər müəllim isə çox sevdiyi aləmdən əbədilik ayrılacağını bilən adam kimi hamıya, hər şeyə indi ayrı cür baxırdı. Gizləməyə çalışsa da, baxışlarının dərinliyində pünhan bir niskil, bir kədər var idi. Elə bil o, səssiz-səmirsiz, heç kəsə hiss etdirmədən məktəblə vidalaşırdı. Hətta pəncərə qabağındakı gül dibçəklərinə də o, özgə cür tamaşa eləyirdi.
İlk təntənəli zəng çalınmış və Zakirə xanım rahat nəfəs almışdı: «Şükür, heç nə olmadı!» — deyə sevinmişdi. Başqa müəllimlər kimi, Nəzər də sarı, şüşələri sınmış uzun şkafdan onuncu sinfin jurnalını götürmüş, ağır, özünə xas ləngərli yerişlə, heç kəsin üzünə baxmamağa çalışaraq dəhlizdə, gəzib, o başdakı sinfə girmişdi.
Hələ kimsənin xəbəri olmasa da, özü yaxşı bilirdi ki, bu, onun axırıncı dərsidi; sonra o, heç vaxt, heç bir sinfə girməyəcək, şövqlə, bəlağətlə, özünü də, uşaqları da unudaraq həvəslə dərs deməyəcək. Bəli, bu, axırıncı dərsdi. İlk dərsin həyəcanını, qorxusunu, şirinliyini o zaman — qırx birin sentyabrında dadmışdı. Və o zaman heç ağlına da gəlməmişdi ki, sonuncu dərs də ola bilər. Düşünməmişdi ki, əgər ilk dərs varsa, son dərs də olmalıdır. Və bu son dərs, təsadüfənmi, qanunauyğun olaraqmı, — bilmirdi, — yenə sentyabrın birinə düşmüşdü. Son dərsin də, sən demə, özünə görə həyəcanı, qorxusu, şirinliyi varmış, əlavə olaraq, hələ ağrısı, acısı da, təəssüfü də varmış! Bunu Nəzər ancaq indi başa düşürdü.
Bəli, bu axırıncı dərsdi. Bir saat sonra, sabah, o biri gün Şakir Şakirzadə yalvarsa da, «hələ kağız-kuğuzun qaydaya düşüncə, təqaüdün «oformit!» olununca qal, işlə, Nəzər müəllim!» — söyləsə də, o əsla razı olmayacaq, çünki o, Nəzər müəllimdir, dediyindən döndüyünü görən olmayıb hələ.
Nəzər onuncu sinfin uşaqlarına da mümkün qədər hiss etdirmədən əvvəlki şövqlə dərsini deməyə başlamışdı. Ancaq yenə kimsə bilməsə də, təkcə özü duymuşdu, anlamışdı ki, dərs ürəyincə alınmır, səsindəki kədəri, hüznü gizləyə bilmir; özu burdadı — sinifdədi, fikri, xəyalı uzaqlarda, bəzən lap unutduğu çağlarda gəzir, dolaşır... Və qəribə idi ki, bu vaxta qədər zəngin çölə nə zaman çalındığını çox vaxt eşitməyən o, indi bu qırx beş dəqiqənin acı bağırsaq kimi necə də uzandığından yaman darıxırdı.
Nəhayat, zəng çalınmış və Nəzər sinifdən çıxarkən, indiyəcən dilindən çıxmayan iki-üç kəlmə söz eşitmişdi uşaqlar: «Salamat qalın, balalarım!»
Əlbəttə, onlar buna ayrı məna verməmiş, adi şey kimi baxmamışdılar. Təkcə özü bilmişdi ki, sevimli şagirdləri ilə — səkkizdə, doqquzda dərs dediyi uşaqlarla vidalaşmışdı. İkinci saatda, anlaşılmaz tələsikliklə, kimisə axtaran adam kimi, bir-bir qalan siniflərin qapısını açmış, partaların arxasında əyləşən uşaqlara baxmış, heç nə demədən çıxıb qapını ehmalca arxadan örtmüşdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nəzər qızıgilin qıfılsız darvazasını qoltuqağaclarının ucu ilə itələyib açanda və həyətə girəndə saat birə işləmişdi. Sakitlik idi. Yuxarı evlərin işığı sönmüşdü, ancaq qapı-baca çıraqban idi. Ortalıqda dayanıb ətrafa göz gəzdirdi, qulaq verib dindi. O tərəfdən, hovuzdan o yana, bağın içindən səs gəlirdi.Eşidib ürəkləndi.
Dördüncü hissə, doqquzuncu fəsilNəzərn həbsxanadan çıxması çox böyük sürətlə rayona yayılmışdı. Eşidən-bilən, dost-tanış axışıb həm başsağlığına, həm də gözaydınlığına gəlirdilər. Əlbəttə, çoxu müəllim idi gələnlərin. Zakirə Nəzəri görəndə uşaq kimi ağlamışdı. Nəzər ona toxtaqlıq verib güclə sakitləşdirmişdi. Nəzər Zakirədən öyrənmişdi ki, Süleymangil tutulandan az sonra Murad Muradzadəni maarifdən, Şakiri məktəb direktorluğundan götürmüşdülər. İndi «Qırmızı məktəbin» direktoru Zakirə idi. Təbii ki, Şakir gəlməmişdi. Zakirənin dediyinə görə utandığından gələ bilmirdi.Bunu eşidəndə Nəzər başqaları da eşitsin deyə ucadan demişdi:
Dördüncü hissə, onuncu fəsilNəzər atasının sümüklərini bir gecə evdə saxladı. Qonum-qonşu, eşidən-bilən axışıb gəldi. Ağlamaqdan gözləri qızarmış Güldanə, camaat dağlışıb seyrələndən sonra çəkinə-çəkinə atasını yanlayıb dedi:– Bəlkə Güllüyə zəng eləyim gəlsin, ata.
Gündəliyimdən səhifələrİşıqlı dünya…Yeni il gecəsidir. Otaqda iki cavan – bir qız, bir oğlan üz-üzə oturmuşdur. Hər ikisi qəmlidir. Onlar istər-istəməz, bəzən özləri də bilmədən soyuq ah çəkirlər. Axı onların – bu iki sevgilinin bu əziz gündə heç nələri yoxdur! Oğlan qızdan utanır, qız da oğlandan…
Poems by other poets
Uzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Ay eylər of-ofBağban bar bəsləyib bara yetəndə,Dərəndə meyvəsin eyləməzmi isss...
Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.
GəzirBilirsənmi, könlüm, yar səndən ayrı,Necə miskin-miskin, natəvan gəzir.